Beşinci pərdə
Əmirin hamankı sarayında vaqe olur. Səhnədə vəzir ilə Bəkirdir. Pərdə qalxır.
Vəzir. Qırx gün keçdi... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz bir əlac tapa bilmədik... Hiyləgər Zeyd Əmirin sözündən asıldı, özünyə yol tapdı. Harun isə... ax, Harun, Harun! Kim bilir, davadamı ödürdülər, ya Zeydin namərd əli ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir.) Bəkir! Doğrusunu söylə, yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu davada öldürdülər, yoxsa?..
Bəkir (başını aşağı salır). Vəzir sağ olsun, davada öldürdülər...
Vəzir. Davada! Hansı davada? Bəs Rəhmanı?
Bəkir. Onu da öldürdülər!
Vəzir. Amma, bil, Bəkir! Nahaq tökülmüş qan yerdə qalmaz! (Tez dönüb çıxır.)
Bəkir (tək). Vəzirin gözünə düz baxa bilmirəm. Vicdanım özümü incidir... deyim, deməyim? Kim bu sirri aça bilər? Harun ölübdür, Rəhman ölübdür... (Qəti surətdə) Yox! Demərəm. (Dönüb bu da tez çıxır.)
Bu halda Leyla qara geyimli, gözü yaşlı, zəif, pərişanhal, iftan və xizan daxil olub oturur, bədə əllərini yuxarı qalxızıb minacat diləyir.
(Musiqi)
Leyla
Ya ilahi, ya ilahi!
Bir ölüm ver, canımı qurtar əzabi-hicrdən,
Bir dəqiqə rahatım yox dərddən, min fikrdən.
Heç rəvadırmı ki, Harundan sonra mən sağ qalam,
Ol şəhidi ticikən, mən həm əsiri-dam olam.
Ağlayır; bədə birdən fikrinə düşür ki, qırx gün keçibdir və Zeyd gələcəkdir.
Leyla (söz ilə hövlnak). Ax, qırx gün keçdi... Bu gün vaxt tamamdır, Zeyd gələcəkdir! (Daha hövlnak) Yox, yox! Mən özümü xilas edərəm.
Belindən xəncərini çəkir və oxuyur.
Çünki yox başqa əlacım, var ümidim bir sənə,
Mərhəmət eylə, a xəncər! Tez əcəl göndər mənə!
(Yanıq ilə) Gəl, gəl, Zeyd! (Lakin yenə sustalıb, Harunu yad edir.)
Bir bu qədri dərd içində könlümü məsrur edən,
Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mən.
Çatmadıq çün biz murada bu cahani-fanidə,
Axirətdir aqibət hər yarı yara vəsl edən.
Bu yerdə Əmir və hamı daxil olub, Leylanı nalan görürlər.
Hamı
Bəsdir, Leyla, bunca möhnət,
Gəl vemə böylə özünə zəhmət. (2 dəfə)
Qismətdir bu, keçdi müddət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Tək qızlar
Ax, necə etmək, ax, necə etmək?
Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)
Hamı
Allahdandır çün bu işlər,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Səbr et, səbr et söyləmişlər;
Gəl vermə özünə böylə zəhmət. (2 dəfə)
Tək qızlar
Ax, necə etmək, ax, necə etmək?
Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə)
Hamı
Bəsdir, Leyla, bunca möhnət,
Gəl vemə böylə özünə zəhmət. (2 dəfə)
Qismətdir bu, keçdi müddət,
Gəl vermə böylə özünə zəhmət. (2 dəfə)
Əmir
Qismətin buymuş, qızım, yox çarəmiz təğyir edək,
Biz gərək daim bizə qismət olan yolla gedək.
Leyla
Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın!
Aşiqi etmiş bu yarın halətin, fikr et özün!
Əmir
Gər desəydin sən qabaq: Haruna ver, ata, məni,
Bil, yəqin Haruna, Leyla kim, verərdim mən səni.
Leyla
Oldu Harunum şəhid, söz vermisən həm Zeydə sən,
Qoy olum qurban, sözün ver, ver... gedim ol Zeydə mən.
(Ağlayır.)
Hamı
Bəsdir, Leyla, bunca möhnət!
(Necə ki, qabaqda var, axıra kimi)
(Musiqi)
Əmir əyləşir. Hər kəs öz məqamında durur. Bu əsnadə Zeyd daxil olur.
