Page 3 of 3 · 67%

Salman və Süleyman durub gəlirlər.

Və l i. Mənim əqidəmcə, duel haram bir əməldir. Mən harama mürtəkib ola bilmərəm.

Hüseyn. Bəs onda sən qorxaq tülküsən. Tülkünü də gərək tülkü tək öldürmək. Al gəldi. (Havaya bir güllə atır.)

Vəli (qışqırır). Ay müsəlmanlar, qoymayın, bu kafir məni öldürdü! Ay haray, ay aman!

Həsən (cəld gəlir). A kişilər, niyə bir-birinizi qırırsınız, amandır, Allahdan qorxun, bura qan tökməyin. A gədə, Zərbəli! Zərbəli!

Zərbəli. Buradayam, xozeyin!

Həsən. A gədə, tez ol, qaradovoy çağır! Cəld ol! Yüyür!

Zərbəli qapıya tərəf gedir, Hüseyn qabağını kəsir.

Hüseyn. Qayıt geri, yoxsa iti öldürən kimi öldürərəm! Zərbəli mətbəxə qaçır. Vəli isə “ay haray, ay qoymayın”, deyə-deyə dolanır,

Hüseyn onun dalınca. Axırda Vəli özünü pəncərədən çölə atır.

Hüseyn. Mənim əlimdən sən heç haraya qaçıb qurtara bilməyəcəksən. (Dalınca pəncərədən atılır.)

Həsən. A kişilər, görürsünüz? Heç nahaqdan bir-birini öldürüb, qanı tökəcəkdilər dükana, mən də düşəcəkdim işə. Gərək il uzunu işimi-gücümü, dükanımı unudub, divana yol döyəydim. Yaxşı oldu rədd oldular. Kəlləpaçanın da pulu cəhənnəm, tək xatalarını başımdan sovsunlar. Lap dəli imişlər ki! Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Bu müsəlman oyunbazları da onlardan qalmazlar. Bunların hamısını bir qalıbdan çıxarıblar. Qəribə də özlərinə ad qoyublar: deyirlər, biz oyunbaz deyilik, biz “arsız”ıq. Heç belə ad olmaz, arsız ki, arsız. (Gedir.)

S a lma n. Süleyman, getməyək?

Süleyman. Naharı elədik, tay nə oturaq, dur gedək bağa.

S a lma n. Onda çağıraq aşpazı, pulunu verək. (Əlini cibinə salır.)

Süleyman. Nə qayırırsan? Elə şey ola bilməz. Naharın pulu məndən çatacaq.

S a lma n. Sənin canın üçün, əsla qəbul eləmərəm. Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən aramıza inciklik düşsün? Səni mən göydə axtarırdım, yerdə əlimə düşübsən. Mən ki səni bir dəfə qonaq etməyəcəyəm, nəyə lazımam?

Süleyman. Bu dəfə qoy mən verim pulu. Sabah mən sənə qonaq olaram.

S a lma n. Mən sənin canına and içmişəm, andımı pozsam adam olmaram.

Süleyman. Xub, sözüm yoxdur, tək sənin xatirin xoş olsun, verirsən ver.

Salman. Bax belə söylə ki, xoşuma gələsən. (Ciblərini axtarır.) Süleyman, bir iş var axı... Sən öləsən, heç belə yaman işə düşməmişdim...

Süleyman. Nə olub?

Salman. Nə olacaq, xəcalət çəkirəm deməyə, pul kisəm evdə qalıb.

Süleyman. Birdibli deginən pulum yoxdur. Sən öləsən, mənim özümdə də diş qurtlamağa bir quruş tapılmaz.

S a lma n. Bəs onda tədbir lazımdır. (Durub Süleymanın qulağına söz deyib əyləşir yerində.)

Süleyman. Çox gözəl tədbirdir. Heç belə tədbir olmaz. (Qabı döyür.)

Həsən (daxil olur). Nə buyurursunuz?

Süleyman. Neçə çatacaq? (Durur ayağa.)

Həsən. Dörd abbası.

Süleyman əlini cibinə salır.

Salman (yaxına gəlib). Heç mümkün deyil, naharın pulu məndən çatacaq. Məşədi, buraya gəl. (Həsənin qolundan tutub səhnənin o başına aparır.)

Süleyman. Kişinin sözü bir olar. Demişəm nahara qonaqsan, danışma. (Gedib Həsənin qolundan tutub səhnənin o biri tərəfinə çəkir. Orada cibini qurtdalayır, guya pul çıxarmaq istəyir.)

S a lma n. Süleyman, mən ölüm, bu qədim höcətliyindən əl götür. Bu nə xasiyyətdir səndə? (Gəlib Həsənin qolundan tutub o biri tərəfə aparır.) Bəri gəl.

Süleyman. Deyirəm qəbul etməyəcəm, inan! Yoxsa aramızda həqiqət, inciklik olar. (Həsənin qolundan tutub o başa aparır.) Buraya gəl!

Həsən. A başınıza dönüm, bunun maliyyəti dörd abbasıdır. Hansınız verirsiniz verin, daha məni niyə çaqqal sürütməsi eləyirsiniz?

Salman (Həsənə). Məşədi, biz iki dostuq, neçə ildir bir-birimizdən ayrılmışıq. Heç sən də razı olmaginən ki, dörd abbasının üstündə bizim davamız düşsün.

Həsən. Allah eləməsin, dörd abbası nə artıq şeydir ki, onun üstündə bir dava da salasınız. Hər biriniz iki abbası verin, qurtarsın getsin.

S a lma n. O da olmayacaq. Sən gəl bir şeyi qəbul elə. Biz dəsmalla sənin gözlərini bağlayaq. Hansımızı tutsan, pulu o versin.

Həsən. Nə deyirəm, təki sizin aranızda inciklik düşməsin.

Həsə nin kəmərindən dəsmalını alıb gözlərini bağlayırlar, sonra qaçırlar.

Həsən iki qollarını açıb axtarır. Bu halda Zərbəli mətbəxdən çıxıb Həsənə tərəf gəlir.

Həsən (Zərbəlini qucaqlayır). Aha, yaxşı tutmuşam. (Dəsmalı gözündən götürüb, Zərbəlinin başına qapaz vurur). Sən nə əlayağa dolaşırsan, nadürüst məlun! Yolla düz gedə bilmirsən? Yə! (Mat-məhbut o yan-bu yana baxır).

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets