On səkkizinci şəkil

Bakıda mexanik emalatxanasında. Kamran, Fəramərz, Xurşid, Cahanbəxş
dəzgahlar dalında işləyirlər.

Kamran (çəkiş vuraraq oxuyur):

Yolu bəri baxan dağlar

Mənim səndə nəyim qaldı.

Əlim yetməz, ünüm çatmaz,

Bir gül üzlü yarım qaldı,

Yarım qaldı, yarım qaldı.

Fəramərz. Oğlan, deyəsən eşqin yenə təzələnibdir. Ürəyin

yönü bəri baxan dağların arxasına uçur.

Fit verilir, hamı əllərini işdən çəkir.

Kamran. Budur, iki ildir biz bu emalatxanada işləyirik. Bir dəfə də olsa mənim dilimdən Gövhərtacın adını eşidibsənmi? Mənim başımdakı xəyalət, mənə hər bir şeyi unudub. Mənim qərq olduğum dərya Xəzər dəryasından da dərİndir. Dörd ətrafına baxıb, nə xan, nə müctəhid, nə seyid, nə tacir və nə də zülm zəncirinə bağlı, zülmət dəryasına qərq olmuş dəhat əhlini və nə də çarşab altında, dörd divar arasında əsarətdə qalan ana-bacıları görürəm. Xəyalıma gəlir ki, bir gün olar bu gün mənim vətənimə də doğar.

Müctəhid Hacı Mirzə Əhməd ağanın dalınca İndi ulaq kimi anqıranlar onun eşşəyinin torpağını tutiya deyə gözlərinə çəkənlər onun əmmaməsini boynuna dolayıb küçələrdə sürüyərlər. Xudayar xanlar xalqın qisasından qaçmağa yer ararlar. Hacı kamyablar bilməzlər dövlətlərini götürüb hansı məmləkətə qaçsınlar.

Cahanbəxş. Yəni bu gün bizim vətənimizə doğacaq? Camaatımız çox avamdır. Onun ayılması çox-çox illər istər.

Kamran. Camaat avam isə də, ona bir rəhbər lazımdır. Kommunizm yolu şirin yoldur. Qabil, bacarıqlı rəhbər dalınca gedər.

Xurşid. Sənin sözünlə o günü görəcəyimizə şəkk yoxdur.

Kamran. Heç şəkk yoxdur. Biz vətən ilə əlaqədar olub xalqı hazırlamalıyıq. Hazırladıqdan sonra hamımız gedib ona rəhbər olmalıyıq. Mənim dərin siyasi savadım yoxdur. Ola bilsin fikrimi asan izah eyləyə bilmirəm. Amma gərək belə olsun.

Fəramərz. K a m r a n, sən cavansan, niyə bu məktəblərin birinə daxil olub oxumayırsan? Oxu, bizi də öyrət.

Kamran. Məgər xəbərin yoxdur? Bir neçə gündən sonra məni fəhlə fakültəsinin tələbəsi görərsən.

Fəramərz. Yenə sən mənim sözümə cavab vermədin. Bu söylədiyin xəyalət dəryasına qərq olandan sonra köhnə eşqi yada salmağına səbəb nədir?

Kamran. Əvvəla, mənim o qıza yazığım gəlir. Onda təqsir yoxdur, yəqin İndi o da mənim xiffətimi eləyir. İkincisi, onu bu gecə yuxumda görmüşəm. Gördüm bir qan dəryasına qərq olub. Əlini mənə tərəf uzadıb deyir: əmioğlu, tut əlimdən məni kənara çıxart. Doğrusu, bu yuxu bir az mənim halımı dəyişibdir.

Kərbəlayı Mədəd (çöldən səslənir). Burada Kamran. İbrahim oğlu işləyirmi?

Kamran (diksinərək). Bu, dayımın səsidir. (Qapıya tərəf gedib səsləyir.) Dayı can, gəl, buradayam.

Kərbəlayı Mədəd (daxil olur. Kamran ilə, yoldaşları ilə öpüşür). Mən dünən gəlmişəm, axşamdan səni axtarmışam, soraq verən olmayıb. Axırı bu gün bir nəfər oğlan sənin yerini göstərib.

Kamran. Bəs harada mənzil eləyibsən?

Kərbəlayı Mədəd. “Şərq” mehmanxanasındayam. Anan da mənimlə gəlibdir.

Kamran. Anam! Anam nə üçün gəlibdir?

Kərbəlayı Mədəd. Bir-iki ay bundan əqdəm atan vəfat elədi.

Kamran. Atam öldü, yazıq ata! Niyə can verdiyi zaman sənin yanında olmadım?!

Kərbəlayı Mədəd. Bəli! Axır nəfəsində yazığın gözləri ətrafı gəzirdi. (Kamran gözlərini silir.) Atandan sonra anan davam gətirə bilmədi. Hər gün gəlib mənə yalvarırdı ki, məni oğluma yetir. Axır mən də götürüb gəldim. Bunu da deyim ki, Hacı Kamyab atanın dəfninə böyük maya qoyub, çox cəlal ilə götürtdü.

Kamran. Şöhrəti üçün vacibdir. Deməsinlər Hacı Kamyabın qardaşının meyitini götürən olmadı.

Kərbəlayı Mədəd (bir başıbağlı məktub, bir boğça verir).

Bunları da həkimbaşı Mirzə Mehdi sənə göndəribdir.

Kamran (kağızın açıb oxuyub, əlindən yerə salır, dübarə qaldırır, bir dərin ah çəkir). Bəli, bunu gözləməli idi. Bu da Hacı Kamyabın hirsinin nəticəsi. Bundan sonra başına döyüb ağlasın, görək nə fayda qazanacaq?

Xurşid. Nə xəbərdir, Kamran?

Kamran. Mirzə Mehdi yazır ki, Gövhərtac müctəhidin evinə gedən gündən bir sağalmaz mərəz tutub vəfat etdi və boğçadakı yadigarın da sənə göndərilməsini ölən günü məndən xahiş elədi. (Boğçanı açır, bir köynək və bir qana bulaşmış dəsmal çıxarır.) Baxın, yoldaşlar! Bədəninə ən yaxın olan köynəyini və ciyərinin qanını mənə töhfə göndərib. Belə bir vücudu unutmaqmı olar? (Fit verilir, tənəffüs qurtarır.) Dayı can, sən get, işdən çıxantək gələrəm yanına. (Dəsmala baxır.) Əziz yarım, bir gün olar bu qanlı dəsmalı qan rəngində bir bayrağın başına bağlayıb sənin qisasını almağa gələrəm. (Maşının çarxları başlayır işləməyə, kürədən alov baş verir. Kamran bir parça qızarmış dəmir götürüb çəkic ilə döyür.) İndi, yoldaşlar, gücünüz gəldikcə çəkic vurun. Bu çəkiclərin hər zərbəsində sosializm imarətinə bir mıx çalınır. Vurun, yoldaşlar, bu çəkiclər bir gün olar çox başlar dağıdar. Yaşasın dünya inqilabı! Siz də deyin.

Yoldaşları. Yaşasın dünya inqilabı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Fətəlinin faciəsi

Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”

3 min
M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 min
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 min
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 min

Poems by other poets