M.F.Axundovun həyat və fəaliyyəti
Page 2 of 2 · 50%
Bundan heç bir xəbəri olmayan Mirzə Fətəli Axundov İstanbula gələndə Hüseyn xanın evinə düşdü. Hüseyn xan bir tərəfdən Axundovu evində qonaq saxlayıb ona hər cür hörmət edirdi, o biri tərəfdən isə Türkiyə nazirlərini və maarif nazirliyinin “elmi şurasının” üzvlərini inandırırdı ki, Axundov dindən üz döndərib, kafirdir. Mirzə bundan xəbər tutan kimi dərhal Hüseyn xanın evindən köçüb başqa yerdə sakin oldu. O cənabın fitnəkarlığı nəticəsində “elmi şura” Axundovun əlifbasını rədd etdi, Mirzə nəticəsiz geriyə qayıtdı.
Tiflisə qayıtdıqdan sonra, Mirzə Fətəli Axundov ərəb əlifbasının nöqsanları haqqında bir kitabça yazdı və düzəltdiyi əlifbanı da ona əlavə edib Tehrana göndərdi, lakin oradan cavab belə almadı.
İctimai həyat səhnəsinə atıldığı ilk gündən etibarən Mirzə Fətəli Axundov xalqın avamlığına, cəhalətinə və mövhumi adətlərə qarşı amansız mübarizəyə başladı. O, ruhanilərlə, şeyxül-islamla daim dini mövzularda mübahisələr edir və dini ehkamların şərhində onların cahil olduğunu məntiqlə sübut edirdi. Əslində o, materialist olduğu üçün heç bir dini qəbul etmirdi. O zaman Mirzə Fətəlinin yerinə kim olsaydı, avam kütlə onu parça-parça edərdi, çünki o vaxt elə bir zaman idi ki, xalqın cəhaləti son dərəcə güclü idi və ruhanilər xalqın ağlını istədikləri tərəfə istiqamətləndirirdilər, xalq onların arzularına kor-koranə tabe olurdu. lakin Axundov elə bir zamanda yaşayırdı ki, o zaman qəza idarəsinin miskin mütərcimi yenilməz böyük bir şəxs idi, Qafqaz canişinliyi dəftərxanasının mütərcimi isə elə bir sima idi ki, ruhanilər onunla hesablaşmaya bilməzdilər. Beləliklə, Axundovun qulluğu onu xilas edir və ideyalarını yaymaq üçün imkan yaradırdı.
1878-ci il, fevralın 28-də Mirzə Fətəli Axundov vəfat etdi. Mirzə Fətəlinin ölümünü şeyxül-islam Molla Əhmədə xəbər verdikdə o, belə dedi: “Mən Mirzə Fətəli ilə tez-tez söhbət etmiş, dini və başqa mövzularda mübahisələr etmişəm, mən onun din haqqında olan nöqteyinəzəri ilə tanışam, buna görə onun namazını qılmaqdan imtina edirəm. Başqa mollalar da şeyxül-islamın ardınca gedərək, onun cənazəsi üzərində namaz qılmaqdan imtina edirlər. Uzun minnətlərdən sonra şeyxül-islam məscidin xadimlərindən biri Molla Hüseynə tapşırdı ki, gedib Mirzənin nəşi üzərində “bir neçə söz desin”.
Mollaların yoldan çıxardığı Tiflis əhalisi onun nəşini qəbiristanlığa aparmaqdan boyun qaçırtdı. Böyük mütəfəkkirin nəşi üç gün evdə qaldı. Nəhayət, Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat verməli oldular.
Mirzə Fətəli Axundov Azərbaycan xalqının arasında bir növ diyakon idi: o, gündüzlər əlində fanar xalqın arasında gəzib “adam axtarırdı” və onu tapmırdı. Bu tənhalıq onu olduqca sıxırdı. Özünün bu mənəvi faciəsini o, qəhrəmanlarından biri, “Kimyagər” komediyasındakı şair Hacı Nurunun dili ilə ifadə etmişdir.
Şair Hacı Nuru, iksirin köməyi ilə kimyəvi üsulla adi metaldan hasil etdiyi gümüşü Molla İbrahim Xəlildən ucuz qiymətə almaq üçün onun yanına getməkdən ötrü toplaşan nuxalıların yanına gələrək, onlara bu fikirdən əl çəkməyi məsləhət görür və izah edir ki, hər kəsin öz sənəti özünə iksirdir, bura toplaşanların hamısı ona görə yoxsuldur və ona görə vəsaitə ehtiyacları vardır ki, öz peşələri ilə məşğul olmurlar: birinin atası dəllək idi, o isə həkimliklə məşğul olub, adamları dəstədəstə o dünyaya göndərir; biri vaxtilə əkinçilik edərdi, İndi isə torpağını atıb qeybətlə, xəbərçiliklə məşğul olur. Bu zaman toplaşanlardan biri Hacı Nuruya belə bir sual verir: “Siz iksir haqqında danışırsınız.
Siz şairsiniz, sizin sənətiniz şairlikdir, nə üçün sizin şeriniz iksir deyildir və bizim kimi sizin də vəsaitə ehtiyacınız vardır”. Hacı Nuru cavab verir: “Mənim iksirimin təsirini qəbul etmək üçün müvafiq metal lazımdır, nə qədər axtarıram o metalı tapa bilmirəm. Buna görə də mən yoxsulam”.
Mirzə Fətəli öz iksiri ilə gəzərək, bütün ömrü boyu xalqın cəhaləti ilə, mövhumi adətlərlə amansız mübarizə aparmış, öz xalqını sivilizasiyaya,
Avropa mədəniyyətinə qovuşmağa çağırmış, xalq isə onu başa düşməyib, dinin düşməni adlandırmışdır. Onun komediyaları 1859-cu ildə ilk dəfə Azərbaycan dilində nəşr olundu. Halbuki onun komediyalarının rus və gürcü dillərinə tərcümələri hələ 1853-cü ildə nəşr edilmişdi. Onun əsərlərini alıb yandırmağı hər bir mömin müsəlman özü üçün böyük savab hesab edirdi.
Mirzə Fətəli öz təbiəti etibarilə yumşaq, hazırcavab, sakit və insanlara inanan bir adam idi. Mübahisə zamanı, xüsusən dini mövzularda gedən mübahisələrdə, mübahisəyə girişənlər ağızları köpüklənəköpüklənə qışqırıb özlərindən çıxdıqları halda, Axundov, ona endirilən zərbənin hamısını sakit tərzdə dəf edirdi. Kömək üçün ona müraciət edənlərin heç biri razı salınmamış geri qayıtmırdı.
Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı. Qardaşı oğlu Behbudun taqsırı üzündən Zakir oğlu və qardaşı oğlu ilə birlikdə Sibirə sürgün edilməyə məhkum olunduqda, Mirzə günahsız müqəssirləri müdafiə etdi. Nəticədə Zakirin Sibirə sürgün olunması haqqındakı hökm polisin nəzarəti altında yaşamaq şərti ilə dörd aylığa Bakıya sürgün edilmək hökmü ilə vəz olundu, oğlu və qardaşı oğlu isə vətənlərinə qaytarıldı.
Axundovla Zakirin arasında mənzum və mənsur məktublaşma həmişə davam etmişdir. Hətta rəvayət var ki, Mirzə Fətəlinin “Hacı Qara” və “Müsyö Jordan” komediyalarının süjetini Zakir vermişdir. Bu mühüm məsələ dramaturqun arxivi açıldıqdan sonra məlum olacaq. Hələlik bu arxivin alınması haqqında danışıq gedir.
Müəllif, Hacı Nurunun cavabını qısaltmış, bir qədər mətndən uzaqlaşmışdır.Həmin cavab
əslində belədir: “Bəli, mənim hünərim filhəqiqə iksirdir. Amma necə ki söz deyirsiniz, iksirə
laməhalə başqa filizat lazımdır ki, onun tərkibini qəbul edə: habelə mənim hünərim üçün dəxi
ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zaman ki, mənim
bəxtimdən həmşəhərlərim də ki, sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var, bu surətdə
mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir”.
Mirzə Fətəli Axundov altı komediya və “Aldanmış kəvakib” adlı bir hekayə yazmışdır. Bu yaxınlarda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri yoldaş Ağamalıoğlu onun “Kəmalüddövlə və Cəlalüddövlə məktubları” adlı əsərinin əlyazmasını tapıb ayrıca kitabça kimi nəşr etdirmişdir. Axundovun müsəlmanlığa və dinə olan münasibəti burada çox aydın müəyyən edilmişdir. Bu əsərində o, həqiqi materialistdir, bunun üçün də vaxtilə ruhanilər tərəfindən təkzib edilirdi.
Axundovun komediyaları Qoqol və Molyerin təsiri altında yazılmışdır. Bəzi mühərrirlər onu Azərbaycan Molyeri adlandırırlar. “Aldanmış kəvakib” hekayəsini rus dilinə tərcümə edən Falev isə ona Azərbaycan Qoqolu adı vermişdir. Onların hamısı haqlıdır: “Aldanmış kəvakib” hekayəsində və “Təbriz vəkilləri” komediyasında o, Qoqoldur, qalan komediyalarında isə Molyerdir. Mirzə Fətəli Axundov birinci zərbəni xalqın cəhalətdə qalmasının başlıca müqəssirləri olan ruhanilərə endirmişdir. Molyerin “Tartüf” əsərinin təsiri altında o, gecə-gündüz dua oxuyaraq din pərdəsi altında gizlənən, həyasızcasına xalqı aldadıb soyan fırıldaqçı Molla İbrahim Xəlil və onun köməkçisi Molla Həmid surətlərini yaratmışdır. Molyerin “Xəsis” əsərinin təsiri altında o, “Sərgüzəşti-mərdi-xəsis” pyesində ölməz Hacı Qara surətini yaratmışdır. O Hacı Qara ki, İrandan gətirdiyi qaçaq mal əlindən çıxır, ancaq qəza rəisinə yalvarır ki, onun cibindən çıxardıqları on qəpiyi özünə qaytarmağı adamlarına əmr etsin.
Mirzə Fətəli öz dövrünün heç bir bacarığı olmayan, başqalarının hesabına yaşayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, bununla da özlərini qoçaq göstərmək istəyən bəylərini də az tənqid etməmişdir... Müəllif, xalqın müxtəlif cadugərlərə və cadugərliyə inanmasına gülürdü. Onun “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” pyeslərində Iran məhkəmələri və məmurların rüşvətxorluğu ifşa edilir.
O zaman qadın surətlərinin yaradılması ədəbiyyatda böyük bir inqilab idi. Axundovun pyeslərindəki qadınlar kişilərdən daha ağıllı, gözüaçıq və düşüncəlidirlər. Qadınlarla kişilərin arasında gedən mübarizələrdə, “Müsyö Jordan” və “Vəziri-xani-Lənkəran” pyeslərində olduğu kimi, qadınlar qalib gəlirlər.
Mən deməliyəm ki, Axundovun komediyalarındakı tiplər uydurulmamışdır, bilavasitə həyatdan götürülmüşdür. Komediyalarda verilən şəxslər, həqiqətən, həyatda yaşamışlar. Hacı Qaranın nəvələri indi də Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar. Molla Xəlil kimyagərin nəvəsi ilə mən özüm Tiflisdə tanış olmuşam. O, orada həvəskar artist idi. Hələ Axundov anadan olmamışdan əvvəl vəfat edən Vaqifin şeirlərində Müsyö Jordan və Hətəmxan ağa haqqında işarələr vardır. Lakin onlardan həqiqi, ölməz surətlər yaratmaq üçün Axundov istedadı lazım idi.
M.F.Axundov ədəbi fəaliyyəti ancaq komediyalarla məhdudlaşmırdı. O, “Qafqaz” qəzetində ictimai mövzularda məqalələr dərc etdirmiş, 50-ci illərdə Tiflisdə çıxan “Zurna” almanaxında Ağa Məhəmməd şahın Şuşada öldürülməsinin ətraflı təsvirini vermişdir. Axundov poeziyaya da yabançı deyildi, onun Azərbaycan və fars dillərində bir neçə şeri vardır.
Axundovun əsərləri əvvəlcə rus və gürcü dillərinə tərcümə edilmişdi. “Hekayəti-Müsyö-Jordan həkimi-nəbatata” və “Vəziri-xaniLənkəran” pyesləri erməni dilinə də tərcümə edilmişdir. Rus və gürcü tərcümələri nəşr olunmuş, ermənicə tərcümə olunmuş pyeslərin birinin üstündə Axundovun şəxsən yazdığı bir qeyd var: “Satenik xanıma icazə verirəm ki, bu pyesi öz benifisinə tamaşaya qoysun. Müəllif Axundov, 1874-cü il”. Belə bir orijinal istedadın meydana çıxması o zamankı rus ədəbiyyatçılarının nəzərindən qaçmadı. 1853-cü ildə “Russki İnvalid” qəzetində Axundovun əsərlərinin təhlilinə həsr olunmuş məqalə buraxılmışdır. Həmin məqaləni “P.L.” imzası ilə yazan naməlum bir ədəbiyyatçı həyəcanlı bir tərzdə qeyd edir ki, “yeni dram dühası, Azərbaycan Molyeri yaranıb, o öz kiçik vətənindən xaricdə də məhşurlaşdırılmağa layiqdir”.
O zamankı Peterburq “uzaq ucqarın” yazıçısı ilə də maraqlandı. “Literaturnaya letopis”in yazdığına görə, onun “Müsyö Jordan” komediyası orada xüsusi səhnədə tamaşaya qoyulmuşdur.
Axundovun komediyaları 1817-1874-cü illərdə Mirzə Cəfərin tərcüməsi ilə fars dilində Tehranda daş çapı ilə nəşr olunmuşdur. Avropa şərqşünasları bizim yazıçının əsərləri ilə bu tərcümənin sayəsində tanış olurlar. 1882-ci ildə Haqqarda və Strançe “Vəziri-xaniLənkəran” komediyasının fars mətninin ingiliscəyə tərcüməsini lüğət və qeydlərlə nəşr etdilər. Bundan sonra 1886-cı ildə Parisdə Barbie de Meynar “Jurnal aziatik” məcmuəsində “Kimyagər” komediyasını fransızca buraxmış və 1889-cu ildə o, “Hekayəti-xırsquldurbasan” komediyasını Azərbaycan dilində şərqşünasların Stokholm konqrasına təqdim etmiş, pyes Stokholm konqrası əsərlərinin birinci cildində çıxmışdır. Yenə də 1899-cu ildə Adolf Silyer “Vəziri-xani-Lənkəran” və “Təbriz vəkilləri” komediyalarını fars dilində Parisdə nəşr etmişdir. Bundan başqa, Axundovun pyeslərinin ingilis və fransızcaya tərcümələrinin nəşrləri də vardır. Bizdə isə Axundovun əsərlərinin Azərbaycan dilində çıxmış nəşri artıq çox çətinliklə tapılır. Ancaq bu yaxınlarda Azərbaycan Dövlət Nəşriyyatı onun əsərlərini yeni əlifba ilə buraxmışdır.
Mirzə Fətəli sağlığında əsərlərini Azərbaycana dilində səhnədə görməmişdir. İlk dəfə 1873-cü ildə martın 9-da “Hacı Qara” komediyası Bakıda Həsənbəy Məlikovun rəhbərliyi ilə realni məktəbin şagirdləri tərəfindən tamaşaya qoyulmuşdur. Həsənbəy Məlikovdan bu haqda məlumat aldıqda Mirzə Fətəli ona yazmışdır: “Mən qocalmışam, yaxında öləcəyimi gözləyirdim, ancaq bu xəbər mənim ömrümü on il uzatdı”. Lakin o, beş ildən sonra, 1878-ci il fevralın 28-də (köhnə hesabla) bütün həyatını və qüvvəsini mədəniyyətinin inkişafına həsr etdiyi xalq tərəfindən unudulmuş, tənha bir vəziyyətdə gözlərini həyata yumdu. Ölərkən onu ancaq ailəsi və iş yoldaşları əhatə etmişdi. Azərbaycanın bu böyük oğlunu layiqi ilə qiymətləndirmək üçün zəhmətkeşlər hökumətinin yaranması lazım imiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-m-f-axundovun-heyat-ve-fealiyyeti
Use ← → keys to move, R for a random poem