Qarabağın keçmiş günlərindən
Page 1 of 3
Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu:
– Uduzdunmu?
Azad bəy:
– Yox əşi, – deyib arvadını aldatmağa başladı. – Əvvəl uduzmuşdum, amma sonra yenə uddum. Tək beş manat uddum!
Lakin qəlbən öz-özünü məzəmmət elədi: “Yalansa, Allah mənə lənət eləsin! Gözümün ağı-qarası əlli üç manatımı uduzmadımmı?”
Doğrudur, Gülnisə xanım ərinin “uddum” sözünə inanmadı, lakin yenə də bir söz deməyib, yalnız bir ah çəkdi. Sonra ərinin təvəqqeyinə görə nökər Hüseynəlini çağırdı ki, naharı çəkib versin. Nahar bozbaşdan ibarət idi ki, onun da ətini, noxudunu, hətta suyunu da binavə Hüseynəli dalaşa-dalaşa dükançılardan borc almışdı.
Ər və arvad oturub çörək yedikləri yerdə otağın qapıları şaqqıltı ilə açılıb, Azad bəyin oğlu – valideynin fərzəndi – yeganəsi içəri daxil olub deyil, hücum edib qoltuğunda olan kitabları şappıltı ilə otağın ortasına tolazladı. Xudadad bəy (oğlanın adı idi) realnı məktəbdən qayıtmışdı. Bu, “pəhləvanlıqdan” sonra Xudadad bəy məktəb paltarını tələsik soyuna-soyuna, divanəvar bir səs ilə çığırdı:
– Vallah, ta mən oxumayacağam, billah oxumayacağam, qoy direktor acığından partlasın, cırılsın, yenə oxumayacağam! Ana, hanı mənim müsəlman paltarım?
Azad bəy nahardan başını qovzayıb kəmali-təəccüb ilə oğluna tərəf baxdı və soruşdu ki:
– Ədə, başına at təpməyibdir, səni cin vurmayıbdır, içib kefli deyilsən, nə qayırırsan?
Oğlu isə ağzını-üzünü qırışdırıb dedi:
– Əşi, sən də qoy görüm!.. Bilmirəm bu nə deyir! Ağız, ana, hanı mənim papağım, çuxam, arxalığım? Dur by saat bura ver, geyim!
Azad bəyin acığı tutdu və istədi ki, ağzını açıb bir söz desin, lakin arvadı onu bu işdən mən edib dedi: – “Sən dinmə bircə!” – və özü ayağa durub gəldi oğlunun yanına və mülayim, mehriban dil ilə dedi:
– Bala, müsəlman paltarını neynirsən? Neçin buluzunu çıxarırsan?
Oğlan cavab verdi ki:
– Mən bir də ta oxumayacağam!
– Neçin?
– Elə heylə, oxumaq istəmirəm.
– Axı, neçin oxumaq istəmirsən?
– Oxuya bilmir, şüuru yoxdur! – deyib Azad bəy oğlunun əvəzindən cavab verdi.
Bu isə Xudadad bəyə xoş gəlməyib istehza ilə dedi:
– Hə, oxuya bilmirəm! O gözü kor urus başmaqçı Səfinin oğluna “pyat” qoyub, mənə də “dva” qoyanda, əlbəttə ki, oxuya bilməyəcəyəm!
Atası: – Yaxşı oxu, sənə də “pyat” qoysun.
Oğlu: – “Yaxşı oxu!..” Məndən yaxşı oxuyan yoxdur.
Atası: – Bəs nə üçün sənə “dva” qoyur?
Oğlu: – Çünki o kor urus mən ilə ləcdir!
Gülnisə xanım bu söhbətə müdaxilə elədi:
– Bir deyin görüm, sən allah, mən qanmıram, kor urus kimdir, “pyat” nədir, başmaqçı Səfinin oğlu kimdir, “dva” nədir?
Azad bəy arvadını başa salırdı:
– Belə kor urus bunların uçitelidir, başmaqçı Səfinin oğlu da bunun yoldaşıdır. Uşqollarda pis oxuyanlara “dva”, yəni “iki” qoyurlar, yaxşı oxuyanlara da “pyat”, yəni “beş” qoyurlar. İndi bizim bu oğlana görünür ki, “iki” qoyublar, yoldaşı başmaqçı oğluna da “beş”, odur ki, bunun acığı tutubdur.
Gülnisə xanım dedi:
– Neçin sən bəy oğlu ola-ola, sənə iki qoyurlar, amma başmaqçı oğluna beş? Neçin demirsən ki, ay uçitel, mənə beş qoy, altı qoy, mən bəy oğluyam, mənə yeddi, səkkiz də azdır... Başmaqçının oğlu nədir ki, ona beş-beş qoyur?..
Azad bəy:
– Ağlına maşallah! – deyib arvadının qanacağına “təhsin” oxudu.
Xudadad bəy isə acığının içində də gülümsəyib, üzünü divara tərəf tutdu ki, atası onun gülümsədiyini görməsin. Sonra özünü yığışdırıb acıqla anasına qayıtdı:
– Ağız, qanmadığını danışma, tez ol mənim paltarımı bura ver! Vallah ta bir də oxumayacağam! Qoy cəhənnəm olsun direktor da, kor urus da, o da, birisi də. Tez ol, acmışam!
Anası oğlunu sakit edirdi:
– A balam, bir soyunma, əvvəl çörəyini ye, sonra paltarını dəyiş dayna!..
Oğlu razı oldu:
– Di yaxşı, mən çörəyi yeyincə, sən paltarı hazırla! – Bunu deyib döşü açıq olduğu halda oturdu deyil, yıxıldı atasının yanına və mürəkkəbli əlini biləyinədək soxdu bozbaş kasasının içinə.
Azad bəyin ovqatı təlx oldu. Dedi:
– Ədə, adamsan, bir əlini yuyaydın, ondan sonra çörəyə oturaydın! Neçin belə dəli-şəli olmusan?
Bu söz Xudadad bəyin xatirinə dəydi, “yemirəm” deyib geri çəkildi.
– Zəhrimar olsun!
Atası isə oğlundan da bərk acığı tutub, az qaldı ki, oğluna bir sillə çəksin, lakin özünü saxlayıb bir qədər hüm-hüm elədi, axırda sımsırığını sallamış oğluna baxıb:
– Dur burdan itil! – deyib qışqırdı.
Oğlu durdu ayağa və “Cəhənnəmə!” deyib, anası hazırladığı müsəlman paltarını geyməyə başladı. Binəva Gülnisə xanım yenə müdaxiləyə məcbur oldu. Əvvəlcə ərini sakit etmək üçün oğlunun uşaq olduğunu ona qandırdı (halbuki oğlunun azından bir on dörd yaşı vardı) və sonra oğluna tərəf gedib, anaya mənsub bir nəvazişlə dedi:
– Bala, yekə oğlansan, atanın sözü xatirinə dəyməsin get çörəyini ye, o, bir pis söz demədi, deyir yəni əlin mürəkkəblidir, get yu! İndi ki yumursan nə eləmək, yuma, get çörəyini ye. Atana həram eləmə, mən də yazığam, axı!..
Lakin anasının nəvazişi Xudadad bəyə əsər eləmədi.
– Əşi, sən də qoy görüm, – deyib qırmızı ipəkdən gödək arxalığını, ağ dəvə yunundan uzun çuxasını və “diyaqanal”dan dar tikilmiş şalvarını da geyib kəmərini bağladı, saatını taxdı və atasına acıq olmaq üçün qollarını ata-ata və ayaqlarını bərk yerə vura-vura qapıya tərəf yollandı. Anası onu saxlamaq istəyib dedi:
– A balam, Xudadad, hara gedirsən, qal çörək ye!..
Lakin Xudadad qulaq asmayıb:
– O çörək zəhrimar olsun! – deyib qapıdan düz çıxdı...
Gülnisə xanım mat qaldı. Azad bəy isə oğlunun dalınca bir qədər baxıb bir lomba tüpürdü.
– Tfu, – dedi, – Allahın qəzəbinə gələsən, a pis övlad!
– Buy, sən allah, elə demə, ay Azad! – deyib Gülnisə xanım ərinin üstünə çığırdı: – A kişi, necə dilin var gəlir. Yazıq deyilmi? Sən də yekə kişi qoşulursan balaca uşağa... İndi nə olsun, sən allah, yazıq ac getdi, nə bilim hara getdi... Əşi qoyursanmı ki, bircə uşaq evdə otursun?..
Azad bəy də öz tərəfindən söylənməyə başladı:
– Əşi, sən allah bəsdir, elə onun xarabını çıxardan əvvəldən sən oldun! Uşaqdır, uşaqdır deyə-deyə gedəni qudurtdun. Onun harası uşaqdır? Yox, indi ki, uşaqdır, uşaq yerində otursun, böyüyün üstünə it kimi çəmkirməsin!.. Tez ol, çağır nökəri, bu çörəyi yığsın... Özüm də bir az yatmaq istəyirəm.
Bir ah çəkib, Gülnisə xanım nökəri çağırdı. Nökər Hüseynəli gəlib süfrəni yığdı və gedəndə ağasına doğru üzünü çöndərib yavaş səs ilə dedi:
– Ağa, o baqqal Həsən kişiyə bir qədər pul versəydin yaxşı olardı. Yoxsa and içibdir ki, daxı bundan sonra bir düyü də nisyə verməyəcəyəm... Əttar Məşədi Cəfər də bu gün lap abrımı tökübdür. A gədə, deyir, vallah bir yol sənin ağanı bazarda tutub başından papağını alacağam, yoxsa...
– İtil, itil burdan, səfeh oğlu səfeh! – deyib Azad bəy elə çığırdı ki, səsinin gücündən evdə qab-qacaq cingildədi və otağın baş tərəfində bir tikə çörək üstündə diş sındıran pişik qorxusundan tikəni qoyub, güllə kimi çıxıb bayıra qaçdı.
Hüseynəli kor və peşman qayıdıb, yavaşca sovuşdu aşpazxanaya. Azad bəy bu zərb-zəngdən sonra yorulub yıxıldı taxtın üstünə və... yatdı. Gülnisə xanım isə daha bir söz danışmayıb, kefsiz və qəmgin bir halda yerə əyləşib ərinin qumarbazlığı, işinin xarablığı və oğlunun rəftarı barəsində qara-qara fikirlərə qərq oldu...
Bəli, Azad bəyin oğlu Xudadad bəy andına vəfa etdi, yəni daha oxumadı; lakin direktor və kor urus partlamadı. Ancaq Azad bəyin acığı tutdu və Gülnisə xanım isə bir-iki gün ah çəkib, sonra oğlunun: “Ana, vallah, oxumaq mənə zərərdir” kimi sözlərinə inanıb, “Canı sağ olsun” – deyə sakit oldu. Bu minval ilə üç il gəlib keçdi. Xudadad bəy özünə ayrı bir iş tapdı ki, o işin adına hər yerdə qumarbazlıq deyərlər. Lakin Xudadad bəy özü və yoldaşları bu sözün əvəzinə “məşğuliyyət” sözü işlədirdilər. Doğrudan da bu “məşğuliyyət” Xudadad bəyi elə məşğul edirdi ki, bütün gecə-gündüzünü də “məşğuliyyət” üstündə keçirirdi. Gündüz evdən çıxıb bir də sübhə yavıq zamanda qayıdırdı və hər bir qayıdan vaxt qapının ağzında anasını əli qoynunda, intizar ilə durmuş görürdü...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-qarabagin-kecmis-gunlerinden
Use ← → keys to move, R for a random poem
More by this author
Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.
Ümumvladiqafqaz camaatına açıq məktubÜmumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.
Vladiqafqaz caamatına bir də açıq məktubƏfəndilər!“Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər.
Şeyxülislam həzrətləri və maarifDünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm.İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir.
Poems by other poets · Satire
Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Cümələrdə dükan açmaz bakılıCümələrdə dükan açmaz bakılı,İstəsən gəz Bakının hər yerini;
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.