Ayrıldılar
Page 1 of 6
Yarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.
Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Bir dəfə elə oldu ki, bir-birinə sarılıb ayaq üstündən duruş gətirdilər və bu dəfə elə ki, üzləri bir-birinə çox yaxın oldu, gözləri qaranlıq gətirdi, nəfəsləri qısıldı və tezləşdi, o saat elə bil görünməz bir əl arxadan dartdı hər ikisini bir-birindən ayırdı.
Sonra yalnız əlləri bir-birindən üzülmək istəmədi və əlləri bir-birinin əlində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.
Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala kövşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxuş başında təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.
Adilə başıyla sol tərəfə işarə elədi, fıstıq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, pencəyini çıxardıb daşın üstünə sərdi. Adilə daş üstündə oturdu, əllərini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülümsədi:
– Oturaq, – dedi, – bir az burda... Bu gün çox yuxarı qalxdıq!
– Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq...
– Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmaq lazımdır.
– Əgər bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyünü heç vaxt unutmazdın!
– Qocaman və yalqız bir ağac? Və başına o qədər ildırım düşüb ki, qara bir skelet kimi qalıb?
– Elədir, ağac skeletidir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözlərilə çox uzaqlara baxırlar...
– Bizi görəndə üstümüzə şığımazdılar?
Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələr üstünə cumub məhv olurlar.
– Əyləş yanımda, bir hovur dincini al... Mən hər dəfə bu daş üstündə oturanda, burdan o uzaqlara baxanda, bütün o dağlar və dərələr elə bil nəhəng bir dekorasiyadır mənim üçün...
Ayaqları altında – dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə tökülürdü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxuş başındakı dağ kəndinin əyri-üyrü küçələrində, qaratikan kolundan vurulmuş qara çəpərlər arasında kənd uşaqları oynaşırdı və kənddən o tərəfdə, meşəli düzənlər qaralırdı, sonra torpağın birdən kükrəyib yuxarı qalxdığı yerdə, bu mənzərəni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göyə yüksələn sıra dağlar tamamlayırdı.
– Adilə yenə başını qaldırdı, İlyasa baxdı:
– Niyə oturmursan?
– Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alıb gedək.
– Yox, əyləş burda söhbət eliyək. Bu axı, bizim sirr daşımızdır.
– Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır...
Adilənin üzündən bir kölgə keçdi, əlilə daşı oxşadı:
– Eşitdin, sirr daşı, səbir daşı? Sənə ürəyi yanan varmış burda...
İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:
– Səni gördüyüm o gün... – dedi, – bu daş, bu torpaq, o su, – hamısı dil açdı... və nağıl başlandı...
Adilə əllərini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülümsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:
– Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Çünki mamamın, papamın sənə yeni sualları var.
– Məgər iki aydan bəri hər gün verdiyim cavablar, atanı və ananı qane salmadımı?
– Qəti qərara gəlmək üçün, onlar sənin haqqında çox şey bilməlidirlər.
– Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərəm.
– O balaca kəndin böyük gələcəyindən danışanda da mən darıxıram.
– Doğulduğum kənddir. Gərək bu zəif damarımı mənə bağışlayasan.
– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışasan.
– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.
– Çünki gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.
– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darıxma, bir həftədən sonra şəhərdə olacayıq.
– Burada sənə rast gəlməsəydim, darıxacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.
– O nə deməkdir?
– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.
İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanırdı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyəcləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıl fovvarə kimi fışqıran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:
– Mamam deyirdi ki, institutu qurtaranda o şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa beş il sonra institutu qurtaranda ona növbə çatar.
– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?
– Bəs hara gedəcəksən?
– Burdakı uşaqlara da dərs deyən lazımdır.
– Lazımdır, amma... axı mən şəhərdə, sən burda...
– Burdakı xəstələri də müalicə eliyən əllər lazımdır.
– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özün öldürər.
– Özümü öldürrəm deyənlər özün öldürmürlər.
– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı – mebeli, xalıları, ağ royalı sənin cehizindir.
– Gələcəyin sevinci sənin cehizin olmalıdır.
– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.
– Bəzən həddindən artıq rahatlıq ürəyi narahat edir.
– Hər halda kənddən şəhərə gedənlər bir də geriyə, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların...
– Mənim şəhərdə bir nəfər qohumum var.
– Bir nəfər olsun, geri qayıdıb?
– Yox.
– Nə üçün?
– Taleyi şəhərə bağlanıb.
– Kimdir o? Sən onun haqqında mənə danışmamısan.
– Dayımdır və hələlik təkcə onun haqqında danışmağa macal tapmamışam.
– Mamam deyir, onun “Kommunist” küçəsində gözəl kvartirası var, deyir bir ər-bir arvad yaşayırlar, nə əcəb bacısı oğlu şəhərdə onların yanında qalmır?
– Tələbə yataqxanasında yaşamaq mənim üçün daha xoşdur.
– Papam da deyirdi ki, o məsul vəzifədə işləyir.
– Mamam və papam mənə aid nə varsa məndən yaxşı bilirlər.
– Nə olar, mən onların yeganə övladıyam, papam deyir ki, adamları yoxlamaq lazımdır.
– Elədir, amma komsomola girəndə məni bu qədər yoxlamamışdılar.
– Bunu ona özün deyərsən, – çünki bu axşam bizdə qonaqsan. Papam dedi ki, çağır onu axşam bizə gəlsin, özü danışacaq səninlə.
– Yaxşı olar, birdəfəlik nə lazımdırsa qoy özləri soruşsun!
– Amma yenə elə suallar ortaya çıxacaq ki, onlar mənim vasitəmlə səndən soruşacaqlar. Hara baxırsan?
– Göyə, buludlar altındakı o iki qara nöqtəyə.
Adilə də başını geri atdı, göyə baxdı.
Göyün dərinliyində ağ buludlar altında süzən iki dağ qartalı aşağıdan iki qara nöqtə kimi görünürdü.
– Kiş, kiş, qırılmışlar! – deyə Adilə əyildi, yerdən fındıq boyda bir daş götürdü və göyə, qartallara doğru tolazlamaq istədi.
İlyas qızın biləyindən tutdu:
– Atma, qorxub qaçdılar.
Adilə başını çevirib altdan yuxarı İlyasın gözlərinə baxdı. İlyasın gözlərində fərəhli işıqlar oynayırdı, Adilə də gülümsədi:
– Mən axmaqlıq eləyəndə elə bil sən dirilirsən.
– Sən öz hərəkətlərində və öz sözlərində gözəlsən!
– Bu zaman qarşıdakı yoxuş başında dayanmış at kişnədi. İlyas diksinən kimi oldu. Dönüb ona baxan Adilə soruşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-ayrildilar
Use ← → keys to move, R for a random poem
More by this author
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Ananın ölümüAna çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.
Ay işığındaDönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Poems by other poets
دهر دریاست، بیندیش ز طوفانش
BeytlərMin ev yıxıb tikirsiniz bir boş minarəƏrşə çıxıb qonaq gedin pərvərdigarə.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Xandadir ol bimisalın ibtidası, xandədir?Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!