Axır zamanlarda ədəbi türk dili məsələsi yomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.

1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.

Türklərin bir mətbəəsi yox idi. Quberniya mətbəəsində türk hürufatı var idisə, o da xırda elanlar tərcüməsi üçün olub, bərbad bir halda idi.

Bu səbəbdən məktəblərdə tədris kitabları və camaatın oxuduğu kitablar ancaq “Leyli və Məcnun”, “Gülüstan”, “Bustan”, “Tarixi-Nadir” və bu qəbil Iranda çap olunmuş və əksəri fars dilində yazılmış kitablar idi. Buna görə də fars dili türk dilini tam mənasilə ağalıq edirdi. O vaxtın xalqı türk dilində məktub yazmağı bacarmazdılar, məktublar hamısı fars dilində yazılırdılar. Danışıq əsnasında işlətdiyimiz cümlələr fars quruluşunda olurdu. Məsələn: “Qəzetlərdən yazılanlardan böylə görünür ki, bu il Azərbaycanın pambıq məhsulu bol olacaqdır”, “Mən sənin evinə gəlmərəm, çünki səndən incimişəm”, “Hərgah mənə kağız yazmaq istəsən, bu ünvana yaz” və ilax... Danışıq vaxtında fars ləfzlərinin çox işlənməsi indi də savadlılığa dəlil hesab olunur. Fars dilinin təsiri sayəsində türk istilahlarını itirib, fars istilahlarını işlətməyə möhtac olmuşuq. Bu istilahları arayıb tapmaq üçün ciddi çalışmaq lazımdır. Azərbaycan türk aləmində birinci dəfə meydana çıxmış kitab Mirzə Fətəlinin komediyaları və “Aldanmış kəvakib” sərlövhəli hekayəsidir. Komediyaları Azərbaycanın el dilində yazılmış, hekayə isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz çətin oxunur. Öz tərcümeyi-halını Mirzə Fətəli fars dilində yazmış, 70-ci və 80-cı sənələrdə təsadüfi olaraq Rusiya çar hökuməti iki-üç qəzetəyə icazə veribsə də, sonra peşman olub, onları bir neçə ay davamlarından sonra qapamış. Bu qəzetlərin biri 1875-ci sənədə Bakıda nəşr olunan Həsən bəy Zərdabinin “Əkinçi”si və İkincisi Tiflisdə 1883-cü ildə çıxan “Kəşkül” və “Ziyayi- Qafqaz” qəzetləri idi. Bu iki qəzetənin naşiri Cəlal əfəndi Ünsizadə idi. “Əkinçi” qəzetəsinin iki dili var idi. Zərdabinin dili və mühərrirlərinin dili. Həsən bəyin işlətdiyi cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi; müxbir və mühərirləri isə fars cümlələri və fars dili işlədirdilər. Cəlal əfəndinin “Kəşkül”ünü həmçinin lüğətsiz oxumaq çətin idi. Odur ki, bu qəzetlər də bir ədəbi dil yarada bilmədilər.

90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular. Böylə ziyalılarımız İndi də az deyildir.

Bir neçə cümlə göstərmək yersiz olmaz. “O adamlar hansılar ki, bu işdə iştirak edirlər”, “Mənim qardaşım tarda yaxşı oynayır”, “Əhmədin qızı ərə çıxdı”, “Bu işin müqabilində bir ölçü götürmək lazımdır” və ilax... Dilə qarışmış hədsiz rus sözlərindən danışmağa ehtiyac yoxdur.

Ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik. Bu xüsusda xüsusi məqalə hazırlayıram.

Sultan Əbdülhəmid zamanında osmanlı ədibləri hökumətin təhriki altında osmanlı türk ədəbiyyatının cəmi türk aləminin ədəbiyyatına ağalıq etməsi yolunda cidd-cəhd edirdilər. Azərbaycanda ədəbiyyat olmadığından bu yerlərə əl atmayırdılar. Öylə ki, 1905-ci il inqilabından sonra Azərbaycanda ədəbiyyat yolunda böyük bir hərəkət əmələ gəldi: mətbəələr quruldu, qəzetələr intişara başladı, ədiblərin fəaliyyətləri yüksəldi; maarif cəmiyyətləri, dram dərnəkləri təşkil olundu, ədəbiyyat kitablarının sayı gün-gündən artmağa başladı.

Bunu gördükdə osmanlı ədəbiyyatının ağalıq xülyası cünbüşə gəldi. Bu əsası icra etmək üçün bir neçə nəfər İstanbuldan Azərbaycana ezam olundu. Əlibəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Ziya və sairləri. Birinci Əlibəy Hüseynzadə “Füyuzat”ı nəşrə başlayıb, türk Azərbaycan dilini osmanlılaşdırmağa qədəm qoydu. Bunun müqabilində “Molla Nəsrəddin”in amansız mübarizəsi nəticə verə bilmədi və yazıçı gənclərin çoxunu Əlibəy öz nüfuzu altına çəkdi. Əlibəydən sonra Əhməd Kamal “Yeni Füyuzat” jurnalının başında əyləşib Əlibəy yolu ilə getdi. 1910-cu illərdə Səbribəyzadə “Şəlalə” jurnalı ilə meydana atıldı. Bu adam, ondan qabaq gələnlər kimi işlədiyindən əlavə ən mürtəce, qaranlıq sevən, tərəqqi düşməni; qadınlar təsəttürü yolunda canından, başından keçən bir şəxs idi. Bu jurnalın təsirindən cavan ədiblərimiz və şairlərimiz İndi də azad ola bilməyirlər. Cavan yazıcılarımızın şeirlərini oxuyanlar bunu təsbid edərlər. Gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: “sırt” – çiyin, “erkək” – kişi. “Ərkək” sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür.

Şura hökuməti bərpa olunandan bəri Azərbaycanda ədəbiyyatın, mətbuatın sayı yüz əlli sənənin müddətində görülməmiş bir dərəcəyə çıxmış.

Türkləşmiş orta, ali məktəblərdə türk dilində yazılmış və tərcümə olunmuş elmi kitablar işlənməkdədir. Söz yox ki, bu kitabların dilində ədəbi qüsurlar hədsizdir. Bu qüsurlar da dilin ədəbiləşməsinə nə qədər ziyan verə bilər.

Buna görə Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq Akademiyasının Azərbaycan şöbəsində xüsusi bir təşkilat, Azərbaycan türk lisanı üçün mükəmməl sərf-nəhv və əbədi dil yaratmaq üçün qurulmalıdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets