Page 2 of 3 · 33%

Dəsgahın əksi olaraq şikəstə ilə bayatının sözləri (qoftəsi) ancaq barmaq hesabı yazılan şeirlərdən ibarət olmalıdır.

Bu musiqinin özü də və sözləri də zatən göy xalqına məxsus bəstə və qoftə olub qoftəsi məzmunca müxtəlif olduğu halda bəstəsi yeknəsəqdir və ənvai varsa da, o da hər mahalın öz təğənni üslubuna aiddir; məsələn, Şirvan şikəstəsi, Qarabağ şikəstəsi – o da, bu da bir-birinin eyni olan üç “ton”dan ibarət bir musiqidir.

Şikəstə və bayatının sözləri zahirdə məzmunca bir-birinə yaraşmayan və fəqət qafiyəsi düz gələn misralardan ibarət görünürsə də, şübhəsizdir ki, batini rəbti dəxi mövcuddur; məsələn:

Ay doğdu qəlbiləndi,

Doğduqca qəlbiləndi;

Gedin canana deyin

Bu qəlb o qəlbiləndi
və yaxud:

Şirvanın yastı yolu,

Su gəldi basdı yolu.

Gedirdim yar görməyə,

Düşmənlər kəsdi yolu.

Və sairə ki, birincidə məhtab və aydınlıq gecənin canan xatırlatması və ikincidə də yarın Şirvanda olması misralar arasında bir münasibət mövcud olduğuna işarə ola bilər.

Xanəndələr dəsgahda oxuduqları qəzəllərin aralarında “ey dadi bidad” və ya “aman, aman”, “ey Xuda” və sairə kimi sözlər qoşduqları kimi, aşıqlar dəxi şikəstə və bayatının başında “əzizim, a balam”, hətta (məsələn, Bakıda) “a gədə” və axırında da “ay nənəm qurban”, “ay ölürəm” və qeyri kimi sözlər artırırlar.


Bəhri və havası mövcud və müəyyən olan musiqiyə gəldikdə bunlar da: təsnif, rəng, rəqs, el mahnılarıdır.

Təsnif müəyyən bir hava olub sözləri çox vaxt qəzəllərdən alınır və özləri də mənsub olduqları dəsgahların ortalarında və ya axırında oxunar: bu əsnada xanəndə təsnif oxuya-oxuya “qaval” ilə zərb edər. Təsniflərin bir çoxu bir hissəli havalardan ibarət olub, vəzni 3/4 və ya 3/8 və çox vaxt 6/8 və bəhri ağır (səngin) olar. Azərbaycanda farsı və türki təsniflər çoxdur.

Rəng və ya diringə təsnif kimi bir musiqi olub fəqət qoftəsi, yəni sözləri olmaz, yalnız çalınar, əksərən yüngül bəhrli olub rəqs havalarına bənzər. Rəng dəxi dəsgahlar arasında xanəndənin kamal və müvəffəqiyyətlə icra etdiyi mahiranə təğənni mütəaqib çalınıb sameyini məhzüz etməklə dəstəni dəxi qızışdırır, fəqət uzun çəkməyib təkrar dəsgahın mabədinə keçilir.

Bu axır vaxtlarda rənglərə qoftə qoşmaq və avropalıların “kuplet”ləri müqabilində səhnə və məclislərdə oxunan bir növ adət olmuşdur; Azərbaycan operettaları içində də qoftə qoşulmuş rənglər dəxi mövcuddur.

Rəqs musiqisi müxtəs rəqs etmək üçün bəstələnmiş 3/4 vəznində olan havalardır ki, bəzilərinin bəhrləri ağır və bəzilərininki yüngüldür.

Rəqslərin, baxüsus bu axır zamanlarda çıxanların musiqiləri əksər ovqat ikihissəli olmaqla şəkilləri nisbətən “zənginləşirsə də, havaları Avropanın biməzmun “vals”ları təsiri altına düşməklə öz əsasından uzaqlaşır və xaric bir rəng alır. Mahal toylarında gəlinin və oğlanın çıxmasına məxsus rəqs havalarına bənzər xüsusi musiqi çalınması adətdir.

El mahnıları bəzən yüngül və ağır bəhrli təsniflərə oxşar; bu musiqinin həm havası və həm sözləri başlıca xalqın məhsul əsəridir; bunların bir çoxu eşq və məhəbbəti, bir xeylisi də xalq həyatında vüquə gələn və xalq üzərində təsirlər buraxan hadisələri oxşayan qoftələrlə bəstələnib aşıqlar vasitəsilə el ağzına düşüb Azərbaycanın hər bir yerini gəzib dolaşar, “Rüstəm”, “Nəbi”, “Şalon gəlir” mahnıları bu axır zamanlarda şöhrət qazanan “Mustafa Kəmal” mahnısı bu qəbil musiqi cümləsindədir; eşq və məhəbbətə aid olanları dəxi ya bir məşhur hadisə misalında əmələ gələn xüsusi şəxslərin vəqə sövdasını, yaxud biməlum “yardan şikayəti”, “yar gələndə sevinməyi”, “intizar”da qalmağı və sair bu kimi əhvalları musiqi havasilə nəql edən mahnılardır.

El mahnıları Azərbaycan xalqının əhval-ruhiyyəsini şərh, zövq musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür.

Bu üzdən onların və (mümkün olduqca ən qədim) zamandan bəri yadda qalanlarını və indi mövcud olanlarını, hər il yenidən çıxanlarını harada da olsa yığıb nota salmaq və nə münasibətlə meydana çıxdığını dəxi öyrənib təfsilatilə yazmaq ən vacib işlərdən biridir.

El mahnılarının vəzni əksər ovqat 6/8-lıq olub özləri də bir hissədən və bəzən hətta bir qısa cümlədən ibarət olub üç, dörd və ya beşaltı “ton”dan əmələ gələn bir musiqi olsa da, bir çox mənasız musiqi əsərlərinə nisbətən olduqca pürməzmundur.


Musiqinin ehtiyacat dünyəviyyədən əlavə dini mərasimlərdə də istemalı Azərbaycan türkləri arasında adətdir.

Əlbəttə, bu mövqelərdə çalğı yaramaz, çünki şəriətcə haram hesab edilən əslən çalğı musiqisidir. Məscidlərdə və dini mərasim icra edilən yerlərdə ancaq avaz ilə təğənni etmək mümkündür. O da bu şərt ilə ki, oxuyan şəxs “qina” etməsin, çünki “qina” dəxi haramdır.

“Qina”nın nədən ibarət olduğu haqqında müxtəlif şərhlər verilir. Məşhuru budur ki, “qina” səsin boğazda qaynatılıb “zəngulə”lər əmələ gətirilməsindən ibarətdir. Hər halda “qina” haramdır – deməkdən məqsəd budur ki, oxuyan şəxs öz təğənnisinə dünyəvi təğənniyə məxsus rəng verməyib dini bir üslub ilə oxusun.

Əlbəttə, dünyəvi musiqisi ilə dini musiqinin hər birinə məxsus, xüsusi üslubu olmalıdır. Musiqilərini böyük tərəqqiyə çatdırmış olan millətlərin dünyəvi və dini musiqiləri arasında üslubca böyük təfavüt vardır. Fəqət Azərbaycanda dini ruhda bir musiqi varsa da, o da quranın avaz ilə oxunduğu musiqidir ki, dünyəvi musiqiyə məxsus olan muğam və dəsgahlara heç bir münasibəti olmayıb xüsusi üslubu vardır. Azərbaycanın bəzi yerlərində oxunan mərsiyə və nohələrin isə haman heç bir dini üslubu olmayıb, toylarda icra edilən dəsgah və təsniflərdən heç bir fərqi yoxdur; hətta bir çox təsniflərin sözlərini qoşub oxumaqla zövqi-səlim icabatına müğayir hərəkətlər edirlər. Odur ki, bir çox nohələrin havaları insana fərəh və tərab ilqa etdiyi halda, sözləri hüzn və kədər təsirini tələb edir... Bir para yerlərdə məhərrəm ayında “Aşura günü” qətl mərasimi əsnasında dəf və zurna dəxi çalınır ki, buna “tərs toy” deyirlər. Əlavə, eyni gündə “şəbeh” çıxarmaq məşhur bir vaqiədir. “Şəbeh” qərb əhlinin “oratoriya” dedikləri bir növ dini tamaşadır ki, Kərbəla vəqəəsindən götürülmüş hadisələrin (epizod) təşbeh və təsvirlərini göstərir. Burada iştirak edən şəxslər öz rollarını oratoriyada dəxi olduğu kimi, avazilə təğənni edib münasib muğam hərəkətləri göstərirlər.

1907-ci sənədən bəri Azərbaycan türkləri arasında milli opera əmələ gəlməsinin birinci amillərindən birisinin “şəbeh” olduğu şübhəsizdir.

Filhəqiqə, Azərbaycan türk operalarının forması (şəkli) Avropa operalarından əxz edilmişsə, iştirak edənlərinin üsuli-təğənnisi şəbehlərdən götürülmüşdür.Təfavüt bir bundadır ki, operalar şəbehdən daha artıq və daha geniş bir surətdə mövcud dəsgahlarımızdan istifadə edib səhnə tərtibatı və “orkestr” istemalı ilə zahirdə Avropa operasına yavuq bir şəkil alır.

Azərbaycan türk operalarının zühuru xalqın musiqiyə olan rəğbətini daha da artırıb, əlavə camaatı və baxüsus qadınları teatr tamaşasına öyrətməklə qadın azadlığına da kömək yetirdi.

Azərbaycan türkləri mövcud operalarını çox sevər və bir dəfə tamaşaya qoyulduqda gedib təkrar-təkrar tamaşa edərlər. Bu xüsusda Azərbaycan türklərini italyan xalqına təşbeh tutarlar ki, onlar da öz operalarına təkrar-təkrar qulaq asmaqdan həmişə böyük həzz alırlar.


Azərbaycan xalqının milli musiqi aləti üç qismdir: simlilər, nəfəs verənlər və zərb edilənlər.

Simli və ya telli alət dəxi iki növdür: qısasəsli və uzunsəslilər. Qısasəsli telli alətin ən məşhuru “tar”dır ki, Azərbaycandan əlavə İranda dəxi məşhurdur (Anadolu türkləri arasında yoxdur).

Bunun qısasəsli olmasına səbəb odur ki “mizrab” deyilən kiçicik bir gəmik vasitəsilə tellərinə toxunulur ki, təbii “dan” kimi qısa bir səs əmələ gəlir.

Tarın üzərində çalınan sim və ya telləri əslən iki ciftdir. Bu iki cift tellərin kökü daimidir. Yəni heç dəyişməz. Bu kök “xalis kvarta” məsafəsinə müsavidir, yəni birinci cift telin səsinə görə ikinci ciftin səsi iki ton yarım ondan alçaqdır.

Bu iki cift tellərdən əlavə bir də bir tək tel mövcuddur ki, onun kökü dəsgaha görə dəyişir. Məsələn: şur qurulurkən tək teli ikinci cift telə görə bir ton, segahda ton yarım, rast, bayatı-şiraz və şüştərdə iki ton yarım və çahargahda isə üç ton yarım məsafədə qururlar. Bu ölçülərin düzgünlüyü tarçalanın qulağının adətkərdəliyinə bağlıdır ki, əsl musiqi mizanı budur ki vardır.

Bir para muğamlarda tək tel üzərində çalınır. Yerdə qalan tellər isə çalınmayıb, çalınan tellərin səslərinə qüvvət vermək (rezonans) üçün qoşulur.

Tarda mövcud olan tonların ədədi (diapazon), çahargah qurulmaq şərti ilə, qırxa qədərdir ki, bunlardan otuz ikisi Qərb musiqisində istemal edildiyi halda, yerdə qalanları yalnız Şərq musiqisinə aid tonlardır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets