Şairi-nəzahətpərvər
Hüseyn Cavid bəradərimə

1

Bir ildırım olsam da, əritsəm gecələrdən –
Bir parça olan örtüyü gülüzlü səhərdən.

Gülüzlü səhər, iştə, qadındır bu firiştə,
Yolgöstəri versin, girəlim biz də behiştə.

Mən Şərqə cəhənnəm deyirəm, Qərbdə də cənnət,
Parlar, duruyor Qərbdə əlvahi-lətafət.

Tə’rif edəcək kəlməsini yox, aradım çox –
Qamusu təmamən, a xudavəndiyi-məxluq!

“Xurşid” desəm, gün də sönükdür nəzərimdə,
Sən kölgəlisən, ey günəşim, rəhgüzərimdə.

Sən kölgəli oldun ki, işıqlar da büründü –
Bir kölgə kimi Şərqdə, yerlərdə süründü.

Təyyarəyə mindi, göyə uçdu doğuran, sən –
Övladın, əya madəri-ali, görüyorsan.

Məşriqdəki oğlun deyir: örtün və bürün sən.
Bu möhtərəm övladına aya nə deyirsən?

Ziynət sənə zindan, sənə pirayə əsarət –
Olduqca yaşar xaki-səfalətdə bu millət.

Sən açmaz isən, bizlərə ümmidi-rəha yox.
Hürriyyətə həsrət qalacaq, bil ki, bu məxluq.

Mərdanı doğan, bəsləyən, iştə böyüdən sən,
Gündüzləri, axşamları daim də güdən sən.

Ey qönçə açan, qönçə saçan gülşəni-məstur!
Ey zülmət içində boğulan xaliqeyi-nur!

Bax, boğmadadır bizləri də dudi-xürafat,
Sən parlamasan, yanmayacaq, bil ki, bu afat.

Əfkarımıza hakimə Əhriməni-övham,
Yəzdani-nicat ol bizə, ey huri-ilham!

Ey huriyi-ilhamı, xudavəndi bu xakın,
Artıq yetişər, açmalıdır çöhreyi-pakın.

Bədbəxtləriz, bəxti açan sənsən, a nisvan!
İmdadə yetiş, kafi deyildirmi bu xüsran?

Yüksək yaşayan qövmləri sən ki, yucaltdın,
Məğribdəki parlaq günəşi sən ki, yaratdın,
Ey madəri-fəyyaz!

2

Çöhreyi-fərda bu gün açsın...

Mən istərəm bu ruzu ki, fəryadə bənzəsin,
Deyilmi məhal?
Huri-zəmin də açsın, əmməllər gülümsəsin,
Nə dadlı xəyal!
Örsün ləbi-şükufəni al xəndə, al həyat
Gülşən də parlasın.
Etsin məşami-ruhumu sərməst rayihat.
Könlümü dilbər qucaqlasın.
Dönsün qadınla mən yaşayan yer məzahirə,
Açılsın təbiətim.
Gül dəstə-dəstə, istə, al əş’ari-zahirə,
Versin də cənnətim.
Mən istəməm də öpsün o cinsi-lətifi, ah,
O məl’un niqablər,
Nurdan hörülsə də üzü tutmuş olan siyah,

Yerə keçsin hicablər!
Göydən də ensə yırtılı versin ki, pərdədir.
Söyləyim ki, səbəb nədir?
Məğribdə öldü, Şərqdə şəbafəridədir,
Ə’malı burda, Qərbdə çoxdan dəridədir.

3

“Örtün” deyirsən?..

Mən istəməm bu örtüyü, ey şair, istəməm!
Neçinmi ya?
“Örtü!” Bunu yaqdı ki, Qərb oldu möhtəşəm,
Pürfeyzü pürziya!
Lazımsa örtü, biz nədən aya güşadəyiz?
Mə’qul bir cavab:
Xilqətdən anlaşıldı ki, azadəzadəyiz,
Doğulduq ki, biniqab!
Mən pənbə çarşabın da ədüvvi-həyatıyam,
Ölsün niqablər!
Hürriyyətin də canlı olan bir bəratıyam,
Yaşasın aftablər!
Məğrurü möhtəriz baxış yaxışar cinsi-ənfəsə,
Bu qaranlıq nə? Parladın!
Çarşaf yaxışmayır o sabahi-müqəddəsə.
Yaxışırsa, siz anladın?!
“Çarşaf!” Bunu qovmalıyız həp lüğatdan,
Yaşasın ləfzi-inkişaf!
Dərmək dilərsinizsə çiçəklər həyatdan,
Açsın bu ruyi-saf!
Açsın o ruyi-pak, o rüxsari-tabnak,
Gülsün bu qəm yeri!
Olsun tərəbfüruz bu matəmliqalı xak,
Olsun nəğəm yeri!
Bizlər də anlasaq yaşamaqdan nədir murad?
Varlıq yerində ya!
Ruyi-əməl açılmalı, yox olsun insidad!
Parlasın ziya!
Doğmaz zəmini-Şərqdə ruhi-tərəqqiyyat,
Doğmazsa inqilab!
Böylə gedişlə gec gələcəkdir təkamülat,
Ey Məşriqi-xərab!
Gəzdim cahani-Qərbi, gözəl gördüm, anladım:
Yüksək, işıq həyat!
Şərqin sönüklüyün düşünüb, parlaq ağladım,
Şərqə dedim: lövheyi-məmat!
Nisfi ölən bu millətin əncamı? Söyləsəm:
Nabudü bivücud!
Məhkumluq da yoxluğa bənzər desəm, desəm,
Dəli söylər mənə ənud!
Ruhi-həyatı anlamayan qövm mürdədir,
Zahirdədir diri.
Ciddən cahanı anlayan əqvam zindədir,
Kəmalat məzhəri!
Əndami-tam, nisfi-bədən birmi? Söyləyin,
Ey möhtərəm zəvat!
Bu, yüksəliş yerində bir isə deyin, deyin!
İsbata bəyyinat –
Vardırmı? Yoxdu qane edən bəyyinatınız!
Çox yaxşı bilmişəm.
Bürhanınız var isə – bugünkü həyatınız!..
Nə gözəl də düşünmüşəm.
Əndami-tam Qərbdə qüvvətnümundur,
Hökm isə qüvvətin!
İştə yarım bədənli bu millət zəbundur.
Məhkumu zillətin.
Qərb aləmi çalışmada əndami-tam ilə.
Məşriqdə natəmam!
Əndami-tam bir olamaz natəmam ilə,
Ey şairi-bənam!
Məhbubeyi-əməl nədi cahil qalanlara?
Buna bir qayə izlərəm.
Ey canlı kölgələr, baxın ülvi cahanlara!
Sizi yüksəlmiş istərəm.

Mən ölmədən siz dirilin, kamyab olun!
Görsün bu gözlərim.
Yüksəklənin, işıq yaradan afitab olun!
Parlaqmı sözlərim?
Parlaq düşincə istər işıqla qaranlığı –
Ayırsın və anlasın!
Lazım təbib kim, bilə bilsin də sağlığı,
Həyatı qucaqlasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets