Page 3 of 4 · 50%

Qərəz, cəbr, zor, zülm, sitəm getdikcə artırdı, senzurasız çıxmasına izn verilmiş qəzetələr bir-birinin dalınca bağlanırdı; azada qurulmasına rüsxət verilmiş, mitinqlər və məclislər dağıdılırdı; əmniyyətişəxsiyyənin iyi, tozu yox idi; kimini basırdılar, kimini kəsirdilər, kimini asırdılar, kimini sürürdülər, kimini tutub dustaq edirdilər; həbsxanalar ağzına qədər dolmuş idi, hətta, ac adamlara (fəhlə qisminə) çörək verməyi də qadağan etmişdilər; o idi ki, neçə-neçə pulsuz naharxanalar hökumət tərəfindən bağlandı...

17 oktyabrdan sonra neçə-neçə firqələr dəxi törədi, bunlardan ən alçağı “monarxist” ya “monarşist”lər firqəsidir ki, bunlar padşahbaz, padşahpərəst olub, hökuməti müstəqilə və müstəbidə tərəfdarlarıdır. Üzvləri çoxu xuliqandır. Ən odlu firqə isə “anarxist” və ya “anarşist”- lərdir ki, bunlar hər bir rahətlik və sakitliyə biganə olub, hərc-mərc və nizamsızlıq istəklisidirlər. Bunların üzvləri hökumət tərəfindən elə bir zülm gördükdən sonra, hər bir azadlıq və hürriyyətdən dəstbərdar olan və azadlığa olan etiqadını itirmiş adamlardır. Sair firqələrdən üzv tərəfindən zorlusu “hökuməti-məşruteyi əvamiyyə” və ya “qanunuləsasi əvamiyyə” (Konstitusiyonno-demokratiçeskaya, yaxud “kadet” və ya “Narodnaya svoboda”) firqəsidir ki, bunlar yalnız bir azadlıq tələb edirlər. “İctimaiyyun-inqilabiyyun” (sosial-revolüsyoner) firqəsi dəxi vardır: Bunlar zəhmətkeş sinfini toplayıb, onların nəfini gözləmək üçün hökumət dolanacağını birdən-birə, cəbr ilə də olmuş olsa təzələşdirib, ziraət cəmiyyətləri qurmaq istəyirlər. Tələb və məramca ən gözəl və ən göyçək firqə – “İctimaiyyun-amiyyun” (sosial-demokrat) firqəsidir ki, bunun bütün tələbləri pəsəndidə olub, baş tələbləri hər nəyə desən dəyər; bu tələb isə – kasıb və dövlətlini bərabərləşdirib bu gün pul ucundan və dövlətin çox və azlıqdan dünyada törənən həsəd, büxl, kin, ədavət, qüdrətsizlik, məhəbbətsizlik, üz döndərmək, yalan, saxtakarlıq, riyakarlıq, dava, müharibə və sairə məzmum şeyləri yox etməkdir.

Bu üç axırki söylədiyim firqələrin hamısı istəyirlər ki, millət bilavasitə padşah ilə bir yerdə hökumət dolandırsın və dövlətin qanunlar qərar etmək işləri büsbütün millətin əlində olsun, nəinki vəzir-vüzəranın, binaənəleyh millət seçilmişlərinə külli-ixtiyar verilib, heç bir şeylə onun ixtiyarı təhdid edilməsin, yəni balacalanmasın. Lakin birinci şərt budur ki, millət seçilmişləri də bu seçki qaydası ilə seçilsin.

Seçki gərək ümumikülli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə ixtiyarı olsun, bu ixtiyar hamıda bərabər olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi, arvada da verilsin, seçki məxfi olsun; yəni hər seçkiçi hansı adamı istəyirsə onun adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb, aşikar olsa, o surətdə zəif adamlara qüvvətlilər güc edib istəmədiyi adamı seçməyə məcbur edərlər. Seçki gərək vasitəsiz olsun, yəni haman birinci seçkidə seçilən adamlar vəkil adlanıb millət məclisi qurmağa getsinlər.


Bəs, vaqeən hökumətin millət məclisi qurmağa özünün artıq meyli olsa idi, o surətdə seçki haqqı ümumi, lakin bərabər və məxfi olmaq qaydası ilə edərdi və nahaq yerə bu haqqı balacalandırmazdı. Və bundan savayı millət məclisindən başqa ayrı bir məclis qurmazdı ki, qanunlar verməkdə onun da millət məclisi kimi haqqı olaydı. Halbuki hökumət millət məclisinin belə bir naqis qurulması ilə kifayətlənməyib, bir də özgə məclis qurdu. Və ona da, millət məclisinə verdiyi ixtiyaratı verdi, yəni qanun verməkdə onu da işə çəkdi. Bu məclis nə məclisdir?

Bu məclisin adı rusca Qosudarstvennıy sovet və ya Verxnaya palatadır ki, türkcə biz buna “Dövlət şurası” deyirik. Bu məclisin üzvləri kimlərdir? Məclis kimlərdən qurulubdur? Bu məclisin üzvləri bürokrat və burjua adlanan adamlardandır. Bürokratlar, yəni məmur, qulluqçu, daha yaxşı çinovnik və sahibi-mənsəblərdəndir. Vəzirlərdən tutmuş hərbi sahibi-mənsəb cümləsi bürokratlardırlar. Hanki məmləkətdə ki, bürokratlar güclü və ixtiyarlıdır, o məmləkətin işi xarabdır, çünki ixtiyarlı bürokratın vücudu ilə millət özü heç bir iş görə bilməyib, həmişə bürokratların buyurduğuna əməl etməyə məcbur olar və heç bir ixtiyarı olmaz ki, durub bürokratların tutduğu əməllərə nəzər yetirsin ki, görək, aya, bu əməllər millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı vardır. İxtiyarlı bürokrat millətə qəyyum hesab olunur, millət də onun qulu yerində görünür. Heç insaf deyildir ki, millət öz xeyir və şərini gözəlcə anladığı yerdə, durub uşaq kimi “qəyyum” əlinə verilə; halbuki bu qəyyum öz mənsəbini bütün millətin xeyirinə satmaz. İrana və Osmanlıya bir nəzər edək. Millətin qoyun sürüsü kimi dolanıb pərişan və sərgərdan qalmağına səbəb nədir? Bürokratiyanın gücü və ixtiyaratı...

Burjualar isə, bunlarda pul güdənlərdir və hər bir böyük iş sahibləridir ki, zəhmətkeş və əməkçi adamların vasitəsilə pul qazanıb, heç zəhmətkeşin halına qalmırlar. Bunlarınki az adamı çox işlədib, çox da pul və sərmayə qazanmaqdır. Onların mühafizə edib gözlədikləri yalnız bir puldur, sərmayədir. Zəhmətkeşlərin məişətini yüngülləşdirmək onların ağlına gəlməz, zəhmətkeşin elmli, ağıllı səlim sahibi, qanacaqlı olmaları onlara xoş gələn şeylərdən deyil və bir də zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzü qara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub, burjuanın keyfi istədiyi kimi işləyəcəkdir. Mülkədarlar dəxi burjua qismindədir. Bunlar böyüklük və ağalıq kimi şeyləri çox sevərlər. Onların əqidəsincə kəndçi yaranıbdır ki, ağasına qulluq edib, ona pul qazansın. Lakin nə tövr qazansın, nəinən qazansın, qazanmağa iqtidarı varmı, bunlar daha ağanın işi deyil. Mülkədarın yeri var, kəndçinin yeri yoxdur. Ona görə kəndçi yerə möhtacdır və bu möhtaclıq da onu nökərliyə məcbur edir. Bu gün bütün Rusiyanı bürüyən aclığa səbəb kimdir? Mülkədarlar!

Bəs Dövlət şurasının üzvüləri?

Haman bu bürokrat və burjualardandır. Bunların bir qismini padşah özü üzv təyin edir və qalanları da seçki qaydası ilə seçilirlər. Bunlardan savayı Dövlət şurası üzvülərindən bəziləri də pravoslaviya məzhəb ruhanilərinin başçılarıdır. İştə, aşkardır ki, həmin bu Dövlət şurasında olanlar əvvəla, yəni həmişə qısqı və əziyyət içində saxlayan çinovnik, bürokratiyanın vəkilləri, millətin zəhmətkeş qismini güzərandan salan burjua və dövlətlilərin nümayəndələri, kəndçi sinfini ac qul məqamına gətirən mülkədar və dvoryanların seçilmişləri və bir də din azadlığına mane olan pravoslaviya ruhanilərinin başçılarıdır. Dövlət dumasına, yəni millət vəkillərinə verilən ixtiyar Dövlət şurasına da verilir. Dövlət dumasının qanun verməyə ixtiyarı olan kimi dövlət şurasının da qanun verməyə ixtiyarı vardır. Lakin iş burasındadır ki, Dövlət duması vermək istəyən qanunu gərək Dövlət şurası qəbul etsin və illa qəbul etməsələr qanun hökmü işləyə bilməz. Ta ki gərək buna padşahın özü baxa. İndi məlum olduğu üzrə Dövlət duması elə qanunlar vermək istəyəcəkdir ki, bunların vasitəsilə bütün millət qısqı və əziyyətdən qurtarıb mərfəhal ola bilsin. Buna görə, bürokratiya və burjua siniflərinin də bu qanunlar vasitəsilə ixtiyarını getdikcə azaldacaqdır. Belə olan surətdə Dövlət şurası ki, bürokratiya və burjuaziya yığıncağıdır, bu qanunların verilməsinə razı olarmı? Doğrudur, Dövlət duması dəxi Dövlət şurası vermək istəyən qanuna razı olmaz. Və bu qanunların baxılması padşahın özünə qalar. Lakin padşah ilə millət arasında Dövlət şurası kimi keçmiş hökumət nümayəndələri sədd və süpər olması Dövlət dumasını hər bir ixtiyardan salmış kimi olar... Odur ki, Dövlət şurasının vücudu onsuz da naqis və natamam bir tövr ilə yığılmış Dövlət dumasının özünü daha cüzi bir məclis mənziləsinə salır. Halbuki Dövlət dumasından başqa böyük və külli-ixtiyar sahibi heç bir məclis olmamalıdır. Bunu da unutmayalım ki, Dövlət şurasında müsəlmanlardan bir vəkil də yoxdur və olmayacaqdır. Bu xüsusda ədibi şəhərlərimizdən E.İbrahimov cənabları “Ülfət” qəzetində yazıb Dövlət dumasının müsəlman vəkillərinə təklif edir ki, Dövlət şurasına müsəlman vəkili daxil etmək məsələsini dumada danışsınlar. Lakin mənim zənnimcə, bunun heç lüzumu yoxdur. Bir məclis ki, Dövlət dumasına zidd ola, orada müsəlmandan vəkil oldu, olmadı birdir. Yaxşı olardı ki, heç Dövlət şurası bilmərrə qurulmayaydı. Amma nə etməli ki, bu məclis quruldu. Və quruldu ki, neçə yüz illərdən bəri yığılmış millət ehtiyacatının rəf olmasına sədd və maniə ola...


Bir tərəfdən Dövlət dumasına millətdən üzvlər seçmək işinin elə naqis və balaca olması və digər tərəfdən də Dövlət şurası kimi – bürokratlar yığıncağı qurulması milləti həvəsdən salıb, Dövlət dumasına olan etibarını kəsmiş kimi oldu. Dumanın əhəmiyyətini, yəni lazım və vacibliyini heç kəs nəzərə almırdı. Çünki bilirdilər ki, belə dumadan heç bir şey, heç bir mənfəət çıxmayacaqdır. Bu isə hökumətə çox xoş gəlirdi, hökumət duma açılacağını vədə verdiyinə peşiman olmurdu. Zira ki, bunu yəqin etmişdi ki, hürriyyətpərvər adamlardan heç bir kəs elə naqis dumaya daxil olmağa razı olmayacaqdır? Razı olanlar da “vətənpərəst” və “təəssübkeş” adlanan 17 oktyabr firqəsindən olacaqdır; bunlar da hökumətin ağzına baxıb “sür dərəyə” zərbi-məsəlinə tabe olacaqdılar. Bundan başqa, hökumət belə güman edirdi ki, dumada hürriyyətpərvər adamlardan olsalar da çox az olacaqdırlar. Ona görə onların rəyi dumada şayani-diqqət olmayacaqdır və bir də hökumət bunu özünə yəqin etmişdi ki, dumada hürriyyətpərvərlərə xələl və mümaniət yetirən hamıdan artıq kəndçilərin vəkilləri olacaqdır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hümmət lazımdır

Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:

5 min
Gözəl bir təşəbbüs

Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

3 min
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 min
Qədirşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?

3 min

Poems by other poets · Satire