Molla Nəsrəddin haqqında xatiratım
“Molla Nəsrəddin” jurnalı və xüsusən Cəlil Məmmədquluzadə haqqında xatirat yazmaq, demək, 27 sənə bundan işə düşmüş və 25 sənə dolanmaqda davam etmiş bir çərxi nəzərə gətirmək deməkdir. Bu çərxin mehvəri Mirzə Cəlil və onun jurnalı idi. Onun ətrafında ən yavıqlıqda dolananlar “Molla Nəsrəddin”in tərəfdarları, ona öz fikirləri ilə, qələmlə kömək verənlər idilər. İkinci sıra jurnalı oxuyanlar, ondan həzz aparanlar və onun rəvacına çalışanlar; üçüncü sırada “Molla Nəsrəddin” tərəfindən zərbələrə, taziyanələrə, istehzalara, tənqidlərə düçar olub olmazın föhşlərini verənlər, el arasında “Molla Nəsrəddin” haqqında növbənöv latayilat söyləyib iftiralar buraxanlar idi. Belə bir mühit içərisində “Molla Nəsrəddin” davam edib gəldikcə dostlarını artırıb, düşmənlərini zəif salmağa nail oldu.
Hesabsız hədə kağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərək öz tutduğu məqsəddən, məsləkdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dostları ilə birlikdə axırda qalib gəlib, həmişəlik bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Molla Nəsrəddin” dövrü qoya bildi.
Mirzə Cəlil zatən az danışan, böyük məclislərdən qaçan, yığıncaq xoşlamayan, təklik sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdikdən sonra ürəyini ələ alıb, özünə şərik etməz idisə də, jurnal düşmənliyindən çəkİndirirdi.
“Molla Nəsrəddin”in qüvvəli düşmənləri, məsələn, İrəvan və Naxçıvan xanları, ya Qarabağ, Gəncə bəyləri Tiflisə gedəndə jurnalın idarəsinə getməyi özlərinə borc hesab edirdilər və getməkdən məqsəd ancaq Mirzə Cəlilin o “murdar sifətini” görmək və sonra lazımi yerində onu məsxərə etmək idi. Nəhayət, bu xəyal ilə onun yanına gedib onunla bir qədər müsahibə etməkdən sonra başqa bir vəziyyətdə çıxırdılar. Və:
– Canım, kişinin yazdıqları doğrudur, ancaq adam hər doğrunu yazmamalıdır, – deyirdilər; deməli, onun haqlı olduğunu düşmənlə də təsdiq edirdilər.
“Molla Nəsrəddin” jurnalı çıxmağa başlayanda mən Şuşada idim; 1906-cı sənənin 30 aprelində çıxan birinci nömrəsi may ayının əvvəllərində əlimizə keçdi. Bu nömrə şəhər əhalisi arasında bir bomba tək partladı. Birinci nömrənin birinci səhifəsində mollalara zərbə vurması, həmişə üsuli-şeyxi və Hacı Kərimxanı söhbətlərinə məşğul olan və mollaları “başlarında gəzdirən” Şuşa əhalisinə təsirini qələm təsvir etməkdən acizdir. Gah onun adını misyoner və xalqı müsəlmanlıqdan döndərib xaçpərəstliyə çəkmək istəyən jurnal qoydular, gah danışırdılar ki, guya bu jurnalı nəşr edən babilərdir. Mollalar jurnal yazanları və oxuyanları təkfir edib deyirdilər:
– Bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır: onu maşa ilə götürüb ayaq yoluna atmaq lazımdır.
Bu sözlər bir Qarabağda yox, Zaqafqaziyanın hər bir şəhərlərində deyilirdi. Mirzə Cəlil həmişə deyirdi:
– Mən bu jurnalı Tiflisdə çıxartmayıb sair bir şəhərdə, məsələn, Bakıda, Irəvanda çıxarsa idim, yəqin birinci nömrədən sonra mənim idarəmi dağıdıb özümü də öldürərdilər. Tiflis, xüsusən, Davidovski küçə müsəlman məhəlləsindən uzaqdır, mənim qanımın arasına girmiş, ancaq burada bir növ jurnal çıxartmaq mümkündür.
“Molla Nəsrəddin”in birinci nömrəsi Şuşada neçə adamın hüsnitəvəccöhünü də qazandı. Şuşa ziyalılarından advokat Həsənəlibəy Sarıcalı birinci abunə yazılıb, “Molla Nəsrəddin”ə “Mirzə Qoşunəli Təbrizi” təxəllüsü ilə məqalələr yazıb göndərməyə başladı və “Molla Nəsrəddin” in intişarı yolunda da lazımi səydən geri durmadı. O kişi həmişə deyirdi:
– Tiflisə yolum düşərsə, əlbəttə, gedib Məmmədquluzadəni görüb üzündən öpəcəyəm.
Belə də biz hamımız, yəni ziyalılar Mirzə ilə görüşməyi arzu edirdik.
Mirzə Cəlil ilə birinci dəfə mən Şuşa realni məktəbin yuxarı siniflərində oxuduğum zaman tanış olmuşdum. Yay fəslində üç nəfər İrəvan müəllimi Şuşa müəllimlərinə qonaq gəlmişdilər; bunların birisi Cəlil Məmmədquluzadə idi. Onunla yavıq tanış olmağım 1906-cı sənəsinin noyabr ayında müyəssər oldu.
Noyabr ayında Rusiyadan Tiflisə gəlib bir qədər mehmanxanada rahat olduqdan sonra birbaş “Molla Nəsrəddin” idarəsinə getdim. Nəhayət, Məmmədquluzadəni görə bilməyi, Faiq Nemanzadə ilə bir az söhbət eləyib, Mirzənin mənzilinin adresini də ondan öyrəndim və o biri günü onun yanına getməyi qərara aldım.
O biri günü, günorta zamanı mənzilə qayıdıb, masamın üstündə bir vizit kartoçkası tapdım: “Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” məcmuəsinin redaktoru”. Bir saat ondan keçməmiş Davidovski küçəsində Mirzə ilə bahəm əyləşib söhbətə məşğul olduq. Jurnalın məqsədi, məsləki, dili haqqında çox danışıqlar oldu. Mirzə deyərdi:
– Adını mühərrir qoyub ortalığa çıxan gərək bir-bir vəziyyəti nəzərdə tutsun. Yəqin mühərririn düşməni dostundan çox olacaq; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil, camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərririn qiyməti bir qara puldur, o da qəlp. Mən heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazacağam, bir vaxt olar mənim dostum düşmənimdən çox olar, mən ona əminəm. Fəqət gərək ziyalı cavanlar kömək versinlər, bu böyüklükdə yükü bir adam götürə bilməz.
Jurnalın dilinin sadəliyi haqqında deyirdi:
– Mən axundlar üçün, savadlılar üçün yazmayıram, mən avam kütlə üçün yazıram, ona görə də gərək mənim dilim sadə və avam üçün anlaşılan olsun.
Bu söhbətin nəticəsində mən öz bacardığım köməyi vəd edib, 1907-ci ildən başlayaraq, axır günlərədək Mirzə Cəlil ilə bərabər
“Molla Nəsrəddin”də işlədim. Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi. Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-beyzası var idi. Guya ki, mövzuları cibindən çıxardırdı.
Bir dəfə cəm olub “İbrahimbəy səyahətnaməsi”ndən söhbət edirdik: burada “Molla Nəsrəddin” dostlarından Faiq Nemanzadə, Səlman Mümtaz, Qurbanəli Şərifzadə var idi. Bunu da deməliyəm ki, “Molla Nəsrəddin”in cəmi Türküstanda şöhrət və nüfuz qazanmasına səbəb Səlman Mümtaz olduğu kimi, Naxçıvan tərəfində də Qurbanəli Şərifzadə səbəb idi.
“İbrahimbəy səyahətnaməsi”ndən söhbət olduqda mən dedim:
– Nə olardı bu kitaba nəzirə bir “Səyahətnameyi-Molla Nəsrəddin” də olaydı. Aya, görərsən Molla Nəsrəddin islam aləmini səyahət etsə, onun başına nə müsibətlər gələ bilər.
Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi:
– Gəlin biz “Mozalan”ı gəzdirək; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürək, hər kəs onu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; oxuyanlar güman etsinlər ki, həqiqət bu adam gəlib, buraları görüb bu felyetonları yazmış.
Belə də oldu. Birinci felyetonu mən başlayıb mozalanı Bakıya kimi gətirdim, Bakıdan Məşhədə onu Səlman Mümtaz apardı. İrəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi. Beləliklə, “Mozalanbəyin səyahətnaməsi” ortalığa çıxdı.
“Molla Nəsrəddin” jurnalı getdikcə özünə hər bir şəhərdə dostlar qazanmağa nail oldu. Hər yerdən ona məqalələr, xırda xəbərlər gəlməyə başladı. Şamaxıdan, Göyçaydan, Nuxadan, Gəncədən, Qarabağdan, Vladiqafqazdan, hətta Irandan da məqalələr gəlirdi. Get-gedə “Molla Nəsrəddin” şöhrət və nüfuz qazanıb düşmənlərini iztiraba saldı.
1907-ci sənədə “Molla Nəsrəddin” qadın azadlığı məsələsini ortalığa atdı. Bu məsələ Zaqafqaziya xalqını iki hissəyə böldü, bir yanda hürriyyətpərvər ziyalılar, o biri tərəfdə mollalar, mollanümalar, sərvətdarlar və bunlara yaltaqlıq edən “ziyalılar”. Deməli, bu yerdə iki cəbhə əmələ gəldi. Bir cəbhənin başında “Molla Nəsrəddin”, o biri cəbhənin başında “Tazə həyat” qəzeti ki, Hacı Zeynalabdin Tağıyevin xərcində nəşr olunurdu. “Şəlalə” məcmuəsi və “İşıq” məcmuəsi.
Haman ilin may ayında mən Bakıya gəlmişdim. Qəzetdə iranlıların “İttihad” məktəbinin ildönümü olması xəbərini oxuyub oraya getdim.
Böyük izdiham var idi. Bir neçə nitqdən sonra Bakı qəzası Mirməhəmməd
Kərim ayağa qalxıb dedi:
– Həzərat! Mən danışmaq istəməzdim, lakin şəri-təklif məni danışmağa vadar edir. Bir nəfər şəxs çıxıb ortalığa, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxardır. İndiyə kimi hər nə cəfəngiyat yazıb onunla işim yoxdur, özü bilər, öz Allahı. Ancaq axır vaxtlarda islamın kökünə balta vurmağa başlayıb. Yazır ki, müsəlmanlar arvadlarını açıb versinlər xaricilər aparsın. Daha buna davam gətirmək olmaz. Bunun müqabilində bir tədbir lazımdır.
Bu məclisdə “Molla Nəsrəddin”in boykot olunması qərara alındı. Söz yox ki, boykot tərəfdarları “Molla Nəsrəddin”i oxuyanlar deyildilər.
“Molla Nəsrəddin”in rövnəqinə və rəvacına səbəb olan amillərdən biri də Sabirin əşarı idi. Sabirlə mənim yavıq rəfaqətim var idi: onunla çox görüşüb çox müsahibədə bulunurdum. Sabirin təbinə, qafiyəpərdazlığına, bədahətən şeir söyləməsinə heç bir söz olmazdı. Sabir həqiqət şeirdə böyük məharət yetirmiş bir şair idi. Sabir “Molla Nəsrəddin” dən çox qabaq şeirlər yazardı. Nəhayət, Sabiri “Sabir” edən “Molla Nəsrəddin” oldu. Təb Sabirin idi, qafiyəpərdazlıq Sabirin idi, istedadi-şeriyyə Sabirin idi, fəqət mövzu verən “Molla Nəsrəddin” və Mirzə Cəlil idi.
1913-cü sənədə Mirzə Cəlil şair Əliqulu Nəcəfzadə “Qəmküsar” təxəllüsü özünə redaktor yoldaşı qəbul etdi. Nəcəfzadə qabil, mövzu təbli, dərin ittilatlı və son dərəcədə hafizəli idi ki, uşaqlıqdan o günə kimi oxuduğu cəmi əşar onun hafizəsində idi. Əliqulu Nəcəfzadə ondan da qabaq “Molla Nəsrəddin”ə “Cüvəllağı” imzası ilə şeirlər yazıb göndərərdi.
Onun ikinci redaktor olması jurnalı daha da ruhlandırdı. Nəhayət, 1919-cu sənədə onun vəfatı “Molla Nəsrəddin”ə böyük bir zərbə vurub, hətta jurnalın üç il dayanmasına səbəb oldu. 1922-ci ildə, Azərbaycan sovetləşdikdən sonra Mirzə Cəlil Bakıya köçüb köhnə yoldaşlarını başına cəm edib jurnalı nəşr etməyə başladı.
“Molla Nəsrəddin”də iştirak edənlərdən mən tanıdıqlarım Mirzə Ələkbər Sabir, Əli Razi Şəmsizadə (Dabanıçatdaqxala), Səlman Mümtaz (Xortdan bəy), Əli Nəzmi (Sijimqulu), Əli Məhzun (Yetim cücə), Yusif Kənan (Qoşunəli) və Əliqulu Nəcəfzadə (Cüvəllağı) idilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-molla-nesreddin-haqqinda-xatiratim
Use ← → keys to move, R for a random poem
More by this author
Beş məclisdə altı pərdədəƏfradi-məclis
Əvvəlinci məclisVaqe olur böyük bir meşədə, sübh vaxtıdır, iki əcinnə odun yığır.*Birinciəcinnə**. Ha, ha, ha!.. Yadıma bir yaxşı nağıl düşdü, gəl sənə deyim.
İkinci məclisVaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə*xanımın qabağında.*
Üçüncü məclisVaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub,qabağındakı*beşiyi yürüyür.*
Poems by other poets
Bizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
ƏzizimHicran dustağıyam, dərdə giriftar,Bu dərdimi kimsə bilməz, əzizim!