Söhbət
İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.
Qoca dedi:
– A bəy, neçin papağını bir bu qədər kec qoyubsan ki, az qalır papaq başından düşsün yerə və boynunu da zəhmət çəkib əyri tutursan ki, papağın başından yerə düşməsin?
– Çünki mən bəyəm.
– Yaxşı, görürsən ki, bu yay günündə xalq hamısı yay çəkməsi geyir ki, ayaqları sərin olsun. Sən neçin uzunboğaz çəkmə geyirsən? At minib səfərə ki, getmirsən, canına yazığın gəlmir bəyəm?
– Çünki mən bəyəm.
– Yaxşı, sən ki, çinovnik deyilsən, bəs şapqana neçin kakard yapışdırırsan?
– Çünki mən bəyəm.
– Bəs paltonun yaxasına neçin qırmızı mahut tikmisən. Sən ki, əfsər deyilsən?
– Çünki mən bəyəm.
– Yaxşı, bunları qoyaq kənara, sən ki, qumar oynayanda həmişə uduzursan, bəs neçin qumar oynamaqdan əl çəkmirsən?
– Çünki mən bəyəm.
– Çox gözəl, bunların hamısını qəbul edirəm. Hələ de görüm hamı şərab içəndə gizli içir ki, xalq görməsin. Bəs, sən neçin aşkara içirsən?
– Çünki mən bəyəm.
– Çox əcəb, bunu da başa düşdüm. Bəs, bazarda hər dükançıya bir manat, iki manat, bir abbası, üç abbası borcun var. Neçin onları vermirsən ki, abrını aparmasınlar?
– Çünki mən bəyəm.
– Hələ bunların hamısı keçər gedər, eşitdik ki, otuz prosent – faiz ilə min manat borc eləyib veksil vermisən; bu nə işdir?
– Çünki mən bəyəm.
– Bəs, bir belə prosent ilə borc alıb, qızlara neçin on manat, on manat bağışlayırsan?
– Çünki mən bəyəm.
– Yaxşı, tutaq ki, bunlar hamısı bəylik nişanəsidir, neçin bəs adını müsəlmanca yaza bilmirsən. Sənə bu ayıb deyilmi?
– Çünki mən bəyəm.
– A bəy! Sən bəy ola-ola, neçin bir şanqalı qaradovoy görəndə, o saat ikiqat olub, ona “izdirasti! deyib əl verirsən. Amma bir kəndli qoca kişi qapına gələndə, əlini belinə vurub, səsinin yoğun yerinə salıb, guruldaya-guruldaya deyirsən: “Kərbəlayı, bəs hanı quzu, hanı yumurta, cücə?”. Və o yazıq sənə ikiqat əyilib salam verəndə, salamını da almırsan. Bu neçin?
– Çünki mən bəyəm.
– A bəy, neçin ticarət eləmirsən, bir iş görmürsən. Elə belə boşbekar gəzirsən?
– Çünki mən bəyəm.
– Sənin bu sözünə görə bu sifətlər birində olmasa bəy olmaz. Bəylik ancaq ibarətdir bu sifətlərdən. Çox əcəb, bəs, bir məclisə daxil olanda neçin birbaşa yügürürsən yuxarı başa, a bəy?! Görürsən ki, yuxarı başda yer yoxdur.
– Çünki mən bəyəm.
– Bu da belə. Hələ doğrusunu de görüm: belinə xəncər neçin bağlayırsan, davaya-zada getmirsən ki, Allaha şükür şəhərimizdə sakitlikdir. Gecə də deyil ki, qorxasan. Günün günorta çağında bu xəncər nə üçün?
– Çünki mən bəyəm.
– Mətləb hamısı məlum oldu. Hərçənd bəylərin cümləsində bu sifətlər olmaz. Tutaq ki, sən deyən düzdür, amma bir zada qalmışam məəttəl: onun da doğrusunu söylə, sözü qurtaraq.
İndi Məmmədəli şahı taxtdan saldılar aşağa, daha bundan sonra ona kömək çıxmaq nə üçün? Bilirəm bundan ötəri kömək çıxırsan ki, bəlkə də şeytan işidir, birdən yenə Məmmədəli şah taxta çıxdı, onda səni özünə pişxidmət eləsin. Çox əcəb. Bəs İran mücahidlərinə föhş, hədyan demək nə lazım, ay bəy oğlu bəy?
– Çünki mən bəyəm, çünki mən bəyəm.
– Gördüm qoca bu sözləri eşidəndə qəzəbləndi, üzü-gözü qızardı, barıt kimi birdən od aldı, durdu ayağa, qışqıra-qışqıra cavan bəyə dedi: Çünki sən bəysən, çünki sən bəysən...
Kafirəm əyər bir pula dəysən.
Qaradağda da yoxdur əvəzin,
Bəylər içində bircə sən təksən.
Gördüm qoca qəzəbindən qafiyəpərdazlıq eləyir, mən durub qaçdım; onlar da başladılar boğuşmağa...
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
İran ixtişaşına dairƏmir Bahadırı-Cəng və Şeyx Fəzlullah.
Ordan-burdan 11Allah heç kəsə göstərməsin!Elə ki birisinin əcəli tamam olur, həkim-filan əl çəkir, əcəli tamam olan başlayır ölməyə. Sən də bikef oturub tamaşa edirsən.
Ordan-burdan 12Xolera və rəmazanəl-mübarəkMəşhur məsəldir ki, deyərlər öz gözündə tiri görməyib, özgə gözündə qıl seçir.
Ordan-burdan 13İrana dair– Kəlbəlayı Səfi, Allah kisəni boş eləməsin, əlini cibinə sal, beşon şahı da sən ver, Təbriz əhlinə göndərək.
Poems by other poets · Satire
Ey dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Bir nəfər adam öldürənin ziyarəti münasibəti iləMəşdi keçən il əzmi-Xorasan eləmişdi,Xalqı bu gözəl karına heyran eləmişdi.