Ayrıldılar
Page 2 of 6 · 17%
– Niyə elə hey o atlıya baxırsan?
– O at da, o atlı da kimi isə gözləyirlər. Amma kimin atıdır, atlı kimdir – burdan, tanıya bilmirəm.
– Nəyinə lazımdır? Nə üçün maraqlanırsan?
– Heç...
– Onda qulaq as, nahara yarım saat qalıb, mamam deyirdi ki, nə üçün o səni həmişə gündüzlər gəzməyə aparır, nə üçün aylı gecələr dalınca gəlmir?
– Nə aylı, nə aysız gecələrdə mənim anam məni gəzməyə buraxmır.
– Hələ də ana uşağısan, yoxsa kişi?
– Bir az ondanam, bir az bundan.
– Gecələr anan səni evdə saxlayıb neyniyir ki?
– Başımı dizi üstə qoyub gah layla çalır mənə, gah nağıl deyir.
– Sən onun sonbeşiyisən?
– Yox məndən kiçik bacılarım, məndən böyük qardaşım var. Demişdim sənə yadından çıxıb.
– Onda nə üçün anan səni belə əzizləyir?
– O biri uşaqları yanındadırlar, kolxozda işləyirlər. Şəhərdə oxuyan tək mənəm. Deyir axırıncı dəfədir, səni görürəm, ya mən öləcəyəm, ya sən bir də bu kəndə qayıtmayacaqsan.
– Bilmirəm, bəlkə xəstədir, bizim analar xəstə olanda demirlər.
– Yox xəstə deyil, səhər mən ona rast gəldim.
İlyas cəld başın çevirdi Adiləyə baxdı:
– Harda? Nə cür onu tanıdın?
– Bura səninlə görüşə gəlirdim. Sizin evin yanından keçəndə, arxadan bir səs məni çağırdı: a qızım, bir dayan! Dönüb geri baxdım. Doqqazdan çıxan bir arvad mənə doğru gəlirdi. Yaxınlaşdı, hər iki əlini çiyinlərimə qoydu: qoy bir az sənə baxım, qızım, – dedi. Dərhal hiss elədim ki, sənin anandır. Çaşdım, qızardım, özümü itirdim, – deməyə söz tapmadım.
– Bəs o?
– Bir az üzümə baxandan sonra dedi ki, get, qızım, səni yoldan elədim.
Yenə bir an hər ikisi susdu.
Bu vaxt yoxuş başındakı o at yenə kişnədi və bu dəfə kişnərtisində elə ehtiraslı bir çağırış vardı ki, İlyasın gözləri yol çəkdi:
– Elə bir Tərlandır, o da belə səs salardı bu dağlara...
– Tərlan? – deyə Adilə maraqlandı. – Kimdir ki, o? Tanıdın burdan ora, o atlını?
İlyas qızın sualını başa düşmədi, döndü qıza baxa-baxa qaldı və indi gözlərində elə bir dalğınlıq və uzaqlıq vardı ki, Adilə nə isə bir cür oldu və sonra başını aşağı salıb sualını təkrar edərkən, qızın səsində artıq əsəbi bir titrəyiş vardı:
– Kimdir axı o Tərlan dediyin?
– Almagözlü, qız birçəkli, iti yerişli bir qaçağan idi. Və o gün... əlim ondan üzüldüyü o gün mənim də ilk gəncliyim qurtardı.
– Sənin atın idi, atan bağışlamışdı?
– Yox, dədəm bizə, öz uşaqlarına heç bir şey bağışlamazdı. Amma dəridən-qabıqdan çıxardı ki, axşam uşaqları ac yatmasın. O öləndə mənim altı yaşım olardı. Ondan sonra bizi dayım saxladı. Tərlan da dayımın atı idi, – amma mənim ucbatımdan o möcüzə məhv oldu.
– Möcüzə? – deyə Adilə başını qaldırdı:
– Mənim gözümlə onu görsəydin, sən də başqa söz tapa bilməzdin.