Zeyd
Qırx gün keçdi,
Qırx gün keçdi.
Leylanı aparmağa gəldim,
Leyla, Leyla!
Sevdim billah, ah!
Sevdim, sevdim səni, Leyla!
Əmir. Zeyd! Əmirin sözü sözdür... Apar, apar Leylanı. (Zeyd baş əyir.)
Leyla (rişxənd ilə). Gəl, gəl, Zeyd! Mən hazıram! (Zeyd Leylaya tərəf hərəkət edərkən) Apar Leylanın nəşini!
Xəncərini çəkir və qaldırır ki, sinəsinə çaxsın, bu halda qapılar açılır, Harun daxil olur və tez Leylanın qolundan tutur. Bu əhvalat hamını mat və məəttəl qoyur; elə ki, bir neçə saniyə heç kəsdə söz deməyə ixtiyar olmur. Leyla heyran, təəccüb, sürur və xof ilə yavaş-yavaş dönərək Haruna baxır və bunun Harun olduğunu yəqin edib qışqırır.
Leyla. Harun!
Ürəyi gedir. İndiyə qədər gözləri bərəlmiş və Haruna təəccüb ilə baxan Zeyd axır özünə gəlib qaçmaq istərkən Harun cəld onun qolundan yapışır və deyir:
Harun. Dayan, namərd qatil! Qaça bilməzsən!
Əmir (təəccüblə). Harun, sən qəbirdən dirilib gəldinmi?
Leyla şadlığından ağlayır.
Harun. Əmir sağ olsun! Qəbirdən dirilən kimi olmuşam, lakin Allahın mərhəməti üstümdə çox imiş!
Əmir. Bəs söylə, bu nə əhvalatdır!
Harun. Mən düşməni məğlub edib qayıdarkən, bu məlun hiylə ilə qoşunu ötürüb, öz gizli qatilləri ilə üzərimə hücum etdi. Adamlarımı və Rəhmanı öldürüb, məni də ağır yaralar ilə yıxdılar!
Əmir. Səbəb?
Harun. Səbəbini qızın Leyladan soruş!
Əmir. Harun, Leyla mənə söylədi ki, sənə aşiqdir. Sən də ona aşiqsənmi?
(Musiqi)
Harun
Ax, Əmir! Leylanı mən canımdan artıq sevmişəm,
Sevmişəm, bu yolda həm min cür cəfalar görmüşəm.
(Leyla ilə bir yerdə)
Sevmişik bir-birimizi, olmuşuq bir təndə can,
Olma razı, ey Əmir, kim, ayrılıq, ah, əlaman!..
(Musiqi)
Əmir (dəbdəbə ilə)
Olun agah, qızım Leylanı mən verdim bu Haruna,
Gərək qırx gün gecə şadlıq edək hər növü hər gunə.
Hamı
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox!
Canü başdan keçməyə hazırıq biz, bil,
Ömr versin Allahım, çox yaşasın il.
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Canü başdan keçməyə hazırıq biz, bil,
Ömr versin Allahım, çox yaşasın il;
Həm ədalət, həm səxafət, həm şücaət səndə çox! (2 dəfə)
Zeyd
Öldürdün, öldürdün,
Qoy yetim mən öz cəzama!
Öldürdün, öldürdün,
Böylə lazımdır mənə! (2 dəfə)
Hamı
Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox,
Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-harun-ve-leyla-besinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur məktəbdən kənarə bir ç ə m ə n d ə. M ə c n u n bir kənarda durub, L e y l i n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-hicran" havası oxuyurlar.(M u s i q i)
İkinci pərdəVaqe olur L e y l i n i n evində. L e y l i v ə a n a s ı oturubdurlar. Pərdə qalxmazdan qabaq musiqi (səmayi-şəms) çalınır; pərdə qalxır, Leylinin anası oxuyur.L e y l i n i n a n a s ı--
Üçüncü pərdəVaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ə c n u n dəli sifətində çıxır, başıaçıq, ayaqyalın və s.(oxuyur).
Dördüncü pərdəVaqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n Z e y d ilə küçədə durublar. Otaqda toy məclisidir.Musiqidən sonra pərdə qalxır.
Poems by other poets
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Dəniz yanmadıMənsəbdən, şöhrətdən sərxoş bir adam,Dəniz sahilinə gəldi bu axşam.
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi