Page 17 of 47 · 34%

– Ey sən! Yadından çıxmasın, sırğa olub qoy qulağından asılsın ki, bu islam məmləkətində iki müsəlman bir-birinin boğazını üzsə də, qıraqdan heç bir kafirin bu işə qarışmağa ixtiyarı yoxdur.

Və karvanbaşı döndü, qaranlığa getdi.

Sonra o vaxt ki, sönmüş ocaq başında qoca sarvanla Babəkdən başqa heç kəs qalmamışdı, qoca köksünü ötürdü və dedi:

– Canın canımdan-qanın qanımdandır, ey Babək! Hər dəfə ürəyimin başına od düşür o qara ilan sənə kafir deyəndə... Vaxt çatıb oğul, vədə tamam olub, sən də iman gətir o uca varlığa ki, rəhman odur, rəhmi var, sabir odur, səbri var və kəmal onundur, nöqsan bizimdir...

Babək dinmədi. Üzü elə bil daşa dönmüşdü, bir az əvvəl dalğın və kölgəli olan gözlərində indi nə isə soyuq bir işıltının amansızlığı vardı...

Qoca dizlərini qucaqladı, başını dizləri üstə əydi. Çoxdan hiss edirdi ki, bəzən günlərlə susan bu oğlanın ürəyini nə isə amansız bir qüssə didir və indi yenə o barədə düşündü ki, vay olsun o şəxsə ki, çox tez döyüşə başlayıb özüylə...

3

Necə ki, o dumanlı və qaranlıq gecədə, dağın-daşın qurd-quşu kiçik bir oğlanın böyük bir karvanı təqib etdiyini, gündüzlər özünü karvan adamlarına göstərmədiyini, gecələr karvan düşərgəsinə yaxın gedərkən marıqda dayandığını görərkən, bu anlaşılmaz hadisədən təlaşa düşüb haray salmışdı, indi də günlərin bir günündə bütün karvan kiçik bir qaraltı tərəfindən təqib edildiyindən duyuq düşəndə, yenə də birinci növbədə bu hadisənin anlaşılmazlığı karvanda hamını narahat eləməyə başlamışdı...

Karvan uzun yolunu yarı eləyəndə və Həmədan yaylasına az qalanda karvan adamlarından bəzilərinin gündüzlər çox uzaqda, digərlərinin axşam toranında çox yaxından gördükləri o qaraltının məhz bir uşağın, kiçik bir oğlanın qaraltısı olduğu barədə heç kəsdə şəkk və şübhə qalmamışdı və hamını da ən çox heyrətə salan bu olmuşdu, çünki, karvan bələdçisi qoca sarvan bu tərəflərdə heç bir kənd, oba və yaxud yol üstü karvansara olmadığını əvvəlcədən xəbər vermişdi. Buna görəydi ki, kiçik qaraltı barədə başlanan söz-söhbət getdikcə qol-budaq atdı, bir-birinə zidd təxminlərə yol açdı və hətta ertəsi gün yenə çox uzaqda o qaraltı görünəndə (bəzilərinin boynu əyri bitmişdi tez-tez dönüb geri baxmaqdan) karvan oğlanlarından iki nəfər döndü arxaya getdi və o yerdə ki, qaraltı görünmüşdü, gəldilər orda kol-kos topalarının arasını gəzdilər və yenə orda təpəsi uçub ətəyinə tökülmüş bir qayanın dibindəki daş qalaqlarının ara-bərəsini axtardılar, amma heç bir ins-cinsə rast gəlmədilər və əlləri ətəklərindən uzun geri döndülər.

Sonra elə haman günün axşamı haman kiçik qaraltı karvan düşərgəsinin çox yaxınlığında görsənib yox olanda ocaq başında başlanan çox həyəcanlı bir müzakirənin yekunu bu oldu ki, cindir o qaraltı, ifritədir və karvanın başında nə isə bir xəta var...

Beləliklə, ən vəhşi xurafatların əsir-yesiri olan bir zəmanədə, bu aysız qaranlıq gecələrdə, ətrafdakı dağların qulaqları cingildədən bu amansız səssizliyi içində, kiçik bir qaraltının doğurduğu vahimə böyük bir karvanı qatı bir duman kimi çulğayıb ağzına aldı.

Digər tərəfdən iki gündü ki, Vəcna ibn Rəvvad özü başqa bir təlaş içində idi və karvan sahibinin bu təlaşı əbəs deyildi. Çünki dünəndən yolun o hissəsi başlanmışdı ki, dik “nənəm vay” yoxuşları karvanı tez-tez dağ aşırımlarına qaldırır, sonra üzüaşağı qovur, darısqal təngələrin dibində heybətli qayalar arasına tıxayırdı. Bütün bu dağ-dərələr yüz illərdən bəri amansız dağ quldurlarının yatağı idi. Düzdür karvan oğlanlarından bir çoxunun qurşaqları altına iti oxarlanmış qəmələr sancılmışdı, digərləri dəstəyi ortadan olan ikiuclu kiçik xəncərlərə sahibdi. Vəcna ibn Rəvvad ilə karvanbaşının da qara əbaları altında tiyələri çuxurlu Yəmən qılıncları vardı. Lakin əvəzində bu yerlərdəki dağ quldurlarının da sapı bilək yoğunluğunda qarğıdan dəmir ucluğu uzun nizələri vardı ki, qollarını həddindən artıq uzun edərdi və sərrast atdıqları kəməndləri vardı ki, hədələyən div olsa belə bir anda qollarını bədəninə pərçim eləyərdi. Və bütün bunlardan daha qorxunc silahları o idi ki, tökdükləri qanın günahını boyunlarından atırdılar: “biz öldürmədik – biz ancaq vurduq – Allah öldürdü”. Bu inama görə insana can verən və insanın canın alan yalnız tanrı idi, o tanrı ki, onun iradəsi olmadan bir kəsin başından bir tük belə əskik ola bilməzdi və indiki halhekayə belə idi, öldürən nə qədər öldürsəydi, hamısının ölümünü göydəki tanrının ayağına yazacaqdı. Bu isə islamdan qopan çeşidli təriqətlərdən biri olan “Cəbriyyə” təriqətinə məxsus bir təlimin əks sədası idi ki, bu təlimin dibindən və dərinindən bir qəbir zülməti baş qaldırırdı...

...Vəcna ibn Rəvvad ilkindi namazını qılıb çadırından çıxdı. Düşərgədə ocaqlar ertədən söndürülmüşdü, amma karvan oğlanları hələ də külü qızmar ocaqlar başından qalxmamışdılar və orda-burda topa-topa oturduqları yerlərdən hənirtiləri gəlirdi. Vəcna qaranlıqda səssiz addımlarla bu topalardan birinə yaxın getdi. Amma özünü göstərmək istəmədi. Ayaq saxladı, qulaq asdı.

– ...Sapandı hazırlamışam, – deyirdi karvan oğlanlarından biri, – əgər o qaraltı bir də bax, orda, o yulğunluqda gözümə dəysə basacam daşa, çünki cinə, şeytana daş atmaq savabdır, məgər İbrahim Xəlil peyğəmbər özü daş atıb şeytanın bir gözünü çıxarmadımı?

– Qaxıl-çaxıl otur yerində, – dedi ikinci səs, – bəlkə kimsəsiz, yetim bir uşaqdır və o qədər zülm görüb, o qədər döyülüb, söyülüb, qapılardan qovulub ki, indi dağın-daşın qurd-quşundan qorxmur, amma bizə, insana yaxın düşməkdən qorxur.

Vəcna bu səsi də tanıdı – bilalabadlı Babəkin səsi idi, o qaradinməz oğlanın ki, hələ yeniyetmə ikən yayı çiskinli, qışı çovqunlu Bəzzəyn dağları ətəyindən Təbrizə gəlmiş və ibn Rəvvadların ticarət karvanlarında qatırçılığa başlamışdı.

Mərəndli oğlan sakit olmadı:

– Yetim bir uşaqdır deyirsən? Biləydim bir həftədir nə yeyir, nə içir o kimsəsiz uşaq?

– Yol qırağındakı böyürtkən kolları... dağ yamaclarında quzuqulağı, quş əppəyi... və hərdənbir bizim ocaqların yön-yörəsində qalan əppək qırıntıları, yoğurt oxantıları...

Əlbəttə ki, bu ikinci səsin dedikləri daha ağlabatandı. Vəcna özü də karvanı təqib edən o kiçik qaraltı haqqındakı cin-şeytan sözlərinə birinci gündən heç bir əhəmiyyət verməmişdi, lakin indi nədənsə birinci səsin hətərən-pətərəni yox, ikinci səsin o sirli qaraltıya qəhmər çıxması ona xoş gəlmədi və döndü öz çadırında qırmızı naxışlı Arran xalçası üstündə yatmağa getdi...

Bir az sonra, artıq hamı dağılmışdı, hərə öz qatarından açıb yerə tökdüyü yük tayası yanında yatmağa getmişdi. Qoca sarvan da osarını çəkdiyi arvananın böyründə mürgü döyürdü və indi sönmüş bir ocaq başında təkcə bir qaraltı qalmışdı ki, o da Babək idi.

Öz-özünə heyrət edərdi. Əgər getdikcə karvanda təlaş artırdısa, nə isə baş verəcək bir hadisənin ürəyə sızan önduyğusu adamları təşvişə salmışdısa və buna karvanı təqib edən bir uşağın qaraltısı bais olmuşdusa haman qaraltıda sirli və uğursuz heç bir şey görməyən o, indi özü getdikcə ürəyini əzən tutqun bir təlaş hissindən xilas ola bilmirdi. Kim idi o uşaq? Nə üçün qarabaqara böyük bir karvanı təqib edərdi? Nə üçün aclığa, susuzluğa, gecələr dağ yastanlarının soyuğuna, gündüzlər təngələr dibindəki bürkülü boğuntuya, bir söz bu uzun yolun olmazın əzabına dözərək karvanı gözdən itirmək istəmirdi? Eyni zamanda hiss edirdi ki, onu haldan-hala salan bütün bu sualların cavabsız qalması deyil, nə isə başqa bir şeydi ki, bunu özü üçün hər cür izah edə bilmirdi. Uşağa yazığı gəlirdimi? Əlbəttə ki, bu da vardı, amma ürəyindən asılmış bu ağırlıq başqa bir şeyin, nəsə anlaşılmaz və qeyri-müəyyən bir intizarın həyəcanı ilə dözülməz idi.

Usanmış bir halda ayağa qalxdı və o yeri ki Mərəndli oğlan daşlamaq istəyirdi, üz tutdu o tərəfə getdi. Qaranlıqda ehtiyatla addımlayır və iti yerişli ayaqlarını cidalayırdı. Zəif bir varlığı qorxutmaq üçün yulğunluğa girmədi – yerə tökülmüş yulğun çör-çöplərini tapdayıb şaqqıldadacaqdı və əgər uşaq doğrudan da bu gecə burda gizlənmişdisə, durub qaça bilərdi və qaranlıqda yıxılardı, qol-qabırğasını sındırardı. Dayanıb durdu, sonra oturdu və arxası üstə ot üstündə uzandı. Göylərin titrək işıqlı yaxın və iri ulduzlarına baxdı və artıq nə edəcəyini bilmədi. Ani bir hissə qapılaraq durub bura gəldiyinə peşman oldu. Amma indi ki, gəlmişdi, nə isə etməli idi və əmin idi ki, uşaq hardasa burda çox yaxındadır, nəfəsini qısıb dayanmışdır, bir yanını qaçaq qoyaraq sim kimi gərilmişdi. Yox, uşağı bu cür gərgin vəziyyətdə saxlamaq kifayət idi. İndi gəldiyi kimi durub gedə bilməzdi, səsini çıxarmalı idi, burda pusquda dayanmadığını bildirməli idi. Ya özünə, ya bu gecəyə, ya o uşağa bir söz deməli idi. Düşündü ki, insanın özünün özünə dediyi söz heç vaxt qurtarmır, amma bu oyun ki, başlanmışdır tamamlanmalıdır və gözləri uzaq ulduzlarda, xəyalən uşağa üz tutub dedi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 min
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 min
Qızıl qönçələr

Gün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.

14 min
Baş xiyabanda

Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.

7 min

Poems by other poets