Dünyadan köçəndən sonra da

ürəklərdə və xatirələrdə yaşamağa

qadir olanlara ithaf edirəm

Müəllif

ünorta idi; kölgələr qısalıb düz ayaq altına düşmüşdü.

Üçbucaq bağın yanındakı birmərtəbəli evin küçəyə açılan

G

qapısı ağzında boylu-buxunlu, enlikürəkli, hərbi geyimli bir adam ayaq saxladı. Sarıya çalan seyrək qaşları altında parlayan xırda, qonur gözləri qıyılan bu adamın sifəti də uzunsov idi. Üzündəki dəngil-düngül qara çillər altından axan tər damcıları arasında düyüyə qarışmış sılıf dənələri təki görünürdü. Balaca çamadanını sağ ayağının yanında yerə qoyub əlini zəngə sarı uzatdı. Zəng səsi dalğa-dalğa titrəyib eşidiləndə, elə bil, onun da ürəyi içərisində əsim-əsim əsdi.

«Görəsən evdədir?» Yarım saat bundan qabaq təyyarə meydanında avtobusa minəndən ta şəhərə gələnə qədər, yol uzunu dəfələrlə öz-özünə soruşduğu sualı indi sanki qırmızı rəngli qapıdan, ağ düyməli zəngdən xəbər alırdı. Əlini düymədən çəkdi, səs əriyib havada yox oldu; o, bütün varlığı ilə qulaq kəsilərək dinlədi.

– Kimdir?

Qapı ağzında dayanan adamın dodaqları təbəssümdən aralandı, ürək çırpıntısı ilə cavab verdi:

– Mənəm, Gülü, aç!

—Əqdəm?.. Sənsən?!

Qapının zəncirli cəftəsi şaqqıldadı. Cəmi bircə, saniyə keçməmiş əyninə qısaqol xalat geymiş Gülmirə bu gözlənilməz gəlişdən nə edəcəyini bilməyərək boynunu azca yana əyib, özünü itirmiş halda astanada görünəndə Əqdəmin iki ay çətinliklə dözdüyü əzablı ayrılığın ağrı-acısı ürküdülmüş sığırçın kimi harasa uçub getdi... Ayrılıq təkcə əzab vermirmiş, ayrılıq həm də ürəkdəki məhəbbətdən şölələri ərşə dirənən bir məş'əl yandırırmış. Bu həqiqəti ayrılıq günlərində hiss edən, burda qapının ağzında dərindən dərinə dərk eləyən Əqdəm ömür-gün yoldaşının qumral saçlarına, uşaq gözləri kimi saf və məsum gözlərinə, nazik dodaqları arasından görünən yaraşıqlı dişlərinə, qar kimi xalatından seçilməyən qollarına, dolu mütənasib bədəninə baxa-baxa yerindəcə donaraq, elə bil evə girməyi unutmuşdu

– Gəl içəri, yoxsa yenə qapıdan qayıdıb gedəcəksən? Keçən dəfəki kimi...

Gülmirə kənara çəkilib yol verdi. Nəfəsləri bir-birinə toxunanda ürkək-ürkək baxışdılar. Sonra doluxsunmuş Gülmirə, başını ərinin enli sinəsinə qoyub ona sığındı. Əqdəm Gülmirənin saçlarından öpdü...

...Gülmirəgil o vaxt üzbəüzdəki binada yaşayırdı. Əqdəmin otağından onların evinin içi aydın görünürdü. Onda Əqdəm bu evi təzə kirayələmişdi. Tək olurdu. Özü də az-az gəlib gedirdi. Bir də görürdün üç-dörd ay yoxdu. Gəlirdi, iyirmi gün, bir ay qalırdı. O vaxt universitetin dördüncü kursunda oxuyan Gülmirə tül pərdəli pəncərə qabağında dərslərinə hazırlaşarkən cavan təyyarəçi oğlana gözucu fikir verirdi. Əvvəlcə bu adicə maraqdı, xüsusi geyiminə, sünbül haşiyəli papağına, ulduzlu poqonlarına maraqdı. Günlər, həftələr, aylar keçdikcə qız bu boylu-buxunlu oğlanı öz qanadlı təyyarəsində buludların arasında uçan təsəvvür etməyə başladı. Təsəvvür elədikcə özü də göylərə qalxır, ilk vaxtlar bir sərnişin kimi, sonrlar təyyarə sürən oğlanın ən yaxın adamı təki onun öz kabinəsində, yanında otururdu. Gündüzlər günəşə doğru, axşamlar isə ay və ulduzlar səltənətinə uçur, yerə enmək istəmirdi. Bu zaman oxuduğu kitab ehmalca qatlanır, dizinin üstünə düşür, öyrəndiyi şeylər beynində bir-birinə qarışıb əriyirdi...

Əqdəmi pəncərə qabağında, ya küçədəki skamyada oturan görəndə Gülmirə səbəbini anlamadan sevinir, qeyri-iradi pianonun arxasına geçərək ürəyini, varlığını çulğalayan bu naməlum sevinci barmaqlarından pianonun şirmayı dilləri üzərinə axıdırdı. Oğlan deyəsən, nə o səsi eşidir, nə də piano çalan qızın üzünü görməyə can atırdı. Küçədə rastlaşanda, üzbəsurət gələndə Əqdəmin arxayın, ağayana hərəkətində heç bir dəyişiklik hiss olunmazdı. Gülmirə isə çaşırdı, yerişini itirirdi, bu zəifliyindən qızarırdı. Sonra özünü möhkəmcə danlayırdı. Bir də onu görəndə şax geçəcəyinə, onun varlığını belə hiss eləməyəcəyinə söz verirdi. Ancaq...Bacarmırdı, bacarmırdı.

Yox, bu, uzun müddət belə qalmadı. Gülmirənin yanağındakı qızartıları, dolaşan qıçlarını, yanan barmaqlarını, pianonun od tutan dillərini görməmək, eşitməmək mümkün deyildi. Musiqinin sehrli cazibəsi Əqdəmi yavaş-yavaş pəncərə qabağına gətirdi. Qız çaldıqca sanki o, xəyala dalıb dincəlir, ürəyində baş qaldıran həzin, həlim duyğuların şirinliyindən məst olurdu.

Gülmirənin anası Xatın arvad qızında yaranan dəyişikliyi, qonşu oğlanın pəncərəsinə çox baxdığını, dəftər-kitabdan soyuduğunu çoxdan duymuşdu. Ananın ürəyini nigarançılıq üzməyə başlamışdı. Bir dəfə piano arxasında oturub konsert zalında çalanlar kimi, «qabıqdan çıxan» qızının yanına gəlib, əlini onun çiyninə qoyaraq demişdi.

– O oğlan evə gələndən-gələnə sən yaman çalırsan, a qızım! Ayrı vaxt çalmaq heç yadına da düşmür...

Gülmirə qızarmışdı.

– Çaşıb vurularsan a, bu uçağan oğlana! Sən yaşda qızlar bir az...

Gülmirə «Yox» mənasında başını tərpətmişdi.

– Ağlını yığ başına, qızım. Bil ki, ondan sənə ər olmaz!..

Gülmirə özü də bilmədən soruşdu:

– Niyə ki?

– Ona görə ki, onun bir ayağı göydə, bir ayağı yerdədi, qız! İndiki zəmanədə də kişi olan kəs gərək arvadının, uşağının yanında olsun, yoxsa ayrı cür daha bu nə kişilikdir?!

Gülmirə ayağa durmuşdu, ipək donunu xışıldada xışıldada o biri otağa keçərkən:

– Mən hələ heç kəsə ərə getməyə hazırlaşmıram, ana, — demişdi. — Gedəndə də...— sözünü yarımçıq kəsmişdi, «...özüm bilərəm» sözünü dilinə gətirməsə də, Xatın arvad onun nə demək istədiyini başa düşmüşdü.

Oğlan deyəsən iş yerini dəyişmişdi, çünki hər axşam evə gəlir, oğrun-oğrun qızgilin pəncərəsinə baxırdı. Qız isə oğlanın ürəyinə od saldığını başa düşüb, onu dilləndirmək istəyirmiş kimi, qəsdən görünmürdü. Lakin qızın da səbri tükəndi, axır ki, bir dəfə pəncərənin qabağında dayandı. Oğlana sarı baxanda çoxdan bəri darıxmış Əqdəm əlini havada gəzdirə-gəzdirə barmaqlarını tərpətdi: «Çal!» Qız başa düşdü, gülümsündü, bunu gözləyirmiş kimi, pianonun arxasına keçdi, çaldı. Bu hadisədən sonra onların arasında sözsüz-söhbətsiz bir ünsiyyət yarandı. Hər ikisinə bir şey aydındı: sevirlər, bu onu, o bunu!

Rastlaşanda salamlaşırdılar, qız qızarırdı, oğlan uçunurdu.

Oğlanın oturuşuna, duruşuna göz qoyan Xatın arvad qonşusu Maşa xalaya demişdi:

– Yaxşı oğlandı, ancaq hayıf ki, sənəti bir sənət deyil.

Maşa qarı öz kirayənişini haqqında arvada bildiklərini danışmışdı: «Ucqar bir dağ kəndində anadan olub. Əvvəllər şair olmaq istəyirmiş, sonra təyyarəçilik məktəbinə girib...»

Bir dəfə Əqdəm eşitdi ki, Gülmirəgilə haradansa elçi gəlib, qız, ata-anasının bütün təkidinə baxmayaraq, rədd cavabı verib. Bu xəbər Əqdəmi tələsdirdi. Atasını, anasını ismarlayıb rayondan gətirtdi. Qızı onlara göstərdi, evlənmək istədiyini bildirdi.

Elçilər qız qapısına iki dəfə getdilər. Çox söz-söhbətdən, çək-çevirdən sonra, nəhayət, qızın valideynləri razılıq verdilər.

Gülmirə sonuncu kursda oxuyanda, Səadət sarayında toyları oldu. Ancaq toydan on gün sonra, Xatın arvadın dili ilə desək, müsibət üz verdi: hardansa teleqram gəldi, Əqdəmi təcili çağırdılar. Getməyə bilməzdi. Qulluq əmri idi. Gülmirəni - on günün gəlnini göz yaşları boğdu.

– Öz cəzasıdır, canı çıxsın!— deyə Xatın arvad əsib-coşdu, — Çox da deyirdi gərək verməyəydik. Görmürdük?! Beynimizi yedilər, dedilər, daha heç yerə getməyəcək. Buyur, bu da sənə «heç yerə getməyəcək». Bu arxası yerə gəlməmiş, quş kimi şeydi, ilin on ayını elə göydə olacaq, yazıq balam da elə. Gözünü zilləyəcək göylərə ki, görəsən, ərim haçan gələcək? Əşi,Salman qardaşa demək gərəkdi ki, böyükləriylə danışsın, azad eləsinlər onu, gəlib otursun xarabasında. Dava yox, şava yox, təyyarə sürməsə, dünya dağılar?

Toydan sonra Əqdəmin gedib-gəlməyi qırx gün çəkdi. Gələndə cavan gəlin sevindiyindən ağlamışdı:

– Bu dəfə gedəndə mən də səninlə gedəcəyəm.

– Hara?—Əqdəm yavaşca soruşdu.

– Sən hara, mən də ora!

– Mən daha heç yana getməyəcəyəm!

– İnanmıram!..

– İnan, Gülü, — deyə Əqdəm navazişlə arvadının könlünü almağa çalışmışdı. Gülmirə «inanmıram» deməkdə haqlı idi. Çünki Əqdəm «getməyəcəyəm» desə də, getməyə bilməzdi. Getdi bu səfəri iki ay çəkdi...

...Əqdəm par-par parıldayan qara, uzunqunc ayaqqabının dabanından tutub çıxartdı, pencəyini soyundu, buruq-buruq saçlarını əlləri ilə dala sığallayıb, mətbəxə keçdi, sərin su ilə boyun-boğazını yudu. Böyründə dayanan Gülmirədən tiftikli dəsmalı alıb, qurulana-qurulana gəlib divanın üstünə əyləşdi. Gülmirənin mətbəxdə qalıb qab-qacaq qurdaladığını hiss elədi.

– Orada neynirsən, Gülü? — deyə xəbər aldı. Gülmirə cavab verdi:

– Sənin üçün yeməyə bir şey hazırlayıram.

– Lazım deyil, toxam. Gəl otur yanımda, görüm nə var nə yox?

Gülmirə otağa qayıdaraq Əqdəmin böyrünə qısılıb oturdu. Əqdəm arvadının yumşaq əllərini əlinə alıb, həsrətli baxışlarla onun gözlərinin içinə baxdı:

– Sənin üçün darıxmışam, Gülü!

– Mən də...

– İki ay iki il kimi göründü mənə.

– Yadına tez-tez düşürdüm?

– Yadımdan çıxdığın vaxt olurdumu ki, təzədən yadıma da düşəsən? Sən həmişə mənim yadımdasan, ürəyimdə, hafizəmdə, xəyalımdasan, Gülü. Gecələr səfərə çıxanda elə bilirdim ulduzlar sənin gözlərindi, min yerdən, milyon yerdən mənə baxırsan.

– Bəs gündüzlər? — deyə Gülmirə nazla qımışaraq Əqdəmin saçlarını sığallaya-sığallaya soruşdu.

– Gündüzlər də! — Əqdəm azca düşünüb dedi.— Sanırdım ki, qara buludlar sənin hörüklərindir...

– Sən lap romantik imişsən ki, Əqdəm! Gülmirə güldü. — Belə getsə, təzdən şair olmaq fikrinə düşəcəksən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, üçüncü fəsil

Şəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.

6 min
Birinci hissə, dördüncü fəsil

Oğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:

8 min
Birinci hissə, beşinci fəsil

Üzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:

16 min
Birinci hissə, altıncı fəsil

Əhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.

7 min

Poems by other poets