Elməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.

Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...

Əhədullanın harada yaşadığını nə ağayi Nəcməddin, nə də Elməddin bilirdi...

Bir yerdə işlədikləri neçə ay ərzində Elməddin çox böyük çətinliklə öyrənmişdi ki, Əhədullanın səkkiz övladı var və səkkizi da qızdı; böyüyünün on iki yaşı var. O, «səkkiz» deyəndə Elməddin təəccübləndi:

– Neynirsən bu qədər övladı?

– Allah verir, mən neyləyə bilərəm?

– Bunları dolandırmaq sənin üçün çətin deyilmi?.

– Çətin oldu-olmadı, neyləyə bilərəm?—deyə Əhədulla ah çəkmişdi.

Yoxsa inanırsan ki, ağız verən yeməyini də yetirər?

– İnanıram, ağa, allah dolandırar.

– Ağayi Nəcməddin sənə nə qədər maaş verir?!

– Min rupi, ağa.

Elməddin fikrində hesablamışdı: «On baş külfət, min rupi. Hərəsinin ayına yüz rupi düşür». Və onun gözləri önündə Əhədullanın yarıçılpaq, ayaqyalın, başıaçıq, acından sap kimi incəlmiş uşaqları canlandı. Hərəsinin ən azı ayda səkkiz yüz, min rupi xərcliyə ehtiyacı olan uşaqlar demək olar ki, ac qalırlar, çılpaq qalırlar. Sonralar Elməddin başa düşdü ki, Əhədulla niyə qaradinməzdi; ərzaq mallarının çətinliklə tapıldığı və getdikcə bahalaşdığı bir mühitdə on baş ailəni yedirib-geyindirmək son dərəcə müşkül idi. Elməddinin kişiyə yazığı gəlirdi. Ona nə yolla kömək etmək barədə çox düşünən Elməddin bir dəfə dedi:

– Məni idarəyə gətirəndən sonra niyə boş-bekar durursan?

– Bəs neyləyim, ağa?!

– Neyləyəsən? Çıx şəhərə, adamdan-zaddan apar, gündəlik çörək pulun çıxar ki?.

Elməddinin canıyananlıqdan dediyi bu sözləri Əhədulla yaxşı başa düşdü, ona təşəkkürünü bildirib söylədi:

– Bunu eləyə bilmərəm, ağa.

– Niyə?

– Ona görə ki, ağayi Nəcməddin bilsə, atamı yandırar. Bu bir, ikincisi, bizim taksi şoferləri bütün günü bikarçılıqdan ağızları ilə milçək tuturlar. Nədən ki, taksiyə minən çox azdı. Pulluların öz maşını var, pulsuzlar da taksiyə minə bilmirlər. Servisə minməyə ancaq gücləri çatır. Eləsi var ki, rupi yarım tapıb servisə də minə bilmir

Bir gün — Elməddin maaş aldığı gün Əhədullaya pul təklif etmək istədi, ancaq onun almayacağını düşünüb bu fikrindən daşındı. Axşamçağı evin qabağında maşından düşəndə özü bilə-bilə sağ cibindən beş yüz rupiliyi oturacağa salıb getdi.

Maşın uzaqlaşandan srnra Elməddin tutduğu yaxşı işdən sevinən uşaq kimi yerə-göyə sığmırdı. «Yazıqdı, qoy balaları ac qalmasın. Hər ay beləcə beş yüz rupi maşında «salıb itirəcəyəm», tək adamam, mənə çatar!»

O gecə rahat yatdı; yetim-yesirə pul bağışlamış adam təki.

Ertəsi gün evdən çıxanda Əhədullanı qapı ağzında dayanıb maşını silən gördü və gülərüzlə onun salamını aldı, kefini soruşdu. Əhədulla təşəkkür eləyə-eləyə qapını açdı, Elməddin oturandan sonra ehmalca qapını bağladı və sükanın arxasına keçdi. Motoru işə salmamış əlini atıb döş cibinə qoyduğu qırmızı beşyüzlüyü çıxartdı və Elməddinə sarı uzatdı:

– Dünən pulunuz...

– Bu nədir? — Elməddin heyrət edirmiş kimi soruşdu.

– Sizindi, ağa. Dünən maşında salıbsınız!

– Hardan bilirsən ki, mən salmışam? Bəlkə başqa adam...

– Sizdən başqa mənim maşınıma kimsə minməyib, ağa. Pul sizindi!!

Elməddin qəti dedi:

– Mən pul itirməmişəm, Əhədulla.

– Bəs onda? — Əhədulla heç bir şey başa düşmürmüş kimi çaşıb qaldı. — Bəs onda kimindi?!

– Allah yetirib, götür qoy cibinə. — Elməddin gülümsünə-gülümsünə söylədi. — Özün demirdin, ağız verən yeməyini də yetirər?

– Yox, ağa, sizindi pul.

– Mənim deyil. Götür qoy cibinə, yiyəsi çıxar verərsən, çıxmaz axşam evə gedəndə uşaqların üçün ayın-oyun alıb apararsan.

Əhədulla xeyli tərəddüddən sonra pulu maşının kiçik qutusuna atdı. Yola düşdülər...

«Sən onun təmizliyinə, vicdanına bax, — deyə Elməddin təəssüf qarışıq bir qürur hissilə düşündü. — İlahi, bu çirkablar içərisində nə qədər təmiz və pak adamlar məhv olub gedir?!» Axşamçağı, işdən çıxandan sonra evə gələrkən yolda Elməddin Əhədulladan soruşdu:

– Pulun sahibi gəlməyib ki?.

– Yox, ağa. Bu pul məni yandırır, ağa. Səni and verirəm Allaha, pul sənindisə, götür, qoy mən rahat olum... — deyə yalvardı.

– Əvvələn, mənim deyil, ikincisi, mənim də olsa, sənə bağışlayıram. İndi gedərsən bazara, ürəyin istəyəni uşaqların üçün alarsan. Daha bu barədə bir kəlmə də danışmayacağıq.

– Ağa...

– Dedim ki, qurtardıq. Özün də mənə ağa demə. Mən ağa deyiləm. Mən də sənin kimi nökərəm, Əhədulla, bildin? Sənin də, mənim də ağam birdi: Ağayi Nəcməddin. Hamımızın ağası ağayi Nəcməddindi...

Bu əhvalatdan sonra Əhədullanın qırışığı açıldı; indiyəcən canlı bir mexanizm kimi sükan arxasında oturub maşını idarə eləyən kişi yavaş-yavaş danışmağa, dərdi-dil eləməyə başladı.

Elməddin Əhədullanın əvvəl gəzdirdiyi adama əsla bənzəmirdi. O, quru, kobud bir adam idi. Uşağı xəstə olduğuna görə bir dəfə ağayi Həsən xanı aparmağa beş dəqiqə gec gəlmiş Əhədullanı vəhşicəsinə basıb döymüş və işdən qovacağı ilə hədələmişdi. Buna görə Əhədullanın onu görməyə gözü yox idi.

Elə bil, hər gün öz düşmənini gəzdirirdi. Ona da «ağa», deyə müraciət eləyirdi. O, özünü doğrudan da ağa kimi aparırdı. Əhədullanın adından başqa onun haqqında heç nə bilmirdi və bilmək də istəmirdi.

Onu ağayi Nəcməddin işdən qovanda Əhədullanın yanında qovmuşdu.

– Tülkü, — demişdi, — sabahdan səni işdən azad eləyirəm. Sən mənə — ağayi Nəcməddinə kələk gəlirsən?

– Ağa, məni çevir balalarının başına, uşaqlarıma yazığın gəlsin, — deyəndə quru, təkəbbürlü Həsən xan Nəcməddinin qabağında yumağa dönmüşdü.

– Rədd ol. Vəssalam. — Ağayi Nəcməddin qəzəblə bu sözləri deyəndən sonra üzünü Əhədullaya tutmuşdu: — Sabah bunun dalınca getməzsən. Üç gün dincəl, sonra gələrsən yanıma. — Sonra rəngi ağappaq ağarmış Həsən xana dönmüşdü: — Şələ-küləni də mənim evimdən yığışdır, Hara itilirsən itil, bir də gözümə görünmə.

Həsən xan yerində qurumuşdu. Ağayi Nəcməddin gedəndən sonra Əhədulla, «Mersedes»ə minib şad və uca səslə:

– Xudahafiz, Həsən xan deyərək maşını yerindən sürətlə tərpətmişdi. «Allah buynuzsuz qoçun qisasını buynuzluda qoymur!».

Həsən xanı nəzərində canlandırdıqca Elməddin gözlərində böyüyür, ucalırdı: «Mən də sənin kimi nökərəm!» Elməddinin bu sözləri Əhədullanın yadından heç çıxmırdı. Onun Elməddinə rəğbəti getdikcə artırdı. Elə bilirdi ki, doğma qardaşını gəzdirir!!

Bir gün Elməddin işdən kefi kök çıxdı. Maşına minəndən sonra:

– Əhədulla, könlümə yaman gəzmək düşüb, — dedi.

– Hara deyirsən aparım.

– Sür şəhər kənarına. Hava da yaxşıdı. Çiləmə yağış yağır, həm maşının yuyulsun, həm də bir az təmiz hava alaq.

Əhədulla:

– Beçeşm, — deyib maşını yerindən tərpətdi. Asfalt yol islanmışdı. Təkərlər qıjıltı qopara-qopara fırlanır, onları şəhərdən uzaqlaşdırırdı.

– Əhədulla, oxuya bilirsən?! Kişi sualı başa düşmədi:

– Nə cür yəni?!

– Mahnı demirəm ey, savadın var — deyirəm?

– Yoxdu, savadım nə gəzir?

Elməddin susdu. Xeyli gedəndən sonra cibindən qəzet çıxarıb oxumağa, vərəqləməyə başladı. Qəzetdə onun Əli Tüğyana çəkdiyi karikatura verilmişdi. İri planda. Karikaturanın bir güncündə müəllifin imzası vardı: «Elməddin».

Onun kefinin kök, damağının çağ olmasına səbəb bu idi. O da öz sözünü deməyə başlamışdı. Bu arzularla nə qədər yaşamışdı, bu günləri nə qədər gözləmişdi?!

Elməddin şəkli ehmalca Əhədullanın gözünə yaxınlaşdırdı:

– Bu şəkildən nə başa düşürsən?

Sürücü diqqətlə ikinci dəfə baxmaq üçün maşının sürətini azqltdı, nəzərlərini çevirib şəklə xeyli baxandan sonra dedi:

– Yəni bağa qınından çıxdı, qının bəyənmədi? Elə yazılıb?

– Düzdür, Əhədulla, elə yazılıb, — Elməddinin uçmağa qanadı yox idi. — Qınından çıxıb qınını bəyənməyən adamları tənqid eləyiblər. Belələri var, təəssüf ki, az deyil.

Əhədulla Həsən xanı xatırladı: «O da belələrindən idi». Ancaq Elməddinə bu barədə heç nə demədi. Adamların dalınca danışmağı sevməzdi. «Ağam düşünər ki, gedəndən sonra onun da dalınca danışaram».

Payız yağışı maşını tərtəmiz yumuşdu. Qara rəng qara ayna kimi parıldayırdı. Hava elə saf idi ki, nəfəs aldıqca adamın ruhu təzələnirdi. Yol kənarındakı ağacların sarı yarpaqları da yuyulmuşdu.

– Saxla, Əhədulla.

Əhədulla maşını əylədi. Elməddin düşdü. Başı üzərində yağış dolu qara buludlar asılmış dağlara baxdı. Dağın döşündə irili-xırdalı boz daşlar qoyun-quzu kimi yatmışdı. Dəqiqələr ötüşdükcə Elməddinin beyni, ürəyi təmizlənir, o özündə heç vaxt olmamış bir gümrahlıq hiss eləyirdi. Çoxmu, azmı dayandı, bunu özü bilmirdi, bu dəqiqə onu vaxt maraqlandırmırdı. Maşının yanına qayıtdı...

Qapını açıb:

– Bir az o yana otur, — dedi. Əhədulla Elməddinin yerinə çəkildi.

– Neyləmək istəyirsiniz?

– Mənə maşın sürməyi öyrət, Əhədulla... Əhədulla səksəndi və yalvarıcı səslə:

– Allah xatirinə, bu fikrə düşməyin, — dedi. Elməddin onun üzündə bir qorxu duydu.

– Niyə? Qorxursan, aşırdaram?

– Yol yaşdı, ağa. Allah eləməmiş, bir xata-zad olar. Bu söz onun ağlına batdı və qayıdıb öz yerində oturdu..

– Gedək, Əhədulla, düz deyirsən. Qayıtdılar...

Yolda Əhədulla asta səslə dedi:

– Bir söz söyləsəm acığınız gəlməz?!

– Yox. Nə sözdü?. Əhədulla tərəddüd etdi.

– Söylə, çəkinmə!

– Bilirsiniz niyə razı olmadım, siz maşın sürəsiniz?»

– Qorxdun ki, aşıraram, tələf olarıq?..

– Ondan da qorxdum. Başqa bir şeydən də qorxdum, ağa.

– Nədən?

– Əgər ağayi Nəcməddin sizin maşın sürə bildiyinizi eşitsə, həmin gün məni işdən qovar.

– Hə?

– Bəli, qovar. «Bir halda ki, sən özün sürə bilirsən, daha sürücüyə nə ehtiyac?» — deyib məni qovar. İş tapmaq isə, özünüz bilirsiniz, nə qədər müşküldür.—Əhədulla ah çəkib əlavə etdi, — bunu sizə deyirəm, ayrı adam olsaydı, deməzdim.

– Etibar elədiyin üçün sağ ol.

Elməddin, bayaq Əhədullanın sifətində oxuduğu qorxu ifadəsinin əsil mənasını indi başa düşdü. Bu, ölməkdən daha çox işini itirmək qorxusu idi, bir tikə çörəyini itirmək qorxusu idi.

Bu qorxu hissi Elməddinin özünə də tanış idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 min
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 min
Birinci hissə, onuncu fəsil

…Güldanə axşama yaxşı toyuqplov bişirmişdi. Bostandan payızlıq pomidor yığmışdı, ləkdən göy-göyərti biçmişdi, talvardan iri, dolu qara üzüm salxımları kəsmişdi. Ətri uzaqdan adamı vuran Qızıl Əhmədi almalarını yuyub vazaya yığmışdı.Uşaqları ilə çöldən – kolxoz həyətindən bir yerdə gələn Tapdıq aynabənddə açılmış dəm-dəsgahlı stolu görəndə gülə-gülə soruşmuşdu:

6 min
Birinci hissə, on birinci fəsil

Balacalaşmış, əriyib yumağa dönmüş, başında qırağı ağ haşiyəli araqçın, kətildə oturub çubuq çəkən İmran həyətdə hənirti eşidib çevrildi, sol əlini gözünün üstünə qaldırıb, fəhmlə gələn adama baxdı, tanıya bilməyib soruşdu:⎯ Süleyman, sənsən?

13 min

Poems by other poets