Birinci hissə, doqquzuncu fəsil
Page 1 of 3
Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:
⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?
Güldanə səksəndi, toyuq əlindən düşdü, hövlnak qalxıb irəli cumdu:
⎯ Bıy, ata? Xoş gəlmisən, ay ata! Sənə qurban olum, ay ata! ⎯ deyərək Nəzərin boynunu qucaqladı. Nəzər çamadanı əlindən yerə qoyaraq, başını aşağı əydi, qızının üzündən öpdü. ⎯ Səndən nə əcəb, ay ata, ilin-günün bu vədəsində bizi yad eləyibsən?!
⎯ Darıxdım sizin üçün, qızım! Necəsən, mənim körpəm? Uşaqların nə təhərdi, Tapdıq nə təhərdi? ⎯ Nəzər, artıq üç uşaq anası olan Güldanəyə, körpəlik çağlarında olduğu kimi, həmişə belə müraciət etməyi tərgidə bilmirdi.
⎯ Hamımız yaxşıyıq, ay ata! Ömrünüzə dua eləyirik. Anam, Qərib neyniyir?
⎯ Babatdılar, qızım!
⎯ Sən özün necəsən ey, ay ata? Neçə gündü gecələr yuxuma girirsən! Çox bikef görürəm səni yuxularımda. Naxoş-zad deyilsən ki?.. Yarı canım qalmışdı sənin yanında.
⎯ Yox. Maşallah, top kimiyəm.
⎯ Təki, heylə olsun, ay ata. ⎯ Güldanə kənara çəkilib, atasının boy-buxununa, üz-gözünə diqqətlə baxdı; elə bil onun dediklərinə inanmırdı, özü yoxlamaq istəyirdi. Nə gördüsə: ⎯ Bıy, səndən çıxmayan iş, ay ata. Üzünü niyə qırxmayıbsan bə? ⎯ deyə təəccüb içində soruşdu.
Nəzər sağ əlini üzünə sürtdü. Doğrudan da, o, bu gün saqqalını təraş eləməmişdi, unutmuşdu tamam. Nəzər üzünü qırxmamağından çox, bunu Bikə xanımın da görmədiyinə təəccübləndi, ürəyindən keçirtdi: «Hə, yavaş-yavaş formadan düşürsən, Nəzər. Sən olaydın, saqqalını qırxmamış evdən çıxaydın. Bu gün bunu unudarsan, sabah köynəyini ütüləməyi yadımdan çıxardarsan. Belə-belə, bir də görərsən ki, dönüb olubsan əprimiş bir qoca! Yəni Bikə də fikirli olub, baxmayıb?!»
Düşündüklərini dilinə gətirmədi, eləcə qayğılı-qayğılı qımışdı:
⎯ Tələsmişəm yəqin…
⎯ Yox ay ata, sənin gözlərində də bir qüssə var.
Nəzər əlini qızının saçlarına çəkdi, zarafata salmaq istədi:
⎯ Ay falçı, hələ də köhnə xasiyyətindən əl çəkməyibsən? Yenə gözündən tük də yayınmır.
⎯ Görürəm, ay ata, sənə nə isə olub!
⎯ Yox, qızım, ürəyini buz kimi elə. Nə mənə, nə də evdəkilərə bir şey olub. Vallah, salamatlıqdı, billah, salamatlıqdı.
Güldanə indi inanıb toxtadı. Nəzər isə öz-özünə fikirləşdi: «Güldanə də, Güllü də həssaslıqda mənə, Bikəyə çəkiblər. Gözündən ürəyini oxuyurlar, hünərin var, bir şey gizlət bunlardan. Əsla mümkün deyil. Bir zamanlar bu fikirdəydim ki, belə olmaq çox yaxşıdı, hər şeyi görürsən, duyursan, səni aldatmaq olmur. Ancaq indi görürəm ki, bu cür adamların dərdi çox olur, onlar hər şeyi ürəklərinə salırlar, buna görə də tez qocalırlar. Mənim qız balalarım, siz niyə belə həssas yarandız? Siz tez qocalacaqsız, balalarım! Yox, yox, kötük, hissiz, duyğusuz olub, yüz il ömür sürməkdənsə, bax, beləcə həssas, əsl insan olub az yaşamaq, tez qocalmaq daha yaxşıdı. Vallah, yaxşıdı, billah yaxşıdı!» Güldanə sevindiyindən nə eləyəcəyini bilməyərək, tələsik həyətdəki stulun üstünü silib təmizlədi, atasını oturtdu.
Miz arxasında əyləşmiş Nəzər həyət-bacaya diqqət yetirirdi. Hər dəfə bura gələndə onun gözü-könlü açılırdı. Çünki təbiətən səliqə-sahman sevən adam olan o, sərraf gözüylə nə qədər baxırdısa, həyət-bacada bir kəm-kəsir tapa bilmirdi. Hər şeyin öz yeri vardı bu həyətdə. Tapdıq eləyirdi bunların hamısını. Nəzər həmişə buna heyrətlənirdi ki, səhərdən-axşamacan çöldə, tarlada, gah traktor, gah kombayn, gah pambıqyığan maşının sükanı arxasında olan, demək olar ki, ilin on iki ayının hamısını kolxozda əlləşib-çalışan Tapdıq bu işləri haçan görür! Çöldən nə vaxt gəlsə, necə yorğun olsa da, o öz doğma ocağının başına qayıdan kimi, elə bil bütün əzginliyi yadından da, canından da çıxırdı; quş kimi yüngülləşirdi, ürəyinə sonsuz həvəs axıb dolurdu…
İyirmi beş sot bağını özü şumlayardı, ağaclarının dibini özü boşaldardı, üzüm tənəklərini özü kəsərdi. Və Nəzər hər dəfə bura ayaq basanda, həyətdə Tapdığın tikdiyi, düzəltdiyi nə isə yeni bir şey görüb sevinərdi. İyulda Nəzər burda olanda Tapdıq illərlə üstündə işlədiyi «əsərini» təzəcə bitirmişdi ⎯ Bu, boş şampan, limonad, badamlı butulkalarından qurduğu xudmani hovuz idi ⎯ elə yaraşıqlı və gözəl idi ki, adam baxmaqdan doya bilmirdi. Bir dənə də daş işlətməmişdi. İçində balaca, rəngbərəng balıqlar üzürdü. Bu balıqları Tapdıq gedib Bakıdan baha qiymətə almışdı. Vaxtlı-vaxtında suyunu dəyişirdi, xüsusi yemlərini verirdi. Hovuzun yanında basdırdığı dirəyin başında gecələr yanan uzun neon lampasının işığında hovuz nəhəng, zərif naxışlı bir cama oxşayırdı. Hovuzun dörd tərəfində qoyulmuş taxta oturacaqlarda axşamlar əyləşib, ora-bura şütüyən balıqlara tamaşa eləmək nəyə desən dəyərdi. Nabələd, Tapdığı yaxşı tanımayan adam, bu hovuzu görəndə, təəccübünü gizləyə bilməyib:
⎯ Bu qədər butulka hardandı, ay Tapdıq? ⎯ deyəndə o gülə-gülə:
⎯ Hamısını özüm içmişəm. Beş yüz şampan butulkası, iki yüz araq, min dənə də mineralnı şüşəsi var burda ⎯ hamısını təkcə içmişəm, ⎯ deyərdi.
⎯ Ə, heylə şey olmaz!
Bu zaman Güldanə ərinin sözlərini gerçək kimi başa düşəcəklərindən ehtiyat eyləyərək tez düzəliş verərdi:
⎯ Zarafat eləyir Tapdıq, heç içən deyil. Ordan-burdan yığıb alıb. Altı ilə tikib bunu!..
⎯ Afərin, afərin. Mən ömrümdə belə şey görməmişdim, çox gözəldi!
Nəzər mizin arxasından qalxıb hovuza tamaşa eləyirdi ki, Güldanə qabaqdakı göy qapıdan çıxıb:
⎯ Ay ata, yoldan gəlmisən, gəl çim, ⎯ dedi.
⎯ Çimim? Harda?
⎯ Bə görmürsən, Tapdıq təzə hamam tikib, ay ata!
Nəzər irəli gəldi, başını aşağı əyib içəri keçdi. Gözünə inanmadı. İki balaca otaqdı, biri soyunub-geyinmək üçündü, o birində isə qaz buxarısı, duş qoyulmuşdu, divara iri, bədənnüma ayna vurulmuşdu. Yeri kafel idi, divarı da naxışlı kafellərlə bəzənmişdi. Qaz sobası gurultuyla yanırdı.
⎯ Bax, bu isti sudu, ⎯ qırmızı qrant. Bu göy də soyuq suyunkudu. ⎯ Nəzər o qədər sevindi ki, əvvəlcə heç nə deyə bilmədi, sonra özünə gəlib qızını qucaqladı, alnından öpdü:
⎯ Mübarəkdi, ay mənim körpəm. Sağlığınıza qismət olsun. Sağ ol, mənim körpəm.
Güldanə saçlarına sığal çəkib fərəh içində:
⎯ «Sağ ol»u mənə demə, ay ata, Tapdığa de. O tikib bunu, ⎯ dedi.
⎯ Elə ikinizə də deyirəm, mənim körpəm, halal olsun!
⎯ Sağ ol, ay ata. Rahatlığa çıxmışam. İstədiyim vaxt yandırıram, uşaqları çimizdirirəm, özümüz çimirik. Çox irahdır, ay ata. Allah Tapdığın köməyi olsun!
