Page 1 of 2

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.

Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

Dramaturqun atası mirzə Məmmədtağı 1811-ci ildə Təbrizin yaxınlığındakı Xamnə qəsəbəsindən Nuxaya gəlib, o zaman Nuxada məşhur olan Molla Ələsgərin qardaşı qızı ilə evlənmişdi. Mirzə Fətəli həmin bu nikahdan doğulmuşdur. Uşaq doğulduqdan iki il sonra Mirzə Məmmədtağı arvadını və uşağını götürüb Xamnəyə getdi. Sən demə onun burada başqa bir arvadı da varmış. Axundovun anasının həyatı ərinin evində dözülməz bir vəziyyətdə keçdiyi üçün dörd ildən sonra, o, o zaman Ərdəbildə yaşayan əmisinin yanına geri göndərilməsini ərindən xahiş etdi və altı yaşlı uşaq da anası ilə birlikdə oraya gəldi. Bundan sonra onun atası haqqında heç bio şey məlum deyildir. Çox keçmədən Mirzə Fətəlinin anası da öldü və Molla Ələsgər uşağın tərbiyəsi ilə şəxsən özü məşğul oldu. Bir il sonra Molla Ələsgər ona Quran oxumağı öyrətdi, sonra isə fars və ərəb dillərindən dərs deməyə başladı. Molla Ələsgər öz zəmanəsində elmli, ərəb və fars dillərini, fiqhi dərindən bilən bir şəxs hesab olunurdu. O, Fətəlini oğulluğa götürdü və bundan sonra Fətəli xalq arasında “Molla Ələsgər oğlu” adı ilə tanındı.

1825-ci ilə kimi Molla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təkrar Qafqaza gəlib Gəncə şəhərində sakin oldular. Bir il sonra Şahzadə Abbas Mirzənin başçılığı ilə İran qoşunları Qarabağ və Gəncə üzərinə hücum etdilər. İran və rus qoşunları arasında qızğın döyüş başlandı. Döyüşlərin xüsusilə qızğın aparıldığı Gəncə şəhəri dəfələrlə əldənələ keçdi. Geri çəkilməyə məcbur olan İran qoşunları dinc əhalini talan etdilər və onlar şəhərdən çıxdıqdan sonra Molla Ələsgər tamamilə müflisləşdi və əlində qalan cüzi əmlakını satıb çox çətinliklə vətəni Nuxaya qayıtdı.

1833-cü ildə Məkkə ziyarətinə gedən Molla Ələsgər Mirzə Fətəlini yenidən Gəncəyə gətirdi, Molla Hüseyn adlı birinin evində qoyub, məntiqdən və fiqhdən ona dərs deməyi tapşırdı. Molla Ələsgərin məqsədi Mirzə Fətəlini də özü kimi molla etmək idi. Lakin xoşbəxt bir təsadüf onun bu niyyətinə mane oldu.

Məşhur filosof və mütəfəkkir Mirzə Şəfi bu zaman Gəncə məscidinin hücrələrinin birində yaşayırdı. Həmin mirzə Şəfi nəstəliq xətti ilə yaxşı yazması ilə də məşhur idi.

Mirzə Fətəli Mirzə Şəfinin yanına gedib ondan nəstəliq dərsi alırdı. O, Mirzə Fətəlinin son dərəcə istedadlı olduğunu hiss edib, bir gün ondan məqsəd və arzularının nədən ibarət olduğunu xəbər aldı. Mirzə cavab verdi ki, onun məqsədi molla və mollalıqla güzəran keçirməkdir.

Buna cavab olaraq Mirzə Şəfi ona belə bir sual verdi: “Sən də bu mollalar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?” Mirzə Şəfi qısa bir müddətin içərisində Mirzə Fətəlinin dünyagörüşünü tamamilə dəyişdirdi, rus dilini öyrənib Dövlət idarələrində qulluğa girməyi ona məsləhət gördü.

Molla Ələsgər Məkkədən qayıtdıqdan sonra gördü ki, qardaşı nəvəsinin dünyagörüşündə, əqidə və etiqadında dərin dəyişiklik yaranmışdır.

Bu zaman rus hökuməti Nuxada “Qəza məktəbi” açmışdı. Mirzə Fətəli atalığından inadla xahiş etdi ki, onu bu məktəbə qoysun. Yaşı çox olduğu üçün o, məktəbdə ancaq bir il oxuya bildi və yüksək bacarığı sayəsində rus dilini birtəhər öyrəndi.

Molla Ələsgər 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib, onu Şərq dilləri mütərcimliyinə təyin etmək və rus dilini öyrətmək üçün ona rəhbər ayırmaq xahişi ilə o zamankı canişin baron Rozenə ərizə verdi. Baron Rozen Molla Ələsgərin xahişini qəbul etdi. Mirzə Fətəli Qafqaz canişinliyi dəftərxanasında mütərcim təyin edildi və ömrünün axırına kimi bu vəzifədə çalışdı.

Baron Rozendən sonra Qafqaz canişinliyinə Voronsov təyin olundu. Öz komediyalarının müqəddiməsində Axundov yazır: “1849-cu ildə canişin knyaz Voronsovun sərəncamı ilə Tiflisdə teatr adlandırılan bir bina tikildi”. Yerli dillərdə repertuar tərtib etmək üçün canişin üç ko-

Ə.Haqverdiyev, Mirzə Fətəlinin əsərlərindən gətirdiyi sitatları sərbəst götürdüyü üçün bir də
həmin sitatları mənbələrindən götürməyib, məqalədə olduğu kimi tərcümə etdik

misyon: gürcü, erməni və Azərbaycan komisyonları yaratmağı əmr etdi. Azərbaycan komisyonunun təşkili Mirzə Fətəliyə tapşırıldı.

Axundov, azərbaycanlıların içərisində başqa adam tapmadığı üçün özü komediya yazmağa başladı və bir ilin içərisində üç komediya: “Kimyagər”, “Müsyö-Jordan” və “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (1267, hicri, 1850/51) əsərlərini, 1851-ci ildə “Hekayəti-xırsquldurbasan”, 1852-ci ildə “Sərgüzəştimərdi-xəsis” (Hacı Qara), 1855-ci ildə “Təbriz vəkilləri” komediyalarını yazdı.

Mirzə Fətəli yazmışdır: “Altı komediya və bir hekayə yazaraq başqa müəlliflər kimi mən, oxuculardan nöqsanlarımın bağışlanmasını xahiş etmirəm. Mən onlardan xahiş edirəm ki, bu növ ədəbiyyatla tanış olsunlar və bu cür ədəbiyyatın xalq içərisində yayılmasına çalışsınlar. Mən bir təşəbbüskar kimi ancaq bunun nümunəsini verirəm”. O zaman Azərbaycan ədəbiyyatı nə vəziyyətdə idi? İranın lirik şairləri Sədi və Hafizin təsiri altında inkişaf edən poeziya qəzəllərdən, varlı şəxslərə həsr edilən mədhiyyələrdən ibarət idi. Müftəxor şairlər varlıların ətrafında fır-fır fırlanırdılar. Ədəbiyyatın başqa formaları haqqında nə şairlərin, nə də ki, xalqın təsəvvürü var idi. Belə bir zamanda Mirzə Fətəli dram ədəbiyyatının “nümunəsini” yaratdı.

Lakin bu komediyalar qələm təcrübəsi deyil, istedadla yazılmış əsərlərdir, yaradıcılıq inciləridir. Mirzə Fətəli Axundovun ardıcılı olan hər bir dramaturq bunlara qibtə edə bilər. 75-78 il yaşamalarına baxmayaraq, adam bu komediyalara, xüsusən daim cavan olan “Hacı Qara” komediyasına maraqla tamaşa edir.

Teatr görmədən (o zaman Tiflisdə teatr yox idi), səhnə ilə qətiyyən tanış olmadan, Qoqol və Molyerin əsərlərindən başqa heç bir şeylə tanış olmadan belə nümunəvi komediyaları ancaq Mirzə Fətəli Axundov kimi çox böyük istedada malik bir adam yaza bilərdi.

Mirzə Fətəli Axundov Avropa mədəniyyətinin qızğın tərəfdarı olduğu üçün, həmişə öz vətəndaşlarını bu mədəniyyətə qovuşdurmaq arzusu ilə yaşayırdı. O yazmışdır: “Kim mədəniyyətin və sivilizasiyanın tərəfdarıdırsa – mən onun quluyam; kim mədəniyyətin və sivilizasiyasının əleyhinədirsə – mən ondan uzağam”.

Mirzə Fətəli belə hesab edirdi ki, müsəlmanların geridə qalmasına onların əlifbası səbəb olmuşdur, buna görə də o, əlifbanın islahına girişdi. O, soldan sağa yazılan əlifbanın tərəfdarı idi və hətta Avropa əlifbasına keçməyi təklif edirdi; o, ərəb əlifbasının islah edilməsinin xeyri haqqında İran maarif nazirinə göndərdiyi yazılı məruzədə belə əlifbanın sağdan sola yazılan əlifbadan üstün olduğunu sübut edirdi. O yazırdı: “Hər bir şəxsə məlumdur ki, soldan sağa xətt çəkmək sağdan sola çəkməkdən asandır”. Lakin eyni zamanda o, qeyd edirdi ki, halhazırda bunu həyata keçirmək bizim qüvvəmiz xaricindədir, çünki bizim xalqımız qaz lələyindən qayrılmış pero ilə yazmağı bacarır, dəmir pero ilə yazmır, duru mürəkkəb deyil, qatı mürəkkəb işlədir, stol üstündə yazmağı bacarmayır, dizləri üstə yerə oturaraq ikiqat əyilib yazır və i. a. Buna görə də o, müvəqqəti olaraq özünün düzəltdiyi əlifbanı tövsiyə edir və sağdan sola yazmağı təklif edirdi. Mirzə, bununla sadəcə olaraq, kütlələrin cəhalətini nəzərə alırdı, çünki soldan sağa yazmaq təklifinə avam kütlə müsəlman dininin əsasını pozmaq kimi baxa bilərdi.

O zamanın şəraitinə görə, Axundovun təklif etdiyi əlifba, ancaq Türkiyə və İran tərəfindən qəbul olunduqdan sonra tətbiq edilə bilərdi. Odur ki, 1863- cü ildə Axundov Istanbula gedib, öz əlifbasını Türkiyə maarif nazirliyinə təklif etdi. Vaxtı ilə Iranın Zaqafqaziyada baş konsulu olmuş Hüseyn xan adlı birisi bu zaman türk sarayı nəzdində elçi idi. Sən demə, “Sərgüzəşti-vəzirixani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarına görə onun ürəyində Axundovla ədavəti var imiş. Ona elə gəlirmiş ki, bu pyeslərdə fars xalqının ləyaqəti təhqir olunur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets