Yevlax–Şuşa yolu
Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır!
Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.
Elə ki Yevlax astanasında vaqondan düşürsən, bir də görürsən ki, faytonçular, dilicançılar səni bürüdülər.
– Hara gedirsən?
– Şuşaya!
– Bəs, onda buyur da, dilican hazırdır.
– Qoşubsan?
– Çoxdan!
– Neçəyə apararsan?
– Neçə adamsınız?
– İki nəfərik.
– Şeyiniz çoxdur?
– Yox, adama bir çamadandır.
– Elə isə adama səkkiz manat.
Burada balaca alış-veriş olur. Səkkiz manat, yenir olur altı.
– Hə, di qoy minək, sür gedək.
– Bu saat. Siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura, amma çayı tez için ki, ləngiməyək.
Bəli, əyləşib bir stəkan çay içirik. Yevlağın ditdilisi “dızz” eləyib o qulağından dişləyir, “dızz” eləyib burnundan dişləyir.
Qərəz, dilican gəlincə ditdili bildiyini eləyir. Amma dilican gəlmir, yenə çay içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları bir-bir oxuyursan; dilican gəlmir ki, gəlmir.
Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur.
– Burdasınızmı?
– Əşi, burada olmamış hara gedəcəyik, bir tez ol dilicanı sür gəlsin, vaxt keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq!
Bu söz dilicançının xətrinə dəyir.
– Nə? Gecə! Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur. Budur sizə deyirəm, axşam azanına bir saat qalmış Şuşa şəhərinin bazarında olacağıq, inşallah!
– Di yaxşı, tez ol!
– Bu saat atlara “qormut” verim, acdırlar. Gedir, yenə gözlə ki, dilican gələcəkdir.
Saat on olur, Tiflis poyezdi gəlir. Bundan da bir yarım saat keçəndən sonra dilicançı gəlir ki, di buyurun gedək. Məlum olur ki, hərif Tiflis poyezdini gözləyirmiş.
Baxıb görürsən üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan. “Bismillahir-rəhmanir-rəhim, – deyib yola düşürsən.
Bəh, bəh, bəh... At qumrovlarının səsi sənə laylay çalır. Yolun tozunun ətri səni valeh eləyir.
Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astanasına.
Burada bir balaca tovqif lazım gəlir, atlar dəyişilib qoşulunca, bərdəlilər sənə hər tərəfdən tamaşa eləyirlər.
Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların təkərləri və atların ayaqları yaşdırlar. Məlum olur ki, Tərtər çayında su var. Tərtər çayı gendən qıjıldayır. Dilican ilə keçmək mümkün deyildir... Gərək kəl arabasına minəsən.
Adambaşına bir abbasıya kəl arabasına minirik. Kəllər özlərini vururlar suya. “Allah-Allah” səsi hər yeri götürübdür. Suyun lap güclü yerində arabaçının yoldaşı arabaçıdan soruşur ki, əyə, bunları neçiyə keçirirsən? O da deyir ki, bir abbasıya.
– Nə?
– Abbası.
– Sarsaq oğlu sarsaq, mən abbasıdan ötrü kəllərimin boynunu qıracağam? Mən kəlimi açıram!
Yoldaşı deyir ki, ədə səfeh olma, kişiləri suya salarsan, kəlin qabağına dur, altı şahı verərlər.
Amma yoldaşı adama yarım manatdan dəm vurur. Qərəz, suyun ortasında taks abbasıdan qalxır iki abbası olur. Tərtəri keçib genə dilicana minirsən və fikir edirsən ki, bəli bu çayı salamat keçdik. İndi qaldı Xaçın ilə Xojalı.
Nə başınızı ağrıdım, axşama bir saat qalmış dilican varid olur Ağdama və bir qədər də orada ləngiyəndən sonra yola düşürsən. Əsgəran ötür, Xojalı ötür, Ballıca ötür. Xanbağı ötür. Şəhərin dolayı yolu başlayır. Ağzın dönür gah gün batana, gah gün çıxana. Amma gün çoxdan batıbdır, axşamdır. Yol üzü yoxuşadır. Atlar güclə addım atırlar. Lap qaranlıq çökür. Səni mürgü basır. Ayılıb görürsən ki, yol gedirsən; üstün dağ, altın uçurum. Dilicançıya deyirəm ki, qoçaq, bəs, sən deyirdin ki, axşam azanına bir saat qalmış şəhərdə olacağıq. Dilicançı qulaqardına vurub bu sözlər ilə zümzümə eləyir:
Ayın aydınlığı, hava nə xoşdur,
Ay dilbər can, Zeybər can.
Sübh azanına bir saat qalmış şəhərə varid olursan.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-yevlax-susa-yolu
Use ← → keys to move, R for a random poem
More by this author
İrana dair– Kəlbəlayı Səfi, Allah kisəni boş eləməsin, əlini cibinə sal, beşon şahı da sən ver, Təbriz əhlinə göndərək.
Ordan-burdan 14Hesab məsələləri(Zadaçalar)
TəskinlikBundan bir neçə gün qabaq yetişən teleqram ki, – Səttarxan Eynüddövlə tərəfindən mühasirə edilibdir – bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdır.Hər kəs “Aya görəsən nə olacaq?” – deyə kəmali iztirab ilə teleqram gözləyirdi.
Ordan-burdan 15F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi!Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi.
Poems by other poets · Satire
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
Şirvan ("Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!")Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!
Qorxuram bayramımız qarə gələQorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
Cibişdan ayıGəldi çün-mahi-məhərrəm, bu müsəlman ayıdır,Müftəxor mollaların hər gecə ehsan ayıdır.