(Replika)

Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.

Onun qəlbində Vətənə (qarşısız-zadsız) məhəbbət vardı. İstəsən, hədsiz-hüdudsuz sözlərini qarşının əvəzinə işlət, istəməzsən, işlətmə.

İndinin, ilin-günün bu çağında dilimizin bütün qadağalardan azad olduğu vaxtda, savadlı-savadsız – bütün jurnalistlər, radio və televiziya aparıcıları, bütün müsahibəçilər, hətta, yazıçılar, şairlər belə, bəlkə də – hamı qarşı sözünü yerli-yersiz işlədir. Bu cümlələrdə yersiz deyilmişlər, yerində deyilmişlərdən çoxdur. Əlliyə qarşı yüz çoxdur demək olmaz! Canım, gözüm!

Əlliyə nisbətən və ya görə yüz çoxdur. Lap əllidən yüz çoxdur.

Türk dillərinin çoxunda «qarşı» sözü var.

Qarşı dağdan külək əsdi,

Qarşıma çıxdı,

Qarşı-qarşıya gəldilər və s.

Minlərcə misal çəkmək olar.

Yoxsa yüz sentnerə qarşı yüz on sentner taxıl almışdır. Yanlışdır!

«Qarşı» sözü kimi dilimizdə yerində işlənməyən xeyli təzə söz peyda olub. Dilçilərimiz susurlar. Torpağımızı qoruya bilmədik, heç olmasa dilimizi qoruyaq ki, gələcəyə üzü ağ çıxaq. «Qarşı» sözü qarşıma tez-tez çıxdığından özümü saxlaya bilmədim, dilləndim. Çox zaman qarşı sözü rus dilindəki «protiv» sözünün tərcüməsi kimi işlədilir. Deməli, bu səhv «protiv»dən gəlir. Dilimizi qarşıduran sözün hardan gəldiyi tapıldı. Ayıq olun!

Qarşı sözünü öz yerində işlədin!

Üzbəüz – mənasında. Qarşını «protiv» yerinə işlədənlər «protiv» gedənlərdir.

Vəssalam, şüttamam!

«Ədəbiyyat» qəzeti, 30 aprel, 2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets