Page 4 of 4 · 75%

Qəribə budur ki, hökumət dumanın bütün millət nəzərində belə cəri bir şey hesab olunduğunu yəqin bilə-bilə, yenə də istəyirdi ki, dumanı bacardığı yerəcən heç zad məqamına yetirsin, ona görə də əvvəla, Rusiyanın ətraf və əknafında dumaya vəkil seçmək işini qəsdən təxirə saldı. Odur ki, duma aprelin 27-də açıldı. Amma indiyədək bizim Qafqazdan oraya bir vəkil də göndərilməyibdir. Və saniyən, hər bir quberniyanı “Voennoye polojeniye” – idareyi-ürfiyyə əskəriyyə – altına alıb qoymurdu seçkidən qabaq camaat yığılıb, duma xüsusunda danışsınlar. Dumanın nədən ibarət olduğunu əhaliyə qandırıb, layiqli adamlar seçməyə vadar etsinlər. O idi ki, dumaya bir qədər ümidi olan adamların da həvəsi itib, hər yerdə kəsalət və ətalət ilə istər-istəməz iş görülürdü.

Bir tərəfdən dəxi “repressiya” deyilən cəbr və zülm davam edirdi. Binəva millət bilmərrə istitaətdən düşmüşdü. Bir çox adamlar, ələlxüsus, yəhudilər Rusiyadan baş götürüb qaçırdılar. Bu cür dolanacaq nə vaxta kimi davam edəcəkdir allah bilirdi. Lakin bu dolanacağa dəxi tab gətirmək qeyri-mümkün idi. Buna görə də millət belə bir ağır vəziyyətdən çıxmaq üçün bir əncam axtarırdı. Əncam dəxi bu idi ki, ya qiyam edib, hökumətin belə bir tab gətirilməsi mümkün olmayan ağırlığını üstündən atmaq və ya hər nə tövr naqis olmuş olsa Dövlət dumasını ümid ağacı deyib, ondan əl üzməmək. Əvvəlinci əncam məlum səbəblərə görə mümkün deyildi. Labüddən, ikinci əncamdan yapışmaq lazım gəlirdi. O idi ki, dumanın açılmasına bir az qalmış millət içində dumaya həvəs artmağa başladı. Əvvəl dumaya özünü salmaq istəyən “17 oktyabr” və ya monarxistlər firqəsi idi. Ondan sonra “kadet” və yaxud məşruteyi-əvamiyə firqəsi kəmali şövq və həvəs ilə öz adamlarını dumaya salmağa səy və qeyrət etdi. Və elə bir cəld iş gördü ki, 17 oktyabr firqəsini basıb keçdi. Bunun dalıncan ictimaiyyun-amiyyun firqəsi tərəfindən də dumaya üzv hazırlamaq əlamətləri göründü. Millətin birdən-birə dumaya olan belə həvəsi hökuməti əndişəyə saldı. Daha, millətin dumaya layiqli üzvlər hazırlamaq əmrində bu qədər cəld və sürətlə iş görməsinə mane ola bilməyib hökumət özünü qorumağa başladı. Ən əvvəl pul sarıdan özünü təmin və arxayın etmək üçün beş prosent ilə külliyyətli borc elədi. Və saniyən bu zülm və sitəmin davamına səbəb olan Vitte, Durnovo və kompaniyaya mənsub adamları belə bir “hünər”dən sonra qocalıb, yorulduqlarına görə qulluqdan çıxardıb əvəzində tazalarını qoydu. Bundan başqa, Dövlət dumasının açılmasından iki gün əvvəl dövlət üçün əsas qanunlar elan edildi. Və bu qanunlar Dövlət dumasının cüzi bir məclis olduğunu ikinci dəfə camaata bəyan etdi. Lakin daha dumanın işi qurtarmışdı. Anrelin 27-si yetişdi, vəkillər Peterburqa yığıldı. Duma kəmali təntənə ilə açıldı. Və hökumət ancaq burada qandı ki, bu duma o özü güman etdiyi dumaya bənzəmir. Və buraya yığılan vəkillər hökumətin əmrinə qulaq asmaq üçün yığılmayıbdır. Bunlar millətdən ötrü həqiqi hürriyyət və azadlıq qazanıb, camaatı istibdad zindanından qurtarmaq üçün and içib gəliblər. Vəkillərin padşah həzrətlərinin nitqinə cavabən yazdıqları adresi bunu aydın surətdə hökumətə bildirdi.

Adres göndəriləndən indiyə kimi bütün Rusiya deyil, bütün aləm gözləyirdi ki, görək hökumət dumanın bu adresinə nə cavab verəcəkdir. İndi bu may ayının 13-də vəzirlər heyəti dumanın adresinə cavabən bir para bəyanət verib dumanın baş tələblərini rədd edir. Duma isə, necə ki, bugünkü teleqramlardan göründü, vəzirlər heyətinin bu hərəkətindən dilgir və mütənəffir olub, öz dediklərində möhkəm durmağı qət edibdir. İştə, bu gündən belə bütün aləmin ənzarı Peterburq tərəfinə cəlb olunubdu. Hər kəs deyir: görək nə olacaqdır. Lakin bunu unutmamalıdır ki, vəkillər fəda olmaq istəsə də öz camaatını istibdaddan qurtarmağa and içən kimi, millət dəxi candan keçiləcək isə də öz vəkillərinə kömək etməyə and içibdir...


Hökumətin Dövlət dumasına qarşı ittixaz etdiyi politika günü-gündən bunu aşikar və əyan edir ki, hökumətin, öz tərzi idarəsini dəyişməyə heç bir vaxt meyli yox idi. Və indi də yoxdur və cəhd edəcəkdir ki, bacardığı yerəcən öz köhnə rejimini (tərzi-idarəsini) baqi saxlasın. Lakin hökumət özü dəxi öz politikasını dürüst anlayır ki, Dövlət duması kimi millət dərdi bilənlərin müttəfiqilövl iş görməsi müqabilində köhnə rejimin baqi qalması çox mahaldır. Bir vaxt olacaqdır ki, hökumətin özü üçün ikicə yol qalacaqdır: ya Dövlət dumasını qovub, işin nəticəsini “hərçibadabad” – deyə gözləmək və yaxud Dövlət duması tələblərini qəbul edib, özünü dəxi onun təhti-nəzarətinə vermək. Lakin bu iki yolun hökumətdən ötrü hankısı səlahdır? Şəkk yoxdur ki, ikincisi!

Hökumət bunu özünə yəqin etməlidir ki, bir bu qədər cəbr və zülmdən sonra elə bir təntənə ilə qurulmuş və bütün aləmin, baxüsus Avropa milləi-mütəməddinəsinin diqqətini cəlb edib də, təqdir və təhsininə layiq olmuş Dövlət duması kimi birinci rus parlamentinin təbii və məşrui tələblər ibraz etməsinə görə, hökumət tərəfindən qovulması elə bir hadisələr vüquinə səbəb olar ki, bütün aləmi dəhşətəngiz bir qələyan içində buraxar. Firəng inqilabi kəbiri bu rus inqilabının yanında cüzi bir iğtişaş kimi görünər. Bundan sonra hökumət, qoşuna və sair, ərzəl kimsələr köməyinə ümid bağlamamalıdır. Demək olmaz millətin qoşun qismi bundan sonra da kor kimi olub, öz xeyir-şərini görməyə, öz səlahini anlamaya. Bu axırki cəbr və zülm elə bir ədalətsizlik ilə icra edilib də hər bir daş ürəklini mütəəssir etdi. Qəlbi qaralar da belə dodaq-dodaqdan götürüb, ədalətsizlikdən şikayət etdi. Bəs belə olan surətdə, əcəba, bir kəs tapılar ki, zülm və sitəmin təkrar icra edilməsinə alət və kömək olar? Heç kim buna razı olmaz! Bunu hökumət hiss etməlidir. Və hiss edib də daha bundan sonra millətə hərdənbir badalaq qurmaqdan, axırıncı dəfə sərfi-nəzər etməlidir. Hökumət özü görür ki, millət öz hüququnu almaq yolunda qabağına yumalanan mümanətlərin hamısını dəf və rəf edib, qəsb olunmuş məqamını, bilatəxir iştiqal etdi. Daha bundan sonra durub millətlə çəkişmək çətin bir əmrdir.

Dövlət dumasının adresinin bilavasitə padşah həzrətlərinə verilməsi mümkün olmadığı kimi, birinci işkalatdan sərfi-nəzər etməsi hökumətə bir qədər cürət verdisə də, bu səfər dumanın vəzirlər bəyanatını müttəhidən və müttəfiqən rədd etməsi və vəzirlərin bu hərəkətinə görə istefa verməklərini tələb etməsi sübut etdi ki, millətin adresində sadaladıqları tələbləri qətidir, yəni millətin dediyidir. Bu yoldan cüzi bir inherafə də ümid yoxdur.

Biz ümidvar olmaq istəyirik ki, Dövlət dumasının qovulmağı əmələ gəlməyəcəkdir. Və vəzirlərin də heç bir kimsəyə xoş gəlməyən belə hərəkətini bununla bəyan edirik ki, hökumət dumanın ağzını sınamaq istəyirmiş. Yalnız bir dumanı imtahana çəkmək niyyəti ilə bu bəyanatı ibraz edibdir. Duma isə özünə hali hissiyyatını qəti bir surətdə göstərdi və bundan belə hər bir imtahana sövq edilməyəcəyini də bildirdi. İştə, hökumət üçün dumanın tələblərinə əncam verməkdən başqa heç bir şey səlah deyildir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hümmət lazımdır

Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər.İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir:

5 min
Gözəl bir təşəbbüs

Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir.Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz.

3 min
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 min
Qədirşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?

3 min

Poems by other poets · Satire