Birinci pərdə
Əhvalat vaqe olur. Mustafa bəyin evinin qabağında. Səhnənin ortasında bir böyük ağac.
Gülpəri ağacın altında bir böyük xalça və döşək salıb ətrafına su səpir. Neçə nəfər kəndli,
əllərində torba, xurcun, müntəzir durubdurlar. Sair kəndlilər, əllərində oraq, balta, bel, kürək
səhnədən gəlib, yığılanlara salam verib keçirlər.
Ocaqverdi (əlində torba, Gülpəriyə). A qız, ağan hələ gəlməyibdir ki?
Gülpəri. İndicə atdan düşüb, dədə, bu saat gələr. Amma çox hirslidir.
Ocaqverdi. Yenə nə xəbərdir?
Gülpəri. Nə olacaq, səhər darğa xəbər gətirdi ki, bu gecə Atakişi oğlu Cəfər su oğurlayıb. Kəhrizdən qol ayırıb, aparıb pambığını suvarıb. Bəy də çox hirsli durub, atını minib getdi. İndi Cəfərin boğazına ip salıb, yəhərin dalına bağlayıb burayadək sürüyüb. Yazığı o qədər döydürübdür ki, bədənində sağ yer qalmayıb. (Səs gəlir.) Budur, ağa gəlir.
Hamı kənara çəkilir.
Mustafabəy (daxil olur). Heyvan uşağı heyvan! (Gülpəriyə) Ay qız, get ayran gətir. (Gülpəri gedir.) Heyvan uşağı heyvan! (Oturur ağacın dibində.) Nə halal qanırlar, nə haram. Zalım oğlu, pambığa su lazımdır, insan kimi gəl istə, apar. (Camaata.) Hamınız haramxorsunuz, hamınız oğrusunuz! Guya Allah buyuran yolla su aparıb, pambıq məhsulunun dörddən birini bəyə versəniz, canınız çıxar. Odur ki, Allahın qəzəbi sizə keçib, əkinlərinizi gah çəyirtkə yeyir, gah dolu vurur, gah quraq aparır. Özünüz də yaz əkinçi, qış dilənçi. (Gülpəri kasada ayran gətirir, bəy içir.) İndi, budur, buraya yığılıbsınız, nə istəyirsiniz?..
Birincikəndli. Ağa, çörəyimiz qurtarıb, bir az arpaya gəlmişik. Özün bilirsən, biçin vaxtına bir şey qalmayıb, xırman vaxtı gətirib verərik.
Mustafabəy. Budur... Iki aydan sonra arpa döyəcəksiniz. İndi acından ölürsünüz. Nə qədər arpa lazımdır?
Birincikəndli. Adama yarım çuval olsa, bəsdir.
Mustafabəy. Adama yarım çuval verərəm, bəşərtiha xırmanda hər biriniz bir çuval arpa verərsiniz!
İkincikəndli. Ay ağa, axı biz sənin övladınıq. Bizi niyə belə dara qısnayırsan?
Mustafabəy. Əskik olmaz. Istəmirsiniz, canınız çıxsın, acından qırılın. Zalım uşaqları, mənimlə şərikli kəhriz çıxartdırıbsınız ki, suyumu da oğurlayırsınız?!
Ocaqverdi. Uşaqlar, danışıq lazım deyil, bəy bir çuval istəyir, biz də bir çuval verərik. Gəlin bəri.
Mustafabəy. Ocaqverdi, sən çox baş aparırsan. Yoxsa güman edirsən ki, qızın mənim evimdədir, sənə mən heç bir şey edə bilmərəm? Vallah, səni Cəfərdən pis kökə qoyaram!
Ocaqverdi. Bəy, bizim canımız bərkdir. Hər şeyə davamımız var, nə olar, döyəndə döyərsən. Qızımı zorla evimdən çəkdirib aparıb özünə siğə elədin, əlimdən nə gəldi ki, yenə də nə gəlsin?
