Page 1 of 2

Vaqe olur Mərcan bəyin otağında; otaq Avropa qaydasında düzəlmişdir. Musiqi çalınır. Mərcan bəy tək; pərdə qalxır.

Mərcan bəy.

Mən bir kişiyəm, düşmüşəm arvadın əlinə, (2 dəfə)
Əldən qoya gər dolayacaq məni dilinə, (2 dəfə)
Bəs mən nə edim kim, qurtarım böylə bəladan;
Təxlisi-giriban eləyim cövri-cəfadan. (2 dəfə)

(Musiqi)

Allah səni vursun, belə arvad, belə arvad! (2 dəfə)
Kim etdi səni mən fəqirə tuş, a bədzad? (2 dəfə)
Saldı çatını dar boğazıma, məni boğdu,
Eylədi mənim zəhmətimi on dəfə min qat. (2 dəfə)

(Musiqi)

Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə)
Çünki başqa əlacı yoxdur, boşamasam çatlaram.
Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə)
Tərs kimi, kəbin pulu da beş min manat yazılıb.
Bəs mən nə edim kim, həmi arvadı boşayım,
Həm də kəbin pulu cibimdə qalsın,
Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə)

Minnət xanım (tələsik daxil olur). Bu saat mənə de görüm, udmusan, yoxsa uduzmusan?.. Tez ol!

Mərcan bəy (özünü itirib). Udmuşam! Yox... Belə uduzmuşam! Yox, mən qumar oynamamışam ki, udam, ya uduzam, əvvəla. İkiminciyə qalan yerdə, çox da udmuşam, ya çox da uduzmuşam, sənə nə?

Minnət xanım (qeyzlə). Mənə nə? Mənə nə?..

Mərcan bəy (lap özünü itirir). Məsələn deyirəm!

Minnət xanım. Çıxart bu saat cibindəki pulları mənə ver!

Mərcan bəy. Əcəb ekspropriatorsan, “руки вверх!”

Minnət xanım. Tez ol, işim var!

Mərcan bəy. İşin var, get işinə! Ancaq məndən əl götür. Cibimdə beş-altı şahı var, o da özümə lazımdır. Bu gün müsəlman qəzetəsi alıb oxuyacağam. Daha bundan sonra mən millətpərəst olmuşam.

Minnət xanım. Bura ver pulu! Mən özüm aldıraram, oxuyarsan.

Mərcan bəy. Minnət! Sənin bu cürə hərəkətin çox pis hərəkətlərin birisidir. Heç bilirsən bu cürə hərəkətlərin adına rusca nə deyirlər? Bu hərəkətlərə deyirlər: вмешательство во внутренние дела, yəni mənim öz məxsusi işimə sən qarışırsan. Qoymursan ki, mən öz işimi özüm görüm. Canım, mən səni aldım ki, mənə arvad olasan, nəinki üstümdə qəyyum! Mənə qəyyum lazım deyil. Allaha şükür, həddi-büluğa çatmışam, ağlım başımdadır. Özüm də camaat arasında sayılan bir kişiyəm; belə olan surətdə sənin nə haqqın var ki, mənim cibimə girəsən?

Minnət xanım. İndi beləmi, Mərcan?! Beləmi? Çox əcəb! Zərər yoxdur. Bir də sən məndən pul istəsən, onda özün bil! Xudahafiz!

(Tez gedir.)

Mərcan bəy. De görüm, ay camaat! Tutubdur ki, gərək ciblərini soyam. Bu nə kələk idi mən özümü saldım, ay camaat!.. Bu nə kələk idi? Pulun ola, malın ola, amma arvad sənə göz verə, işıq verməyə?

(Musiqi)

Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə)
Çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram.
Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə)
Tərs kimi, kəbin pulu da beş min manat yazılıb.
Bəs mən nə edim kim, həmi arvadı boşayım,
Həm də kəbin pulu cibimdə qalsın.
Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə)

Musiqi: tarda şur çalınır, Kərbəlayı Qubad daxil olur.

Kərbəlayı Qubad. Səlamünəleyküm.

Mərcan bəy. Ay əleyküməssalam.

Kərbəlayı Qubad. Ağanın kefi-əhvalı necədir?

Mərcan bəy. Sağ olasan, Kərbəlayı, çox yaxşıdır. (Kənara) Başıma bir yaxşı fikir gəlibdir, görüm mənim arvadımı bu kişi ala bilərmi?

(Musiqi)

Mərcan bəy. Kəblə Qubad, gəl bəri!

Kərbəlayı Qubad. Baş üstə, baş üstə.

Mərcan bəy. Bir qulaq ver sən mənə!

Kərbəlayı Qubad. Baş üstə, baş üstə.

Mərcan bəy. Mən sənə söz söyləyim.

Kərbəlayı Qubad. Sən buyur, sən buyur.

Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır.

Mərcan bəy. Mənə bir söylə görüm, Kərbəlayı Qubad, Qubad, neçə danə arvadın var, ay neçə danə arvadın var? Tez söylə görum!

Kərbəlayı Qubad. Bir danə!

Mərcan bəy. Tək bircə danə?

Kərbəlayı Qubad. Bir danə.

Mərcan bəy. Bəs necəsən, Kablayı, sən?
Bəs necəsən, Kablayı, sən!
İstəyirsənmi cənə bir danə arvad alım, ay!
Özü dövlətli ola!

Kərbəlayı Qubad. Özü dövlətli ola?..

Mərcan bəy. Yaxşı pulu var, dövləti var!

Kərbəlayı Qubad. Yaxşı pulu var, dövləti var?
Al, sənə mən qurban olum. (2 dəfə)

Mərcan bəy. Kərbəlayı Qubad! Sən özün bilirsən ki, bir arvad ilə kişinin ömrü keçməyir; ona görə kişiyə heç olmasa iki danə arvad lazımdır. Belədir, belə deyil?..

Kərbəlayı Qubad. Doğrudan da, mənim də ağlım kəsir ki, iki arvad salahdır. Əlbəttə, kişinin hər bir ləvazimatı iki olsa dəxi yaxşı olar. Buna kimin bir sözü ola bilər.

Mərcan bəy. Yox, məndən sənə əmanət! Arvadını həmişə iki saxla, kişi olan şəxsin arvadı gərək qoşa ola və “Molla Nəsrəddin” jurnalı əbəs yerə bu barədə danışmır.

Kərbəlayı Qubad. Belə görürəm ki, bəy, fərmayişatın hamısı doğrudur. Məsələn, mənim, üzüm ayağının altına, eyb olmasın, bir danə arvadım var; özü də kənddə; deməli, mən şəhərdə lap tək qalmışam. Əlbəttə, əgər bir arvadım da şəhərdə olsa idi, heç halıma təfavüt eyləməzdi. Halbuki indi halıma bərk təfavüt eyləyir. Bəy, təvəqqe eyləyirəm ki, bu biədəb sözlərimi bağışlayasınız.

Mərcan bəy. Zərər yoxdur, doğru sözdür ki, danışırsan. İndi mən özüm də niyyət eyləmişəm ki, iki danə arvad alam, indi mən istəyirəm ki, əvvəlcə öz arvadımı boşayam; çünki mən bu arvadı heç istəmirəm.

Kərbəlayı Qubad. İstəmirsən, boşa! Daha nəyə məəttəlsən?

Mərcan bəy. Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam.

Kərbəlayı Qubad. Əcəb sözdür, kəbin pulu nədir, zad nədir? Bir-iki dəfə üzünə baxma, inciyib onda özü deyər ki, kəbinim halal, canım azad.

Mərcan bəy. Vallah, onun özü məni o qədər incidib ki, az qalmışam özüm deyəm ki, kəbinim halal, canım azad, məndən əl çək. (Bu əsnada qapıdan səs gəlir.) Dur gedək o biri otağa, burada bizi pusarlar.

Gedirlər; Minnət xanım daxil olur.

Minnət xanım.

Mənim adım Minnətdir;
Yerim burda cənnətdir.
Təzə ayı gördükdə
Mənə baxmaq sünnətdir. (2 dəfə)
Gəl məni gör, dərdimdən öl!
Mənim adım Minnətdir;
Gəl məni gör, dərdimdən öl!
Yerim burda çənnətdir.

(Musiqi)

Sizə doğrusun deyim,
Ərimin başı yoxdur.
Ağlı yoxdur axmağın,
Qədrimi bilmir, bilmir. (2 dəfə)
Gəl məni gör, dərdimdən öl!
Mənim adım Minnətdir;
Gəl məni gör, dərdimdən öl!
Yerim burda cənnətdir.

(Musiqi)

Belə fikri vardır kim,
Məni boşasın, özgəsin alsın.
Onu bilmir ki, axmaq,
Belə fikri müşküldür. (2 dəfə)
Gəl məni gör, dərdimdən öl!
Mənim adım Minnətdir:
Gəl məni gör, dərdimdən öl!.
Yerim burda cənnətdir.

(Musiqi)

Mərcan bəy tez daxil olur.

Mərcan bəy.

Bu nə səs-küydür burda?
Qonağım vardır orda.
Səsin düşüb hər yana,
Çığırırsan, ay... arvad!

Minnət xanım (gedir o tərəfə).

Əcəb eyləyirəm mən,
İstəmirsən, çıx get sən.
Qulağına pambıq tut,
Boynuna sal ağ kəfən. (2 dəfə)
Gəl məni gör, dərdimdən öl!
Mənim adım Minnətdir;
Gəl məni gör, dərdimdən öl!
Yerim burda cənnətdir.

Mərcan bəy acıqlı-acıqlı çırtıq vurur.

Minnət xanım. İndi buyura bilərsən. Buyura bilərsən! (Gedə-gedə) Buyur, buyur, buyur!

Mərcan bəy. Tfu!..

Minnət xanım. Tfu!..

Mərcan bəy. Tfu!.. (Gedir.)

Minnət xanım. Tfu!.. (Gedir.)

Səfi (daxil olur). Tfu!.. Süpürək!

Mərcan bəy (Kərbəlayı Qubad ilə daxil olurlar). Tfu!.. Balam, gedək o biri otağa. (Gedirlər.)

Səfi. Bu canım ölsun ki, bularda bir kələk var; gedim görum nə danışırlar.

Gedir dallarınca. Minnət daxil olur və tez yüyürüb pərdənin dalında gizlənir.

Mərcan bəy (daxil olur, dalınca Kərbəlayı Qubad əvvəlki qərar ilə). Balam, orada olmadı, gəl yenə burada danışaq. İndi, Kərbəlayı, mən istəyirəm ki, arvadımı boşayam, ona görə də...

Səfi (daxil olur). Bəy, çay gətirim?

Mərcan bəy. Allahü-əkbər! (Çığırır.) Gədə, rədd ol! Bir də bu otağa girmə, xəlvət sözüm var. (Nökər gedir.) Mənim arvadımın kəbin pulu beş min manat eləyir, əgər bu beş min manatı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pruşkeviç və Hacı Xudu

Günlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.Hacı Pruşkeviçə dedi:

2 min
Qarabağın keçmiş günlərindən

Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu:– Uduzdunmu?

20 min
Yevlax–Şuşa yolu

Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır!Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.

3 min
Söhbət

İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:

3 min

Poems by other poets