Nəzər bir ata kimi neçə illərdən bəri ⎯ qızını Tapdığa ərə verəndən bəri açıq-aşkar gördüyü, ürəyini dağa döndərən bir həqiqəti ilk dəfə indi, qızının yanında, elə hamamın ortasında dilinə gətirdi: ⎯ Sən deməsən də, mən çox yaxşı bilirəm, sən xoşbəxtsən, ay mənim körpəm. Buna hədsiz dərəcədə sevinirəm, gözümün işığı!
Güldanə utanıb uzun, tutaş kirpiklərini endirdi:
⎯ Sağ ol, ay ata!.. Tapdıq yaxşı insandı.
Nəzər nəyisə yadına saldı, azca tutuldu:
⎯ Kaş Güllü də sənin kimi xoşbəxt olaydı!
Güldanə bu sözə təəccüb elədi:
⎯ Niyə, ay ata? O, mənnən də xoşbəxtdi!
⎯ Yox, ay bala. Mənim nə isə ondan yana ürəyim heç rahat deyil. Elə bilirəm o uşaq öz yerinə düşməyib, mənim körpəm!
⎯ Bəlkə…
⎯ Yox, yox, heç nə yoxdu. Baxırsan hər şeyi var, ancaq ürəyim nə üçünsə mənə deyir ki… Eh, nə isə… ⎯ Nəzər Güldanəni kədərləndirməmək üçün sözü dəyişdi. ⎯ Hə, deyirsən indi çimim?
⎯ Hə, ay ata, çim. Elə rahatlanacaqsan! Bax, ora dəsmal, dəyişəcək qoymuşam. Çim, mən də öz işlərimi görüm.
Güldanə çıxdı.
Yarım saatdan sonra Nəzər, ağ tiftikli dəsmalla boyun-boğazını silə-silə gəlib, mizin dalında oturdu. Güldanə onun üçün təzədəm çay gətirdi.
⎯ Həmişə təmizlikdə, ay ata!
⎯ Sağ ol, mənim körpəm! Yaxşı hamamdı. Canım dincəldi. ⎯ Gərək anamı da gətirəydin.
⎯ İşdədi.
⎯ Bə sən işdə döyülsən?
⎯ …
⎯ Hə, yəqin siz də pambıqdasız. Bizimkilər kimi…
⎯ Elədi, ⎯ Nəzər bu sözü eşidib sevindi. Onlar ⎯ Nəzər və Bikə lap əvvəldən qəti qərara almışdılar ki, təqaüdə çıxdığını hələ uşaqlara deməsinlər. Necə olsa, fikir eləyəcəklər. «⎯ Çaşıb birdən zəng eləyib xəbər verərsən ha Güldanəyə!...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.
İkinci hissə, onuncu fəsilSiminbər Məleykə xanımın xoşuna gəlmişdi. Davranışından, baxışlarından, oturub-durmağından ağıllı qıza oxşayırdı. On səkkiz yaşı təzəcə tamam olmuşdu, əti-əndamı, qaşı-gözü, boy-buxunu ona baxan hər kəsdə xoş duyğu, rəğbət hissi doğururdu. Məleykə xanım uşaqlı-böyüklü, balaca otaqda qarışqa kimi qaynayan bu ailədə, oturub çay içə-içə, söhbət eləyə-eləyə gözaltı fikir verdikcə Elməddinlə Siminbəri xəyalən müqayisə eləyir, ikisinin də bir-birinə yaraşdığı qanaətinə gəlirdi. Siminbəri Zərrintacgildə yaşayanda Məleykə xanım bir, ya iki dəfə görmüşdü — onda, pis paltarda idi, üstündə «qulluqçu» adı vardı. Buna baxmayaraq elə o zaman Simin Məleykənin yadında qalmışdı. İndi, onlarda oturduğu iki-üç saat müddətində o, Məleykəni köhnə tanış kimi qarşılamış, anasına böyük sevinc hissilə başa salmışdı ki, Məleykə xanım böyük şair Şəfinin qadınıdır. Şəfi kimi məşhur bir adamın xanımının onlara təşrif gətirməsindən hədsiz dərəcə sevindiyi üz-gözündən oxunurdu. Və bu da Məleykənin ürəyini fərəh hissilə doldurmaya bilmirdi. Məleykə fikirləşirdi ki, Zərrintac xanımdan Siminbər qanacaqlıdır. Necə deyərlər, o qədər yaxınlıq, gəl-get olmasına baxmayaraq, gəlinləri olmasına baxmayaraq, onlar qaynayıb-qarışa bilməmişdilər: elə bil, Zərrintac xanım tamam yad, uzaq bir dünyadan gəlmişdi, sanki başqa cür düşünən, başqa bir dildə danışan adam idi Zərrintac xanım. Amma Siminbərdə qəribə bir şirinlik, yapışıqlıq vardı. Bu, Məleykəni çox sevindirirdi. Anası Fatimə arvad, uzun illər qonaq qara üzü görmədiyindən, sanki çaşmışdı. Dindirəndə dinirdi, dindirməyəndə yox, o biri tərəfdən də balacalar, xüsusilə Vətənyar ondan əl çəkmir, göz açmağa imkan vermirdi.Məleykənin gəlişinin səbəbini Siminbər təxmin edirdi. Ona görə çox həyəcanlı idi, qızarmışdı. Uşaqlar evdən çıxmadığından Məleykə mətləbini Fatiməyə açıb deyə bilmirdi. Bunu Siminbər dərhal başa düşdü və uşaqları başına yığıb yandakı balaca, təzə tikilmiş mətbəxə apardı. Yalnız bundan sonra Məleykə xanım əsl məqsədinn Fatiməyə deyə bilmişdi. Fatimə bu xəbəri eşidəndə çox şad olmuşdu. Sevindiyindən nə deyəcəyini bilməmişdi. Məlum olmuşdu ki, Elməddini bu evdə uşaqdan-böyüyə hamı sevir, adını ehtiramla çəkir. Elməddin bu evin ən əziz adamıdı; onu ailənin xilaskarı, çörək verəni, yaxın dostu kimi tanıyırlar.
İkinci hissə, on birinci fəsilElməddinin vəzifəsini icra etmək üçün Sübhanı seçməkdə yanılmadığını Zərrintac xanım elə ilk günlərdən başa düşüb çox sevinmişdi. Sübhan onun gözlədiyindən və təsəvvür elədiyindən qat-qat, zirək, çevik, qılıqlı və işbilən imiş. O, öz öhdəsinə düşən işləri çox tez qavramış, vəziyyətə tez uyğunlaşmışdı. Onun Elməddindən üstün cəhətlərindən biri bu idi ki, şəhərdə böyümüşdü, şəhərin, şəhər camaatının, tacir-tüccarın necə yaşadığını, nə ilə nəfəs aldığını gözəl bilirdi. Nəssaci malları satan tacirlərin yerini-yurdunu, mal dövriyyəsini, müştərilərin çoxluğunu, azlığını Sübhan azca bir əmək sərf etməklə tamam-kamal öyrənmişdi. Halbuki Elməddin bu mətləbləri bilmək üçün xeyli vaxt itirmişdi, xeyli də əsəb. Sübhan isə şəhəri beş barmağı kimi tanıdığından ona bələdçi lazım olmamışdı. Üstəlik ayrıca sürücü saxlamaq xərcindən də Zərrintacı azad eləmişdi. Sən demə, o, lap yeniyetmə vaxtı neçə il klinar işləmiş, maşının dilini beş barmağı kimi öyrənmiş, sürməkdə də ustalaşmışdı.Vaxtilə Əhədullanın sürdüyü və Elməddini gəzdirdiyi maşını o, bircə günün içində yuyub təmizləmiş, sazlamış, qarajdan çıxartmışdı. Yaşadığı evini qonşusunun təzə evlənmiş oğluna kirayə verərək Elməddinin nə zamansa yaşadığı o təkotaqlı, münasib şəraiti olan mənzilə köçmüşdü. Üst-başını dəyişmiş, geyim-kecimnnə fikir verməyə başlamış, tamam centlmen bir oğlan olmuşdu. Bunun üçün o, Zərrintac xanımdan pul istəməmişdi—özünün illərlə evlənmək məqsədilə yığıb topladığı pullardan xərcləmiş, əyin-başını düzəltmiş və tanınmaz dərəcədə dəyişmişdi. Danışdıqları gündən üç gün sonra Dəftərə gələndə Zərrintac xanım az qala onu tanımamışdı. Diqqətlə baxandan sonra onu tanıyıb razı halda gülümsünmüşdü. Bir həftə keçməmiş bütün şəhərdə, Nəcməddinin müəssisələrində hamı— tanıyan da, tanımayan da ancaq Sübhandan danışırdı. Elə bil möcüzə baş vermişdi. Dünənki kasıb, səhərdən-axşamacan əlində kiçik alət çantası toxucu dəzgahları arasında gəzən Sübhan indi par-par parıldayan amerikan maşınında gəzir, bir-bir müəssisələrə baş çəkir, işlərin gedişi ilə əsl sahibkar kimi maraqlanır, lazım olanda kimisə tənbeh edir, kimisə böyüdürdü, hər yerdə ondan danışırdılar:
İkinci hissə, on ikinci fəsilŞəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
Poems by other poets
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
BayatılarGözəlim ana Təbriz,Yaralı sona Təbriz,
KəsdiUzaq vilayətə qonaq gedirdim,Mehrü məhəbbətim yanımı kəsdi.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.(Hələlik qulaq verin)