Mustafabəy. Sənin qızın mənim evimdə arvaddır, sən gərək fəxr eləyəsən. Nəinki boş-boş danışırsan. (Mirzə Kərim görünür). Hamınızı, bax bu gələn (göstərir) xarab eləyib.
Ocaqverdi kəndlilərə əl edir, hamısı gedirlər.
Gülpəri. A bəy, axı Cəfər kişi ölür. Bədənində salamat yer yoxdur. Ölü kimi yıxılıb, nəfəsi də çıxmayır. Boğazından bir damcı su keçməyir.
Mustafabəy. Heç zad olmaz. Rəiyyət canı it canından bərk olar. Get gedələrə deginən bədəninə təpitmədən zaddan salsınlar.
Gülpəri gedir.
Mirzə Kərim (daxil olur). Salaməleyküm.
Mustafabəy. Təzə qəzet alıbsanmı? Nə var nə yox, yenə nə yalanpalan yazıblar?
Mirzə Kərim. Yalan-palandan sonra sənə söylərəm. Ancaq, bəy, yaxşı iş görmürsünüz. İndi bu saat Cəfərin oğlu gəlmişdi yanıma, deyir, bəy atamı o qədər döyübdür ki, atam ölür. Bəy, doğrusu, belə işlərin axırı xeyir olmaz.
Mustafabəy. Mirzə Kərim, bu kəndin içində bircə ağıllı adam sənsən. Sən də bu cür danışanda mən təəccüb edirəm. Mən xərc çəkmişəm, pul tökmüşəm, qat-qat qabıq qoyub, kəhriz çıxartmışam. Camaatdan mən suyu müzayiqə etmirəm, gəlsinlər aparsınlar. Amma qaydası ilə, Allah buyuran yolla. Nəinki oğurluqla. Sən də, eşidirəm, camaata nəsihət etməkdən, onları başına yığıb hamısını da xarab eləyirsən. Budur, camaat tamam itaətdən çıxıb. Camaatı yığıb onlara qəzet oxuyursan, nə bilim, Rusiyədə bəyləri güllə qabağına qoyurlar, mülklərini alıb camaata verirlər, daha nə qayırırlar bilmirəm. Axır bunlar nəyə lazımdır? Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. İndi uşağı da dİndirmək olmur.
Mirzə Kərim. Bəy, camaatın müəllimi mən deyiləm, vaxt özü müəllimdir, zəmanə özü müəllİmdir. Qaranlıqda qalanların, işıq arzusunda, əsarətdə, zindanda qalanların azadəlik arzusunda olmaları təbiidir. Dörd ətrafı işıq tutan zaman qapıları basıb camaatı işıqdan məhrum etməyin nəticəsi bu olar ki, təqazayi-vaxt o qapını açar və bağlayanı cəzasına yetirər. Bağışlayın, bəy, söhbət düşübdür, danışıram. Odur, Cəfər kişinin boğazına ip salıb sürütdüyübsən və özünü də o qədər döydürübsən ki, İndiyədək özünə gəlməyib. Bunun adını nə qoymaq olar? Məgər İndi xan əsridir? Camaatın ayağı Tiflisdə, Bakıda, Gəncədə. Hamısının gözləri açılıb, hamısı ayılıblar. Naçalniklərə, pristavlara, yasavula bel bağlamaq olmaz. Camaat qisası sel tək axarsa, onun qabağını almaq çətin olar. Siz İndi buyurdunuz ki, pul qoyub kəhriz çıxartmışam. Haradandır o pul? O pul rəiyyətlərin əziyyətinin nəticəsi
deyilmi? Buyurursunuz qat-qat qabıq qoymuşam. Xeyr, yalandır. Siz qabıq qoymamışsınız. O qabığı bu fəqir camaat qoyub. Siz ancaq fəhlənin başının üstünü zalım kimi kəsdirib, tamaşa eləyibsiniz. Kəhrizi çıxaran fəhlədir. Bunlar keçəndən sonra Cəfər kişi su oğurlayıb. Sənin oğlun ona suyu bir gecəlik satıb, pulunu alıb şəhərə kefə gedib. Bunu mən təhqiq etmişəm.
Mustafabəy. Qurtardın?
Mirzə Kərim. Bəli, bəy, qurtardın. Bağışlayın, başağrısı oldu.
Mustafabəy. İndi də mən deyim.
Mirzə Kərim. Buyurunuz.
Mustafabəy. Bilirsən, Mirzə Kərim, mən sənin xatırını çox istəyirəm. Çünki doğrudan da başıdolu oğlansan. Amma səndən mən təvəqqe edirəm, gündüz gedib şkolada dərsini verib, qayıdıb evində oturarsan. Səndən də qabaq burada müəllim var idi. Nə camaat onu tanıyırdı, nə o camaatı. Sən uçitelsən, dərsinə məşğul ol. Sənin nə borcuna, bəy belə gəldi, rəiyyət belə getdi. Qəzet alırsan, özün oxu. Yığıb onlara qəzet oxumaq lazım deyil.
Camaat qəzeti nə eləyir? Qoy getsinlər əkinlərinin, biçinlərinin dalınca. Yenə sənə deyirəm, ağıllı ol, sən bir ağıllı oğlansan. Bir kasıb kişinin oğlusan, gəlib burada bir parça çörək yeyirsən. Mən istəmirəm ki, bizim aramızda inciklik olsun.
Mirzə Kərim. Bəy, mən sizin xeyrinizi dedim. Mən yoxsul bir müəllim babayam. Haraya getsəm, beş uşağa dərs verib dolanacağam. Mülküm yox, evim yox, malım yox, qovulmaqdan da qorxmuram. Dustaqxanaya saldırarsan, bir parça çörək yeyib Dustaqlara dərs verərəm. Sürgün elətdirərsən, haraya getsəm, müəllimlik mənə çörək verəcək. Amma vay sizin halınıza. Buna görə də mən sizin öz məsləhətinizi deyirəm. Yoxsa, bir ehtiyacım yoxdur. Axırı sizin üçün pis keçər.
Mustafabəy. Mənim üçün pis keçərsə, əlacını da özüm elərəm. Səndən təvəqqe edirəm camaatın işlərinə qarışmayasan. Hamını xarab edibsən. (Bu halda Ocaqverdi, əlində torba, keçir.) Nə halalı haramdan seçirlər, nə aldıqlarını verirlər. Budur, haman bu Ocaqverdi üç il tamamdır, beş manat alıb vermir.
Ocaqverdi (dayanır). Bəy, necə beş manat?
Mustafabəy. Yadındadırmı ki, sənin evində qonaq qalan kazakın qamçıçı itmişdi. Kazak səni ağac altına salıb öldürürdü. Beş manat kazaka verdim, səni qurtardım.
Ocaqverdi. Yadımdadır.
Mustafabəy. Vaxti ki, yadındadır, niyə İndiyədək borcunu vermirsən?
Ocaqverdi. Bəy, mən səndən təvəqqe elədim ki, kazaka pul verib məni qurtarasan? Mənim belim ata-babadan ağaca öyrənib. Yüz dəfə sən döyübsən, qoy bir dəfə də kazak döysün. Nə olardı, ölməyəcəkdim ki! Əlbəttə, döyüb, döyüb çıxıb gedərdi və borc pul lazım olsaydı, aldığım yeri bilərdim. Bir də mən belə güman elədim ki, sən o pulu kazaka peşkəş verirsən. İndi ki, borc hesab edirsən, baş üstə, gedib bu saat gətirim. (Mirzəyə) Mirzə Kərim, gör yanında pul varsa, beş manat ver. Sabah həftə bazarına inək aparacağam satmağa, satıb gətirib pulunu verərəm.
Mirzə əlini salır cibinə.
Mustafabəy. Bəs mənim pulum üç ildir qalıb, onun müamiləsi necə olsun? Mən hesab eləmişəm, sənin mənə olan borcun müamiləsi ilə bir yerdə iyirmi dörd manat elər.
Mirzə Kərim. Bəy, siz belə etməyin, belə işlərə insaf yol verməz!
Mustafabəy. Mən gərək bunların nəfəsini kəsim ki, ağılları başlarına gəlsin.
Ocaqverdi. Mirzə Kərim, heç bir söz lazım deyil. Belə dövlətli bəy istəyən yerdə, mən çulucırıq verəcəyəm. Istər iyirmi dörd manat olmasın, yüz iyirmi dörd manat olsun. Bəy, sabah pulun çatar. Bir günün də müamiləsini gələrsən üstünə, hər nə qədər edərsə, alarsan. Mən kasıb babayam, budur, arpa aparıram, çörək eləyib yeyəcəyəm. Amma sənə plov lazımdır, üstündə yağlı əmlik əti olsun.
Mustafabəy (hirsli). Di, sürün get. Gözünə girsin iyirmi dörd manat.
Ocaqverdi. Xeyr, bəy, gözümə girməz, qəpiyinədək gətirib verəcəyəm. Yeyib gecələr də rahat yatasan! (Gedir.)
Camaat, dallarında torba, keçirlər.
Mustafabəy. Bihəya oğlu bihəyanın danışığına bax! Mirzə Kərim, bunlar hamısı sənin kələyİndir.
Mirzə Kərim. Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar.
Uşaq (qəzet gətirir). Mirzə, dəftərxanadan göndəriblər.
Mirzə Kərim (qəzeti açır). Qəribə işdir! Şəhərdən uzaq olmağın səməri budur.
Mustafabəy. Nə olubdur?
Mirzə Kərim. Təzə qəzetdir. Bakıdan gəlib, “Kommunist”.
Mustafabəy. Kommunist? Yəni nə olsun?
Mirzə Kərim. Kommunist nə olduğunu camaat sizə anladar. Bakıda Şura hökuməti elan olundu. Dövlətlilərin mal, əmlakı keçir
ümumi camaat ixtiyarına. Fabriklər, zavodlar hamısı camaat malı olur. Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir.
Mustafabəy. Yalandır, yalan! Elə şey ola bilməz. Kimin nə ixtiyarı var mənim ata-babadan qalan mal-dövlətimi, əmlakımı əlimdən alıb, camaata paylasın?! Yalandır!
Mirzə Kərim (qəzeti göstərir). Budur, baxın.
Mustafabəy. Nəyə baxacağam! Hansı savadla baxacağam? Bu yalandır. Görəsən hansı əli dinc durmaz bu qəzeti yazıb göndəribdir. Mirzə
Kərim, təvəqqe edirəm, bu qəzeti bir adama göstərmə. Mən şəhərə atlı göndərərəm, bir səhih xəbər gətirsin. (Çağırır.) Gülməmməd! (Gülməmməd daxil olur.) Gərək bu saat atı minib şəhərə gedəsən.
Gülməmməd. Bəy, Cəfər öldü. İndi necə eləyək?
Mustafabəy. Nə danışırsan? Necə öldü?..
Gülməmməd. Həqiqət, öldü.
Mustafabəy (hövlnak qalxır). Gedək! (Ürəyi darıxmış yıxılır Gülməmmədin qucağına.)
Mirzə Kərim. Ölməz, qorxma, yuxuya gedib. Ayılıb başqa bir
dünya görəcəksən. Qisas dünyası!..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-agac-kolgesinde-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.
Tərcümeyi-halımTəvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.
Poems by other poets
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
MüsibətnaməGəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
ƏləsgərAşıq ƏləsgərəDədələr dədəsi, dədələr xası,
VəsiyyətƏya mütii-mətai-cahani-buqələmunSənə vəsiyyət edim bir kəlami-xoşməzmun