Azərbaycan musiqi həyatına bir nəzər
Page 3 of 3 · 67%
Tarın “bəm” səsləri çox həzin və təsirlidir. Miyanxana səsləri gur və mərdanə, zil səsləri isə bir qədər qışqırıqlıdır.
Tar ən ziyadə istemal edilən alətin birincisidir.
Tar növündən olan alətdən biri də “saz”dır ki, tardan çox kiçik və qeyri-kamil bir şey olduğundan səsinin də öylə bir təsiri yoxdur. Sazı aşıqlar çalarlar.
Uzunsəsli, telli aləti-musiqiyyəmizin yeganə nümayəndəsi də “kamança”dır. Kamançanın telləri üzərində ucları uzun bir çubuğa rəbt edilmiş tük dəstəsilə çalındığından hasil edilən səsləri istədikcə uzatmaq olar.
Buna görədir ki, kamançada çalınan musiqi tarda çalınandan səscə daha mükəmməl və insanın səsinə daha yaxın olar. Əlavə, kamança səsinin baxüsus “bəm”də tardan daha təsirli olduğunu nəzərə alsaq və tellər üzərində barmaq qoyub “vibrasion” deyilən titrək səslər hasil edilməsini dəxi əlavə etsək, kamançanın tardan daha kamil və daha faiq bir aləti-musiqiyyə olduğu meydana çıxar. Zatən, tar “akompaniman” üçün yarar bir alət olduğu halda, kamança “melodik” alətlərdən ən gözəlidir.
Təəssüf olsun ki, bizim türk çalğıçılarımız hənuz kamançanın qədrini layiqincə bilmirlər. Odur ki, çalğıda kamançanı tamamilə tara tabe edib tarda vurulan barmaqları kamançada yamsılayırlar...
Avropa aləti-musiqiyyələrindən kamança cinsinə mənsub olan “vialon” (skripka) orkestrdə birinciliyi qazandığı kimi, gələcəkdə bizdə də kamança öz ali mövqeyini layiqilə işğal edəcəkdir.
Nəfəs vasitəsilə çalınan alətdən ən başlıcası zurna, balaban, ney və tütəkdir. Bunlardan zurnanın səsi o qədər qüvvətli və qışqırıqlıdır ki, onu otaq içində çalmayıb bayırda çalırlar. Səsinin “tembri” bir az tutqun və bəm səsləri də acıqlıdır.
Şərq orkestrində xüsusi “efəsi” ola bilir. Zurnanın əksinə olaraq, balaban və yaxud yastı balabanın səsləri qayət həzin və kədərlidir. Heyif ki, şəhər aşıqları çox vaxt bu gözəl aləti tərk edib əvəzində məzmunsuz və yaraşıqsız olan tütəyi çalmaqla qədrşünassızlıq edirlər.
Səscə ən pürməlahət və eşqnigar bir alət varsa, o da “ney”dir ki, mütəəssifən çox az istemal olunur. Azərbaycandan artıq İranda daha müstəməldir. Səsi qayət zərif olduğundan yalnız otaq içinə məxsus bir aləti-musiqiyyədir.
Bu gözəl alətin Azərbaycanda rəvac və tərəqqisi son dərəcə arzu olunur. Zərb edilən alətdən ən zərifi qavaldır (dairə) ki, balıq dərisi çəkilmiş sağanaqdan ibarətdir. Rütubət yerdə pərdəsi boşaldığından bir dəfə qızdırmaq lazım gəlir. Yerdə qalan dəf, təbil və dünbəklərin dəxi özlərinə məxsus səsləri vardır. Tar və kamança yanında zərb üçün qaval yarar, yerdə qalanları zurna və tütək səsləri ilə uyğun gəlir. Avropalıların “timpani”sinə bənzəyən, fəqət ondan çox kiçik olan bir növ və qoşa zərb aləti dəxi vardır ki, adına qoşa nağara deyirlər, üzərində çubuqlar ilə zərblər vurular və “tremol” deyilən müsəlsəs səslər hasil olar.
Azərbaycan türklərinin lisanı ümumi Zaqafqaziyada haman beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqilər dəxi yenə eyni vəziyyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təsirata gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edənlər dəxi çoxdur.
Bunlarda ancaq xanəndələr az bulunur, buna da səbəb odur ki, bir gürcü xanəndəsi bizim əruz vəznilə yazılmış şeirlərimizi müvafiq vəzn oxumaq və bir para səslərimizi dürüst tələffüz etməkdə çətinlik çəkir. Sazəndə dəstələrində tar və kamança çalanlar ermənilər olduğu halda, xanəndəsi əksərən türklərdən olur. Fəqət təəssüf burasıdır ki, bunlar daha tez Avropa musiqisi təsiri altına düşüb Şərq musiqisi əsaslarından uzaqlaşır və avropalıların şirin “minor”larına uyub şərq üslubunu xələldar edən barmaqlar vururlar və tonlar alırlar. Türk çalanları dəxi bunları yamsılamağa meyl edib onlarda üslub korlayan çalğıları öyrənməyə həvəs edirlər. Avropa havalarını tar və ya kamançada çalmağa əlbəttə sözümüz yoxdur, fəqət bayatı-şiraz, şüştəri, müxalifi və şuru qatışdırıb hamısına minor nəzərilə baxmaq olmaz.
Major və minor avropalıların özlərinin zəhləsini tökdüyü bir zamanda və musiqidə bir yenilik aramaq üçün Şərq musiqisinə ərzi-təvəccöh edildiyi bir vaxtda bizimkilərin major və minora həvəs etməkləri məktəbsizlikdən irəli gələn müəssif bir haldır.
Şərq musiqisinin yollarını müsbət bir surətdə təyin etmək və o yollar üzərində musiqimizin tərəqqisinə rəvac vermək üçün çoxdan bəri bir musiqi məktəbinə ehtiyac var idi. Şükürlər olsun ki, Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra Azərbaycan türkləri böylə bir əsaslı musiqi məktəbi küşadına nail oldular. O məktəb, maarif komissarlığı tərəfindən açılmış olan “Azərbaycan hökumət Türk Musiqi Texnikumu”dur ki, bu il beşinci sənədir kəmali-müvəffəqiyyətlə vəzifəsinə davam edib dörd yüzdən artıq mütəəllim və mütəəllimə oxutmaqdadır. Texnikumda həm Qərb və həm də Şərq musiqisi əməli və nəzəri olaraq tədris edildiyindən təbiidir ki, buradan məzun tarzənlər hər iki musiqinin yollarına və üslubuna alim olduğundan cahilanə əməllərə yol verməyəcək və Şərq musiqisinin kəndi əsası və binası üzərində tərəqqi və təkamül etməsinə çalışmaqla öz böyük vəzifələrini təhsil etmiş olduqları elm sayəsində layiqilə ifa edəcəkdirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-azerbaycan-musiqi-heyatina-bir-nezer
Use ← → keys to move, R for a random poem
More by this author
BİRİNCİ ŞƏKİLŞ a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır.
Ordan-burdan 1İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir:– Aləm şair oldu!
Ordan-burdan 2“Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:“Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...”
Ordan-burdan 3Osmanlıda qanuni əsasi...Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.