Xəbər verin çapara, xəbər verin qasidə,Yaysınlar bu xəbəri, hələ sağdır qəsidə.Bir zamanlar sorağı tutmuşdu bu dünyanı,Şah vüqarı, duruşu, siqləti də, səsi də.

Onda taxt-tac üstdə, cah-cəlal üçrə idi,Təmtəraq idi onun adi təntənəsi də.Dövranlar dövr eləyib dəyişsə də, oxşayıbQəsidə babasına qəsidə nəvəsi də.

Bir azca sadələşib, zər libası çit olub,Amma, görkəmi qalıb, öyrətmək həvəsi də.Qalıbdı şairlərə şeir yazmaq öyrədə,Mehri-məhəbbətiylə könülləri isidə.

Ərəbcədən, farscadan qəliz sözlər azalıb,Qəsidə yazmaq üçün türkcəmiz də bəs edər.Böyük Nəvai çoxdan sübut elədi ərzə –Var dünyanın mötəbər türkdilli «Xəmsə»si də.

Bir fövqəlmübaliğə ulduzları mat qoyar,Bir tutarlı təşbehdən sınar göy qübbəsi də.Eyham, təlmih, məcazlar biri-birindən arif,Cinas, rədif, qafiyə durub yan-yörəsində.

Çətin mətləblər açar, quru sözlərdən qaçar,Daşda hikmət göyərdər dağında, dərəsində.Hər əli qələm tutan qəsidə yaza bilməz,Böyük bir həqiqət var, kiçik umu-küsüdə.

Qəsidə yazan şair elmli olsun gərək,Min bir məna gizlətsin gərək hər kəlməsində.

Söz boxçasında sözü dolu olanlar gəlsin,Boş sözdən səs çıxmaz ki, ha cingillət, ha səslət!

Qabında nə vardısa üzə çıxacaq orda,Ha özünü cır-dağıt, ha istəmə, ha istə.

Qəsidə yazmaq üçün şair olasan gərək,Əruzun ləpiriylə sözün düşə üst-üstə.

Sentyabr, 2006

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets