Həmin yerdə. Mustafa bəy və Gülməmməd söhbət edilər.

Mustafabəy. A balam, bu kəndə nə olub? Xarabaya dönüb, bir insan görünmür.

Gülməmməd. Camaat axşamdan gedib, vaxtdır, İndi qayıdarlar.

Mustafabəy. Haraya gediblər?

Gülməmməd. Həftə bazarına. Axşam yüzbaşı hökm gətirmişdi ki, Bakıda təzə hökumət əmələ gəlib. Nə bilim, deyirlər ki, bəylərin yerlərini bütün alıb rəiyyətə paylayacaqlar. İndi həftə bazarına hökumət adamları gəlib. Camaatı oraya çağırırlar ki, təzə zakonu onlara xəbər versinlər. Bu xəbər gələn kimi uçitel Mirzə Kərim camaatı yığıb başına dedi: gərək kənddə bir nəfər başıpapaqlı qalmaya. Hamını da həftə bazarına apardı. Yüzbaşının da ayağına buxov vurub, tövləyə saldılar. Camaatdan ayağına gücü çatan, həmin saat piyada yola düşdü. Qalanı da adama bir at, iki adama bir at minib getdilər.

Mustafabəy. Bəs bunu niyə mənə xəbər vermədin? Gülməmməd. O vədə sən yatmışdın. Oyatmağa cürət eləmədim. Bir də, bəy, xəbər verməyin nə faydası?! Buranın bəyi Mirzə Kərİmdir. Camaatın uşaqlarının başlarını tutub bir-bir kəsə, ondan inciməzlər.

Mustafabəy. Mirzə Kərim də gedib?

Gülməmməd. Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır.

Mustafabəy. Nə çarə qılım? Pristava neçə dəfə dedim. Naçalnik bizə gələndə ona yalvardım, bu nadürüstü mənim başımdan rədd eləsin, söz verdi. Sonra şkolalar böyüyü gəldi. O da deyir ki, bəy, İndiyə tək bu kənd şkolası on-on beşdən artıq şagird görməyib. Amma Mirzə Kərim yetmişdən artıq yığıb. Belə əvəzsiz müəllimi heç vaxt götürmək olmaz. Deyir, əgər şkola tutsa, camaat ona iki yüz uşaq verər. Xülasə, ondan da əlac olmadı. İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə!

Gülməmməd. Bəy, özün də boşluq eləyibsən. Nə olardı, gədələrin birinə min manat verəydin, qulağının dibinə bir güllə qoyaydılar, yataydı yerə!..

Mustafabəy. Elə onu de də! O da mənim axmaqlığımdan! Bundan sonra onun qabağında durmaq olacaq?!

Gülməmməd. Bəy, mən bundan da bədtərindən qorxuram.

Mustafabəy. Necə bədtərindən?!

Gülməmməd. Qorxuram, canımız da əldən gedə. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ələlxüsus ki, həftə bazarından ağzı yelli gələlər. Hətta bunu sizə demək istəyirdim. Gedəndə deyirdi ki, bazardan qayıdandan sonra Mustafa bəyi yüzbaşıdan pis kökə qoyacağam!..

Mustafabəy (fikrə gedir). Yaman günə düşmüşük. Doğrudan da, haramzadədən nə desən çıxar. Bilirsən, Gülməmməd, biz burada dayana bilməyəcəyik. Uşaqlara deginən atları çəksinlər, minək, bir yana çıxaq.

Gülməmməd. At nə gəzir minəsən.

Mustafabəy. Necə? Nə söyləyirsən?!

Gülməmməd. Söyləmək yoxdur, axşam mehtər tövlənin qapısını açıb, atların hamısını verdi camaata! Sənin kürən atını da Mirzə Kərim mindi.

Mustafabəy. Bircə a nadürüst mehtəri buraya çağır, onun atasına od vurum. Tez çağır!

Gülməmməd. Burada mehtər nə gəzir, çağırım! O da mənim atımı minib gedib.

Mustafabəy. Bəs, o bədbəxt oğlu, niyə gəlib mənə xəbər vermədin? Yatmışdım, ayağımdan sürüyüb oyada idin.

Gülməmməd. Çox da oyatdım, nə faydası? Bir az da hörmətin gedəcək idi. Mehtərə mən deyəndə ki, ay balam, mənim atımı niyə minirsən, dedi, dayan, bazardan gəlib sənin özünü minəcəyəm. Hələ çox söz dedi, doğrusu, demək istəmirəm. (Bir az dayanıb) Hələ sənin də haqqında bir az artıq-əskik danışdı. Deyir, ağanla sən mənə eşşək arpası yedirtmisiniz. İndi də plovu yeyib arpanı sizə yedirdəcəyəm. Xülasə, çox baş apardı.

Mustafabəy. Yox, iş qorxuludur. (Gülməmmədə) Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar.

Gülməmməd. Bəy, bu kənddə başıpapaqlı bir sənsən, bir də mən!

Mustafabəy. Bəs nə etməli, nə çarə etməli?

Gülməmməd. Özünü toxtaq saxla, budur, camaat qayıdır.

Mustafabəy (həyəcanla gəzir). Yox, yaman yerdə axşamladıq. Hamısını eləyən o Mirzə Kərİmdir. (Cavan bir kəndli səhnədən keçir.) Ay gədə, bir dayan görüm.(Kəndli dayanıb əyri-əyri baxır.) Keçəndə niyə salam vermirsən? (Kəndli cavab verməyib keçərkən) A gədə bir dayan!

Cavankəndli (dayanır). Nə deyirsən?

Mustafabəy. Haradan gəlirsən?

Cavankəndli. Həftəbazarından.

Mustafabəy. O Bakıdan gələnlər kİmdir? Nə danışırdılar?

Cavankəndli. İndi vaxtım yoxdur, sonra deyərəm. (Gedir)

Mustafabəy. Bihəyanı görürsən!

Gülməmməd. Allah bədtərindən saxlasın.

Mirzə Kərim səhnədən keçir.

Mustafabəy. Mirzə Kərim, Mirzə Kərim. Bir buraya zəhmət çək.

Camaat dəstə ilə keçir.

Mirzə Kərim. Nə buyurursan, bəy?

Mustafabəy. Bircə sən bu işləri mənə başa sal!

Mirzə Kərim. Mən, doğrusu, heç bir şey başa sala bilmərəm!

Mustafabəy. Bu Bakıdan gələnlər necə şeydir?

Mirzə Kərim. Bəy, mən bir neçə illərdir ki, bu barədə danışırdım. İndi dəxi sözüm yoxdur. Bundan sonra camaatla özünüz danışacaqsınız. Mən vəzifəmi qurtarmışam!

Mustafabəy. Doğrusu, mirzə, camaatın halını pis görürəm. orxuram, məni bihürmət eləyərlər. Sən onlara nəsihət elə. Deginən ağsaqqal ağanızdır, onun hörməti vacibdir. Əgər istəmirlər, baş üstə, mən elə bu gün buradan baş götürüb gedərəm. Kənd də sizin, mülk də sizin, əkin də, su da, heyvanlar da...

Mirzə Kərim. Bəy, cavabını bir neçə gün bundan qabaq döydürüb öldürdüyünüz Atakişi oğlu Cəfərin oğlu sizə verər. Mən çox dedim. Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdiniz!

Mustafabəy. Mirzə Kərim, avamam, savadım yoxdur, dərsim yoxdur. Başa düşməmişəm. Amandır, camaat hamısı sənin sözünə baxır. Gərək mənə sən bir təhər çəkəsən!

Mirzə Kərim. Səhv edirsiniz, bəy. Heç bir savad əhli sən görən işi bacarmaz. Heç bir alim ustalıqda sizə çatmaz! Siz nə buyurursunuz! Bağışlayın, mənim əlimdən heç bir şey gəlməz. Budur, camaat gəlir. Söhbəti eləyə bilərsiniz.

Mirzə Kərim çəkilir kənara. Bu dəstə camaat, qabağında Ocaqverdi, əli
ndəqırmızı örtülü tabaq daxil olur. Səhnə oğul-uşaqla dolur.

Ocaqverdi (baş əyir). Bəy, sən İndiyədək bizə ağalıq eləyibsən. Babalarımız sənin babalarına qulluq edib. Atalarımız atanızın qapısında olublar. Özümüz də özünüzə nökər olmuşuq. İndi də işlər dəyişib. Hamı bəylərin yerləri və dövlətləri rəiyyətə paylanır. Biz də borc bilirik, gəlib səndən İndiyədək gördüyümüz insaniyyətin, yaxşılığın razılığını edək. Həmişə qapına taxıla, pula gəlmişik, çörəyə gəlmişik, heç vədə əliboş yola salmayıbsan! Biz səndən çox razıyıq. Allah səndən razı olsun.

Mustafabəy. Camaat, Allah bilir ki, mən heç vədə sizi öz övladımdan seçməmişəm. Həmişə sizin xoşbəxtliyinizi istəmişəm. Doğrudur, bəzinizi incitmişəm, ola bilsin döymüşəm, ya söymüşəm. Hamısını atalıq, böyüklük cəhətincə eləmişəm. Amma yenə də təvəqqe edirəm məni bağışlayasınız!.. Mən özüm öz xoşumla var-yoxumu sizə verib, bu gün buradan gedəcəyəm.

Ocaqverdi. Allah sizdən razı olsun, ağa! Biz səndən çox razıyıq və səni buradan heç yana qoymayacağıq gedəsən! Gərək həmişəlik bizim içimizdə qalasan. (Tabağı qoyur yerə.) Bu peşkəşi də təvəqqe edirik biz nökərlərinizdən qəbul edəsən.

Mustafa bəy peşkəşi alır, örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görüb rəngi
qaçır və özünü itirir.

Ocaqverdi. Bəy, bu bir şey deyil, bu həmin Cəfər kişinin boğazına çalıb sürütdürdüyün kəndirdir. Bilirsən, bəy, sən bu ağacı çox sevirsən və həmişə də deyirdin ki, mən vəsiyyət edəcəyəm ki, öləndə məni bu ağacın dibində basdırsınlar. İndi biz də belə məsləhət görmüşük ki, səni bu ağacdan asaq, həmin bu qanlı iplə və bədənini də öz vəsiyyətinə görə burada basdıraq! Ta həmişəlik bu sevgili ağacın kölgəsində yatasan. Bu istəkli nökərin Gülməmmədi də səndən ayırmayacağıq. Zəhmət olmasa, ayağa qalx! (Mustafa bəy istəyir söz desin, dili tutulur, söz deyə bilmir.) Uşaqlar, deyəsən bəyin qıçı ağrıyır, ayağa qalxa bilmir. Heç zəhmət verməyin! Gəlin özünüz götürün! (Bəyə) Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Üç dəqiqdən sonra ruhun cənnətdə plov yeyəcək. Gətirin, uşaqlar. (Neçə nəfər cavan, bəyi gətirib ağacdan asırlar.) Gülməmmədin də qollarını bağlayın.

Gülməmmədi də tuturlar.

Gülpəri (daxil olur). Bunumu istəyirdin, Mustafa bəy? İndi al payını! Camaat, mən sizin qızınızam. Bu zalım məni güclə atamın əlindən alıb, gətirib zindana salıb, İndiyədək əzab verirdi. İndi bu cəzasına çatdı. Mən də bunun qapısını sizə açıram. Gəlin nə qədər pulu, malı, dövləti, qızılı var, hamısını aparın. Hamısı sizə Qurbandır.

Camaat tökülüşürlər.

Mirzə Kərim (qabağa yeriyir). Camaat, sakit olun. (Hamı sakit olur.) Mustafa bəyin dövlətindən gərək heç şey dağılmasın. Hamısı gərək siyahiyə salınsın və qayda üzrə camaat vəkillərinin ixtiyarına verilsin ki, onlar da camaata təqsim etsinlər. İndi, camaat, min illərlə boynumuzda olan əsarət zənciri qırıldı və bu əmlaka siz sahib oldunuz. Siz də gərək sübut edəsiniz ki, bu nemətlərə layiqsiniz. İndiyədək bəylərə işləmisiniz, İndi özünüzə işləyəcəksiniz. Bəy sizi zorla işlədib, İndi isə özünüz həvəslə, uşaqlı-böyüklü çalışasınız və ikiqat, üçqat zəhmət çəkib bu ixtiyarınıza keçən mülkü abad edəsiniz. İndiyə qədər gündüzlər işləyib gecələr yatıbsınız. İndi isə lazım olsa gərək gecə də işləyəsiniz. Gərək sizin hər birinizin daxmalar əvəzinə gözəl imarətiniz olsun. Qapınızda heyvanlarınız olsun. Evlərinizdə elektrik çıraqları yansın. Yavan çörək əvəzinə plov yeyəsiniz. Bunun hamısı zəhmətlə olar. İndiyədək hökumət pulun əlində idi. Bundan sonra hökumət zəhmətkeşlərin əlində olacaq. Ağ əllərin dünyası məhv oldu. İndi yaşasın qabarlı əllər!..

Camaat. Yaşasın Mirzə Kərim! Yaşasın bizim müəllimimiz!..

Mirzə Kərim. Analar, bacılar! Siz də cəhrələrinizi, daraqlarınızı sazlayın, başlayın yun əyirməyə, şal toxumağa. Sizin yolunuzda qanlar töküləcək. Çünki hələ dünya təmizlənməyibdir. Mustafa bəylər çoxdur. Bu yolda çalışan cavanlarımıza libas lazımdır. Bunu siz analar verəcəksiniz. Xırda uşaqlar da gərək məktəbə getsinlər. Çünki bizim gələcək ümidlərimiz balalardır. Məktəbimiz dar olmağına görə Mustafa bəyin evini məktəb və camaat evi qayırırıq. Haydı, qardaşlar, ürəklə yapışın kotanın dəstəyindən! Yaşasın zəhmət! Məhv olsun zülm!

Camaat. Yaşasın zəhmət! Yaşasın Mirzə Kərim!

Mirzə Kərim. Yaşasın camaat hökuməti!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets