Page 11 of 16 · 63%

⎯ …

⎯ Çünki çox vaxt yiyəsiz olub. Qeyrətlilərimizin hakimiyyəti olmayıb, hakimlərimizin də qeyrəti. Ona görə də parçalayıblar, satıblar, talan ediblər.

Heç vaxt bir yumruq kimi birləşməmişik: qoymayıblar. Əcnəbilər bir tərəfdən, öz satqınlarımız da o biri tərəfdən. «Haralısan?» ⎯ fəlsəfəsi evimizi yıxıb bizim. Ta bir-birimizdən «haralısan?» ⎯ deyə soruşmaqda o qədər adətkərdə olmuşuq ki, yerdə o sualı verməyə bir adam tapmayanda göydə uçan yaralı durnadan da soruşmuşuq ki, «Ay yaralı durna, sən haralısan?» Amma o zəhləmgetmişlər heç bir-birindən soruşmurlar ki, sən haralısan…

⎯ Bu gün neçə saatdı sənə qulaq asıram, ⎯ deyə Aslan bayaqdan bəri ürəyində dolandırdığı sözü nəhayət, dilinə gətirdi ⎯ elə bilirəm bir alimlə söhbət eləyirəm, Leyla xanım. Vallah, üzünə demək olmasın, sən lap filosofa oxşayırsan ey. Hərdən mənə elə gəlir ki, sən zarafatnan deyirsən onuncunu qurtarmışam cəmi-cümlətanı.

⎯ Yox. Mən nə var, onu da demişəm. Sadəcə, mən kitab dəlisiyəm. Yalan olmasın, oxumadığım kitab az-az tapılar. Savad diplomnan deyil ki, diplom bizim zəmanədə ancaq bir tikə çörək üçündü, vəssalam.

⎯ Hayıf, oxusaydın, yaxşı alim olardı səndən.

⎯ Eh, o qədər mənim kimi oxumaq arzusu gözündə qalıb kolxozda pambıqyığan, zavodda fəhlə olan cavanlarımız var ki, mən də onlardan biri.

⎯ O vaxt mənə rast gəlsəydin, mən səni istədiyin ali məktəbə düzəldərdim.

Leyla xanım gözlərini dənizdən çəkib Aslana baxdı və kinayə ilə gülümsünərək:

⎯ Hə, bilirəm, düzəldərdin. Sözdü də deyirsən. Onda sən mühafizəçilər əhatəsində işə gəlib-gedirdin. Sənin ayağın heç şəhərin küçələrinə dəyirdi ki. Sənin qəbuluna düşmək üçün yəqin aylarla sürünmək lazım idi. Bir də sən tanımadığın, bilmədiyin bir kimsəni heç qəbul elətdirərdinmi? ⎯ söylədi.

Aslan köks ötürdü:

⎯ Düz sözə nə deyəsən.

⎯ Deyirsən o vaxt mənə rast gəlsəydin… Bilirəm nə təhər düzəldərdin, Kəriməni düzəltdiyin kimi, hə?

Aslan çoxdan olmuş və çoxdan unutduğu o əhvalatı xatırlayıb yerində qurcuxdu, söhbətin bu səmtə hərlənib gəlməyinə nahaq imkan yaratdığına ürəyində peşiman oldu, özünü itirdiyindən, qızın ayrı şey deməsinin qarşısını almaq məqsədilə, tələsik söylədi:

⎯ Mən ondan bir qəpik də almadım, inan.

⎯ Nə alacaqdın ondan? Nəyi vardı ki, nə də alaydın? Pulu yox idi, qızılı yox idi. Ancaq əvəzində onun ən qiymətli mətahını ⎯ namusunu aldın əlindən, bəy. Yazıq yenə daxil olsaydı, dərd yarı idi.

⎯ Məni onda üç aylıq Moskvaya ezam elədilər. Başım qarışdı.

⎯ Sonra maraqlanmadın da ki, o biçarə qız necə oldu, başına nələr gəldi.

⎯ Özü də yanıma gəlmədi sonralar.

