Ay işığında
Page 2 of 3 · 33%
Eyni zamanda qocanın önündə yolun tən ortasıyla, bir çobanaldadan quşu dazımağa başlamışdı.
Quş qocanı çox yaxına buraxırdı, qoca gəlib quşun iki-üç addımlığına çatanda bu vaxt quş uzanamasına yolun üstü ilə uçurdu və yenə yaxında yolun tən ortasına qonurdu.
Quş bu qəribə oyunundan yorulmurdu, uzağa uçub gözdən itmirdi, yana uçub yolu tərk etmirdi və getdikcə arxasınca gələni daha artıq yaxınlığı ilə aldadır, amma quyruğunu heç vaxt ələ vermirdi.
İndi qocanı arxasınca salıb aparan o gizli nəğmə də qocanın sinəsində səslənən zümzümələr içində tez-tez çox yaxına gəlirdi, sonra birdən eynilə o quş kimi uçub gendə dayanırdı, heç cürə yaxınlıq vermirdi.
Gün əyiləndə qoca gəlmişdi yol qırağındakı gövdəsi iki yerə bölünmüş o tənha çinara söykənib dayanmışdı, sonra bir hovur nəfəsini dərmək üçün çinar altında oturmuşdu və başını qaldırıb ağacın göyə sancılmış qupquru budaqlarıyla yaşıl yarpaqlı və hələ də çox qüdrətli olan şaxələrinə baxmışdı.
Bu çinar yanından o çox çapıb keçmişdi, gah yuxarıya, gah aşağıya çox uzaqlara getmişdi, amma atından düşdüyü bu ağacın böyük kölgəsində bir hovur dincəldiyi olmamışdı.
İndi isə elə bil uzun ömür yolunun sonunda iki qoca bir-birinə rast gəlmişdi və bir-birinə çox oxşarlıqlarını görüb bir-birinə tamaşa eləməyə davam gətirməmişdilər.
Qoca tez ayağa qalxmışdı, yola düşmüşdü, çinar yerindən tərpənməmişdi, köksünü ötürmüşdü və əgər köksünü ötürmüşdü və əgər köksünü ötürmüşdüsə, bunu yalnız özü eşitmişdi...
Çıraqlar yananda qoca gəlmişdi o kəndə çatmışdı və yolunun üstündəki birinci mənzildə dayanmışdı, burda hansı qapını döysəydi, üzünə açılacaqdı və üzünə açılan bütün qapılarda heyrət və sevinclə qarşılanacaqdı.
Amma qoca kəndin yuxarı başına – aşıq Cəlalın qapısına doğru yönəldi və aşıq Cəlal qoca ustadını qarşısında görərkən, bir an gözlərinə inanmadı.
Sonra aşıq Cəlal qocayla ikiəlli görüşdü və əyilib üç dəfə qocanın əlindən öpdü, cürə sazını çiynindən aldı divardan asdı, dəyənəyini qapı ağzında küncə söykədi, yuxarı başda həsir üstünə döşəkçə atdı, qocanın qolundan tutdu apardı o döşəkçə üstündə oturdu, süfrə açdı, çay və süd gətirdi. Ən axırda bardaş qurub əyləşmiş qocanın qarşısında dizləri üstündə oturdu. Şagird ustadı qarşısında ayaqlarını qatlayıb dizləri üstə oturmalı idi.
Qoca hazırlıqlı gəlmişdi, bəlkə hansı kənddənsə qocanı toya çağırmışdılar və indi qoca, aşıq Cəlalı da yanına alıb o toya aparsaydı, bu gənc aşıq üçün bayram olardı. Amma belə bir möcüzə mümkün idimi? Bir səs ki, qartal kimi göylərdə qanad çalırdı, indi sınıq qanadları ilə yerdə sürünməyi özünə rəva görə bilərdimi?
Heç bir qonaqdan hardan gəldiyi və hara getdiyi soruşulmazdı, aşıq Cəlal isə üstəlik ustadı qarşısında idi və dizləri üstə lal oturmalı idi.
Yol yorğunu qoca isə hələ yatmaq istəməmişdi, şagirdinin bəstələdiyi yeni saz havalarına qulaq asmaq istəmişdi.
Aşıq Cəlal qalxıb sədəfli cürəsini köynəkdən çıxarıb qayıtdı, yenə dizi üstə oturdu, sazını yavaşdan dilə gətirdi və səsinin yarısıyla pəsdən oxudu.
Qoca gözlərini qapadı, çal və pırpız qaşları göz qapaqları üstünə kölgə saldı, dondu, hərəkətsiz qaldı, aşıq Cəlala elə gəldi ki, yorğun qocanı huş apardı və qocaya qarşı duyduğu rəhm hissindən səsi titrədi.
Amma aşıq Cəlal səsini daha aşağı salıb susanda, qoca gözlərini açdı və əyilib süfrə üstündən şagirdinin alnından öpdü.
– Müsibət çaldın, müsibət oxudun, – dedi qoca, – qoy tanrım sənə qıymasın ki, bu dünya mənim ocağımı söndürəndə, o ocaqdan qopan bir çırtdaq sənin ocağında qalsın...
Yaz gecəsinin dəli-divanə elədiyi pərvanələr və cücülər açıq pəncərədən özlərini içəri salmışdılar, çırağın şüşəsinə çırpılmışdılar və indi çırağın dövrəsi özlərini atəşə qurban verən bu cücələrin və pərvanələrin rəngarəng cəsədlərilə örtülmüşdü.
Yaz və yay gecələrində bu çıraqlar bu cür, hər biri kiçik bir qurbangaha çevrilirdi.
Qoca isə yanıb çırağın dibinə tökülmüş o pərvanələrə çox baxmışdı, çox susmuşdu və nəhayət birinci xoruz banında çırağı söndürüb yanaşı salınmış yataqlarında uzanmışdılar.
Ay pəncərədən qocanın yorğanı üstünə işıq salmışdı, hardasa isaq-musaq quşları bir-birini çağırırdı, içəridə isə yerinə girən kimi dərin yuxuya getmiş aşıq Cəlalın aramla nəfəs aldığı eşidilirdi.
Səsi çıxmayan, nəfəs aldığı eşidilməyən yalnız qoca idi, yata bilmirdi və o yorğunluq ki, canına hopmuşdu və indi sızıltılı bir mahnı oxuyurdu – bunu yalnız qoca özü eşidirdi.
Yol gələrkən, çobanaldadan quşu kimi qabağına qona-qona gələn o gizli mahnının zümzüməsi burda kənddə qırılmışdı və indi içərisindəki sızıltıda qoca birdən yenə nəyin isə yaxınlığını hiss eləmişdi.
Artıq sazını köynəkdən çıxarmalı idi, sarı quş sinəsinə qonmalı idi və əgər bu quş o gizli nəğmədən bir səs tuta bilsəydi, sözlər də qaranlıqdan çıraq işığına uçan o pərvanələr kimi, hardansa qopub gələcəkdilər və hər dəfə olduğu kimi ilk yaradılışı andıran bu hərcmərclik içindən sıyrılan o gizli nəğmə çox uzaqlardan uçub gələn durna qatarı kimi çox yorğun olacaqdı, amma üçbucaqlı uçuşunun gözəlliyilə göz oxşayacaqdı.
Aşıq Cəlal yatmışdı, qoca isə artıq ayağa qalxmışdı, sazını divardan əlinə almışdı, amma sazı köynəkdən çıxarmamışdı, çünki nə qədər yavaşdan çalsaydı, yatanı şirin yuxusundan oyadacaqdı, düzdür, aşıq Cəlal oyandığını bildirməyəcəkdi, amma düşünəcəkdi ki, ey gidi dünya, nəhayət mənim ustadım da xəriflədimi?
Yox, ona xəlvət lazımdı, canlı qulağından uzaq, tənha bir guşə lazımdı.
Və qoca qoltuğunda saz yenə yola düşdü.
Aşıq Cəlalın həyətindən çıxdı, kimsəsiz bir küçədən keçib kəndi iki yerə bölən armudlu dərə qırağında dayandı, bir an ətrafına baxındı.
Dərəyə enən cığır başında titrək yarpaqlı qoşa qovaq ağacları qaralırdı və qoca o ağaclara doğru yönəldi.
Gəldi o ağaclar altında köbər üstündə, üzü dərəyə sarı oturdu.
Dərə ağzınacan ay işığı ilə dolmuşdu, qarşıdakı Şögkəli yamacda isə işıldaquşlar uçuşurdu.
Axşam çıraqlar yananda gəlib kəndə yetişəndə qocaya elə gəlmişdi ki, yol onu aldatdı, cavanlığında ondan əsirgəmədiyini bu dəfə qoca vaxtında ondan əsirgədi.
Amma indi birdən hiss elədi ki, ürəyi elə dolub ki, sinəsinə basdığı saz bu saat ağlayacaq sinəsi üstə...
...Sonra qoca gözlərini qapadı, elə bil yuxuya getdi və bu yuxu içində sinəsi üstündəki sazın səsini eşitdi.
Elə bil hardansa əfsanəvi sarı bir quş uçub gəlmişdi və saz indi o sarı quşun sirli nəğməsini oxuyurdu.
Qoca gözlərini açıb o quşu ürkütmək istəmirdi və simləri darayan barmaqları indi elə bil odlu közlər üstündə oynayırdı...
Salatın əl-ayaq yığışılandan sonra kənd adəti üzrə çırağı çox tez söndürmüşdü. Yorğanı başına çəkmişdi, amma saatlar keçmişdi hələ də gözlərini yummamışdı.
Qız böyük bir intizar içində yaz gecəsinə qulaq verirdi.
Və yaz gecəsi də gəlib həsrətli bir aşıq kimi qızın pəncərəsi altında dayanmışdı və o cür ki, qıza sevgisini elan edirdi, elə bil dağlarda çiçəklər şeir oxuyurdu.
Amma Salatın dağlarda şeir oxuyan çiçəkləri vecinə almırdı, o yaz gecəsini doldurmuş bütün bu ehtiraslı xışırtı və pıçıltılar içindən başqa bir sədanın ucalmasını gözləyirdi.
Yaz gecəsi qızın bu etinasızlığını gördü, pəncərə altında diz çökük qıza yalvarırdı, göylərin ağ ulduzlarını qıza bağışlayırdı və qızı güllü-çiçəkli ağuşuna çağırırdı.
Amma Salatın daşa dönüb insafa gəlmirdi, bacarsaydı əlinə süpürgə alıb bu kişiyə oxşamaz yaz gecəsini pəncərəsi altından qovardı və qız yatağına od tökülmüş kimi yerində o tərəf-bu tərəfə çevrilirdi.
Artıq gecə keçmişdi, bütün kənd çoxdan dərin yuxuya getmişdi, xoruzlar oyanıb bir ağız banlamışdılar, sonra yenə gözlərin yummuşdular. Bəs nə üçün o səs gəlmirdi, nə üçün gecənin bu saatlarında Salatını çağıran o gümüş cingiltili sədalardan xəbər-ətər yoxdu?
Yoxsa bəxti Salatından üz çevirmişdi?
Qız kəskin bir hərəkətlə yerində döndü, pəncərədən düşən ay işığından küsmüş kimi üzünü evin qaranlıq tərəfinə çevirdi.
Və bu vaxt Salatın birdən səksəndi, yaz gecəsinin bütün bu ehtiraslı xışırtı və pıçıltıları içərisindən nəhayət qız o səsi eşitmişdi və indi gözləri qaranlıq içində par-par parıldayırdı.
Cəld qalxdı, yerində oturdu, ürəyi döyünməyə başlamışdı, gözlədi ki, bir az sakit olsun, sonra pəncərədən aya baxdı, dodaqlarına sirli bir təbəssüm qondu.
İndi o saz uzaqda adı bilinməyən bir gecə quşu kimi oxumağa başlamışdı, Salatını çağırırdı və aşıq Cəlal ahugözlü Salatının həsrətilə o sazı gecənin bu aləmində o cür ağladırdı.
Hər gecə bütün kənd yatandan sonra aşıq Cəlal o dərə üstünə gəlirdi, orda həmişə titrək yarpaqlı qoşa qovaqlar altında oturub sazını dindirirdi və Salatın kəlağayının ucunu ağzına yaşmaq edib, pişik yerişi kimi səssiz addımlarla gedirdi, qovaqlar altında sevgilisinin arxasında dayanırdı, sonra birdən əyilirdi və sazlı-sözlü aşiqini arxadan qolları arasına alırdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-ay-isiginda
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Poems by other poets
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,