Ayrıldılar
Page 6 of 6 · 83%
Adilə həyətdən keçib səkiyə qalxanda, anası Fatı qarıdan almaq istədiyi bir cüt fərə üstündə çənə döyür, nənəsi tabaqda düyü arıdır, atası stol arxasında oturub zoğal mürəbbəsi ilə çay içir, eyni zamanda arvadı ilə Fatı qarı arasında gedən deyişməyə qulaq asıb gülümsəyirdi.
Adilə nə sənə, nə mənə birdən anasının üstünə qışqırdı:
– Mama, incitmə qoca arvaddı, ya al, ya yola sal!
Anası səksənib heyrətlə qızına baxdı, sonra soruşdu:
– Nə oldu, çağırdın onu axşam gəlsin bizə?
– Çağırdım, amma gəlməyəcək.
Atası stəkanı ağzından geri qaytardı:
– Niyə ki? Demədin, mənim ona sözüm var?
– Dedim.
– Sözü nə oldu?
– Dedi ki, dayım artıq şəhərdə məsul vəzifədə işləmir. Papan soruşsa, dedi, belə deyərsən.
– Bu nə axmaq sözdür? Nə bilirdi ki, mən ondan nə barədə soruşacağam?
– Axmaq deyil, bildi ki, sən ondan bu barədə soruşacaqsan.
– Tutalım soruşacaqdım – çox da fors eləməsin.
– Fors eləmədi – dedi ki, dayım üç gün bundan qabaq həbs olunub. Nə üçün – hələ məlum deyil.
Anası diksinib ayağa qalxdı, ərinə nə isə demək istəyirdi ki, birdən dönüb Fatı qarının üstünə çəmkirdi:
– Get arvad, nə qulaq asırsan? Lazım olmadı çolpaların.
Fatı qarı köksünü ötürüb ayağa qalxdı, çolpalarını qoltuğuna vurub yola düzəldi. Anası Adiləyə tərəf döndü:
– Elə isə Adya...
Adilə anasının sözünü kəsdi:
– Qorxma mama, görüşməyəcəyik, özü məndən ayrıldı.
Adilə içəri keçdi. Ər ilə arvad, bir-birinin üzünə baxdılar. Arvad gözləyirdi ki, əri başlasın, çünki bütün məsələlərin müzakirə və həllində birinci söz ərinin, axırıncı söz onun idi. Ər isə ixtisasının vərdişi üzrə müəyyən fikir söyləmək məsuliyyətindən yaxa qurtarmaq üçün, dumanlı müqəddimələrə başlayaraq, gözlərdi ki, arvadı fikrini çılpaq və qəti surətdə ortaya atsın. Bir an davam edən sükutdan sonra bu dəfə arvadın öz növbəsini gözləməyə səbri çatmadı:
– Əvvəldən mənim ürəyimə dammışdı ki, o bizim tayımız deyil, – dedi və birinci özü sözə başladı.
İçəridə yarıqaranlıq otaqda qurdalanan Adilə özünü pəncərəyə atdı:
– Bu günə qədər belə demirdin, mama, bu günə qədər istəyirdin ki, aylı gecələrdə də o məni gəzməyə aparsın!
Atası öskürdü:
– Yanlış da bir naxışdır, Adya. Məsələyə hərtərəfli yanaşanda, əmələ gələn situasiyada hər halda zərər çəkən sən deyilsən. Sən mənim ağıllı qızımsan, nə demək istədiyimi gərək başa düşəsən.
– Başa düşürəm, papa, başa düşürəm. Elədir mən sənin ağıllı qızınam. O məni bax ora, o dağ başına, o tək ağac yanına apara bilmədi. Getmədim, yarı yoldan geri qayıtdım. Anam cəld cavab verdi:
– Yaxşı elədin, yad bir oğlanla sənin orda, o dağ başında nə işin vardı?
Adilə bir an boğuldu, sonra dedi:
– Bu saat, bu dəqiqə yığışın gedək. Qurtarın ziyarətinizi, qurtarın ticarətinizi. Bu saat, bu dəqiqə yığışın gedək!
– Adya, sən dəli olmusan, Adya – deyə anası kəkələdi.
– Siz qalın, gecə özüm piyada yola düşəcəyəm!
Adilə pəncərədən çəkildi, anası içəriyə, onun yanına keçdi. Adilə çamadanını yığışdırırdı, anası nə isə demək istədi, lakin birdən duruxdu, hiss elədi ki, artıq axırıncı söz onun deyil, geri döndü, səkiyə çıxıb ərinə yaxınlaşdı:
– Çarə yoxdur, adam çapdır rayon mərkəzinə – qoy iki fayton gəlsin!