⎯ Niyə də gəlməliydi ki? O, sənə Allaha inanan kimi pənah gətirmişdi, sığınmışdı. Atası yerində idin sən onun. Mənliyini, heysiyyətini bir vəhşi kimi didib parçaladın, bədbəxt elədin, cibinə də bir az pul qoyub buraxdın taleyin ümidinə. Heç bilirsən o Kərimə indi hardadı, neyləyir?

⎯ Yox. Vallah… ⎯ Aslan qızara-qızara yavaşdan söylədi: elə bil müttəhimlər kürsüsündə oturmuşdu. Leylanın gözlərinin içinə dik baxa bilmirdi.

⎯ Şəhərdədi. Kəndə qayıda bilmədi, ailə qura bilmədi. İndi bir qoca arvadın evində kirayənişin yaşayır və demək olar ki, o da qaçqındır: qeydiyyata düşə bilmir, qeydiyyata düşə bilmədiyinə görə heç yerdə işə götürmürlər.

⎯ Vay. Vay.

⎯ Bəli. Yaxşı qanunlar qoymusuz, bəy. Adamı işə götürmürlər ki, qeydiyyatı yoxdur. Qeydiyyata isə götürmürlər ki, işləmir. Yəni bütövü kəsmə, paraya dəymə, ancaq doğra, doyunca ye.

⎯ Bəs o necə dolanır görəsən?

⎯ Necə dolanacaq? Bütün günü şəhərin bu küçələrində bu maşından düşüb o maşına minir, tanımadığı, üzünü bircə dəfə gördüyü, adını belə bilmədiyi adamların bir qarın yemək, bir cib xərcliyi müqabilində şəhvətlərini söndürməklə şikəst və nisgilli ömrünü yaşayır. Sən onu ildə, beş ildə bir dəfə də yadına salmırsan, amma o səni az qala hər gün yad eləyir.

⎯ Doğrudan? ⎯ Aslan sevinc içində xəbər alanda, Leyla kinayə ilə gülümsündü:

⎯ Yoxsa elə bilirsən səni çox istədiyindən xatırlayır Kərimə?

⎯ Yox?

⎯ Xeyr. O səni nifrətlə yad eləyir və söyür. Hər təhqir olunanda, hər alçaldılanda. Elə qarğışlar eləyir sənə, Allah, Allah, mən təəccüb eləyirəm ki, sən niyə indiyəcən salamat qalmısan? Niyə o qızın ah-naləsi səni yerlə-yeksan eləməyib indiyəcən? Görünür, tanrının səbri doğrudan da dərya qədərmiş.

Aslan oğurluq üstə tutulmuş uşaq kimi büzüşüb balacalaşdı:

⎯ Nə bilim, vallah. Özü gəldi çıxdı qarşıma. Ölmüş çox da gözəl idi, tamah güc gəldi, keçə bilmədim. Bir iş idi də oldu. Hansı kişinin həyatında belə şeylər olmur?

⎯ Məsələ bundadı ki, bir iş deyil, neçə-neçə belə işlərin olub, bəy. Və onların elə bircəciyinin üstündə səni və sənin kimiləri güllələmək olardı və lazım idi. Ancaq sən və sənə bənzərlərə qanunun əli çatmırdı, çünki qanunları yaradanlar da siz idiz, onları pozanlar da. Sizin ⎯ o əlçatmaz yuxarılarda oturanların hamısının da olmasa, mən cəsarətlə deyərdim, böyük əksəriyyətinin əli qanlı, vicdanı ləkəli, gözü kölgəlidi, inan. Mən hərdən, xüsusən bu son illərdə heyrət eləyirəm ki, siz bu millətin üzünə necə baxa bilirsiz, bu torpağın üstündə necə rahat gəzib yaşaya bilirsiz, ilahi? Yəqin sizləri yüz, min, on min, bəlkə də yüz min adamın içindən xüsusi olaraq axtarıb tapıblar, seçiblər, vəzifə başına gətiriblər. Siz…

