Tərcümeyi-halım
Təvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.
1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
1919-cu sənədə müsavat hökuməti məni Bakıya çağırıb Dağıstana göndərdi. Orada mənim işləməyim Denİkinə xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya sürgün olundum. Bakıda bir az qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim xətti-hərəkətim hökumətin xətt-hərəkətinə müğayir gəldikdən və Xanxoyski ilə uzunuzadı mübahisədən sonra istefa verdim. Azərbaycan şuralaşdıqda bir ay xariciyyə komissarlığında qalıb, sonra maarif komissarlığına keçdim və burada hökumət teatrolarına komissar təyin olundum. Sonra bu vəzifədə qalaraq incəsənət şöbəsinin teatro nimşöbəsinə müdir və axırda incəsənət şöbəsi müdirliyinə keçirildim. 1912-ci sənədə incəsənət şöbəsində keçirilən təbəddülatdan dolayı çıxıb, Azərbaycan darülfünununa Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olundum. Bu vəzifəni on sənə daşıdım. İndi isə tibb institutunda qeyri-azərbaycanlılara Azərbaycan dili dərsi deyirəm.
Mən hərçəndi ədəbiyyat sahəsində çalışmamı 1892-ci sənədən hesab edirəm, ancaq birinci qələm alıb yazmaya məşğul olmağım ondan çox qabaqdır. Realni məktəbdə ikən, 1887-ci sənədə Krılovun təmsillərindən neçəsini şeirlə Azərbaycan dilinə tərcümə etmişəm. Birinci əsərim olduğundan qüsuratını əfv olunmasının rica edirəm.
At və eşşək
İttifaq düşmüşdü atın yanında
Bir eşşək gedirdi bir karvanda.
Kişnəyərək at gedirdi keyfi kök,
Çünki heç yox idi onun üstə yük.
Az qalırdı çıxa eşşəyin canı,
Çox yükləmiş idi çünki heyvanı.
Yalvardı o ata, dedi: ay qardaş,
Biz İkimiz varıq bu yolda yoldaş,
Yükdən gəl sən bircə xırda şey götür.
Rəhm et kömək əlini mənə yetir.
Cavab verdi, at söylədi: ay axmaq,
Məgər çətİndi sənə bunu qanmaq
Ki, mən özüm nəcib atlardan olam,
Belimə eşşəyin yükünü alam?
Bir az getdi, eşşək yıxılıb öldü,
Nəcib at o vədə öz işin bildi.
Eşşəyin yükünü götürdü bütün,
Dərisin də aldı üstünə yükün.
Yuxarıda söylədim, xırda tərcümələr edirdimsə, teatro ədəbiyyatı və teatro yolunda işləmək büsbütün mənim həvəsimi cəlb etmişdi.
Birinci teatronu mən Şuşada 1883-cü sənədə gördüm. Yadımdadır, Mirzə Fətəlinin “Xırs quldurbasan”ı oynanırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin kitabını tapıb oxumağa başladım. Hətta “Hacı Daşdəmir” adlı komediya da Mirzə Fətəlinin “Hacı Qara”sı məzmununda yazıb, aparıb müəllim Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu “pyesamı” bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm.
İkinci əsərim “Nahaq qan” sərlövhəli bir dramdır. Bunu 1891-ci sənədə Tiflisdə yazmışam. Bu beş pərdəli əsərin İki pərdəsini qeyb etmişəm, üç pərdəsi İndi də əlimdədir.
1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kaminə çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə İki dəfə gedirdim. Teatro ucuz idi. Otuz İki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu. Aleksandrinski teatrosunun mənə böyük təsiri oldu. Bu təsir sayəsində Peterburqda İki əsər yazdım: “Yeyərsən qaz ətini” və “Dağılan tifaq”. “Dağılan tifaq”da həm Ostrovskinin və həm də Şekspirin təsirlərini görmək mümkündür. “Yeyərsən qaz ətini” komediyası 1892-ci sənədə, fevralın 15-ci günündə; “Dağılan tifaq” isə 1896-cı ildə tamam olunub, Peterburq şəhərində çap olunubdur və çap xərcini Peterburq sərvətdarlarından alim Mirzə Maxsudov öhdəsinə götürdü. Haman əsər 1907-ci sənədə mart ayında birinci dəfə olaraq Bakıda tamaşaya qoyuldu. 1895-1896-cı sənələrdə Avropa ədəbiyyatında simvolizm üsulu modaya düşdü. Birinci dəfə Hautmanın “Qərq olmuş Naqos” əsəri rus dilində Peterburqda oynandı. O gündən simvolizmə aşiq olub, İndi də ayrıla bilmirəm. Simvolizm üsulu təsiri altında 1901-ci ildə Bakıda “Pəri cadu” əsərini yazmışam. “Pəri cadu”nun ideyası tamamilə Meterlinqin “Abı quş” əsərinin ideyasıdır. Ancaq bunu bilməlidir ki, “Abı quş”, “Pəri cadu”dan yeddi sənə sonra yazılmış. “Pəri cadu” dan bir sənə əvvəl, 1900-cü sənədə “Bəxtsiz cavan”ı yazdım və həmin sənədə də Şuşa səhnəsində tamaşaya qoydum.
O sənədən inqilabadək Qarabağ bəylərinin və sərvətdarlarının boykotu altında yaşadım. 1907-ci sənədə Iran səyahətindən sonra “Ağa Məhəmməd şah” faciəsini yazdım. Burada heç bir kənar təsir
yoxdur. Haman ildə artist Ərəblinskinin xahişinə binaən üç əsər tərcümə etdim: “Qəzavat”, “Yəhudilər”, “Soltan Osman”. 1907-ci ilin ibtidasından başlayaraq “Molla Nəsrəddin” məcmuəsində felyetonlar yazmağa başlayıb, 1927-ci ilədək işləmişəm. Yazdığım felyetonlar “Cəhənnəm məktubları”, “Marallarım”, “Mozalan bəyin səyahətnaməsi”nin birinci hissəsi və Həkiminuni-səqir imzalı ictimai məqalələr. “Ağa Məhəmməd şah”dan qabaq və ondan sonra inqilabadək xırda komediyalar yazmışam: “Millət dostları”, “Kimdir müqəssir”, “Ac həriflər”, “Mirzə Fətəli Axundov”. Əlavə bu illərdə Şekspirin “Hamlet” əsərini və Sundukyanın “Pepo” komediyasını tərcümə etmişəm. Inqilabdan sonra yazdığım əsərlər: “Ağac kölgəsində”, “Vaveyla”, “Ədalət qapıları”, “Padşahın məhəbbəti”, “Soltan sərvət”, “Qırmızı qarı”, “Altun öküz”, “Yeni dərman”, “Köhnə dudman” (1927), “Baba yurdunda” (1927), “Kamran” (1931), “Yoldaş Koroğlu” (1932). Çocuqlar üçün: “Sağsağan” (1931), “Çox gözəl” (1932). Bu əsərlərin çoxusu tənqid-təbliğ teatrosunun səhnəsində oynanırdı. Pyeslərdən əlavə xeyli hekayələr də yazmışam.
Hal-hazırda on beş hekayə Azərinəşrə verilmiş. Yuxarıda göstərdiyimdən əlavə Azərnəşrin sifarişi üzrə neçə kitab tərcümə etmişəm. Məsələn: “Bolşeviklər”, “Qazmaçılar”, Çexovdan on üç hekayə, Maksim Qorkidən beş hekayə.
1923-cü sənədə Xalq Maarif Komissarlığının tapşırmasına binaən “Lakme” operasını tərcümə etmişəm. Bu sənədə Mailyan tərəfindən yazılmış “Səfa” operasını tərcümə etmişəm.
Ədəbi fəaliyyətimi yazdıqdan sonra inqilab zamanı daşıdığım ictimai vəzifələri də göstərməliyəm: Azərbaycan darülfünunda yerli komitə sədri (1922), Azərbaycan tədqiq və tətəbbö cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925), Şərq fakültəsinin katibi (1922- 1925), Şura yazıçılar ittifaqının məsul katibi (1931-1932). Otuz beş sənə ədəbi fəaliyyətimdən dolayı 1928-ci sənədə incəsənət fəalı ləqəbinə nail olmuşam.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-tercumeyi-halim
Use ← → keys to move, R for a random poem
More by this author
Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi.Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi:
QabanBöyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi.Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”.
Söhbətİsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
MüsibətSərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.