Page 3 of 3 · 67%

Qayıdıram yenə «Azərbaycan» şeirinə. Meydan günlərində millətini sevən bir fotoqraf Şəhriyarın fotoşəklini və altında bu şeirin bir neçə beytini çəkmişdi. Bu şəkilləri meydana yığışanlara havayıca paylayırdı. Sonralar bu beytləri şüar eyləyib divarlara da yazdılar. Özü də ən çox cənab Əsgər Fəridin (ya Fərdi) şübhələndiyi beytləri. Yəqin o, bunları görə bilməzdi. O, bizimlə deyildi. Amma mən o günlərdə Şəhriyarı da meydanda gördüm…

Çağdaş şeirimizin bilicisi, ədəbiyyatşünas-alim Vaqif Yusifli bu tərcüməni oxuyanda deyib: «Misilsiz şeirdir, həm də misilsiz tərcümə!»

Başqa bir ədəbiyyatşünas-alim, həm də müqtədir şair, tərcüməçi, Ukrayna və gürcü ədəbiyyatlarından mükəmməl tərcümələr eləyən, tərcümənin nə olduğunu gözəl bilən Abbas Abdulla bu günlərdə İctimai televiziyada, böyük Şəhriyarın 100 illik yubileyinə həsr olunmuş ədəbi verilişdə «Azərbaycan» şeirinin tərcüməçisi haqda bu sözləri dedi:

«Şəhriyar bu şeiri türkcə yazsaydı, elə bu cür yazardı».

Bundan böyük qiymət olmaz. Elə bu sözlər mənim bəsimdir. Həm də mənim tərcüməmi təftiş eləyənlərə tutarlı cavabdır.

Şəhriyar – şair – döyüşçüdür! Zalimə baş əyməyib! Mərd yaşayıb ömrünü! Kişi olub!

Onun qədrini bilməyənlərsə fəraridirlər.

«Heydərbabaya salam» eposu – millətin varlığı, qeyrəti, dili, vicdanı, əzmidirsə, «Azərbaycan» şeiri onun sıyrılmış qılıncıdır. Azadlığa çağırışdır. Üsyandır. Gələcək bütöv Azərbaycanın kodudur.

Sentyabr, 2006-cı il

Əlavə 1. Azərbaycan

Qulamhüseyn Beqdelinin sətri tərcüməsi

Qanad çalır könlüm quşu yadınla, Azərbaycan,
Yad olsun Azərbaycan xalqının yaşadığı xoş günlər.

Çoxdandır ətəyindən uzağam, könlüm pərişandır,
Ey əzizlər, mən yenə də Azərbaycan eşqi ilə yaşayıram.

İranın azadlığı səndəndir, abadlığı səndəndir,
Azad yaşa, ey azad ölkəm Azərbaycan!

İnqilab Büsutununda Vətən Şirinin qovğasından,
Azərbaycan Fərhadı da başına çox külüng vurmuşdur.

Vətən eşqi məktəbindən can vermək dərsi öyrənmişdir,
İlahi, kim imiş əzəldən Azərbaycanımın ustadı?

Rey şümşadını cəllad əlindən azad etsin deyə,
Daima Azərbaycan şümşadı al qana boyanmışdır.
Mərkəzdəki Zöhhakların zülmü həddindən aşmışdır,
Nə vaxt Azərbaycan Həddadı baş qaldıracaq?

Ürəklər qan ilə dondu, İlahi, bu qədər zülmdən sonra
Zalımın kamını verirsən, yoxsa Azərbaycan istəyini?

İrana kömək üçün azərbaycanlı canını vermişdir,
Əvəzində İran hakim dairələri Azərbaycanlını əzir.

Nə vaxta kimi hər ölkədə avara, dərbədər olacaqsız?
Bir əl-ələ verin, ey adlı-sanlı Azərbaycan övladları!

Pərakəndəlik odundan nə vaxta kimi kül başınıza sovuracaqsınız,
Axı, bu viran olmuş Azərbaycan abad olmalıdır?!

Azərbaycanın yaralarına, ey Şəhriyar, mərhəm gərəkdir,
Onda onun qəmli ürəyi şad olacaqdır.

Əlavə 2. Azərbaycan

Fikrət Sadığın poetik tərcüməsi

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Paralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan!

Bütün dünya bilir sənin hünərinlə, dövlətinlə
Azad olub, abad olub mülki-İran, Azərbaycan!

Bu Bisutun-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan.

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib, heçdir Vətənsiz can – Azərbaycan!

Qurtarmaqçün zalımların əlindən Rey cümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

Tehrandakı Zöhhakların zülmü dərya olub bu gün,
Bəs Həddadın oyanacaq söylə haçan, Azərbaycan?

Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolu bağlı qalacaqlar nə vaxtacan, Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.

Övladların nə vaxtadək tərki-vətən olacaqlar,
Əl-ələ ver, üsyan elə, bir də oyan, Azərbaycan?!

Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman Azərbaycan.

525-i qəzet, 11 oktyabr, 2006

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets