Ah, bədməstü xərabız cümləmiz bir camdən,
Min günəş doğsa, oyandırmaz şəbi-övhamdən.
Dinləyin iqrarımı, yaran, dili-nakamdən:
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Ah, yox bir hal əməlbəxşayi-istiqbal ola!
Yox iki qardaş belə islamdə yekbal ola!
Qorxuram bu ixtilafın ardı izmihlal ola!..
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


İntibah etsin deyə islam fəryad eyləriz,
Min nəva, min növheyi-dilsuz inşad eyləriz,
Zənn edərdik ümməti-islamı irşad eyləriz,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Çünki elmü dinü dəhrə iltifatın yox sənin,
Yox deməkdir, yox deməkdir, yox həyatın, yox sənin!
Eyyühəl-islam, ümmidi-nicatın yox sənin,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Nuri-ürfanla gərək tənvir qəlbü qalibi,
“Ütlübül elmə vəlov bis-Sin...” buyurmuşdur nəbi,
Rəxnədar etdik cəhalətlə əsasi-məzhəbi,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Başqa bir vadidə puyandır Firəngistan bu gün,
Onları təhqiri, heyfa, sanmışız iman bu gün!
Bu gedişlə onlarındır atiyi-imran bu gün,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Düşməni-ənvar olur ol çeşm kim, binurdur,
Nəzreyi-xəffaşdə, əlbət, günəş mənfurdur,
Didə görməz, guş eşitməz, fikrimiz məsturdur,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.


Daşlara tə’sir edərdi naleyi-cangahımız,
Olmadı tə’sirbəxşi-əhli-islam ahımız,
Nifrət etmiş sanki bizdən, Hadiya, Allahımız,
Qət’i-ümmid eylədik biz doğrusu islamdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets