Page 2 of 2 · 50%

Səfi (daxil olur). Ağa, istəyirsiniz qapıları daldan bağlayım?

Mərcan bəy. Pa atannan, yeri, gədə yiyəsi! A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə!

Səfi. Baş üstə, ağa (Gedir.)

Mərcan bəy (qapılara qulaq asıb, sonra deyir). İndi mən bilməyirəm kn, arvadımı nə tövr boşayım.

Kərbəlayı Qubad. Nə qayırım, arvad mənim olaydı, görəydin ki, nə tövr boşayırdım.

Mərcan bəy. Bu cürə arvadı sən də boşaya bilməzdin.

Kərbəlayı Qubad. Xeyr, boşayardım.

Mərcan bəy. Yaxşı, nə tövr edərsən?

Kərbəlayı Qubad. Onu mən bilirəm, sənə demərəm və bir də mən arvad almağın da yolunu bilirəm, boşamağın da, amma siz oxumuşlar o cürə şeyləri dürüst bilməzsiniz. Sizin bu curə səriştəniz olmaz.

Mərcan bəy. Yaxşı, sən heç ухаживать eləmisən ki, belə danışırsan?

Kərbəlayı Qubad. Eləmişəm, amma bilmirəm ki, ухаживать nədir, çünki urusca savadım yoxdur.

Mərcan bəy. Kərbəlayı Qubad, indi ki, sən belə mahir kişisən, gəl bir iş eyləyək.

Kərbəlayı Qubad. Nə iş?..

Mərcan bəy. Bax, əgər mən arvadımı boşasam, onda gərək beş min manat kəbin pulu verəm. Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nəqd pul verərəm. Anladınmı nə deyirəm?

Kərbəlayı Qubad. Nə üçün, heyvan ki deyiləm, yaxşı anlayıram.

Mərcan bəy. Bacararsanmı?

Kərbəlayı Qubad. Bacararam. Ancaq bunu bil ki, iki min manat çox azdır.

Mərcan bəy. Paho, nə danışırsan? İki min manat iyirmi danə yüzlük eləyir.

Kərbəlayı Qubad. Bəy, qorxuram zərər eyləyim, çünki kənddəki arvadım çox bədzat şeydir, sən gəl beş yuz manat da artır.

Mərcan bəy. Zərər yoxdur, iki min beş yuz manat olsun!

Kərbəlayı Qubad. Allah sənə ömür versin, indi, bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək?

Mərcan bəy. Yaxşı, o da mumkündür. Gedək notariusun yanına; ancaq de görüm nə tövr edəcəksən?

Kərbəlayı Qubad. Sən bir iş eylə ki, mən bu otaqda arvad ilə bir dəfə görüşüm, vəssalam. Ondan sonra sənin işin yoxdur.

Mərcan bəy. Elə bu?..

Kərbəlayı Qubad. Elə bu, vəssalam.

Mərcan bəy. Di onda gedək. (Gedirlər.)

Minnət xanım (pərdənin dalından çıxır). Bəs belə, Mərcan, bəs belə; məni iki min beş yüz manata satmaq istəyirsən? Ha... ha... ha... Bəs belə, Mərcan! Məni iki min beş yüz manata satmaq istəyirsən? İndi görək kim bədzatdır; sən, yoxsa mən? (Çağırır.) Səfi! Səfi!

Səfi (daxil olur). Nə buyurursan, xanım?

Minnət xanım. Gülpərini tez buraya çağır.

Nökər gedir. Musiqi.

Gülpəri (daxil olur).

Nədir dərdin sənin, xanım? (2 dəfə)
Sənə nə olub, sənə nə olub,
Cənə nə olub, kefsizsən? (2 dəfə)

(Musiqi)

Minnət xanım.

Mənim dərdim var, Gülpəri!
Sənə söyləyim dərdimi;
Ona sən bir əlac eylə (2 dəfə)
Mənim dərdimin dərmanı
Ərimi aldatmaqlıqdır.
Mənə nə olub, mənə nə olub,
Mənə nə olub, bildinmi? (2 dəfə)

Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın.

Gülpəri. Buy, Allah o cürə ərin başına bir daş salsın!

Minnət xanım. Qarğış eləmə. Təqsir ərimdə deyil.

Gülpəri. Bəs kimdədir?

Minnət xanım. Təqsir ərimin başındadır ki, içində beyin yoxdur.

Gülpəri. Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm.

Minnət xanım – Bax, Gülpəri, sabah bura bir kişi gələcəkdir. Onda sən üzünü bərk-bərk tutub və burada otur; o kişi başlayacaq səni tovlamağa və deyəcəkdir ki, gəl səni alım, onda sən də deginən yaxşı. Ancaq gərək ərimdəm boşanam sonra... O kişi sənə hər nə desə razı ol, bacararsanmı?

Gülpəri. Elə bacararam! Hanı o bəxtəvər kişi, gəlsin görək.

Minnət xanım. Sabah gələcəkdir. Sən bu saat mənə bir qədər kağız ilə mürəkkəb və qələm gətir.

Gülpəri. Bu saat. (Gətirir.)

Minnət xanım. İndi mən ərimin axmaq başına bir oyun açım ki, özü də məəttəl qalsın.

Gülpəri. Buyur. (Kağız, qələm verir.)

Minnət xanım. Mən kağız yazıram. (Yazır.) İndi, Gülpəri, sən get nökərlərin, qulluqçuların hamısını buraya çağır, gəlsinlər.

Gülpəri. Bu saat. (Gedir.)

Minnət xanım. İndi qoy bu kağızı Mərcan bəy oxusun, onsuz da dəli başı lap dəli olsun.

Bu əsnada nökərlər, qulluqçular bir-birini basa-basa daxil olurlar. Yoğun aşpaz əlində kəfkir, qolları çirməkli; mehtər əlində xəlbir, üzü samanlı; birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər.

Minnət xanım. Ay uşaqlar, bilirsiniz nə var?

Hamı. Xeyr, xanım, bilmirik.

Minnət xanım. Mənim ərim məni satmaq istəyir.

Hamı. Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, by nə bədnamçılıqdır.

Minnət xanım. Amma... (Hamı sakit) Mən bir elə iş görəcəyəm ki, məni sata bilməyəcəkdir.

Hamı (sevinclə). Ha, bu yaxşıdır.

Minnət xanım. Amma... (Hamı sakit) Siz gərək mən deyən sözlərə, mən elədiyim işlərə dürüst diqqət edəsiniz. (Onlar dim-dik dururlar.) Və ərimə heç bir söz deməyəsiniz. (Onlar düz dururlar.) Əyər biriniz demiş olsa, vay onun halına! (Hamı tez aşağı oturub qalır.) Əyər mən deyənə qulaq assanız, hərənizə on manat pul bağışlayacağam. (Hamı sevincək ayağa qalxır.)

Hamı. Sağ ol, xanım, sağ ol!

Minnət xanım. Gülpəri, bayaqkı sözlər yadından çıxmasın. Səfi! Buraya gəl, bu kağızı al, Mərcan bəy gələndə ona verib deyərsən ki, bir nəfər qulluqçu arvad gətirdi və başqa heç bir söz demə!

Səfi. Heç bir söz!

(Musiqi)

Minnət xanım.

İnsaf eyləyin, bir baxın mənə!
Mərcan eyləyir çox zəbun məni! (2 dəfə)

Xor.

Ay xanım, xanım, siz qəm etməyin,
Peşiman olacaq Mərcanın sənin. (2 dəfə)
Ağzı bir çuval, boynu şam piyi,
Başı gərmək, burnu yelpənək;
Əbləhin biri Kərbəlayı Qubad
İstəyir gələ xanıma kələk.
Ay xanım, xanım, siz qəm etməyin,
Peşiman olacaq Mərcanın sənin. (2 dəfə)

(Musiqi)

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Pruşkeviç və Hacı Xudu

Günlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.Hacı Pruşkeviçə dedi:

2 min
Qarabağın keçmiş günlərindən

Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu:– Uduzdunmu?

20 min
Yevlax–Şuşa yolu

Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır!Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə.

3 min
Söhbət

İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım.Qoca dedi:

3 min

Poems by other poets