Gecəykən kənddən rayon mərkəzinə atlı getdi.
Səhər tezdən kəndə iki fayton gəldi, çamadanları, bağlamaları bir faytona yığdılar, Adilə də keçib haman faytonda oturdu. Arxada gələn faytonda isə atası ilə anası əyləşmişdilər.
Kənddən çıxanda dərələrdən qalxan duman dağ başına dolanır, hardansa gələn qırıq-qırıq səslərin nə dedikləri, nə istədikləri anlaşılmır və fayton atlarının ayaq tappıltıları elə bil yer altından gəlirdi.
Bir saat sonra artıq enişləri enərək, yoxuşları qalxaraq nəhayət Həftəran dərəsi ilə uzanan şose yoluna düşərkən, qabaqlarına çıxan bir cüt kəl qoşulmuş bir arabaya rast gəldilər. Arabanın arxasınca da bir atlı addım-addım atını sürürdü.
Qabaqda gedən faytonçu araba yanından keçərkən, atların cilovunu yana burub bir az yoldan çıxdı, sonra dönüb atlıya baxaraq soruşdu:
– Nə olub, ay yoldaş? Deyəsən bədbəxtlik üz verib?
Atlı başını qaldırdı, lakin faytonçuya yox, Adiləyə baxdı. Adilə dərhal onu tanıdı, – atlı Murad idi. Adilə onun gözlərində nə gördüsə, diksinib ayağa sıçradı – dönüb arabaya tərəf baxdı və birdən faytonçuya çığırdı:
– Saxla!
Qızın fəryadından faytonçular və arxada gələn atası ilə anası diksindilər. Adilə fayton dayanmamış özünü yerə atıb arxaya yüyürdü, bu zaman Murad da xırıltılı bir səslə arabaçını səslədi:
– Saxla, Teymur dayı.
Araba da dayandı.
Adilə arxadakı faytonun yanından yüyürüb keçərkən anası həyəcanla qışqırdı:
– Nə olub, hara gedirsən?
Adilə ayağı büdrəmiş kimi bir an dayandı, faytondan boylanan atası ilə anasına baxdı və boğuq bir pıçıltı ilə dedi:
– Yaxın gəlməyin! Qoyun vidalaşım!
Sonra yüyürüb arabanın yanına gəldi. Arxadan arabanın banına qalxdı, arabanın içində dizin-dizin sürünərək, üstünə qara örtük salınmış cənazənin baş tərəfinə keçdi. Bir an cənazənin başı yanında oturduğu yerdə hərəkətsiz qaldı. Sonra əyilib nimdaş qara örtüyün ucunu qaldırdı.
İlyasın başı küləş üstünə qoyulmuşdu. Saçlarına quru ot və saman çör-çöpləri ilişmişdi. Adilə əyilib titrəyən barmaqlarıyla bir-bir hamısını təmizlədi, alnına tökülmüş saçlarını əlilə arxaya daradı. Sonra birdən-birə elə amansız bir yorğunluq hiss edib taqətdən düşdü ki, başını geri atıb arabanın cağına söykədi. Gözləri uzaqlara dikildi.
Uzaqda Qaraquş dağlarının başı hələ səhər dumanı içində idi. Tək ağac görünmürdü. Ağ buludlar altında qara qartallar süzmürdü. Və birdən qız müvazinətini itirib cənazənin üstünə sərildi, iki əlilə İlyasın başını qucaqladı, yanağını onun üzünə sıxdı və boğularaq pıçıldadı:
– Əgər yuxarı qalxsaydım, yarı yoldan geri qayıtmasaydım... Orda, o dağ başından nə istəyirdin mənə göstərəsən? Cavab ver, nə istəyirdin ordan, o dağ başından mənə göstərəsən?
– İlyasdan səs çıxmadı... Birinci dəfə idi ki, o mənim sualıma cavab vermirdi, – dedi Adilə və dərindən nəfəsini dərib hekayəsini bitirdi.
Həkim məntəqəsi yerləşən iki gözdən ibarət komanın içərisi artıq yarıqaranlıq idi. Ağ örtüklü taxt üstündə oturub, səsini çıxarmadan, sual vermədən, bir saatdan bəri Adiləni dinləyən orta yaşlı, ağ saçlı Xasayoğlu başını aşağı salıb susmuşdu. Elə bil o yuxuya getmişdi, yaxud qulaq asdığı hekayəsinin ardını gözləyərək, yerindən qımıldanmırdı.
Adilə bir cür oldu, ayağa qalxıb kiçik pəncərənin önünə keçdi. Yalnız bu zaman Xasayoğlu artıq hekayənin bitmiş olduğunu anladı, başını qaldırıb pəncərə qabağında dayanmış ağ xalatlı gənc qadına baxdı. Pəncərədən Adilənin çiyni üstündən sıra dağlara tərəf açılan mənzərə bu axşam xüsusilə möhtəşəm idi.
Adilə bu gün xəstələrinin qəbulundan sonra iş gününü qurtarıb xalatını soyunmaq istəyirdi ki, Xasayoğlu onun yanına, kənd həkim məntəqəsinə gəldi. Adilənin ürəyi döyündü. O dərhal bu adamı tanıdı. Əvvəldən ürəyinə dammışdı ki, bu adam onun yanına gələcəkdir. Xasayoğlunun bəraət qazanıb həbsdən azad edildikdən sonra iki həftəliyə doğma kəndlərinə istirahətə gəldiyini xəbər alan gündən Adilənin ürəyində nə isə bir təlaş vardı. İstəyirdi ki, bu görüş baş tutmasın, eyni zamanda istəyirdi ki, bu görüş baş tutsun.
İndi Xasayoğlunun xahişi ilə, beş il əvvəl həyatında dönüş yaratmış o unudulmaz iki günün hekayəsini danışıb qurtardıqda, Adilə birdən ürəyində nə isə bir yüngüllük hiss elədi və dalğın bir halda pəncərədən hara isə baxaraq yavaşdan dedi:
– Mənim də həyatım o gündən, o yolda, o arabada ona verdiyim cavabsız qalan o son sualımdan, o son fəryadımdan sonra çox dəyişdi...
Xasayoğlu yavaşdan nəfəsini dərib ayağa qalxdı:
– Çox sağ olun ki, qızım, xahişimi yerinə yetirdiniz, – dedi. – Qara bir iftiraya qarşı mübarizə apardığım bu beş ildə, mən onun da haqqında tez-tez düşünürdüm. Hələ ilk gəncliyindən o xəyalpərvər idi, bəzən həddindən artıq öz qüvvəsinə inanırdı, bəzən məyus olub özü öz gözündə məhv olurdu. Nəhayət hələ çox gənc ikən o uğursuz hadisə baş verəndə, təəssüf ki, mən də ona qarşı münasibətimdə səhvə yol verdim...
– Bəlkə də elə idi, bəlkə də onda nə isə romantik bir çırpınış vardı, məgər bu nöqsandırmı?
– Bu suala qəti cavab vermək mənim üçün çətindir. Hər halda romantika deyilən müəmmanın tərs və avand üzü var, ya o sənə qanad verir – uçursan, yaxud elə bir tilsimə salır ki, qanadı sınmış bir quş kimi çırpınırsan.
– Bilmirəm, bilmirəm, – dedi Adilə və birdən həyəcanlandı. – Amma mən hələ də düşünürəm ki, əgər onunla bərabər ora, o dağ başına qalxsaydım... Yox, artıq bu barədə düşünməyəcəyəm, tezliklə, bu yaxın günlərdə macal tapıb ora, o tək ağac yanına qalxacağam.
Xasayoğlu pəncərəyə yaxın gəldi. Adilə ilə yanaşı dayandı, dağlara sarı baxdı və dedi:
– Elədir, ordan o şiş təpədən o tərəfə, böyük Şirvan düzünə baxanda, adam uçmaq istəyir... Tək başınıza ora qalxmaq istəyirsiniz?
– Yox, yoldaşımla... Ərimlə bərabər.
– Yəqin ki, ərinizin də bu hekayədən xəbəri var.
– Var, – dedi Adilə və hiss edilmədən köksünü ötürdü və bilir ki, biz öz keçmişimizdən ürəyimizi qoparda-qoparda ayrılırıq.
Bakı, 1937
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-ayrildilar
Use ← → keys to move, R for a random poem
More by this author
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Ananın ölümüAna çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.
Ay işığındaDönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Poems by other poets
دهر دریاست، بیندیش ز طوفانش
BeytlərMin ev yıxıb tikirsiniz bir boş minarəƏrşə çıxıb qonaq gedin pərvərdigarə.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Xandadir ol bimisalın ibtidası, xandədir?Xandadir ol bimisalın ibtidası, xandədir?Kim bilir, ol künt-kənzin intəhası xandədir!