Aslan daha dözə bilmirdi: Leylanın hər şeyi bilməyi, hələ üstəlik başqalarının gözünün içinə deyilməli sözləri də onun üzünə söyləməsi hövsələsini lap daraltmışdı; istəyirdi Leylanın sözünü kəssin, sərt bir şəkildə desin ki, bəsdi, bəsdi, məni az divara dirə, mən sənin üçün uşaq-zad deyiləm, müttəhim deyiləm, sən də hakim deyilsən. Bəsdi. İçərisində öz daxili qışqırığını eşidirdi, ancaq küt, anlaşılmaz, izah olunmaz bir qorxu bütün iradəsini, cəsarətini əlindən aldığına görə təpər tapıb səsini çıxarammırdı. Yeganə çarəsi buna qaldı ki, söhbəti zarafatla dəyişsin:

⎯ Hər halda o zaman sən mənə rast gəlsəydin, kömək eləyərdim və səninlə Kərimə kimi rəftar eləməzdim, Leyla xanım.

⎯ Niyə ki? ⎯ Leyla qımışıb soruşdu və Aslanın qəlbindən keçirdiyini üzünə söylədi: ⎯ Mən onun kimi gözəl deyiləm, ona görə, hə?

⎯ Yox, yox. ⎯ Aslan tələsik cavab verdi və səhvini malalamağa çalışdı: ⎯ Sən ondan qəşəngsən, Leyla xanım. O, sənin əlinə heç su tökməyə də yaramaz, inan.

Aslan gözləyirdi ki, bu xoş sözlər Leylanın canına yayılar, sevindirər. Hər necə olsa, qadındı, qadınların isə tərifdən xoşu gəlməyənini çətin tapmaq mümkündü. Öz təcrübəsindən bilirdi: ən kifir, ən idbar bir qadını da tərifləsən, bunun həqiqət olmadığını əlinin içi kimi bilsə də, inanır, xoşhallanır. Neynəmək olar, təbiət qadını da belə yaradıb.

Ancaq cəmi bir neçə saniyənin içində Aslan başa düşdü ki, Leyla o deyən qadınlardan deyil, çünki onun dediyi xoş sözlərdən nəinki kefi durulmadı, əksinə, bir az da tutuldu, qaşlarını çatıb incimiş halda:

⎯ Məni ələ salmaq lazım deyil, Aslan ⎯ söylədi. ⎯ Mən özümün nə olduğumu hər kəsdən daha yaxşı bilirəm. Sənin bir bədbəxtliyin də odur ki, həmişə vicdansızcasına yalan danışmısan, Aslan. Yalanla isə dünyanı gəzmək olar, ancaq geri qayıtmaq olmaz.

⎯ Qadın öz gözəlliyini görmür, qiymətləndirə bilmir, Leyla xanım. Qadının gözəlliyini ancaq kişi gözü qiymətləndirə bilər. Hər kişi də yox, mənim kimi görüb-götürmüş, qadın gözəlliyindən başı çıxan kişi.

Aslan pişik kimi arxasını yerə qoymaq istəmədi.

⎯ Bir də ona görə sənə Kərimə kimi baxmazdım ki, sən hər şeyi bilirsən, adamın ürəyini oxuyursan. Əgər elə bir məqsədim olsaydı, sən məni o dəqiqə başa düşüb çox asanlıqla aradan çıxa bilərdin.

⎯ Onda… onda mən belə deyildim, Aslan.

⎯ Hə? Bu qabiliyyət səndə anadangəlmə deyil?

⎯ Yox. ⎯ Leylanın baxışları son dərəcə ağır, dəhşətli, ürək göynədən bir hadisəni xatırlamış kimi dumanlandı: elə bil, kimsə onsuz da kədərli olan gözlərinə qəm çilədi. O, köks ötürüb söylədi:

⎯ Ümid eləyirəm, yanvarın on doqquzundan iyirmisinə keçən o dəhşətli gecəni unutmamısan, doxsanıncı ilin yanvarını deyirəm.

Aslan söhbətin axarının yenə dəyişdiyini, onu neçə vaxtdan bəri səksəkədə saxlayan o hadisələrdən və maraqlandığı mətləblərdən uzaqlaşacaqlarını başa düşüb içində bir gərginlik hiss elədi, xırıltılı səslə söylədi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 min
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 min
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 min
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 min

Poems by other poets