İkinci pərdə
Page 1 of 2
Vaqe olur həmin otaqda. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır. Səfi tək.
(Musiqi)
Səfi.
Bədnam oldun, Mərcan, bala-bala
Camaatın içində. (2 dəfə)
Ha, ha! Ha, ha! Ha, ha!..
Bədnam oldun, Mərcan, bala-bala (2 dəfə)
Camaatın içində.
Xor.
Ha, ha! Ha, ha! Ha, ha, ha!..
Bədnam oldun, Mərcan, bala-bala. (2 dəfə)
Camaatın içində.
Səfi.
Qıldı nəfsin tuğyan, bala-bala,
Arvad ilə savaşdın.
Bir tövr qıldı şeytan, bala-bala,
Başdan dibə dolaşdın.
Ha, ha, ha!.. Ha, ha, ha!..
Bədnam oldun, Mərcan, bala-bala
Camaatın içində.
Qapı döyülür. Hamı qaçır, tək bir Səfi qalıb, qapını açır, əlində süpürgə. Mərcan bəy daxil olur, dalınca Kərbəlayı Qubad.
Mərcan bəy. Kərbəlayı, sən hələ qapıda gözlə; sonra mən səni çağıranda gələrsən.
Səfi. Ağa, sənə bir kağız var, buyurun!
Mərcan bəy. Nə kağızdır, kim verdi?
Səfi. Dünən bir qulluqçu qız bunu gətirdi.
Mərcan bəy. Kimin qulluqçusu idi?
Səfi. Bilmirəm. (Gedir.)
Mərcan bəy (kağızı oxuyur). “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncu dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əyər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən dəli-divanə olub, çöllərə düşəcəyəm. Ah-naləm səni tutacaq. Mən iyirmi üç yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma mən də sənin dərdindən ölürəm. Əgər məni alsan, iki yüz min manatlıq malımı da sənə qurban edərəm. Məni görmək istəsən, sabah saat altıda gəlib, qapınızı təqqülbab edərəm... Sənə aşiq bir nazənin”. (Məbhut) Görəsən bu yuxudur, yoxsa gerçəkdir? Yox-yox, bu, yuxudur... Mən yuxu görürəm... Səfi! Səfi! (Çağırır.)
Səfi (daxil olur). Nə buyurursan, ağa?
Mərcan bəy. Səfi! Mən yatmışam, yoxsa oyağam?
Səfi. Allaha şükür, oyaqsan.
Mərcan bəy. Bərəkallah, Səfi! Bu kağızı sənə kim verdi?
Səfi. Bir qulluqçu.
Mərcan bəy. Kimin qulluqçusu idi?
Səfi. Bilmirəm.
Mərcan bəy. Nə dedi?
Səfi. Dedi bu kağızı Mərcan bəyə ver.
Mərcan bəy. Yaxşı, get. (Səfi gedir. Mərcan kağızı öpüb, qoyur gözlərinin üstünə.) Oxxay! A bu kağızı yazan əllər, a bu kağızı yazan əllərin sahibi! Sən ki mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam. (Ağlamsınır.) Ox, aşiq oldum, dəli oldum. Yox-yox, bu eşq məni öldürər. Mənim eşq bəlasına bir o qədər tabım yoxdur. Doğrudan da ki: məhəbbət bir belə şeydir, giriftar olmayan bilməz. Ey iyirmi üç yaşında nazənin! Sən iki yüz min manatını mənə qurban edirsənsə, mən də əlli min manatı sənə qurban edirəm və bir canımı da üstündə verirəm. (Bərkdən) Yox-yox, rədd olsun Minnət! Mən gərək onu bu gün boşayam, mən aşiqəm, aşiq!
Qəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm.
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm.
Kərbəlayı Qubad! Kərbəlayı Qubad! (Kərbəlayı Qubad daxil olur.) Başına dönüm, axı mən aşiq olmuşam. Cən allah, bu işi bu gün qurtar. Məni Minnətin üzündən xilas eylə, Allah atana rəhmət eyləsin. Zərər yoxdur, sənə iki min beş yüz əvəzinə, üç min manat verərəm. Mən aşiq olmuşam... Mənə aşiq... Mənə aşiq olublar... Mən də aşiqəm... Eşq vurub başıma. Oy, ürəyim xarab olur. Nə şirin şeydir bu eşq... Oy, bitab oldum. (Yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur.)
Kərbəlayı Qubad. Ağa, ağa Mərcan bəy! Ağa Mərcan bəy, ay ağa!
Mərcan bəy (gözünü açır). Hə!.
Kərbəlayı Qubad. Ağa! Olmazmı o beş yüz manatı bu saat mənə verəsən! Çünki o, notariusda yazılmayıbdır. Əgər arvadı bu gün tovladım, tovladım; tovlamadım, onda beş yüz manatı gətirib verərəm özünə.
Mərcan bəy. Yaxşı, bir hovur verərəm. Ürəyim xarab oldu, aşiq olmuşam. Ey iyirmi üç yaşında nazənin! (Bitab olur. Sonra birdən ayağa durub kağızı cibindən çıxardır.) Ay kişi, kağızda da yazıbdır ki, sabah caat altıda gələcəyəm... Kağız dünən yazılıbdır, deməli, bu gün gələcəkdir. Hurra!. Bu gün gələcəkdir. İndi saat neçədir? (Saata baxır.) Saat ikidir, hələ dörd saat var. De bircə, Kərbəlayı, sən tez ol, işini gör.
Kərbəlayı Qubad. Mən hazıram, ancaq arvad gəlsə başlarıq.
Mərcan bəy. Aha, çox yaxşı, sən get qapıda dur, sonra çağırram. (Qubad gedir.) Səfi! Səfi! (Səfi daxil olur.) Get, Minnət xanımı buraya çağır. (Səfi gedir.) Yox, bu kağız mənə cürət verdi. Mən ona açıq-açığına deyəcəyəm ki, səni boşayıram, daha səninlə bir yerdə ola bilmərəm.
Minnət xanım (daxil olur). Buyurun! Nə deyirsən! (Gülümsünür.)
Mərcan bəy. Minnət. (Kənara) Cürətim gəlməyir, gözümü bərk qorxuzub. (Ona) Minnət... Ey! (Kənara) Lap arvada dönmüşəm (Ona) Ağız, Minnət!.. Çörək yeyibsən?
Minnət xanım. Yemişəm! Nə eyləyirsən?
Mərcan bəy. Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə... çörək yeyəcəyəm. (Kənara) Tfu mənim üzümə; görün mən nə deyirəm, ay camaat!..
Minnət xanım. Daha niyə acıqlanırsan?
Mərcan bəy. Çünki (kağıza baxır) acığımı sən tutdurursan, sən! Bütün təqsir səndədir. Ona görə bir də mən səninlə dolana bilmərəm, gərək səni boşayam. (Kənara) Allah, sənə şükür, dedim.
Minnət xanım. Aha! Deməli, çörək bəhanə imiş! Sən məni boşamaq istəyirsən! Çox əcəb! Mən də namərd qızıyam, əgər bir dəqiqə sənin evində qalsam. Boşa məni!
Mərcan bəy (kənara). Nə yaxşı razı oldu! (Ona) Əlbəttə boşayacağam, təvəqqə edirəm ki, bu gün mənim evimdən çıxasan.
Mərcan bəy gedir. Minnət xanım tez gedib Gülpərini çağırıb evdə oturdur, özü də pərdənin dalına girir.
Minnət xanım. Gülpəri, dünən dediyim sözləri unutma, mən deyən kimi əməl eylə! (Gizlənir.)
Gülpəri. Arxayın ol! (Üzün bərk tutub oturur).
Kərbəlayı Qubad (daxil olur). Öhö!.. Öhö!.. (Öskürür, sükut) Bu gün hava çox istidir. (Sükut) Görəsən bu evlərin hamısı Mərcan bəyindir? (Bir qədər çırtıq vurur.)
(Musiqi)
Ay xanım, xanım, dərdin alım,
Bəs məni neylərsən, vəsməni neylərsən?..
(Musiqi)
Qaşın qara, gözün qara,
Bəs məni neylərsən, vəsməni neylərsən?
Gülpəri. Buy, a kişi, dəli deyilsən ki, Allah, aman, kişi elə bil ki, qızıbdır.
Kərbəlayı Qubad. Xanım, bir de görüm, səni görən adam da qızmazmı? Vallah, bu saat sənin dərdindən qızmış dəvəyə dönmüşəm, inanmırsan: lok, lok, lok, lok. (Arvadın yanından keçəndə xoruz kimi qanad sallayır.)
Gülpəri. Ay kişi, xoruz deyilsən ki, mənə qanad sallayırsan!
Kərbəlayı Qubad. Vallah, sənin dərdindən bu saat xoruz olmuşam, inanmırsan: quqqulu qu...
Gülpəri. Mənim ərim var, vallah, bilsə səni öldürər.
Kərbəlayı Qubad (kənara). Yazıq, daha bunu bilmir ki, əri mənə əli ilə üç min manat pul verir.
Gülpəri. Nə deyirsən?..
Kərbəlayı Qubad. Sənə Kərbəlayı qurban! Deyirəm ki, ərindən boşan, gəl mən səni alım, gül kimi saxlayım, bül-bül kimi saxlayım.
Gülpəri. Bəlkə ərim razı olmadı?!
Kərbəlayı Qubad. Neçün razı olmur? De ki, kəbinim halal, canım azad. Onda hansı ər olsa razı olar.
Gülpəri. Doğrusu, mən özüm də ərimdən incimişəm.
Kərbəlayı Qubad. Axı sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər! Vallah, səni mən tükcə incitmərəm! Razısanmı? Nənəm sənə qurban! (Sükut) Razısanmı? Canım sənə qurban! (Sükut) Aha! Fars deyər ki: “Sükut əlaməti-rizast”. Görünür ki, razısan. Elə deyilmi? Gözümün ağı gözünün qarasına qurban!
Gülpəri. Razıyam.
Kərbəlayı Qubad. Vəssəlam. Bax, sən bu güncə talağını ərindən al; sonra bir üç ay on gün gözlə iddən çıxsın; ondan sonra gedək evimizə.
Gülpəri. Yaxşı, sən get, mən bu gün kağızımı alaram. Səlamət qal. (Gülpəri gedir.)
Kərbəlayı Qubad. Səlamət qal, canım sənə qurban! Səlamət qal. (Papağını çıxarır.) Paho! Lap tərlədim. Amma, vallah, bərəkallah mənə. Sözün doğrusu, indi mən arvad alış-verişində yaxşıca dəllal ola bilərəm. Mən heç özümü belə bilmirdim.
Mərcan bəy (daxil olur). Nə tövr oldu?
Kərbəlayı Qubad. Çoxdan!..
Mərcan bəy. Nə çoxdan?
Kərbəlayı Qubad. Çoxdan!..
Mərcan bəy. Ay kişi, tez de görüm nə oldu?
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-er-ve-arvad-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.
Ordan-burdan 44Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:
Ayrı söhbətRəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.
Ordan-burdan 45– Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin xari və zəlil olmağını özləri üçün mənfəət bilən alçaqlar! Daha bəsdir, milləti əlinizdə alət və oyuncaq qayırıb o fitnə və fəsadlarınızı əmələ gətirmək! Qorxun o gündən ki, camaat ayılıb siz dəlilərin nə cürə şeytan olduğunuzu duya və başa düşə. Nə üçün xalqı iqva eyləyirsiniz? Neçin qoymayırsınız ki, xalq öz işinə, öz gücünə məşğul olsun. Nə üçün camaatı aldadırsınız? Nə üçün tazə tərəqqi başlamaq istəyən camaatın içinə pürxaşlıq və şuluqluq salmaq istəyirsiniz? Camaatın tərəqqisini sizin qurdlu və xain qəlbiniz qəbul etmirmi? Nə üçün işıq gələn yerə murdar barmağınızı tıxırsınız? Ey xain öküzlər! Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz, zəmanə öz işini edəcəkdir və pislik sizin özünüzə qalacaqdır.Rəfiqim bu sözləri deyib acığından dodaqlarını çeynəməyə başladı, soruşdum: Nə olub, nə üçün ağzından od yağdırırsan? Rəfiqim cibindən qəzetini çıxardıb qabağıma qoydu və Tehrandan gəlmiş teleqramı göstərdi. Oxudum. Orada yazılmışdı ki, bəzi adamlar Tehran məscidlərində Tağızadə cənablarına qarşı sözlər və moizələr söyləyirlər.