Page 4 of 6 · 50%

Yalnız onu xatırlayıram ki, mən Tərlanın başını kəndin şimalına doğru – dik yoxuşlara çevirmişdim və biz yoldan çıxıb qaratikan kolluqları ilə örtülü təpəciklər üzərindən atılıb keçərkən, ayaqlarımı darayan, dərimi sıyıran, iynə kimi ətimə sancılan kol-kosun zəhərli ağrısını mən hələ hiss eləmirdim.

Tərlan gah kol topaları üzərindən sıçrayır, gah qabağımıza çıxan şilgirliyi döşüylə yarıb keçir, üzümə vuran küləyin vıyıltısı elə bil dayımın boğuq səsini qulağıma çırpırdı ki, saxla, saxla od aparmış, görmürsən, öldürür özünü...

Amma mən Tərlanı saxlaya bilmirdim, var gücümlə cilovu nə qədər çəkirdimsə, onu toxdada bilmirdim, əksinə özüm onun çılpaq belindən sürüşüb dik saxladığı boynuna dırmaşmışdım. İndi Tərlanın bütün bədəni buğlanıb qaynayırdı, qanamış cəhənglərindən qaynar qırmızı köpük daşdayırdı. Və mən, onun qanamış cəhənglərini görəndən sonra daha cilovu çəkmədim. Fərqi yoxdu, hamısı əbəsdi və mən dəhşətə gəldim, hiss elədim ki, qollarımda Tərlanı saxlayacaq o güc, o qüdrət yox imiş...

Gözlərinə qan sağılmış Tərlan isə getdikcə daha artıq qızıb alovlanırdı, bir göz qırpımında enişlərdən üzüaşağı uçurdu, sonra bir anda çapıb yoxuşlar başına qalxırdı, altımda od kimi yanırdı, ilan kimi qıvrılırdı, ağ köpük və buğ içində quduz bir hirslə qaynayırdı və elə bil qəsdən ölümə, fəlakətə doğru qaçırdı ki, mən dəhşətə gəlib özümü yerə atım, xəcil olub üzümü toza-torpağa sürtüm!

Yox, yalnız bunu görməyəcəkdi, kifayətdir ki, qollarımın öhdəsindən gələ bilmədiyini mənə göstərmişdi və indi üzümdən axan tər xəcalət təri idi, amma ürəyimə meydan oxuyub, məni gözüqıpıq eləmək istəyirdisə, – bu onun xam xəyalı idi.

Amma içərisilə şose yolu uzanan Həftəran dərəsi üstündən asılmış bir sıldırım kənarına yetişəndə, mən bir sövq-təbii ilə cəld Tərlanın cilovunun sol qayışını boşaldıb, sağ qayışı var gücümlə yana dartdım. Tərlanın boynu şaqqıldadı və yanakı bir sıçrayışla dönüb sıldırım qırağıyla çaparaq enişə doğru getdi. Beləliklə ilk fəlakət sovuşdu və qara ağzını açmış uçurum ağzıaçıq halda arxada qaldı.

İndi Tərlan dolama dağ yolu ilə üzüaşağı, Həftəran dərəsinə doğru çapırdı. Mən isə ümidimi aşağıdakı yola bağlamışdım, – düşünürdüm ki, orda o uzun və düz yolda artıq nəfəsi qaralan Tərlanı bəlkə saxlaya bildim. Birdən növbəti dolamaların birində yol ortasında atları açılıb buraxılmış çəlləkli bir araba gördüm. Malakan kəndinin içməli suyu, dərə dibindəki gur bulaqdan bu çəlləkli arabalarla yuxarıya daşınırdı.

Sinəmdən qopan “Tərlan” fəryadı ağzımdan çıxmamış, at altımda sim kimi gərilib, nəhəng bir sıçrayışla özünü yuxarıdan aşağıya, – araba üstündən o tərəfə atdı. Sonra Tərlanın ayaqları təzədən yerə dəyərkən, mən artıq hər şeyi unudaraq sonsuz bir minnətdarlıq hissilə atın boynuna sarıldım. Tərlanım, amandır, dəlilik elədiyin bəsdir, – dedim. Tərlanım yetər, dayan bircə dəqiqə nəfəsini dər – və üzümü onun tərdən qaralmış boynuna sıxaraq, oxşadım, onu, əzizlədim və ovundurmaq istədim.

Amma kimə deyirsən, Tərlanın hirsi soyumaq bilmirdi. Və indi mən dəhşət içində idim. Bu cür davam edərsə, Tərlanın ürəyi partlaya biləcəyini düşündükcə, alnımı soyuq tər basırdı.

Buna görə artıq son dolamadan enib şose yoluna düşərkən, Tərlanı saxlamaq üçün axırıncı tədbirə əl atdım, qəfildən başını dərədəki bulağın ayağından axan suların bataqlıq əmələ gətirdiyi qamışlığa tərəf çevirdim. Zənnim məni aldatmamışdı. Qamışlıqda o artıq dizə qədər palçığa batdığından – bataqlıq çox tez onun öhdəsindən gəldi – hər addımda daha bərk tutdu ayaqlarından daha bərk buxovladı və sordu, sümürdü bütün gücün-qüvvətin əlindən aldı və bir-iki ümidsiz sıçrayışdan sonra büküldü qabaq ayaqları, dizləri üstə yerə gəldi.

Sonra cəld ayağa sıçrayıb tövşüyə-tövşüyə dayandı. İndi onun böyürləri körük kimi qalxıb enirdi. Mən də artıq Tərlanı xilas etdiyimi düşünərək, dərindən rahat nəfəs aldım. Lakin elə bu an qolum qüvvətli bir təkanla aşağı dartıldı. Cilov əlimdən çıxdı. Hələ qan-tər içində olan Tərlan başını aşağı salıb, dəhşətli bir ürək yanğısıyla bataqlıq suyunu içirdi. Mən atın belində quruyub qaldım. Sonra dəli kimi Tərlanın böyürlərini təpikləməyə, boynunu yumruqlamağa başladım. Lakin Tərlan sanki heç bir şey hiss eləmir, başını qaldırmır, buz kimi soyuq bulaq suyunu ara vermədən köpüklü dodaqları arasından içəriyə sorurdu. Vaxt itirməyərək özümü bataqlıq içərisinə atdım, Tərlanın yalından yapışıb başın sudan qopartmaq istədim, gücüm çatmadı. Üz-gözünü yumruqladım, suyu bulandırdım, o başını qaldırıb bircə dəfə, tək bircə dəfə mənə baxdı, – sonra kənara sıçradı, yenə su içməyə başladı. Dizə qədər palçığa batıb güclə hərəkət etdiyim üçün, Tərlanın cilovundan dartıb bataqlıqdan çıxarmağa imkan yox idi. Bu qayda ilə uzun zaman palçığa batıb-çıxaraq, mən onun dalınca getdim, o da hər dəfə kənara sıçrayaraq, böyürləri qabarıb şişənə qədər su içdi.

Artıq bütün səylərim əbəs idi, iş işdən keçmişdi.

İlyas nəfəsini dərib bir an susdu. Adilə əyilib yaxından onun üzünə baxdı:

– Su içəndə ona nə oldu ki?

Bu dəfə İlyasın səsi sanki quyu dibindən gəldi:

– Xəstələndi, ayaqları tutuldu.

– Bəs dayın?

– Onlar, – Vasili və dayım at üstündə çapıb gələrək, məni aşağıda, köhnə su dəyirmanının yanında tapdılar. Dəyirman yanındakı köbər üstündə oturub başımı aşağı salmışdım. Tərlan isə məndən bir-iki addım kənarda, başını qovaq ağacına söykəyib dayanmışdı.

– Nə dedi, dayın sənə?

– Heç nə. Nə mən danışdım, nə dayım, nə Vasili. Nə baş vermişdisə hamısı göz qabağında idi. Dayım Vasilinin atından yerə düşüb Tərlanı yedəyinə aldı, piyada yola düzəldi. Vasili isə Muxtar kişinin atından yerə düşdü, məni qaldırıb haman at üstə qoydu, mən isə fərqinə varmadım, xəcalət çəkmədim ki, məni balaca bir uşaq kimi qaldırıb at üstünə qoyurlar. Vasili dəyirmanın yanında dayanıb bizim dalımızca baxırdı. Muxtar kişinin atı isə tanış yol ilə dayımın dalınca məni öz kəndimizə doğru aparırdı.

Tərlan yenə qabaqda gedirdi, amma birinci dəfə idi ki, uzun bir yolu yedəkdə aparılırdı, ağır-ağır addımlayırdı, artıq cilovunu gəmirirdi, dayımı belinə alıb uçmaq istəmirdi. Mən isə Muxtar kişinin atı üstündə elə bil yuxu içində yol gedirdim, Tərlanın yorğun kölgəsinə çatmaq istəyirdim, lakin çata bilmirdim.

Gecə kəndə yetişəndə burulub Muxtar kişigilə getdim. Qoca atın cilovunu məndən alıb soruşdu: nə cür keçdi səfəriniz, Vasili sizi nəyə qonaq elədi?

Dodaqlarım əsdi, cavab verə bilmədim. Nə o gecə, nə sonrakı günlər evə qayıtmadım. Yoldaşım Muradgildə gecələyirdim, gündüzlər də kənd içində dayıma rast gəlməməyə çalışırdım ki, gözlərim gözlərinə sataşmasın! Dayım hələ də cəbhədən gətirdiyi köhnə boz şinelində gəzirdi, özünə təzə paltar almağa imkanı yoxdu, halbuki Tərlanı satsaydı tam bir dövlət əldə edərdi, Tərlanın əvəzinə ona qəza mərkəzində həyəti bağçalı, dördgözlü bir ev təklif edən belə vardı.

– Sonra, sonra? – deyə Adilə həyəcanla səsləndi.

– Sonra hərdən bir anamla görüşəndə ondan eşidirdim ki, dayım bütün günü kirimişcə gəzir, yalnız məşhur atçı qoca Cəlil ata baş çəkməyə gələndə onunla uzun-uzadı danışıb məsləhətləşir.

Beləliklə Tərlanın başına gələn əhvalat bir ildırım sürətilə bütün mahala yayıldı, nəinki bizim tərəflərdə, qonşu mahallarda belə Xasayoğlunun atından danışmayan, Tərlanın sorağın eşitməyən az-az adam tapılardı. Qoca Cəlil kişi isə Tərlanın dərdinə əlac eliyə bilmədi, Tərlanın qolları açılmadı, Tərlan artıq qanadı sınmış bir quş idi.

Nəhayət bir axşam dayım Muradgilin çəpəri dalından məni səslədi. Ürəyim döyünə-döyünə yüyürüb küçəyə çıxdım. Dayım Tərlanı yedəyində tutub dayanmışdı, dayımın gözlərinə baxa bilməyib Tərlanın gözlərinə baxdım. Harda idi o alovlu gözlər? Elə bil sönmüş bir ocağın yerində kül qalmışdı. Birdən Tərlanın arxasından tösmərək bir kişi çıxıb baş barmağını yuxarı qaldırmış halda açıq əlini dayıma uzatdı:

– Ver əlini Xasayoğlu, ver əlini qurtaraq – dedi.

Mən arabaçı Nüsrət kişini tanıdım, həftə bazarında ayaq üstü alver edirdi və indi arabaçının Tərlana baxan gözləri parıldayırdı. Dayım arabaçının havada qalmış açıq əlini kənar edərək, mənə dedi:

– Nüsrət kişi deyir ki, Tərlanın bundan sonra onun arabasına qoşulmaqdan başqa bu dünyada bir işi qalmayıb. Sən nə deyirsən?

Başımı qaldırıb diqqətlə dayımın gözlərinə baxdım. Sonra arabaçıya tərəf dönərək:

– Yox, – dedim – yox, Tərlanı öz əlimlə boğaram, – amma qoymaram sən onu arabana qoşub söyəsən, döyəsən, belini yağır eliyəsən!

Arabaçı çiyinlərini çəkdi, dayıma baxdı. Dayım yavaşdan ona “get” dedi, sonra, mənə tərəf döndü:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 min
Ananın ölümü

Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.

8 min
Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min

Poems by other poets