Rindü Zahid
Page 10 of 10 · 90%
Rind dedi:
– Ey Zahid! İki şey dünyada fəsad maddəsidir. Onların ikisi də təshif olunduqda bir-birinə müvafiqdir. Birincisi, riyadır. O, pak dinli zahidlərin yolunda bir tələdir. İkincisi, zinadır. Bu da haqqa inanan rindlərin yolu üstündə yolkəsəndir. Harada ki, bu iki fəsad yoxdur, Rind ilə Zahidin həqiqəti birdir. Mən səndə riya güman edirəm, ona görə ki, sənə müxalifəm. Sən də məndə zina təsəvvür edirsən, nəsihətdə mübaliğə etməyin bu səbəbədir. Əgər bu iki illət aradan qalxsa, zahidlər rindlərdən qaçmazlar. Həqiqətən, rindlərin zinası zahidlərin riyasına qərinədir. Fasiqlərin bəd əməli abidlərin ikiüzlülüyü kimidir.
Şeir
Zahid öz riyası ilə Allah qürbündən uzaqdır.
Həvaü həvəsə görə rindlər gözə pis görünürlər.
Əgər hər ikisi, iki pis əməldən xilas olsalar,
İkisi də iki dünyanı ələ gətirə bilərlər.
Zahid dedi:
– Ey Rind! Zahid riyasının yenə bir az faydası var. Hərçənd, həqiqətdə onun taətlərini bu riya batil edir, amma onun zahirini görənlər itaətə rəğbət bəsləyirlər. Əgər batini əzaba yaxındırsa, zahiri səvaba yol göstərir. Riyanın çarəsi guşənişinlikdədir. Amma qafil bədəməllər nə üzr gətirə bilirlər?
Şeir
Riyanın pisliyi məlum olmaqla bərabər,
Riya əhli Allaha yaxınlıqdan məhrum olmaqla birlikdə
İtaət rəngi və qoxusu olduğuna görə yaxşıdır.
Amma fəsad yolunu təbliğ etmək məzəmmətə layiqdir.
Rind dedi:
– Ey Zahid! Bil ki, tövbənin də Allaha yaxın olanlar məclisində izzəti var. Günah o izzətə yetişmək üçün bir vəsilədir. O adam ki, pis əməllərin ləzzətini görüb ondan üz döndəriblər, onların rütbəsi bu ləzzəti görməyib yalnız eşitməklə onlardan ictinab edənlərin rütbəsindən daha yüksəkdir. Görməyənlər təqlid edərək danışırlar. Görənlər isə təhqiq yolunu axtarırlar.
Şeir
Pis işlərdə gizli bir fayda var,
O faydadan dünya əhli xəbərdar deyil,
Vallah, günahkarın tövbə etməsi,
Günahsızların təkəbbür və minnətindən yaxşıdır.
Allaha şükür ki, pis əməllərin həqiqətinə çatdım, ayağımı onun üstünə qoydum, həvaü həvəs gözəlini aldım və boşadım.
Şeir
Könül dedi ki, dünya işlərinin binası heçdir,
Dünya üçün qüssə etmək mənasızdır.
Qüssəni rədd etmək üçün şərab içib, bir müddət sərxoş oldum,
Ayılandan sonra dedim ki, bu da heçdir.
Zahid dedi:
– Ey Rind! Sən nə öz etiqadında qaldın, nə də mən deyəni elədin. Mənim inandıqlarımı dəlillərlə batil etdin. Axırda öz etiqadını da heçə çıxartdın. Bu, heyranlıq və sərgərdanlıq nişanəsidir. Əgər tamam dünya işləri batildir, bəs haqq haradadır? Əgər bunlar sənin üçün mövcud deyildir, bəs vücudi-mütləq kimdir?
Şeir
Ey o kimsə ki, hamının vücudu sənin yanında heçdir,
Dünyanın etibarını düşünmək xətadır.
Dedin ki, bütün mövcudat batildir,
Əgər haqqın vücudu var, de görüm, haradadır?
Rind dedi:
– Ey Zahid! Kainatın əhvalını batil bilmək haqqı bəyan etməkdir. Allahdan başqalarını nəfy etmək vücudi-mütləqi sübuta yetirməkdir.
Şeir
Sən və mən vücud mülkündə qaldıqca
Haqq ilə batil arasında mübahisə olacaqdır.
Biz aradan qalxmalıyıq ki, batil də qalxsın,
O zaman danışıqların hamısı büsbütün həqiqət olar.
Axırda Zahid arif Rindin tənbehi ilə öz işlərinin aynasından riya tozunu sildi. Rind vaqif Zahidin nəsihəti ilə öz surəti-halını tövbə bəzəkləri ilə zinətləndirdi. Hər ikisi müxalifət və ziddiyyətdən əl çəkdilər. Vəhdət dərəcəsinə çatdılar və məhəbbət yolunu tutdular.
Şeir
Fəna yolunda ağıllı ilə dəli birdir,
Dənizin dibində daş ilə inci birdir.
Əgər yaxşı və pislik etibarı ortadan qalxsa,
Məscid ilə meyxanə birdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-rindu-zahid
Use ← → keys to move, R for a random poem
More by this author
Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,Bulmaq olmaz surəti-qürbündə asari-nişat.
Ey xacə, gər qulundan oğulluq murad isəEy xacə, gər qulundan oğulluq murad isə,Şəfqət gözilə bax ona daim oğul kimi.
Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçünEy vəziri-mülkpərvər kim, nizami-mülk üçün,İntixab etmiş cəmi’i-xəlqdən sultan səni.
Ey ki, aləmdə məhəbbət adini məzmun edibEy ki, aləmdə məhəbbət adini məzmun edib,Hər zaman bir mahrüxsarın olursan maili.
Poems by other poets
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Şair taleyiTaleyin hökmünü bilməlisən sən...Hamının qəlbindən özün halısan.
Get, səni gözüm görməsinHeyf mənim zəhmətimə,Get, səni gözüm görməsin.
Dindar olanın halı pərişan gərək olsunDindar olanın halı pərişan gerək olsun,Əfsürdə-dili, bisərüsaman gərek olsun.