Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər.

Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır.

Eləsi də var ki, (yox, qoyun bunu ayrı cürə deyim): Əzizim oxucu, əqlində bir adam fərz elə, qoy bu adamın bir ayağında qaloş olsun, bir ayağında başmaq, əynində çuxası olmasın, onun əvəzində tək bircə arxalıq olsun ki, onun parçasını və rəngini tanımaq üçün gərək əlinə bir bıçaq alıb dörd gün çirkini qazıyasan. Belində bir qayış olsun və qayışın ucu da böyürdən sallansın, çiynində bir məhrəba asılsın və o məhrəba da gərək qab dəsmalına oxşasın. Belindəki qayışa ülgüc formunda iti bir bıçaq sancılsın və o bıçaq ilə də qarpız kəsildiyi məlum olsun; onda bu adam olar həmin mən dediyim dəllək.

Bu dəlləklərin dükanı olmaz, bunlar günlərini elə bazarda keçirərlər və özləri də həmişə kəndli-məndliləri qırxarlar, onda çox fənd eləyirlər; məsələn, görürsən ki, bir kəndli yayın isti günü bazara meyvə gətirib satıblar və özü də aşbazdan iki şiş lüləkabab alıb günorta üstü bir sərin yerə çəkilib dürməkləyir və öz-özünə də fikr eləyir ki, görəsən baqqal onu allatmadı ki, evdə arvad nə tapşırmışdı və sairə. Bu vaxt kəndli hiss elər ki, başı kicişir, əlini atar ki, qaşısın – bir adam deyir ki: “Yavaş, tərpənmə, ülgüc başını kəsər”. Kəndçi dik ayaq üstə sıçrar və görər ki nə? Həmin bayaq yazdığım dəllək onun başını bir xeylaq qırxıbdır və özü də məzəmmət eləyir ki, əşi, uşaq-nəvalıq deyilsən ki, düz otura bilməzsən. Otur, tərpəndin, ülgüc də bir az başını cızdı... Sonra bilməyirəm bunların sövdası necə olar, ancaq onu bilirəm ki, kəndli evinə qayıdan zaman başını iki dəsmal ilə bağlamış qayıdar.

Bu söhbəti salmaqdan məqsədim o idi ki, bunu deyim ki, görəsən bu Yevropa hökumətləri ki, belə gəlib müsəlman hökumətlərinin dinməzcə başlarını qırxırlar ki, heç kəs də onlara bir söz deməyir. Qarabağın hansı dəlləklərinə oxşayırlar? Mənim əqlim kəsir ki, bizim bu bazar dəlləklərinə çox oxşayırlar. Nə üçün?

Ondan ötrü ki, məsələn, indi, götürək bu gün İranı, hamınıza məlumdur ki, indiyə kimi İranın başını iki nəfər “dəllək” qırxmaqdadır ki, onlardan birisi ingilis, o birisin də ki (qoy yavaş deyim eşitməsin!) özünüz tanıyırsınız.

İndi də demirsinizmi ki, bu yandan üçüncü “dəllək” çıxıbdır. Budur ki, neçə ildən bəridir ki, Osmanlının başını qırxan və çox vaxt da “bilməyib” qulağını kəsən Germaniyadır. Deyir indi də İranın başını mən də qırxacağam! O birilərə deyir: “Ay balam, axı neçə ildir ki, elə hazır bu kişinin başını podrata götürməmisiniz ha, mən də qırxacağam!”.

Qərəz, mən onu deyirəm ki, İran görsün başına bir təhər çəkə bilərmi, yoxsa, bir də görərsən ki, dördüncü “dəllək” çıxdı; onda bir gün olar ki, İranı da Fas sultanının gününə salıb “kiliz” qoyarlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ordan-burdan 60

Bir “Başıqapazlı”nın söylənməyi“Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”.

2 min
Ordan-burdan 61

Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s.Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..

1 min
Ordan-burdan 62

Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!

2 min
Ordan-burdan 63

“Dərə xəlvət tülkü bəy”Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən?

1 min

Poems by other poets · Satire