İkinci məclis
Vaqe olur Hafizə xanımı evində. Bəzəkli bir zal. Rəhim kişi durub Hafizə
xanımın qabağında.
Hafizəxanım. R ə h i m kişi, hesabın hamısını gətiribsənmi?
Rəhim (əlini cibinə salır). Bəli, sifariş eləmişdin ki, hər nə mədaxil olsa satım, pulunu gətirim. Mən də satdım. (Pulu çıxarır.)
Hafizəxanım. Bura ver görüm, nə gətiribsən?
Rəhim (pulu verir). Buyur, xanım, cəmi bu olubdur.
Hafizəxanım (pulu alıb sayıb, tullayır). Bu nə puldur?! Utanmırsan, altı yüz əlli manat, saqqalını yırğalaya-yırğalaya götürüb oradan bura gəlibsən? Məgər mənim mədaxilim budur? Sən də ağsaqqal çağında kələk öyrənirsən?
Rəhim. Xanım, Qurban olum, vallah, məzənnədən də də çuvalını bir abbası artığa satmışam. Özünə məlumdur ki, il pis gəldi, məhsulumuz əməlli olmadı.
Hafizəxanım. Qınayan olmasa deyərsən ki, hər şey kökündən quruyub. Bildir də il pis gəlməmişdimi? Niyə min yüz manat oldu? Bu il altı yüz əlli manat çıxdı?
Rəhim. Ay xanım, vallah, taxılımızı bu il çəyirtkə kökündən yedi. Elə az-çox darı olmuşdu ki, onu da satıb gətirmişəm.
Hafizəxanım. Yalan demə, mən hamısını bilirəm. Çəyirtkə qonşu kəndlərindəkini yeyib. Sarıbəyliyin də bir azca böyründən dalayıb, daha sən deyən kimi kökündən aparmayıb.
Rəhim. Başına dönüm, deyilən sözlərə niyə inanırsan? Beş-on gündən sonra özün Sarıbəyliyə buyurmayacaqsanmı? And olsun bəyin əziz goruna, çəyirtkə buğdadan bir sünbül də qoymayıb.
Hafizəxanım. Daha yaxşı, az danış, kəndi basıb yediyin bəs deyil, bir and da iç. Çəkil gözümün qabağından, qoca kaftar!
Rəhim. Başına dönüm, mənim saqqalım bu qapıda ağarıb. Mən neçə il bəyin atasına, sonra özünə qulluq eləmişəm. Budur, iyirmi bir ildir mən darğayam. Heç İndiyə kimi bir buğdaya xəyanət eləməmişəm. Sən məni niyə bədbəxt eləyirsən! Bəy mənə hər il bir dəst paltar alardı. Mən onu da istəmirəm. Ancaq ömrümün axır çağında sən mənə eşitmədiyim sözlər demə. Rəhmətlik bəy mənə Rəhim lələ deyərdi. Həmişə gələndə qulluğunda oturdardı məni.
Hafizəxanım. Daha az söylə, baş-beynimi aparma. Bəyin atasından mülk qalmamışdı. Az-çoxuna da baxmırdı. Elə bilirdi səndən doğru-dürüst adam yoxdur. Amma mənim arvadlığıma baxma. Mənim gözüm çox kişilərin gözündən açıqdır. Məni belə qarğa dili ilə tovlaya bilməzsən. Bəyin atası mənim atamın mülkünün bəyi deyildimi?
Rəhim. Xanım, vallah, mən sənə heç pis qulluq eləməmişəm. Axır məni bu ağsaqqal vaxtımda qapıdan niyə qovursan?
Hafizəxanım. Di yaxşı, çıx çölə. Mən uşaq deyiləm. Sən məni ələ salırsan. Nə durubsan? İtil buradan, qoca köpək!
Rəhim. Xanım.
Hafizəxanım. Çor xanım, zəhrimar xanım, itil çölə. (Rəhim gedir.) Sən bir qoca tülküyə bax. Bəyin sağlığında əlindən gələni eləyib, İndi məni də arvad görüb istəyir mənim başıma corab hörsün. Elə bilirsən səndən bununla əl çəkəcəyəm? Qoy bir kəndə gəlim, vallah, yediyini burnunun iki deşiyindən tökəcəyəm. Hə, bəs dadanmışdın dolmaya? Səni qudurdan ölüb getdi. Amma mənə Hafizə deyərlər. Mənim bir sapım itsə, aləmi kor qoyaram. (Pulu yığışdırır.)
Gətirdiyi pula bax. Görək, ay qoca qurd! Gələrəm kəndə sənin canın üçün. (İstəyir getsin.)
Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi!..
Hafizəxanım. Bu kİmdir yenə? (Gedir qapıya.) Nə deyirsən, ay qarı?
Şamamacadu. Q u r b a n ın olum, ay xanım. Allah heç kəsi zəlil eləməsin, uşaqlar, tökülüb dalımca, məni daşlaya-daşlaya gətirib buraya salıblar. Başına dönüm, yorulmuşam, acam, bircə əl böyüklüyü mənə çörək ver, yeyim.
Hafizəxanım. Haralısan, nəçisən?
Şamamacadu. Ay gözəl xanım, ay kişmiş xanım, ay maral xanım! Özüm də bilmirəm haralıyam. Nə yerim var, nə məskənim. Bircə tikə çörəkdən, qənddən, çaydan ver. Belə bu qoca canım sənə Qurban olsun.
Hafizəxanım (öz-özünə). Danışığından qaraçıya oxşayır. (Qarıya) Ay nənə, fala baxmaq bilirsənmi?
Şamamacadu. Niyə bilmirəm, başına dönüm, nazlı xanım, mələk xanım, ballı xanım, bilirəm, yaxşı bilirəm.
Hafizəxanım. Di gəl içəri görüm.
Şamamacadu (daxil olur, oturur yerə). Ay, öldüm, sümüklərim sınır. Başına dönüm, ay xanım, ürəyim yanır, Allah sənin ürəyini yandırmasın. Deginən bircə içim su versinlər.
Hafizəxanım. Su odur yanında, götür iç. (Kənara) Hələ bizə buyruq da verəcək, elə bu qalmışdı.
Şamama cadu suyu ağzına alıb Hafizənin üstünə üfürür.
Hafizəxanım. Di falıma bax görüm.
Şamamacadu. Ölümüm qabağında olsun. Əlini mənə ver görüm. (Hafizə xanım əlini verir.) Adın nədir, başına dönüm?
Hafizəxanım. Mənim adım Hafizə xanımdır.
Şamamacadu. Bəli, eşitdim, gözəl xanım, gözəl addır. Adına
Qurban olum, xanım! Başına dönüm, keçəcəyini pis görürəm, amma gələcəyin yaxşıdır. On bir aydır sənin ərin ölüb.
Hafizəxanım (kənara). Bunu haradan bildi?
Şamamacadu. Yazıq, ikicə il arvadlıq eləyibsən. Dünyadan kam almayıbsan. Bəxtində də bir gözəl oğlan var, sevəcəksən, gedəcəksən.
Hafizəxanım. Bunu yalan dedin. Mən daha ərə getmərəm.
Şamamacadu. Niyə getmirsən, gözəl xanım? Ərin çirkin imiş, dünyanın ləzzətini görməyibsən. Bir gözəl-göyçək oğlana get. O sənin nazınla oynasın, sən də onun... Gəlsənə, xanım, bir gözəl oğlan var, səni ərə verim?
Hafizəxanım. Bəydirmi?
Şamamacadu. Yox, bəy deyil, gözlərinə Qurban olum, bəy deyil.
Hafizəxanım. Bəy deyilsə, istəmirəm.
Şamamacadu. Gözəl xanım, neyləyirsən bəyi, bəy olacaq sənin yoldaşın, nə desən bir sözünə iki cavab verəcək. Mülkünü aparıb qumara uduzub, çaxıra verəcək, özünə aşna tutacaq. Amma sən eləsinə get ki, həm sənə ər olsun, həm qabağında əlində əli bağlı durub nökərçilik eləsin, həm darğan olsun mülkünü dolandırsın, bir qəpiyin də arada itməsin.
Hafizəxanım. Sənin ürəyindəki kİmdir?
Şamamacadu. Mənim ürəyimdəki bir elə oğlandır ki, hər tükünü bir oğlana dəyişməzsən. Amma bir az kasıbdır.
Hafizəxanım. Adını de görüm mən tanıyırammı?
Şamamacadu. Bu saat deyim, gözəl xanım, yanıram, qoy bir az su içim. (Suyu ağzına alıb Hafizənin üstünə üfürür). Acığın tutsa da adını deyim. Adı Qurbandır.
Hafizəxanım. Bəli, odunçu Qurban!
Şamamacadu (kənara). Ağzının suyu axır, mən imanım, heç o yanbu yan eləmə. Niyə, Qurbanın olum, Qurban necədir? Kişmiş xanım, səbzə xanım, elə paltarı yaxşı deyil deyibən xoşuna gəlmir? Belə götür paltar geydir. Bir neçə gün qapında nökər kimi saxla, sonra get. Dövlətli xanımsan, heç kəs sənə bir söz deməz.
Hafizəxanım. Yaxşı, bəs Qurban evin-eşiyin tullayıb gəlib məni alarmı?
Şamamacadu. Ev nədir, eşik nədir, sənə yesir olum, bir daxması var, iki hin kimi otaqdır. İçinə donuz girsə başını bulaya-bulaya çıxar. Özünün də arvadı bir çirkin şeydir. Elə gecə-gündüz gözəl arvadarzulayır. Səni görəndə ağlını itirəcək.
Hafizəxanım. Bəs onun onda arvadı necə olsun?
Şamamacadu. Onun da fikrini çəkəcəksən? Bir yüz manat puldur, onun kəbinini verib, başından rədd elərsən, gedər işinə. İndi bilirəm,
Qurban eşidəndə sevinəcək.
Hafizəxanım. Yəni sən bu işi düzəldə biləcəksən?
Şamamacadu. Ay xanım, belə işlər mənim əlimdə su kimi bir şeydir. İndi, ay ceyran xanım, düzəltsəm mənə nə verəcəksən?
Hafizəxanım. Çox böyük iş görürsən, məni odunçuya verirsən, sənə bir xələt də verim?!
Şamamacadu. Sən vermirsən, mən də istəmirəm, nə deyirəm. Amma gedəndən sonra bilməyəcəksən ki, nə tövr məni razı edəsən. Di başına dönüm, bircə yumru mənə qənd ver.
Hafizəxanım (qalxır). Otur burada, gətirim. (Gedir.)
Şamamacadu. Oturmuşam, gözəl xanım, oturmuşam. (Tək). İndi,
Şamama cadu, iş vaxtıdır, fürsəti əldən qoyma, məramına çatarsan,
Qurban da Pəriyə yetirərsən. Pəri mənə deyir ki, gərək Qurban əziyyət çəkməyə, gərək bu yolda qan tökülməyə. Amma heç əlac yoxdur. Qurbanı dövlətdən savayı bir zadla yoldan çıxartmaq olmaz.
Hafizəxanım (əlində qənd, daxil olur). Ala qarı nənə, apar. Heç, axır, sənin adını soruşmadım, adın nədir?
Şamamacadu. Adımı neyləyirsən, gözəl xanım? Adım adına Qurban, işimi soruş.
Hafizəxanım. Yenə bir de bilim.
Şamamacadu. Adım, başına dönüm, Zərnigardır. (Qalxır getməyə.) Gedim, Qurban ın olum, səni görüm xoşbəxt olasan.
Hafizəxanım. Bəs sən Qurbanı nə vaxt görəcəksən?
Şamamacadu. Əlacım yoxdur, sənə Qurban, gərək ölsəm də sürünə-sürünə elə İndi gedim Qurbanın yanına. Hər tövr olsa Qurban bu gün qulluğunda olar.
Hafizəxanım. Elə bu gün?
Şamamacadu. Elə bu gün, sənə gözlərim Qurban, elə bu gün... Daha gedirəm, mürəxxəs olum. (Gedir.)
Hafizəxanım (tək). Qarı deyəsən bir iş görəcək. Gedim bir dəst bəyin paltarından çıxardım verim, Qurban gələn kimi versinlər geysin, olsun bir dəstə gül. (Gedib paltarı gətirib, nökəri çağırır.) Əmrah! Ay Əmrah!
Əmrah (daxil olur). Nə buyurursan, xanım?
Hafizəxanım. A gədə, sənə neçə dəfə demişəm ki, mənə xanım demə, ağa de.
Əmrah. Qələt elədim, ağa.
Hafizəxanım (paltarı verir). Tut bu paltarları saxla, çirkləndirməyəsən. Bu gün odunçu Qurban buraya gələcək, verərsən ona geyər. Ondan sonra gətirərsən mənim yanıma, eşitdinmi?
Əmrah. Bəli ağa, eşitdim. (Öz-özünə). Bəyin paltarını odunçuya geydirir. Bu bir kələkdən uzaq deyil.
Hafizəxanım. Nə mırtlayırsan, a gədə?
Əmrah. Heç, ağa, bir söz demədim.
Hafizəxanım. Di itil, get, paltarı yaxşı yerə qoy, xarab olmasın.
Əmrah. Baş üstə, boğçaya bağlaram.
Hafizəxanım. Hə, di get, yaxşı. (Əmrah gedir). Mən də gedim bir az bəzəkdən-zaddan vurum. Hərçənd bu qaşa, bu gözə nə bəzək lazımdır, nə düzək, amma yenə qoy Qurbanın ağlı başından çıxsın. (Gedə-gedə oynayır.) Bayramındır, Hafizə! Bayramın... bayramın...
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-peri-cadu-ikinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
On üçüncü şəkilMüctəhid Hacı Mirzə Əhməd ağanın evində. Hacı Mirzə Əhməd ağa və*
Beşinci pərdəOn səkkizinci şəkilBakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş*
Kimdir müqəssirVodevil iki məclisdə(Məzmun əxz olunub)
Əvvəlinci məclisKənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə*qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında*
Poems by other poets
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Zülümdü mənəBircə insaf eylə, a zalım Becan,Ayırma Abbasdan, zülümdü mənə.