Ordan-burdan 109
Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.
İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər.
Dumanın 4 mayda olan məclisi.
S ə d r i - m ə c l i s. Oturun görək, işimizin axırı nə tövr olur. Vəzirlər bir-iki para kağız göndərib, ancaq o sonranın işidir. İndi qoy bir az Hersen danışsın, səs-küy eləməyin, qulaq asaq.
H e r s e n (durub danışır). Biz bura yığılmışıq ki, milləti irəli aparaq. Amma bu siz öləsiniz, öz canım üçün bizim bu millət bir az yazıpozu qanmırsa, heç vaxt irəli getməz. Mənim sözüm budur.
M a a r i f v ə z i r i. Allah atana rəhmət eləsin! Bax əsil söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, tallah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nə?
İşkol, işkol, işkol və yenə işkol. Amma o cürə siz deyən işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünə tapança çəkə və uçitel də qorxusundan sarılıq azarına düşə. Bəlkə bu cür işkol ola ki, uçitel uşağın üstünə tapança çəkə və uşaq da qələt eləyib, bir də böyük üzünə ağ olmaya! (sağ tərəf bərk əl çalır və “bravo” deyir.)
A r x a n g e l s k i. Mən onu-bunu bilmirəm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nə deyərsiniz, mən ölüm?
H o m i n s k i. Əgər bildiniz firəng qoşununu kim basdı? Nemeslərin uçitelləri. Ona görə bizə lazımdır nə? İşkol!
K r ı l o v. Zarafat oyanda dursun, işkolsuz işimiz fırıqdır.
M a h m u d o v. Kişilər doğru deyir. Amma allahın altında bizim kənd uçitellərinin əhvalına bir baxsaydınız, o saat canınız yanardı. Kişilər, inandırıram sizi ki, bir də görürsən bir abbası tapmırlar ki, dəlləyə verib üzlərini qırxdırsınlar, amma siz fikr eləməyin ki, deyirəm ki, gərək onların donluğu artsın. Xeyr, təki qoysunlar ki, kişilər barı bir doyunca papaq yerə qoyub fikir eləsinlər!
T i q r a n y a n. Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əşi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradavoy qoyur, ya da ki, bir rus mahrasası.
V o z n e s e n s k i. Mən özüm uçiteləm, bunu da sizə deyim ki, bu cürə işkolda uşaqlar biclikdən başqa heç zad öyrənməzlər.
P r u ş k e v i ç. Bu danışanın dili “ishal” azarına düşübdür.
S ə d r i - m ə c l i s. Axmaq-axmaq danışma!
H ə s ə n o v. Vaxtilə, Urusiyətdə “ağa deyir sür dərəyə, sür dərəyə idi”...
Q l e p o v s k i. Bağışlayın, elə indi də Urusiyətdə “ağa deyir sür dərəyə, sür dərəyədir”. Çox füzulluq eləmə, sən küllən! Aşağı otur! (səs-küy düşüb, qalmaqal qopur və ağız deyəni qulaq eşitmir, Həsənov qorxusundan bilmir nə qayırsın və yazıq-yazıq deyir.) Neynək, Sizə görə “sür dərəyə”dir. Amma bizə görə “sür təpəyə”dir. Daha mənə acığınız niyə tutur? (Səs-küy lap bərkiyir, vur çatlasın düşür, Həsənov lap qorxub deyir ki) Yaxşı qoyun oturum aşağa. Neynək, dedim, deməmiş olum.
S ə d r i - m ə c l i s. Kimdən qorxursan adə, heç oturub eləmə, de qurtar sözünü.
P r u ş k e v i ç, Q l e p o v s k i və bir də S a z a n o v i ç. Di hünəri var, danışsın görək!
S ə d r i - m ə c l i s. Ay camaat, istəyirəm Pruşkeviçi, Qlepovskini və Sazanoviçi qovalıyam bayra, nə deyirsiniz?
