Söhbət
İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm.
Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik.
Dostumla neçə sənə idi görüşməmişdim.
Ona görə keçmiş günlərdən, İndİki vəziyyətimizdən uzun-uzadı söhbət elədik. Dostum deyirdi:
– Zəmanə çox adamın burnunu ovub, çox adamlara öz məqamlarını göstərib. Ciblərində pulu çox görüb allahlıq iddiası eləyənlər indi küçələrdə tülkü sifətində gəzirlər. Bir vaxtı mənim salamımı almayanlar, İndi özləri mənə qabaqca salam verirlər. insanlığı pulun çoxluğunda bilənlər, “bu adamın cibində bir qəpiyi yoxdur, onun ağzına baxmayın” deyənlər İndi görürlər ki, qüvvət pulda deyilmiş. Uşaqlarını xəlvət intibahnamə paylamaları üçün evdən qovan atalar İndi gəlib haman uşaqların kölgələrinə qısılırlar. Hərəkətlərindən qan qoxusu gələn qoçular indi quzuya dönüblər... Quru danışıqdan fayda çıxmaz. Dur, enək bağın ayağındakı meydançaya. Bir şüşə sərin su alıb ortalığa qoyub, söhbət vuraq... Bəlkə işin var idi, sənin işindən avara elədim? – İşim-mişim yoxdur bilmərrə, bu gün avarayam.
– Di onda dur gedək.
Bağın ayağındakı meydançada bir budka qoyulub, orada hər növ ürək sərinlədən içki, süd, qatıq və sair satırdılar. Keçib bir masanın yanında əyləşdik. Dostum yumruğunu masaya çırpıb, bir şüşə “barjom” istədi. Qız “barjom” suyunu və İki stəkan gətirib, masanın üstünə qoyub getdi. Dostum sudan bir stəkan töküb mənim qabağıma, birin öz qabağına qoyub başladı söhbətə. Söhbətdən belə məlum oldu ki, kooperativ dükanında qulluqdadır və özü də ittifaqda üzvdür. Keçmişdən, gələcəkdən bir qədər danışıb, dedi:
– Sənə bir qəribə də əhvalat söyləyim.
Dedim:
– Buyur.
Dostum başladı:
– On beş, on altı il sənə bundan əqdəm məşhur Əmir bəy gəlib, bizim məhəllədə yer alıb bir imarət tikdirdi. Onun imarətini ki, görübsən. Bunun bizim məhəllədə gəlib sakin olması məhəllə əhalisinin hamısını təşvişə saldı. Qoçu adamdır; ağzın, burnun xoşuna gəlmədi, ya küçədə etina etmədin, salam vermədin, yainki tapançasının gücünü sınamaq istədi – gülləni çıxardıb “taraq” vuracaq başına, ondan sonra balaların ağlaya bildikcə ağlasınlar. Xülasə, bu adamın bizim məhəllədə ev tikdirməsi məhəlləyə vəba xəstəliyi gəlmiş kimi bir şey oldu. Xalq özünü, övladını vəbadan qoruyan kimi ondan da qorumağa məcbur oldular. Axırda məhəllə əhli belə qərara gəldi ki, bunu növbə ilə evlərinə qonaq çağırıb plov versinlər, bəlkə beləliklə onun xatasını üstlərindən dəf eləsinlər. Bir gün də növbət mənə yetişdi. Sən özün bilirsən ki, məndə elə bir qüdrət yoxdu ki, xalq kimi ziyafət düzəldə idim. Mənim dövlətim yox, mağazam yox. Bir balaca daxmam var idi ki, özüm və külfətim bir növ oraya sığınaq vermişdik. Peşəm də ki, tacirlərin yanında pirkeşiklik idi. Arvada dedim ki, ay arvad, gərək özümüz beş gün ac qalmalı olsaq da, Əmir bəyi plova çağıraq. Yoxsa mənimlə ədavət bağlar, günlərin birində də səni dul və balalarımı yetim qoyar. Arvad da mənim fikrimi bəyəndi, tədarük görüb bir axşam bəyi dəvət elədim, öz yovuq adamlarımdan da bir neçəsini çağırdım. Sən gərək ki, onda Gəncədə olurdun.
– Bəli, doğrudur.
– Axşam qonaqlar cəm oldular, bir azdan sonra bəy də iki nəfər adamları ilə təşrif gətirdi. Qonaqlar hamısı ayağa qalxıb bəyi yuxarı başa keçirtdilər. Qabaqca qonaqlara çay verildi. Bəy bir-iki qurtum çaydan içib işarə ilə məni yanına çağırdı. Gəlib bir dizim üstündə bəyin qarşısında çökdüm. Bəy xəbər aldı:
– Bu çayı kimdən alıbsan?
Kimdən aldığımı dedim.
– Girvənkəsinə nə veribsən?
– Bəy, iki manat.
– Mən sənə məsləhət görürəm ki, bundan sonra evinə abırlı qonaq gələndə belə zibilləri ortalığa çıxartma. Bax gör belə çayı kimin qabağına qoyursan. Siz hər cür qarın qızdıran ələfiyyata adət eləmişsiniz; amma mən öyrənməmişəm.
Bu sözləri mənə ahəstə dedi. Sonra səsini ucaltdı:
– Kərbəlayı, bu çayı apar, mən şamdan qabaq çay içmirəm.
Mən stəkanı götürüb xeyli pozulmuş otaqdan çıxdım, bir az keçdikdən sonra süfrə salınıb plov gəldi. Mənim arvadımın da plov bişirməkdə məhəllədə adı var.
– Niyə, neçə dəfə yemişəm. Onun plovunu hər adam bişirə bilməz.
– Di, dalısına qulaq as. Plovdan bir-iki tikə ağzına qoyub məndən xəbər aldı:
– Kərbəlayı, bu düyünü kimdən alıbsan?
Kimdən aldığımı dedim.
– Bu camaat əcəb məxluqdur; gedər bazardan bir şey alsın, görərsən ancaq onu axtarır ki, girvənkədə bir qəpik ucuz olsun. Belə düyüyə məgər adam pul verər; budur, siçan qoxusu gəlir. Düyü alırsan get Hacı Mahmudun yanına, sənə gül kimi sədri düyüsü versin. İntəhası girvənkədə bir qəpik başqalardan artıq alacaq... Bu nə toyuqdur buraya qoyubsan?
Bir dəridir, bir sümük; özü də elə bil Nadiri taxtda görübdür.
O qədər qocadır.
Mən ərz elədim ki, bəy, toyuğu bazardan almamışam, öz toyuqlarımızdandır; bildirin cücəsidir, qoca deyil.
Bundan bəy daha da hirsləndi:
– Mən yediyimi də, dediyimi də düşünürəm. Bu səbziqovurma nədir burada? Bunu apar özün kimi pirkeşiklərin qabağına qoy. Abırlı adamların qabağına belə xuruş qoymazlar. Bunu da gələcəkdə bil. Xuruşların əlası fisincan və mütəncam olar.
Xülasə, mənim çörəyimi bilmərrə minnətdən salıb, durub getdi.
İndi gələk söhbətin şirin yerinə. Ay ötdü, il dolandı. Azərbaycanda Şura hökuməti quruldu. Bəyin evi keçdi hökumətə; özünü bir-iki dəfə tutub boşladılar, İndi sabiq mülkündə bir otaq veriblər, orada yaşayır.
Beş-on gün bundan qabaq, gedirəm evə, gördüm bəy mənə tərəf gəlir.
– Salaməleyküm!
– Əleykümsalam.
– Ay Kərbəlayı, belə qonşuluq olmaz; heç adamı itirib-axtarmırsan; demirsən: “Mənim burada bir qonşum var idi. Heç gözümə dəymir, ölübdürmü, sağdırmı?”
– Nə bilim, ay bəy, qulluq adamıyam; sübh tezdən durub gedirəm kooperativə, axşam da yornuq gəlib başımı atıram yerə. Bu gün mənim bikar günümdür. Getdim qızımın özünə, uşaqlarına baş çəkdim, indi gəlirəm evə. Buyurun qonağımız olun, hərçənd elə bir ləyaqətli də xörəyimiz yoxdur. Arvad bir az bozbaş bişiribdir. Əgər meyliniz çəksə, buyurun!
Bəy o saat razı oldu:
– Niyə, bozbaş yaxşı şeydir, cana qüvvət verər, gedək.
Bəy gəlib əyləşdi. Arvad bozbaşı bir kasaya töküb göndərdi.
Başladıq yeməyə. Bəy dedi:
– Bozbaşınkı odur ki, onu kasaya töküb, içinə çörək doğrayıb, qarışdırıb əllə yeyəsən.
Mən dedim:
– Bəy, meyliniz necə çəkir, buyurun.
Bəy başladı iştahla bozbaşı içəriyə ötürməyə və yedikcə də tərif elədi.
– Kərbəlayı, getdiyin ağa haqqı, mən İndiyədək belə ləzzətli bozbaş yeməmişəm. Mən aşpazıma ayda yüz manat məvacib verirdim. O da belə bozbaş bişirə bilmirdi. Var olsun bunu bişirən əllər. Afərin!
Mən dedim:
– Bəy, bilsəydim bəndəxanəyə təşrif gətirəcəksiniz, başqa növ bozbaş bişirdərdim. Bozbaşa lazımdır pomidor suyu vurulsun, albuxara salınsın, yoxsa burada bir noxud, bir də kartofludan sivay bir şey yoxdur.
– Xeyr, onlar artıqdır, iş pomidorda, filanda deyil, bişirməkdədir.
Çox dadlı bozbaşdır; məndən bacıya salam yetir, degilən sağ olsun. Əlləri var olsun.
Bozbaşdan sonra bəy bir stəkan şirin çay içib durub “xudahafiz” edib getdi.
Bu dəfə çaya heç bir diqqət tutmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-sohbet
Use ← → keys to move, R for a random poem
More by this author
Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Molla Nəsrəddin haqqında xatiratım“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
Keçmiş günlərdənBirinci türk teatrosunu mən Şuşada 1881-ci il yay fəslində gördüm. Mənə necə təsir bağışladığından burada danışmaq istəmirəm; ancaq bunu demək istəyirəm ki, Qori seminariyasının tələbələri və oranı bitirmiş müəllimlər Şuşa teatrosunun birinci pionerləri olmuşlar. Onlar hər bir yay tətilində şəhərə toplaşdıqdan sonra, həvəskarlar adı ilə biriki tamaşa göstərirdilər. Başqa əsərlər olmadığından Mirzə Fətəlinin komediyalarından oynayırdılar; hasil olan paralar isə yoxsul tələbələrin mənfəətinə sərf edilirdi. O vaxtkı aktyorlardan ancaq Muxtar Muradovun – İndi də sağdır – adını çəkməyi burada lazım bilirəm.1892-ci il yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə toplaşıb Xandəmirovun “teatro salonunda” Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı komediyasını oynayırdılar.
Ədəbi dilimiz haqqındaAxır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.
Poems by other poets
Söylə Hüseynə, ey səba, Kərbübəlaya gəlməsün,Gəlsə, düşər bu dəştidə dərdü bəlayə, gəlməsün.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,