Birinci hissə
Page 3 of 47 · 4%
– Siz Əmirəlmöminindən sonra ya həzrət, bu çəlipaya and içməyə ehtiyac varmı?
– Amma yenə də and iç, çox sevdiyin o kəlam, rum filosofunun o kəlamı yadından çıxıb ki, sus və yaxud elə bir şey de ki, sükutundan yaxşı olsun?
Xəlifə ikinci dəfə təbibindən and içməsini istəmişdisə bu artıq əmr idi və qoca başını aşağı salıb səsini qısaraq oğlunun yazdıqlarını ərəbcəyə tərcümə elədikcə Bağdad gəlirdi aşağıda Məmunun pəncərəsi altında dayanırdı və qəzəbli hayqırtısı dağlardakı əks səda kimi Məmunun qulaqlarında guruldayırdı.
– ...Bağdadın azğın izdihamı və o izdihama səs verən Bağdad ləşgəri küçələrdə bağırışır ki, xəlifə Məmun bizim boğazımızdan kəsib atəşpərəst oğlu xorasanlı vəzirinin maaşını qaldırdı, ildə min dəfə, üç min dirhəm elədi, halbuki, Abbasilərin tarixində heç bir vəzir xəzinəni bu qədər qarət eləməmişdi!..
Min dəfə üç min – üç milyon eləyirdi, amma o vaxt milyon termini hələ ixtira edilməmişdi və: – Bu doğru sözdür, ya Cəbrayıl, – dedi Məmun, – sonra?
– Sonra yenə azğın Bağdad ləşgəri bağırırmış ki, Məmunun atası Harun ər-rəşid dövründə olduğu kimi xilafəti xorasanlı vəzir Cəfər Bərməki ilə qardaşı Həsən ibn Səhl idarə eləyirlər. Məmunun isə şətrənc oyunundan başı ayılmır və gündə beş dəfə namaz üçün ayağa qalxmır və quran qiraət etməyi unudub. Rum alimlərinin küfr ilə dolu kitablarını mütaliə eləyir və Allahın bizim əynimizə geydirdiyi qara libası bizim əynimizdən çıxardıb, şiyələr kimi yaşıl geyməyi bizə əmr eləyir...
– Bunun da yarısı doğrudur, ya Cəbrayıl, yarısı iftiradır. Ardını söylə.
– Və ardınca Bağdad ləşgəri yenə bağırırmış ki, Məmun xorasanlı vəzirinin fitnəsilə şiyə imamını vəliəhd təyin eləmişdir. Və bir xəlifə ki, gələcək hakimiyyəti öz nəsli, Abbasilərin əlindən alır və şiyə imamlarına təslim edir, əlbəttə ki, o xəlifənin zatı şübhəlidir və biz o xəlifənin xəyanətini istəmirik.
Qocanın alnını tər basmışdı. Məmunun rəngi qaçmışdı. Lakin Məmun iti zəkasilə Bağdad ləşgərinin bütün bu qafil bağırtıları içərisindən baş qaldırar qorxunu dərhal fəhm elədi. Bağdaddakı qoşun başçılarından bir çoxlarının əllərində Əli şiyələrinin qanı vardı və əgər gələcəkdə hakimiyyət Abbasilərdən şiyə imamlarının əlinə keçərdisə, şiyələr əlbəttə ki, tezliklə amansız düşmənlərindən daha amansızcasına bir qisas alacaqdılar və xəlifə sakit bir səslə dedi:
Daha sonra ya Cəbrayıl?
Daha sonra, ya Əmirəlmöminin, əmr eləyin kəsilsin bu lal olmuş dilim ki, bu qədər küfri təkrar elədi və məni bu qədər sizin qarşınızda xar elədi...
Sakit ol və tamam, – dedi Məmun və növbəti gedişində qırmızı tumac üstündəki ağ vəzirini qara piyadəsinin zərbəsi altına verdi.
Qoca təbib bu ağır və təhlükəli sorğu-sualın qurtardığına və bir şahmat həvəskarı kimi rəqibinin bu müdhiş səhvinə o qədər sevindi ki, qeyri-ixtiyari olaraq dərhal əlini uzatdı ki, qara piyadəsilə xəlifənin ağ vəzirini qətl eləsin. Amma birdən diksindi, barmaqları oda toxunmuş kimi əlini geri çəkdi və başını qaldırıb məzlum bir ifadə ilə Məmunun qara işıltı ilə yanan gözlərinə baxdı.
Qocanın vaxtaşırı xəlifə ilə oynadığı şahmat partiyaları əslində heç vaxt tamamlanmayan bir oyunun hərdənbir və ya digər variantından ibarət olurdu, çünki Məmun şətrənc oynadığı üç nəfərin hər birinə, vəzirinə, vəliəhdinə və saray təbibinə qəsdən uduzmağı yasaq eləmişdi. Özü isə bir qayda olaraq oyunu axıra çatdırmırdı və həmişə partiyanı yarımçıq qoyub ayağa qalxırdı və indi qoca xəlifənin bu müdhiş səhvindən istifadə edərək, şahanə rəqibini məğlubiyyətə uğratmaq istəsəydi bu ehtiyatsızlığı ilə özü daha müdhiş bir səhvə yol vermiş olardı, buna görə idi ki, qoca özünü itirdi, nə edəcəyini bilmədi və dedi:
– Ya Əmirəlmöminin, növbəti gediş üçün mən çox düşünməliyəm və icazənizlə sizdən möhlət istəyirəm.
– Əlbəttə ki, çox düşünməyə və möhlət istəməyə ixtiyarın var, ya Cəbrayıl, – dedi Məmun, – çünki bu möcüzəli oyunda ən kiçik səhvimiz bizə çox baha tamam olur. Necə ki, təbabətdə ən kiçik səhvimiz bizə baha tamam olur və necə ki, siyasətdə ən kiçik səhvimiz bizə baha başa gəlir. Əgər mənim mərhum atam Bərməki vəzirlərin ailəsini məhv edib, sonra peşman olmuşdusa, məncə birinci səhv kifayətdir ki, atam onları məhv eləmişdi və ikinci səhvə ehtiyac yox idi. Sonra da peşman olduğunu elan elədi...
Qoca diqqət kəsildi. Vaxtilə Harunəlrəşid bir gecədə bir vəzir ailəsini məhv edərkən gənc Məmun bu hadisədən çox pərişan olmuşdu, çünki Harun ər-rəşid vəziri Bərməkinin israr və təkidi ilə Məmunu ikinci vəliəhd təyin eləmişdi, amma indi xəlifə Məmun atasının sonra peşman olmasını da səhv hesab eləyirdisə bu sadəcə xəlifənin əhvalruhiyyəsindəki bir ziddiyyətdən irəli gəlmirdi, bəlkə sabah Bağdada doğru başlanan uzun və sonu məchul bir yolun əvvəlində xəlifə Məmunun beynində kök salan nə isə başqa bir niyyətin əlaməti idi.
Məmunun isə üzü kölgələnmişdi, baxışları bilinməz bir nöqtəyə zillənmişdi və xəlifə indi tamamilə başqalaşmış bir səslə dedi:
– Hamısı o vaxtdan başlandı. Orda Məğribdə Cəfər Bərməkinin başı kəsiləndən sonra, burda Məşriqdə Xorasanın qaşları çatıldı və atamın sonrakı peşmanlığı baş verdi. O fəlakəti daha artıq aşkarladı. Və indi mənim kimi ya Cəbrayıl, sənin də o tarixi fəlakət qurbanını heç xatırladığın olurmu?
Və xəlifə cavab gözləməyərək ayağa qalxdı, qoca da dərhal ayağa qalxmaq istəyirdi ki, Məmun qoymadı:
Sən otur, ya Cəbrayıl, – dedi və keçdi pəncərə qarşısında dayandı.
Qoca oturduğu yerdə hərəkətsiz qaldı, çox uzun çəkən sükutun ağırlığı altında çiyinləri aşağı əyildi və getdikcə özü öz içində qərq oldu. Pəncərə qarşısındakı Xəlifə uzaqlaşdı dünyanın o başında dayandı. Amma cavabsız qalan sualı qocanın yaxasından yapışdı və qocanı dalınca çəkərək Murğab sahilindəki bir qış səhərindən Fəraq sahilində qalmış çox uzaq bir qış axşamına apardı...
Kitabxana.az · https://kitabxana.az/en/works/enver-memmedxanli-babek-birinci-hisse
Use ← → keys to move, R for a random poem
More by this author
Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*
Karvan dayandıAxşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.
Qızıl qönçələrGün olmuşdu ki, şəhərin böyük bazarında iş tapılmışdı və qoca Firuz bütün günü başıaşağı işləmişdi, yük daşımışdı, elə günlər də olmuşdu ki, böyük anbarlar yanında oturub qalmışdı, kürəyini divara söykəmişdi və daşıyacağı bir yükün intizarıyla kiminsə onu çağıracağını gözləyirkən, gah mürgüləmiş, gah səksənib oyanmışdı.Çox qoca idi, boş-bekar oturub qaldığı günlərdə belə sümükləri sızıldayırdı, çünki uzun ömrü boyu daşıdığı yüklər bir-biri üzərinə qalaqlansaydı, yerdən göyə bir dağ ucalardı.
Baş xiyabandaQaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Yara mənKeçdi aylar, gəldi dolandı illər,Heç bilmədim nə söylədim yara mən.
Hərarətli şe'r və yaxud qızdırmalı halımda saçmalarımSəməd Mənsur qardaşıma*Gözüm bir gülməyir bu ərzi-fəryadı gören gündən,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.