H a m ı b i r y e r d ə. Ay, nə bir yaxşı iş elərsən! Sən öləsən böyük savab qazanarsan.
S ə d r i - m ə c l i s. Adə, Pruşkeviç və Qlepovski və Sazanoviç, Siz nəsiniz? Bu saat durun rədd olun burdan.
P r u ş k e v i ç, Q l e p o v s k i və S a z a n o v i ç. Yaxşı kamança çalırsan, amma heyif ki, səsi çıxmır.
M ə c l i s ə h l i n d ə n b i r i. Üzünüz tökülsün, ay balam.
S ə d r i - m ə c l i s. Adə, durun rədd olun demirəm sizə?!
P r u ş k e v i ç. Axı çox da deyirsən, sənin sözünə qulaq asan kimdir?
M ə c l i s ə h l i n d ə n b i r i. Adə, adam oğlusan, ayıbdır axı.
Q l e p o v s k i. Belə əlimizin içindən gəlir, çıxmırıq!
S ə d r i - m ə c l i s. Lənət sənə şeytan, dayna! A balam, yəni istəyirsiniz ki, qolunuzdan tutub çıxardam?
S a z a n o v i ç. Di hünərin varsa çıxart.
P r u ş k e v i ç. Allahdan istəyirəm ki, belə bir iş eləyəsən də!
Ə h l i m ə c l i s d ə n b i r i. Balam, hərgah qoçuluq fikrindəsinizsə, onda, bura qoçu yeri deyil, gedin, məsələn, Bakıda qoçuluq edin!
P r u ş k e v i ç. Təvəqqe edirəm, ağzuva yiyəlik eləyəsən, səni danışdıran yoxdur.
S ə d r i - m ə c l i s. Adə, Pruşkeviç, sən atanın goru, dur burdan, yoldaşlarını da götür çıx get, qoy biz burda iş görək.
P r u ş k e v i ç. Atamın goru haqqı, min il qala, getmərəm. Yoldaşlarım özləri bilərlər, gedirlər getsinlər, amma mən getmərəm (yoldaşları durub gedir, Pruşkeviç qalır).
S ə d r i - m ə c l i s (dumaya). Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinə. İnsanda gərək bir az həya olsun. Həya ki olmadı heç nə. Durun, çıxaq gedək evimizə, sizin hamınızın babalı olsun bunun boynuna!
P r u ş k e v i ç. Mənə deyənin boynuna olsun!
S ə d r i - m ə c l i s. Mən namərdəm, əgər səni 15 gün buralara qoysam.
P r u ş k e v i ç. Bu sən öl, keyfim istəyəndə şax gəlib, yerimdə oturacağam, əlindən gələni beş qaba çək.
M ə c l i s ə h l i (bir yerdə). Pah atanla, yeri, get, belə də bihəya olarmı, ay başınıza dönüm! Görəsən bu kimin belindən gəlib, kimin qarnından çıxıb.
P r u ş k e v i ç (gedə-gedə papağını əyri qoyub, oxuyur, öz-özünə deyir). Yazıqlar, dayna, yığılıblar bura ki, milləti irəli aparacağıq! Ədə, mən namərdəm əgər bu dumu qoysam ki, sağ baş gora aparsın.
Kitabxana.az · https://kitabxana.az/en/works/hacibeyov-ordan-burdan-109
Use ← → keys to move, R for a random poem
More by this author
Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim.Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq.
Mərəzlərimizdən biriDünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.
Ordan-burdan 51Rus qəzetələri bir o qədər Vitte – Durnovo – deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Durnovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam – deyə məmuriyyətini tərk etmək istəyir. Durnovo isə – o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır.Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu:
Ordan-burdan 52– Kim deyir ki, Bakı şəhər idarəsinin pulu yoxdur?– Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A.Axundov deyir, çünki şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmir.
Poems by other poets · Satire
İranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.