Birinci hissə, on beşinci fəsil
Page 2 of 2 · 50%
...«Qapı açıldı, Orxan əlində qələm, qapı ağzında görünəndə Gülmirənin ürəyi çırpındı və sanki bədənindəki bütün qanı sifətinə çırpılıb onu qıpqırmızı qızartdı.
– Gülmirə? — Gözlərinə inanmayan Orxan qızın adından başqa söz bilmirmiş kimi, hörmətlə səslənib susdu. Onun gözləri sevinclə parlayırdı.
Orxan geri çəkildi, Gülmirə evə girdi. Qapı sakitcə örtüldü.
– Gözləmirdin, hə? — Gülmirə özünü ələ aldı.
– Düzü, yox... Elə bilirəm yuxu görürəm. Həyatda bəzən möcüzələr olur.
– Ancaq yuxunun həqiqət ola biləcəyini mən heç vaxt görməmişdim, Gülmirə. Axşam yuxuda görmüşdüm ki, sən bizə gəlmisən.
Gülmirə dabanı üstə fırlanıb gülümsündü:
– Mən istədim ki, sənin yuxun yalan olmasın...»
Bu, Gülmirənin o vaxt, Orxan sağlığında bu qapıdan birinci girişi zamanı olmuşdu. İndi o, bu söhbəti lentə yazılmış kimi, eşidirdi. Beynində Orxanın səsi çağlayırdı, gözlərinin qabağında isə boş otaq vardı, Orxansız...
Gözü balkona açılmış qapıya sataşdı.
«—Bu balkon nəyə desən dəyər, Orxan.
– Hə, axşamlar xüsusilə gözəl olur. Dənizin hənirtisini buradan duyursan. Oturub düşünürsən. Ləzzəti var, Gülmirə. Mən həmişə işığı yandırmadan burada oturub saatlarla düşünürəm, dənizin gecə gözəlliyinə tamaşa eləyirəm».
Aman allah, o, bəlkə balkondadır? Ayaqlarının ucunda balkona açılan qapıya sarı yeridi, qorxa-qorxa. İndicə möcüzə baş verəcəyinə inanmaq istəyə-istəyə. Ancaq yox... Oradan səs-səmir gəlmirdi, həsir kreslo boş idi, nədənsə—yəqin meh tərpədirdi — asta-asta yırğalanırdı o boş, köhnə həsirdən toxunma kreslo. Elə bil sahibi indicə durub harasa getmişdi.
Geri döndü. Qəribə idi — elə bil otaqda kimsə siqaret çəkmişdi, stolun üstündə nazik, boz tüstü pərdəsi asılmışdı sanki.
« — Qəribə papirosdur. «Arzu!»
– Hə, — Orxan acı tüstünü ciyərlərinə sümürdü. Külqabının ağzına qədər kötüklə dolduğunu görən Gülmirə:
– Bu qədər papiros çəkərlər? — dedi.
– Öyrənmişəm.
– Zərərdir axı.
– Hmm..»
Bu «hm» sözciyəzini də eşitdi Gülmirə. Yox, Orxan burdadı. Bax, bayaq balkonda oturmuşdu, durub otağa keçib, burada siqaret çəkib, bax, tüstüsü hələ də çəkilib getməyib... Hə, onda Orxan bu kresloda oturmuşdu. Sonra ürəyinin ağrısı tutdu. Gülmirə çaşqın-çaşqın ona valerian içirib... yataq otağına keçirtdi...
«Otaqdakı tək çarpayı yığılmamışdı. Güllü yorğanın bir ucu parket döşəməyə düşmüşdü. Gülmirə Orxanı çarpayının qırağında oturdub, qolunu buraxdı, balışı çırpdı, mələfəni sahmana salıb Orxana sarı döndü:
– Uzan...»
Yox idi. O çarpayının yerində başqa — taxta çarpayı vardı. Yorğan-döşək də səliqə-səhmanda idi. Orxan uzanmamışdı. Orxan burda da yox idi.
Gülmirə çarpayının yanında dizlərinin taqətinin kəsildiyini, daha dözə bilmədiyini hiss edib üzüqoylu yorğan-döşəyin üstünə düşdü və hönkürdü. Göz yaşları ipək yorğanın ağ üzünə axıb hopurdu. Qulaqları guruldayırdı. Neçə dəqiqə beləcə, üzüntülü halda çarpayıda hərəkətsiz uzandı. Xəyalı yenə onu qanadları üstünə alıb göylərə qaldıraraq təzədən Orxanlı çarpayının yanına gətirdi.
«Orxan köynəyinin yaxasını açdı. Gülmirə ikiqat bükdüyü yaş dəsmalı onun sol döşünün üstünə qoydu. Qadın əllərinin təmasını duyan Orxan bədənində xoş bir gizilti hiss edərək qeyri-ixtiyari Gülmirənin ağ biləyindən yapışdı və ehmal bir hərəkətlə onun əlini dodağına yapışdıraraq öpdü. Sonra öpdüyü əli iki ovcu arasına alaraq sinəsinə sıxıb saxladı. Gülmirə sehirlənmişdimi, ya nə baş verdiyini dərk eləmirdimi, qımıldanmadı. Anlar əriyib gedirdi. Birdən qulaqlarında təyyarə uğultusu səsləndi. Ayılmış kimi, əlini çəkdi, ancaq heç nə demədi..».
Səksəkəli halda qalxdı. Təyyarə səsi eşidilmirdi. Divarlarından soyuq axıb tökülən, görkəmindən kimsəsizlik yağan otağı qulaqbatıran bir sükut bürümüşdü. Elə sakitlik idi ki, ürəyinin döyüntüsünü də eşidirdi az qala. Üşürgələndi. Doğrudanmı indi o, bu boyda gen-bol otaqlarda tək-tənha idi və həmişə də yalqız yaşayacaqdı?.. Bəs hanı Maşa xala? Hanı Sahibə, Mir Sahib?... Hə, onlar qaldılar o yanda, köhnə evdə, köhnə məhlədə. Yəqin burada da qonşu var... Ancaq kimdi, necə adamdı? Hələ bilmirdi..
Divarlar sıxırdı onu. Qalxıb geyinmək, Maşa xalanın yanına qaçmaq istəyirdi. Qəlbinin dərinliyindən baş qaldıran bir hiss isə sehrli şəkildə sanki qulağına pıçıldayırdı.
« — Yox, Gülmirə, sən hara gedirsən? Sən bura həmişəlik gəlmisən, burda ömürlük yaşayacaqsan, Gülmirə! Hara tələsirsən? Gözlə, Orxan bu gecə harda olsa gələcək. Səni öz evində görüb çox sevinəcək, Gülmirə. Sənə «Xoş gəlmisən, mənim əzizim!» — deyəcək. Sən bu sözləri onun dilindən eşitmək istəmirsən? Yox, gözlə, Gülmirə. Bu onun sənin Orxanının çoxdankı arzusuydu. Arzusuydu ki, sən bax beləcə, birdəfəlik yığışıb gələsən onun evinə. İndi gəlmisən, onun arzusu yerinə yetib..»
«— Hə, hə, qoy gəlsin. Sürpriz olacaq onun üçün. Gözlərinə inanmayacaq məni burada görəndə. Doğrudan yerə-göyə sığışmayacaq, təzədən, lap o dəfə gələndəki kimi, bəlkə ondan da çox bəxtəvər olacaq. Yox, getməyəcəyəm! Hara gedirəm? Bura mənim — Orxanla mənim evim-eşiyimdi. Biz — o və mən burada ömrümüzün axırınacan yaşayacağıq…» — deyirdi Gülmirə ürəyində. Televizora baxdı. Gah Bakını tutdu, gah Moskvanı... Saat birdə yanındakı adama deyirmiş kimi:
– Daha gecdi. Dur yataq! — dedi. Yataq otağına keçdi, tələsmədən soyundu, çarpayısını sahmana salıb yerinə girdi... Xeyli çırpındı, çırpındı... Orxanın xəyalıyla çox danışdı. Giley elədi ona — bu gün düşdüyü çətin vəziyyəti nağıl elədi ona. Ancaq Orxandan səs çıxmadı. Sualları cavabsız qaldı Gülmirənin. Yavaş-yavaş kirpikləri ağırlaşdı...
Sonra gözlərini açanda artıq səhər idi... Dalğın-dalğın bu gün bu evə qədəm qoyandan sonra olub keçənləri xatırladı, bu xatirələrin içində Orxanı axtardı, tapa bilmədi, məyus oldu. Orxan bu gecə gəlməmişdi, yox, qətiyyən gəlməmişdi.
Soyuq bir ah çəkdi:
«Yəqin hələ bilmir bura köçmüşəm. Kim bilir, bəlkə də o köhnə evə gedib, məni görməyib, qayıdıb çıxıb gedib..».
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Bəhruz evin qabağında taksidən düşüb tez özünü bloka saldı. Cəld addımlarla beşinci mərtəbəyə qalxdı. Qapının zənginn basdı.– Atam gəldi! – deyə Toğrul sevincək anasının yanına, mətbəxə qaçdı. Xatirə mətbəxdə xörək hazırlayırdı.
IX fəsil...Saat ikiyə işləyirdi. Ayın sarımtıl işığı iri pəncərədən içəri düşürdü. Toğrul ağ nikel çarpayısında şirin-şirin yatmışdı. Bəhruzun böyründə uzanmış Xatirə sağ əlini başının altına, sol əlini sinəsinin üstünə qoymuşdu; barmağındakı üzüyün brilyant qaşı parıldayırdı.Sakitlikdi. Toğrulun mışıltısından, bufetin aynası qarşısındakı girdə saatın yeknəsəq çıqqıltısından başqa heç nə eşidilmirdi.
X fəsilBəhruz axşam nə qədər pis yatsa da, tezdən durdu. Çay-çörəyini iştahsız yedi. Xatirə soruşdu:– Bu gün xəstəxanaya gedəcəksən?
XI fəsilDünya gözündə gülürdü. Güllər, çiçəklər içində nərgizdən xoşu gəlirdi. «Kaş, burda bir dəstə nərgiz olaydı!» Musiqi ölüsüydü. «Kaş «Karvan» çalınaydı»... Qəribə idi. Haradansa burnuna nərgiz ətri gəldi, qulaqlarında karvan zınqırovları səsləndi...Maşın xəstəxananın qabağından tərpəndi. Bəhruz kepkasını çıxarıb böyründəki «Qızıma məktublar» kitabının üstünə atdı. Fit çala-çala irəli baxır, ehtiyatı əldən vermirdi. Dənizdən sərin meh əsirdi. Enli asfalt küçə ilə maşınlar, trolleybuslar, dizellər şütüyüb gedir, şəhər öz həmişəki adi, qaynar həyatını yaşayırdı.
Poems by other poets
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaşOruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,
Ayın kölgəsiGümüş kölgə salıb qarlar üzkərə,Asimanda büllurlanan donuq ay,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı