İkinci fəsil
Page 2 of 5 · 20%
⎯ Daha «sənin kimi» niyə? Mən elə sənəm də, adaş. Mən sənin cavanlığınam, gəlmişəm.
⎯ Hə? Tamam gəlmisən? Daha getməyəcəksən?
⎯ Gedəcəyəm, adaş. Hayıf ki, qala bilmərəm.
⎯ Niyə? Qal da. Qal yanımda, bir möcüzə göstər, bax, qarşında uzanmış bu qocanı büsbütün dəyişdir, qaldır ayağa, səhər çıxaq şəhərə, qoy görsünlər məni, gözləri heyrətdən çıxsın kəllələrinə məni istəməyənlərin.
⎯ Yox, Paşa. Sən mənim qədrimi bilmədin, qardaş. Xərclədin sağa-sola, gecə-gündüz bilmədin, rahatlıq vermədin, köhlən at kimi aman vermədən çapdın. Məni sən talan elədin, Paşa. Mən hələ çox yaşamalıydım, dünyadan çox ləzzət almalıydım.
⎯ Çox yaşamağı demirəm, ancaq ləzzət barədə… insafsızlıq eləyirsən, adaş. Mən sənə o barədə korluq verməmişəm, pul, var-dövlət əsirgəmişəm. Gözün nə görübsə, ürəyin nə istəyibsə, təşkil eləmişəm sənin üçün: heç bir arzunu gözündə, heç bir murazını ürəyində qoymamışam. Səni dünyanın az qala hər yerinə aparmışam, dadmadığın nemət qoymamışam, zərrəcə xoşuna gələn bir qızı, bir qadını nəyin bahasına olursa-olsun sənin ağuşuna atmışam. Sən nahaq belə giley eləyirsən, adaş.
⎯ Düz deyirsən. Sən «təşkil eləmək» ustasıydın. O barədə sənə oxşayan ikinci bir adam tapmaq bəlkə də heç mümkün deyil. Ancaq hər şeyin bir ölçüsü, bir əndazəsi olmalıdı. Hansı müdriksə yaxşı deyib: «Ölçünü gözlə, ölçü yaxşı şeydi: həm dosta layiqdi, həm də düşmənə». Sən isə bütün ömrün boyu heç nədə ölçü-əndazə gözləmədin. Bax, ona görə də indi səni bu hala salıb divana uzadıblar.
⎯ Bundan sənin də xəbərin var? Hardan bilirsən, adaş? Yəqin bütün aləmə, şəhərə yayılıb, hə? Hamı bilir ki, məni işdən də, partiyadan da çıxarıblar, hə? Niyə gülürsən, adaş?
⎯ Ona gülürəm ki, sən doğrudan da qocalıbsan, fikrinxəyalın çaşıb. Axı… bayaq mən sənə dedim ki… mən sənin özünəm, cavanlığınam.
⎯ Hə, hə. Yadıma düşdü. Eh, məni qınama. Mənə dəyənlər sənə dəysəydi, yəqin adını da yadından çıxartmışdın indi. Yaxşı, yaxşı, sən belə xırda şeylərə fikir verib hirslənmə. Əsas məsələlərdən danış mənə. Mən həqiqətən qocalmışam, başım işləmir, baş aça bilmirəm başıma gələnlərdən, inan. Elə bil canımda ta can-təpər qalmayıb. Başım, ürəyim şişib.
⎯ Hə, sənin müsibətin böyükdü, kişi. Mən sənin halına acıyıram.
⎯ Acımamışdan əvvəl məni bir başa sal görüm bu necə oldu axı? Niyə mənim çərxim birdən-birə döndü? Nüfuzlu adam mənə həmişə yaxşı münasibət bəslərdi, hörmət eləyərdi, plenumlarda, fəallar yığıncaqlarında adımı hörmətlə çəkərdi. Nə oldu birdən-birə ona ki, eləcə döndü və aləmi başıma dar elədi? Kim onun fikrini dəyişdirdi? Onun mənə o qədər adamın içində dediyi o sözləri eşitsəydin…
⎯ Eşidirdim, kişi.
⎯ Hə, hə. Gördün də, o sözlərin birini bir batman balla yemək olmazdı. Mən dedim infarkt vuracaq məni elə oradaca, biabır olacağam.
⎯ Yaxşı dözdün. Amma sən müavinə nahaq elə imdad diləyən nəzərlərlə baxdın: orda səhv elədin. Sən gərək bilmiş olaydın ki, ondan sənə heç bir kömək ola bilməz. Sən təcrübəli kişisən, dünyanın isti-soyuğunu az görməmisən: gərək bilmiş olasan ki, indi bizim camaatımızı təqribən iki yerə bölmək olar: birinci dəstəyə o adamlar daxildi ki, vəzifəsi var, stolu var ⎯ onu itirməyin qorxusundan onlar sənin kimi dostun, tanışın, eloğlunun yox a, lap doğma atasının, evladının başını kəssələr də, səsini çıxartmazlar. O biri qism adamlar isə balaca adamlardı, ixtiyarı, stolu yoxdu, danışdı-danışmadı, onsuz da onların sözünü eşidən, sayan olmayacaq. Yoxdur da. Onlar bax, buna görə danışmağı yersiz bilib susurlar. O gün müavinin nəyinə lazım idi ki, sənin xeyrinə dodaq tərpədib bir kəlmə xoş söz desin və kişinin qəzəbinə düçar olsun? Hə, soruşuram səndən, nəyin lazım idi? Onun yerinə sən də olsaydın, susardın, kişi. Kim olsaydı, dillənməzdi. Soruşursan niyə? Ona görə ki, sizi, sizin hamınızı belə tərbiyə ediblər. Sən bunun nəyinə təəccüb eləyirsən? Dünənəcən məgər sən özün də elə deyildin? Ya sənin çox istədiyin, sənə çörək vermiş Qaraxanovun belə deyildi? Yadından çıxıb ki, o, nə qədər həlim, mehriban və sadə adam olsaydı da, kafedrada yalnız və yalnız onun dediyi olmalıydı və olurdu da? Ona ən yaxını sən idin o vaxt, amma xatırla görüm haçan onun sözünün üstündən söz demişdin? Heç vaxt. Həmişə quyruq bulamışdın qabağında. Kim onun ⎯ qəzəblənən vaxtı ⎯ qılıncından qorxmamışdı? Heç kim. Ya sən özün, dünənəcən adı, şöhrəti dünyanın az qala o başından gələn «İnsan» institutunda azmı baş kəsmisən və barmağını qatlayıb deyə bilərsənmi ki, Elmi Şuranın iyirmi yeddi üzvündən hansı kişi əlini tutub deyib ki, yoldaş Camalzadə, belə olmaz, bu düz deyil? Siz ancaq o zaman haqsızlığa, zülmə qarşı səsinizi çıxarıb qaldırırsız ki, bıçağı sənin öz boğazına dirəyirlər. Yalnız o zaman əl-qol atıb, fəryad qopardıb deyirsiz: ay yoldaşlar, ay qardaşlar, qoymayın, məni məhv eləyirlər, ciyərimi çıxardırlar. Ancaq səsinə səs verən olmur. Niyə? Ona görə ki, o birinin başını kəsib ciyərini çıxardanda sən də susmuşdun.
⎯ Hə, düz deyirsən, adaş. Axx, ürəyim ağrıyır.
⎯ Mənim də.
⎯ Yenə mənim üçün müəmma olaraq qaldı ki, niyə o, kişi belə elədi? O zirvədən…
⎯ Sən onu başa düşmək üçün gərək biləsən ki, o zirvəyə sən necə qalxmışdın? Elminin gücünə? Kəşflərinin hesabına?
⎯ Yox.
⎯ Bəs nəyin hesabına qalxmışdın?
⎯ Zirəkliyimin, adaş. Sən ki, məni yaxşı tanıyırsan.
⎯ Xeyr. Səhv eləyirsən, kişi. O qədər səndən də zirək oğlanlar var idi ki, sən heç onların dırnağı da ola bilməzdin, səni susuz aparıb-susuz gətirməyə qadir oğlanlar…
⎯ Bəs?
⎯ Yaxşılıq itirmək yaxşı sifət deyil, kişi. Bu, namərdlərin işidi. Unutmusansa, qoy yadına salım: səni o zirvəyə qaldırmışdılar, sən öz gücünə o zirvəyə qalxmamışdın.
⎯ Kim qaldırmışdı? Sən?
⎯ Mənim də xidmətlərim az olmamışdı, düzünü bilmək istəsən. Ancaq tək mənim zoruma sən o məqama ucala bilməzdin.
⎯ Ürəyimi çəkmə, sən allah. De görüm kimdi?
⎯ Səni… o mərtəbəyə bir qadın qaldırıb, Paşa.
⎯ Qadın? Hansı qadın?
⎯ Oo, nə tez unutdun? Yox, amma elə də tez deyil. O vaxtdan iyirmi doqquz il keçir…
⎯ Hansı qadındı axı o?
⎯ Yadındadımı, o zaman sənin kafedrana bir gözəl qadın ⎯ ona heç qadın da demək günah idi ⎯ bir mələk gəlmişdi. O qədər gözəl idi ki, küçədə yeriyəndə qoca da, cavan da, hətta qadınlar özləri belə istər-istəməz ayaq saxlayıb ona heyrətlə və həsrətlə tamaşa eləyirdilər.
⎯ Hə, indi yadıma düşdü. Xatırladım. Sən Xallını deyirsən…
⎯ Bəli, Xallını deyirəm. O gələn kimi sən dəyişdin. Kafedradakı, bütün institutdakı qadınlar, su sonası kimi qızlar adiləşdi sənin gözündə. Sən onun gəlişini az qala bayram eləmək istəyirdin. Onun üçün çox gözəl şərait yaratdın, mövzu verdin, rəhbərliyini boynuna götürdün. Səndən olsaydı, onu bir ilə elmlər namizədi eləyərdin. Amma bu mümkün deyildi: çünki o Xallı elə də istedad sahibi deyildi. Allahı ona gözəllik vermişdi, istedad yox. Sən özün də öz gücünü yaxşı bilirsən, sən də ⎯ burda ayrı adam yoxdu, etiraf eləmək olar ⎯ elm aləmində piyada idin, yoxsa, əgər gücün və qabiliyyətin çatsaydı, o Xallının əsərini özün yazardın. Gizli-gizli yanıb yaxılırdın ki, niyə allah o qabiliyyəti səndən alıb. Amma o da Xallı idi ha. Öz qiymətini yaxşı bilirdi. Ağıllı idi, hər yetənə əyilən deyildi. Niyə də əyilməliydi? Bir adamın ki, qabağında bütün kişilər tilsimə düşmüş kimi, əlləri sinələrində, qul kimi əmrə müntəzir dayanırdı, onunla kəlmə kəsməyindən özünü dünyanın ən xoşbəxti sayırdı, üzünə bir balaca təbəssümlə baxdığı, salam verib kefini soruşduğu kişinin az qala sevincdən ürəyi partlayırdı, o, elə gözəl niyə də hər kişinin minnətini götürməliydi, ona yaxşı olmalıydı? Bütün qapılar onun üzünə açıq idi: sən təsəvvür eləmirdin o vaxt, amma bu bir həqiqət idi ki, onu bu milyon nəfəsli şəhərdə bütün böyük idarələrdə, nazirliklərdə, hətta lap yuxarılarda böyük vəzifəli adamlar tanıyırdılar, hörmət edirdilər, yanlarına gedəndə ayağa durub stollarının dalından çıxaraq qapının ağzınacan qarşısına qaçırdılar. Danışırdılar ki, hətta Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Mərkəzi Komitənin binasına o, buraxılış vərəqəsiz, vəsiqəsiz girirdi. Çünki qapıda dayanan milis onun qeyri-adi gözəlliyini görüb sarsılırdı, gördüyünün yuxu ya həqiqət olduğunu ayırd eləyənəcən o, şəstlə, atasının imarətinə girirmiş kimi, arxayın keçib gedirdi. Bəli, sənin Xallın belə Xallı idi və o gələndən sonra sən yazıq Qarateli tamam-kamal unutdun, o dilsiz-ağızsız qadın da qısqanclıq odunda yana-yana, dərdini dilinə belə gətirmədən o dörd divar arasında qovruldu, ürəyini yedi. Səndən olsaydı, Xallını gecələr də kafedrada saxlardın, özünə bir alimanə görkəm verib ona konsultasiya keçmək istərdin. Ancaq o, buna imkan vermirdi. O, səndən, sənin imkan və vəzifəndən istifadə etmək, alimlik diplomu almaq istəyirdi, sən isə başqa fikirdə idin.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-yandirilmis-adam-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.
Birinci hissə, on beşinci fəsilAprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.
Birinci hissə, on altıncı fəsilAslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,