– Elə isə danış o möcüzədən – qoy ürəyimə qısqanclıq odu düşsün...
İlyas heyrətlə Adiləyə baxdı:
– Qısqanclıq odu?
– Üzündəki ifadəni görsən – məni başa düşərsən. Əyləş, başımı qaldırıb sənə baxmaqdan boynum əyri bitdi.
İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəl üstündə oturdu, daşa söykəndi. Sonra danışmağa başlarkən, Adilə indi onun üzünü görmür, yalnız bir az dağınıq, sıx qara saçlarına baxırdı və bir dəfə ehtiyatla əlini onun saçlarına toxundurdu, lakin deyəsən İlyas bunu hiss eləmədi, elə bil indi o öz-özüylə danışırdı:
– ...Üç il sonra dayım Rusiyadan, vətəndaş müharibəsindən qayıdan payız, mənim artıq 13 yaşım tamam olmuşdu. Sentyabrın axırlarında dumanlı bir axşam, kənddə çıraqlar yanan vaxt, bax, orda – kəndin üstündəki o balaca təpədə kişnəyən bir atın səsi məni diksindirdi. Ürəyim döyündü, həyəcan içində bir an gözlədim. At bir də kişnədi. Artıq şübhəm qalmamışdı. İçəriyə, çırağı yandıran anamın yanına yüyürdüm.
– Dayım gəlir, ana, – dedim. – Dayım gəlir.
Anam diksindi, içini çəkdi, elə bildi ki, dayım artıq həyətdədir, özünü çölə, torpaq səkiyə atdı, mən də dalınca qaçdım.
– Bu saat gəlir ana, bu saat gələcək.
Anam gözlərini döydü:
– Kim xəbər gətirdi axı, – dedi. – Həyətdə heç kəs yoxdur.
– Tərlanın səsini tanıdım ana, təpə üstündə kişnəyən o at Tərlandı.
Anam çox məyus oldu, tək bir qardaşının həsrətindən yaş dolmuş gözlərilə mənə baxdı, köksünü ötürdü:
– Allah sənə insaf versin bala...
– Yox gəlir ana, gəlir... Bu saat yüyürürəm qabağına.
Mən səhv eləmədiyimə o qədər əmin idim ki, anam yenidən həyəcanlandı:
– Allah ağzından eşitsin bala, ağzından eşitsin. Onda tez yügür, Arəstə bacıdan, əgər varısa, bir çimdik çay al gətir, evdə quru çay yoxdur.
Çəpərin yatıq yerindən adlayıb qonşumuz Arəstə xalagilə keçdim, sonra ovcumda sıxdığım bir qaşıq quru çayla çəpər üstündən atılıb öz həyətimizə keçəndə gördüm ki, dayım Tərlanın belində doqqazdan içəri girdi.
Evdəkilər hamısı qışqırışaraq həyətə töküldü. Dayım torpaq səki qabağında Tərlanın üstündən sıçrayıb yerə düşdü, qollarını geniş açaraq əvvəlcə bizi, çolma-çocuğu, xırım-xırdanı – hamımızı bir dəfəyə qucaqlayıb bağrına basdı, sonra təmkinlə anamı qucaqlarkən, mənə sarı dönüb dedi:
– Tərlanı gəzdir, təri soyusun!
Cəld ovcumdakı quru çayı bacımın ovcuna boşaltdım, sonra Tərlanın cilovundan tutdum, armud ağacları arasıyla çox uzağa getdim. Elə ki, həyətin aşağısına gəlib gözdən yayındım, o saat döndüm Tərlanın boynuna sarıldım, “Tərlanım, kəhərim, qara gözlüm, sərv boylum” – və nə bilim daha nələr deyirdim və öpürdüm atın üz-gözündən, doymurdum. Tərlan isə qollarım arasından boynunu geri burub evə tərəf boylanırdı, – mənim nəvazişimə zərrə qədər əhəmiyyət vermirdi. Bu etinasızlıq əlbəttə ki, məni bir az məyus edirdi, amma yenə də ona tamaşa eləməkdən gözlərim doymurdu. Çünki yaraşıqlı başı, dik, balaca qulaqları, alovlu qara gözləri, quru, möhkəm ayaqları, gen sinəsi, girdə sağrısı, məğrur görkəmi ilə Tərlan yenə bir möcüzə kimi qarşımda dayanmışdı.
Hər dəfə dayım onu çapıb kənddən gedəndə Tərlan həmişə o təpə üstündən geri boylanıb kişnərdi – yəni gedirəm, salamat qalın! Və hər dəfə səfərdən qayıdan zaman yenə o təpə üstündə başını dik tutub kişnərdi – yəni gəlirəm, salamımı alın!
Üç il əvvəl isə o dördnala çaparaq dayımla bərabər uzaqlara, təhlükəli bir səfərə gedərkən, – mən təkbaşıma o təpə üstündə oturub qalmışdım və atın ayaqları altından qalxan tozun ağ buludu təzədən yollara yatana qədər, gözümü qırpmadan onun dalısınca baxmışdım...
İndi Tərlan yenə qayıtmışdı, uzaq və təhlükəli bir səfərdən geri dönmüşdü, döyüş çöllərindən, od-alov içindən keçib gəlmişdi, amma bu qədər ki, mənə qarşı etinasız idi, ürəyimi qarsan ehtiras da bir o qədər daha artıq od tutub alovlanırdı.
Çox sonra Tərlanı gavalı ağacına bağlayıb evə qayıtdıqda, hələ qapı ağzında ikən içəridə çay içən dayımın son sözlərini eşitdim:
– Tərlan olmasaydı, mən axırıncı döyüşdən salamat çıxmayacaqdım.
Və elə o gecə Tərlanı yuxuda gördüm. Gördüm ki, Tərlanın belində qızğın döyüş gedən böyük bir çöldəyəm. Qırmızılarla ağlar üzərinə hücuma keçirəm. Tərlan ox kimi irəli şığıyır, bir göz qırpımında bizim dəstələri arxada qoyur, qəfildən qopan bir boğanaq kimi düşmən səfləri içində yeri eşib göyə sovurur... Biz qarşımıza keçən nə varsa yıxırıq, dağıdırıq, düşmən atlılarını çalağandan hürkmüş kimi pərən-pərən salırıq. Lakin bir an sonra düşmən bizi bir üzük qaşı kimi mühasirəyə alır, qılınc zərbəsindən gözlərim qaralır, üzü üstə Tərlanın boynuna yıxılıram, durna boynunu qucaqlayıram, Tərlan kişnəyib şahə qalxır, sonra irəli atılıb düşmən əhatəsini yararaq məni götürüb qaçır. Arxadan bizi təqib edənlər qıy vururlar, yüzlərlə at ayaqlarının tappıltısından yer titrəyir... Bu zaman Tərlanın ayaqları yerdən üzülür, Tərlan artıq qaçmır, bəlkə qanad açıb uçur, qarşıdakı meşəli təpələr dəhşətli bir sürətlə üstümüzə gəlir, nəhayət Tərlan uca bir təpə üstünə sıçrayıb kişnəyir, mənim isə qollarım sustalır, ağırlaşmış başım hara isə axır, vücudumu sürükləyib dalınca aparır, qaya başından qopan bir daş kimi yerə gəlirəm, qara ağzın açıb məni udan bir uçurumun dərinliyinə gedirəm, sonra torpağa sərilib gözümü açarkən, özümü anamın ayaqları altında görürəm...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-ayrildilar
Use ← → keys to move, R for a random poem
More by this author
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Ananın ölümüAna çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.
Ay işığındaDönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Poems by other poets
دهر دریاست، بیندیش ز طوفانش
BeytlərMin ev yıxıb tikirsiniz bir boş minarəƏrşə çıxıb qonaq gedin pərvərdigarə.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Xandadir ol bimisalın ibtidası, xandədir?Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!