Vaqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n Z e y d ilə küçədə durublar. Otaqda toy məclisidir.

Musiqidən sonra pərdə qalxır.

Z e y d (rast üstə)--

Dün əxtəri-bəxtin oldu tirə,
Leyli sitəm etdi sən fəqirə.
O, İbn-Səlamə ruzi oldu,
Ruzi sənə dərdi-süzi oldu.
Yar özgəyə oldu şəmi məhfil,
Qaldı sənə tabi-atəşi-dil.

Q o n a q l a r (otaqda)--

Xoşbəxt ol, İbn-Səlam!
Alasan kamü məram.
Keçirəsən xoş günlər,
Bar verə muradın.
Ola bir övladın.
Mübarək olsun toyun.

(Oyundan sonra durub gedirlər, bu halda M ə c n u n şuştər oxuyur.)

M ə c n u n--

Qeyr ilə, yara, nədir seyri-gülüstan etdiyin?
Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?!
Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

(L e y l i içəri daxil olur, M ə c n u n u n səsini eşidir; İ b n-S ə l a m gəlib təəccüblə L e y l i y ə baxır və oxuyur.)

(M u s i q i)

İ b n-S ə l a m--

Leyli, Leyli, bu odlu səs Məcnunundur,
Mən tanıyıram onu.
Məgər, Leyli, bəs bu cünun əl çəkməyibdirmi səndən indi də?
Leyli, söylə, doğrusun söylə,
Səndəmi ona aşiqsən?
İstərsənmi Məcnunun ola aşiqin?

(M u s i q i)

L e y l i--

İbn-Səlam, qoy doğrusun mən söyləyim, mən Məcnuna aşiqəm.
Uşaqlıqdan bir-birimizi sevməyə söz vermişik əhd ilə.
İndi söylə, sən özün söylə, sındıra billəm əhdimi mən?
Məhəbbətin odunu mən söndürə billəmmi, qəlbimi yandırar.

(M u s i q i)

L e y l i--

Bir neçə vaxt sən səbr elə, qoy soyusun eşqin odu.

İ b n-S ə l a m (kənara)--

Yəqin Leyli məni sınamaq istəyir,
Mən fikrini duymuşam.

L e y l i--

İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun da əl çəkə.

İ b n-S ə l a m--

Leyli, mən səbrə hazıram.
Sənin cəfanı mən çəkməyə hazıram,

(Gedir.)

(M u s i q i)

M ə c n u n--

Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.
Sizdə adət bumudur? Böylə olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?!

(Bu halda L e y l i taxt üstə ağlayır. Z e y d və bir neçə nəfər ərəb gəlib M ə c n u n a deyirlər:)

Z e y d və ə r ə b l ə r--

Məcnun, Məcnun, dur gedək,
Bu rəqibin evidir.
Sənə tənə eylərlər.
Bədnam etmə özünü.

L e y l i--

Allah, bu nə sitəm, bu nə zülm?!
Bu nə sitəm, bu nə zülm?!
Eşqin oduna yandım,
Hicran sitəmin qandım.

M ə c n u n--

Bəs sənin vəfan bu imiş, Leyli; bu imiş, Leyli?
Bivəfa da yar olarmı?!(2 dəfə)

Z e y d və ə r ə b l ə r--

Məcnun, dur gedək evinə,
Yazığın gəlsin atana.
Rəhm eylə bir dəm anana.
Leylini səndən ayırdı mürüvvətsiz fələk,
Sən də eşqin havasını başından eylə cida.

(M ə c n u n ərəblərlə gedir).

PƏRDƏ

Vaqe olur İ b n-S ə l a m ı n evinin qabağında. İ b n-S ə l a m qapı ağzında oturur. Musiqi "osmanlı" havasını çalır. Pərdə qalxdıqda L e y l i içəridən çıxıb gəlir və İ b n-S ə l a m ı n qabağında oturur. L e y l i xəstədir.

İ b n-S ə l a m (osmanlı üstə)--

Pərişan-halın oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım.
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım!
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

(M u s i q i)

Əsiri-dami-eşqin olalı səndən vəfa görməm,
Səni hər anda görsəm, əhli-dərdə aşina görməm.
Vəfayi-aşinalıq rəsmini sənə rəva görməm,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım!

L e y l i (təsnif üstə)--

Ey mənə qəmxar olan, görmürsənmi əhvalımı?
Dərdə düşmüş cismimi, oda alışmış canımı?
Daim pərişan halımı.

(M u s i q i)

İ b n-S ə l a m--

Ey gözüm, guş etmədin pəndü nəsihətimi sən,
Bir cünunə mehrini saldın, etdin özünü sən,
Xəstəvü naçar olmusan.

L e y l i--

Söylə bir, İbn-Səlam, gər aşiqi həqiqisən,
Eşq odu düşsə əgər, dəfi onun qabildirmi?
Söndürməsi mümkündürmi?

(L e y l i və İ b n-S ə l a m evə daxil olurlar. Z e y d M ə c n u n u zəncirə bağlı L e y l i n i n qapısına gətirir.)

(M u s i q i)

M ə c n u n--

Leyli, ey bivəfa Leyli!
Özgəyə saldın sən meyli!
Elədin məni divanə,
Sözümü saldın hər yanə, ey zalım! (2 dəfə)

(M u s i q i)

Yaxıldı canım eşqindən,
Titrədi dağlar ahimdən.
Niyə sən bəs, ey bivəfa!
Belə üz döndərdin məndən, ey zalım! (2 dəfə)

(M u s i q i)

Nə qədər təndə var canım,
Yanaram atəşi-eşqə,
Çəkərəm fəqan-ahim,
Yandıraram dağı, daşı, ey zalım (2 dəfə)

(Bu halda L e y l i evdən çıxıb, oxuya-oxuya yüyürür M ə c n u n u n üstə)

L e y l i--

Gəl, ey Məcnun, Leylinəm, al canımı!
Vəfasız olmuşam, billah, tök qanımı!

(M ə c n u n L e y l i n i görcək zəncirini qırıb, geri çəkilib oxuyur.)

M ə c n u n--

Sən Leyli deyilsən, ey pərizad!
Qaç, qəlbimi xunla etmə bərbad.
Aldatma məni, cünun deyib qaç,
Qaç, eyləmə gül üzünlə Leylini yad.

(Qaçır. Z e y d də onun dalınca gedir, L e y l i tək qalıb oxuyur.)

L e y l I (segah üstə)--

Xoşdur nə qədr eyləsə yarım cəfa mənə,
Ta kim, rəqib söyləməsin bivəfa mənə.
Sənsiz diyari-hicrdə sərgəştə qalmışam,
Vəslin ümidi, billah, olur rəhnüma mənə.
Rəna qəsəd qalıbdı belə xürdi-xabidən
Xuni-dilim olubdur, əzizim, qəza mənə.
Qan bəstərində qoyma məni zar-mübtəla,
Ver şərbəti-vüsaldən, ey meh, şəfa mənə.

(L e y l i yerə yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.)

(M u s i q i)

Xor--

Rəhmət olsun sənə, Leyli! (2 dəfə)
Bu dünyada kam almadın,
O dünyada kam alarsan, ey aşiq! (2 dəfə)

PƏRDƏ

Vaqe olur q ə b r i s t a n d a. Bir tərəfdə L e y l i n i n qəbri görünür.

(M u s i q i)

M ə c n u n (bayatı-kürd üstə)--

Sındırdı çərx zülm ilə balu pərim, haray!
Döndərdi tez xəzanə fələk güllərim, haray!
Ey ruzigar, nə eyləmişəm bilməm sənə,
Ümmanə döndü qan ilə çeşmü tərim, haray!

(Bu halda Z e y d bir ərəblə daxil olur.)

Z e y d--

Ey şifteyi-şikəstətale!
Əfsus ki, səyin oldu zaye!
Leyli sənə verdi zindəgani,
Sən ol baqi, ol oldu fani!
Sən sədqəsi olduğun pərivəş
Sədqə sənə oldu, ey bəlakəş!
Əzmi-rəhi-cənnət etdi ol hur,
Firdovs məqamın etdi məmur.

M ə c n u n--

Netdim sənə, qəsdi-canım etdin?!
Qəsdi-dili-natəvanım etdin?!
Eylət məni yar olan diyarə,
Şəm eylə məni məzari-yarə!

(M ə c n u n u L e y l i n i n qəbri üstünə aparırlar. M ə c n u n qəbri qucaqlayıb oxuyur).

M ə c n u n (bayatı-qacar üstə)--

Aşiq oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin hər kim ki, qıymaz canına.
Canını canana verməkdir kəmali aşiqin,
Verməyən can etiraf etmək gərək nöqsanına.

(Deyir, ölür. Bu halda ə r ə b l ə r yığılıb oxuyurlar.)

(M u s i q i)

X o r və ə r ə b l ə r--

Ey bikəs, biçarə qalan aşiq, sadiq Məcnun!(2 dəfə)
Səd heyf ki, ahu qəmin oldu belə zaye!
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır!(2 dəfə)

(M u s i q i)

Olmadın nail Leyliyə sən bəs bu dünyada, Məcnun! (2 dəfə)
Bari o dünyada olasan vəslinə nail.
Axı eşq, eşq, eşq bəladır, bəladır,
Aşiqlik edən dərdə mübtəladır! (2 dəfə)

PƏRDƏ

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 min
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 min
Üçüncü pərdə

Bir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf dağlıqdır. Səhnədə K ə r ə m ilə S o f i dayanıbdır. Musiqi çalır.K ə r ə m (üzünü yollara tutub deyir)--

19126 min
Dördüncü pərdə

BİRİNCİ ŞƏKİLH ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.

191211 min

Poems by other poets