Həmin otaqda. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda Mərcan bəy fəxir libas geyinmiş daxil olur. Onu görcək oxuyurlar.

(Musiqi)

Qonaqlar.

Söylə bir görək, Mərcan,
Bu nə toy, bu nə xərcdir? (2 dəfə)
Bəs sənin əvvəldəncə
Arvadın yoxdurmu? (3 dəfə)
Ey... Minnət xanımı sən neylədin bəs? (2dəfə)
İndi tazadan arvad
Alırsan Mərcan?! (2 dəfə)

(Musiqi)

Mərcan bəy.

Allahın bəndələri,
Minnəti boşadım mən. (2 dəfə)
Kəbinin verdim onun,
Özgəyə ərə getdi. (3 dəfə)
Ey... Kərbəlayı Qubad aldı Minnəti, (2 dəfə)
Mən də alıram indi bir özgə arvad. (2 dəfə)

Bir qonaq. Nə var, pullu adamsan, sən gündə üç arvad alıb, üçün də boşaya bilərsən.

Mərcan bəy. A kişi, bu siz ölməsiz, iş pulda deyildir, iş ürəkdədir.

Qonaqlar. Doğrudur, doğrudur.

Mərcan bəy. İndi, əziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır) mən öz ürəyim istəyəni tapmışam, mən öz muradıma çatmışam. Allah sizi də oz muradınıza çatdırsın. (Gözlərini silir.) Mənim taza arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü mənə göstərsin. Təvəqqə edirəm ki, gəlin gələnə qədər buradan bir yana tərpənməyin. Oturun burada, yeyin, için, kef çəkin; bu gün şadlıq günüdür, gərək şad olasınız.

Qonaqlar. Yaşasın Mərcan bəy!..

(Musiqi. Oxuyurlar.)

Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)
Şükür Allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)
Arvad almaqda müzəffər olmuş Mərcan, (2 dəfə)
Olmamış düşmən ona heç qalib hərgiz, (2 dəfə)
Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)
Şükür Allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)

Mərcan bəy. Sağ olun, qardaşlar, sağ olun! Mən gedirəm özümü bir qədər düzəldim, siz öz işinizə məşğul olun.

Qonaqlar. Buyur! Buyur! (Mərcan gedir.)

Bir qonaq. Hanı xanəndə? Hanı sazəndə? A gədə, bizim üçün bir bayatı-kürd çal, xanəndə oxusun.

Tarzən bayatı-kürd çalır, xanəndə oxuyur, meyxana deyirlər, qumar oynayırlar.

(Musiqi)

Xor.

Aqil qardaşım, ayıl, bəsdir xəbidən, (2 dəfə)
Yatma, dur gör nədir səni hamıdan baz edən, (2 dəfə)
Aman, aman Allah, aman, aman Allah, Allah amandır,
İbrət eylə; qeyrət eylə, gör nə zamandır. (2 dəfə)

(Musiqi)

Bəsirət gözün açıb, bax bir cahanə! (2 dəfə)
Əhli-elmə bax, gör necə dolub zəmanə! (2 dəfə)
Aman, aman Allah, aman, aman Allah, Allah amandır, (2 dəfə)
İbrət eylə, qeyrət eylə, gör nə zamandır. (2 dəfə)

Musiqi rəngi çalınır. Rəqqas rəqs edir. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir.

Qonaqlar. Gəlin gəldi. (Gedirlər qapıya.)

Mərcan bəy (tələsik daxil olur, yaxşı geyinmişdir). Oy! (Üzünü yelləyir.) Yox, deyəsən mən bu gecə tab gətirə bilməyəcəyəm. Vallah, arvadın vəhmi məni basıbdır. Puf! Nə istidir!

Qapılar açılır, səs-küy ilə gəlini gətirirlər. Minnət xanım üzü rübəndli gəlib ortada durur. Mərcan bəy onun o tərəf-bu tərəfinə keçir.

Minnət xanım. Mən əhd eləmişdim ki, qonaqların içində üzümü sənə göstərim, indi əhdimə vəfa edirəm.

Qonaqlar xanımın ətrafına yığılırlar və diqqətlə tamaşa edirlər. Hamı Minnətə sakit baxır. Minnət xanım əvvəlcə çarşabını açır. Sonra başındakı yaylığını. Hər dəfə Mərcan bəy tələsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini qoyur. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır.

Mərcan bəy. Minnət!

Minnət xanım. Bəli!

Mərcan bəy. Sənsən?

Minnət xanım. Bəli, mənəm... Mərcan!

Mərcan bəy. Bəli!

Minnət xanım. Sənsən?

Mərcan bəy. Bəli, mənəm! Vay, dədəm vay!.. Bu mənim öz əvvəlki arvadımdır. Ay camaat, bu Minnətdir! Yox, yox, belə şey olmaz! Mənə sataşırlar. (Hamı mat, məbhut durur.) Yox, mənə sataşmaq olmaz! Mənim kimi adamı aldatmaq olmaz! Kimdir, bu saat desin, bu oyunu mənim başıma gətirən, kimdir?

Camaatı yara-yara Kərbəlayı Qubad daxil olur.

Kərbəlayı Qubad. Mərcan bəy, dur üç min manatı bu saat ver, arvadı aparım evə. Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım.

Mərcan bəy (bərkdən). Ay zalım balası zalım! Məni sən aldatdın. Mənim evimi yıxdın, hələ bir gəlib məndən pul da istəyirsən?! Ay camaat, məni tutmayın, bu kişini öldürəcəyəm. Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bulaşdırım, bu mənim namusuma toxunan işdir. Tutmayın məni, hanı mənim афсерским? Hanı, hanı?..

Kərbəlayı Qubad. Bu nə danışır, ədə, dəli olubsan nədir? Mənə kələk istəyir gəlsin... Bu saat pulu ver, yoxsa gedib bu saat notariusu gətirrəm, evini yazdıraram. Zəhmət çəkib arvadını almışam!

Mərcan bəy. Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda!

Kərbəlayı Qubad. Vay, dədəm vay!.. Bəs mən aldığım arvad kimdir?

Mərcan bəy. Mən nə bilirəm kimdir!

Kərbəlayı Qubad. Qoy gedim bir arvadı gətirim bura.

Gedir, camaat qarnını tutub gülüşür.

Mərcan bəy. Niyə gülürsünüz? Mənə gülürsünüz? Mənə sataşırsınız? Namərdlər, siz hamınız bədzatsınız! (Gülüşmə) Juliksiniz, moşenniksiniz! Yox, yox, bu dərd məni öldürər. (Yıxılır stolun üstə.)

Kərbəlayı Qubad (daxil olur, yanında Gülpəri). Bəs bu kimdir, sənin arvadın deyildirmi?

Mərcan bəy. Bu Gülpəridir, ay evini Allah yıxsın! Sən arvadı dəyişik salmısan.

Kərbəlayı Qubad. Vay, evim yıxıldı!.. Allah sənin evini yıxsın, Mərcan bəy! Bu nə kələk idi mənim başıma açdın! Ay camaat, mən öz arvadımı kənddə qoyub, şəhərə qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kəbin pulu yazdırmışam. Bəs mən dükan yeri alacaqdım.

Mərcan bəy. Vay, sənin evin yıxılsın Kərbəlayı Qubad!.. A kişi, bəs sən mənim arvadımı alırdın?

Bir arvad əlində ağac, pərdə dalında qışqırıq sala-sala daxil olub, ucadan çığırır.

Arvad. Hanı o başı batmış Kərbəlayı Qubad? A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün! (Ağac ilə vurur Kərbəlayı Qubadı və bir-iki ağac da Mərcan bəyə dəyir. Arvad gedə-gedə deyir.) Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. (Qonaqlar tutub, qoymayırlar vursun və arvadı yola salırlar.) Mən gedirəm, sonra görüşərik, Allah qoysa.

Arvad gedir. Kərbəlayı Qubad və Mərcan bəy hərəsi bir tərəfdə oturub ağlayırlar.

Minnət xanım. Mərcan! Kefin necədir? Canın-başın sağdırmı? Məni satmaq istəyirdin, ay namərd! Məni! Di get, al payını. (Qubada) Sən saqqalından utanmadın, xalqın arvadını satın almaq istədin? Daha bir ayrı alış-veriş tapmırdın?! De al payını!..

(Musiqi)

Qonaqlar.

Mübarək olsun toyun
Sənin, Mərcan, ay Mərcan! (2 dəfə)

A kişi, bəs utanmadın?
Belə bədnam oldun sən! (2 dəfə)

Mərcan bəy.

Nə bilim mən çarşabın...

Kərbəlayı Qubad.

Nə bilim mən çarşabın...

Mərcan bəy.

İçinə kim girmişdir.

Kərbəlayı Qubad.

İçinə kim girmişdir.

Xor.

Nə bilim mən çarşabın
İçinə kim girmişdir.
Mərcan, Mərcan,
Kəblə Qubad, hey!..

(Musiqi)

Xor.

Mübarək olsun toyun
Sənin, Mərcan, ay Mərcan! (2 dəfə)
A kişi, bəs utanmadın?
Belə bədnam oldun sən! (2 dəfə)

Mərcan bəy.

Nə bilim mən çarşabın.

Kərbəlayı Qubad.

Nə bilim mən çarşabın.

Mərcan bəy.

İçinə kim girmişdir.

Kərbəlayı Qubad.

İçinə kim girmişdir.

Xor.

Nə bilim mən çarşabın
İçinə kim girmişdir.
Mərcan, Mərcan,
Kəblə Qubad, hey!..

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

4 min
Qədirşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.O ad sahibi kimdir?

3 min
Halımız

Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik.Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər.

2 min
Ümumvladiqafqaz camaatına açıq məktub

Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır.Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.

1 min

Poems by other poets