Birinci pərdə
Page 1 of 3
Birinci şəkil
Kəndli Tanrıqulunun evi. Arvadı Fatmanisə cəhrə əyirir. Oğlu Qədim bir
kənarda oturub, doğrama yeyir.
Fatmanisə (cəhrəni əyirərək oxuyur):
Sən gedən bir il oldu,
Vİrana bağlar gül oldu.
Vədə verdin gəlmədin,
Bu nə yaman dil oldu.
Qədim. Ana, nə oxuyursan?
Fatmanisa. Nə oxuyacağam, ay oğul? Dərdimi ağlayıram. Atan ay yarımdır gedibdir, heç bir xəbər yoxdur, oxuduğum elə odur.
Qədim. Atam gedəndə dedi ki, mayın birinə on gün qalmış gələcəyəm, sənə də bir dəst yaxşı paltar gətirəcəyəm.
Fatmanisə. Bəs niyə gəlmir? Sabah da mayın biridir, gəlsin çıxsın. Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. Onunla gedənlər hamısı qayıdıb gəldilər. Səfiqulu, Qurban, Yetər oğlu Qara, Talıb kişinin iki oğlu. Gedəndə dedi ki, nə bilim, dilim tutmayır, Tovuz tərəfdə kolxozçuların əkin işləri dalda qalıbdır, onlara hav eləməyə gedirik. Elə o gedəndir. (Pəncərədən baxır.) Qurban dayın odur gedir, bircə çıx onu çağır gəlsin.
Qədim cəld çıxır, bayırdan səsi gəlir.
Qədim. Ay Qurban dayı, ay Qurban dayı!
Qurban (bayırdan). Nə deyirsən, ay bala?
Qədim (bayırdan). Nənəm səni çağırır. (Qayıdır evə.) Nənə, budur gəlir.
Əlli-əlli beş yaşında Qurban, əlində ağac, daxil olub məfrəş üstündə oturur.
Qurban. Sabahın xeyir, a Fatmanisə, kişinin korluğunu çəkmirsən ki?
Fatmanisə. Səni elə ondan ötrü çağırdım. Axı bu kişiciyi aparıb başını harada batırdınız?
Qurban. Kişinin niyə başı batır? Onu dəyirmanın novundan salsan, donuzluğundan diri çıxar.
Fatmanisə. Bəs bu bədbəxt oğlu harada qaldı? O da sizinlə getməmişdimi?
Qurban. Bizimlə getmişdi, doğrudur. Biz getdik Tovuzun kolxoz yerlərinin əkininə kömək eləyib, vaxtında qurtardıq. Sonra xəbər gəldi ki, Qasım İsmayılov dairəsində də əkin işi ləngə düşmüş. Tarıqulu özünü udarnik yazdırıb getdi oraya. Biz evə qayıtdıq. Vəssalam...
Fatmanisə. Necə? Udernik yazdırdı? İndi ki, udernik-mudernik yoxdur?
Qurban (gülür). Udernik nədir, ay dayı qızı? Udarnik, yəni zərbəçi.
Fatmanisə. Anladımsa, başıma daş düşsün. Bu camaat gündə bir təzə söz çıxardacaq: kolxoz, udernik, nə bilim zorbaçı! Mən zorbaçı-zurnaçı anlamıram. Bircə de görüm, kişi nə vaxt gələcək?
Qurban. Arxayın ol, bu gün-sabah burada olar.
Qədim. Mənə də təzə paltar gətirəcək.
Qurban. Əlbəttə, elə ki, işini qurtardı, palaqaysasını aldı, sənə də bir dəst pioner paltarı alıb gətirəcəkdir.
Fatmanisə. Ay Qurban, atanın gorunu sevərsən, dədə-baba dilini danış. Bu sözləri haradan öyrəndin gəldin?
Qurban. Ay rəhmətliyin qızı, dədə-baba nədir? Dədə-baba getdi, dilini də özü ilə apardı. Sən göydən düşübsən, nədir? Məgər ətrafı gözlərin görmür? İndi Şura hökumətidir, hər hökumətin bir dili olur. Şura hökuməti tək bir dil gətirməyibdir, savad gətiribdir. Keçən vaxtlarda kəndxuda bir baviska göndərəndə qapı-qapı gəzib oxutmağa adam axtarırdıq. İndi, bax (cibindən qəzet çıxarır), mən qəzet oxuyuram, dünyada olan işlərin hamısından xəbərdaram. Kəndin çox yarısı savadlanıbdır. Bir az keçməz Azərbaycanda bir savadsız arvad, ya kişi qalmaz.
Qədim. Qurban dayı, o gün müəllim məni dədəmin yanında görüb dedi: “Bunun oxumaq vaxtı yetişibdir, əlbəttə, payız girən kimi bunu məktəbə göndərərsən”. Dədəm də əlini gözünün üstünə qoyub dedi: “Baş üstə”. Payız olan kimi məktəbə gedəcəyəm.
Qurban. Bəs nədir? Əlbəttə, gərək oxuyasan. Oxu, öyrən, öyrəndiyini anana da öyrət.
Fatmanisə. Bəli, düzəlib hər yarağımız, qalıb saqqal darağımız.
Qurban. Burada saqqal darağı-filan yoxdur. Odur, mənim qızım, Səfərin arvadı, Cəfər kişinin gəlini, Pərinisə qarının nəvəsi, hamısı axşamlar gedib dərs oxuyurlar. Sən də oxuyarsan, onlar kimi savadlanarsan, daha zərbəçiyə zurnaçı, udarnikə udernik deyib, xalqı özünə güldürməzsən.
Fatmanisə. Atayın gorunu sevərsən, mənim yaxamdan əl çək, nə zorbaçı tanıyıram, nə zurnaçı. Onu bilirəm ki, başıma daş düşüb, balam yetim qalacaq. Belə boş danışıqlarla başımı tovlayırsan. Nə oldu, gedənlər hamısı qayıtdı, elə bir mənim kişim zorbaçı çıxdı?
Qurban. Səninlə danışanın gərək dəmirdən bir boğazı olsun. İndi ərin
Tarıqulu gələndə, gəlib sənin kefini soruşaram. Rəhmətliyin nəvəsi, məni nahaq yerə yolumdan elədin. Tələsiyirəm, qiraət komasında iclasımız var, gərək özümü oraya yetirəm. (Durub gedir.)
Fatmanisə. Allah, bəndələrinə yazığın gəlsin, xalq ata-baba dilini unudub, özündən təzə dil çıxarıb. (Qapıdan sağsağan səsi gəlir. Oğluna) Ay oğul, sağsağan qırıldayır, çıx gör atan gələcəkdirmi? Deginən: sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.
Qədim. Ana, hancarı deyim?
Fatmanisə. Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.
Qədim (“sağsağan, sağsağan, xeyirxəbər olasan” deyə-deyə çıxır. Bayırdan səsi gəlir.) Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur.
Fatmanisə. Ay Göy imam, sağsağanın xəbəri doğru olsun, gəlim qurbanımı kəsim. (Qədim qayıdır.) Əyə, dedinmi?
Qədim. Başı Murad uşağının qapısına tərəf idi. Quyruğu da bizə tərəf.
Fatmanisə. Daha başımıza daş düşdü. Ay yazıq balam, atanın başında bir şey var. Evin yıxılsın, səbəb! Kişini tovladılar, evini yıxdılar, biz də qaldıq çöldə.
Qədim ağlayır. Kənd uşaqlarından üç nəfər daxil olur.
Uşaqlardanbiri. Qədim, nə oturubsan evdə? Tez ol gedək.
Qədim. Mən heç bir yana getməyəcəyəm.
Uşaq. Sabah mayın biridir. Budur, uşaqlar hamısı yığışıblar, gedirik bağlarda bənövşə yığıb gətirib, guşəmizi bəzəyək.
Qədim. Mən heç yana gedən deyiləm. Evimizdə oturacağam.
Uşaq. Getmirsən getmə, daha niyə ağlayırsan?
Qədim (ağlayaraq). Odur, nənəm deyir ki, dədən ölüb. Sən yetim qalacaqsan.
Uşaq. Bu xəbəri sizə kim gətirdi? Odur mənim atam da sənin atanla getmişdi, qayıdıb gəldi. Deyir: Tarıqulu da zərbəçi olub, getdi Qasım İsmayılov dairəsində əkinə kömək eləməyə. Sabah gələcək.
Fatmanisə. Arxayın olun, gələcək. Elə sağsağan da onu deyir.
Uşaq. Sağsağan nədir, ay Fatmanisə xala?
Qə dim. Qapıda sağsağan qarıldayırdı. Nənəm dedi, yəqin dədən gəlir. Çıx deginən: “Sağsağan, sağsağan, xeyirxəbər olasan. Oğlunun da oğlu olubdur, qızının da oğlu olubdur”. Mən də çıxdım dedim. Sağsağanın quyruğu bizim evə tərəf idi, başı Murad uşağının həyətinə. İndi nənəm deyir ki, yəqin sağsağan atanın ölüm xəbərini gətiribdir. Atan sağ olsaydı, sağsağan başını bizim evə tərəf tutub qırıldardı.
Uşaqlar gülüşürlər.
Uşaq. Sağsağan xəbər gətiribdir? Ha!.. Ha!.. Ha!.. Xəbəri poçt gətirər, teleqraf gətirər. Sağsağan da xəbər gətirərmi? Bax, belə şeylərə inanarsan, biz də səni görəndə sataşarıq, sənə gülərik, ağız-ağıza verib deyərik: “Səlli əla sağsağan, isti fətir, göy soğan!”.
Fatmanisə. Sizdə təqsir yoxdur, təqsir sizə tərbiyət verib dindən, məzhəbdən çıxardanlardadır. Camaatın üzü Allahdan dönüb. Uşaqları da xarab edirlər. (Qədimə) Oğlum, sən də yoldaşlarınla get, evdə qalıb xiffət eləmə.
Uşaqlar (Qədimin qolundan tutub, atılaraq). Səlli əla sağsağan, isti fətir, göy soğan.
Çıxırlar.
Fatmanisə (bir dərin ah çəkib, gedib başını qapıdan bayıra çıxarır). Ay Gülpəri, ay Gülpəri!
Gülpəri (eşikdən). Nə var, ay qız?
Fatmanisə. Bircə, özünü mənə yetir, sən balalarının canı. (Qayıdır otağa.)
Gülpəri (daxil olur). Nə var, ay qız, nə xəbərdir?
Fatmanisə. Nə olacaq? Kəndin avaraları yazıq kişini tovlayıb Tovuz dairəsində hava apardılar. İndi onunla gedənlər hamısı qayıdıb gəliblər, ondan bir xəbər yoxdur. Deyirlər zorbaçı olub, ya nə olub, dilim də tutmur deməyə, oradan da bir ayrı dairəyə gedibdir. Ancaq məni aldadırlar. Kişinin başı əlində deyil. Bir az bundan qabaq gördüm qapıda sağsağan qırıldayır. Dedim, Allah, sənə şükür, kişi gəlir. Bir də baxdım ki, sağsağanın quyruğu bizə tərəfdir. Əlim-ayağım yerdən üzülüb, bilmirəm nə qayırım, nə çarə qılım.
Gülpəri. Nə çarə qılacaqsan? Allah axırını xeyir eləsin. Sağsağan ki quyruğunu evə tərəf çöndərib qırıldadı, yəqin, ölüm yoxsa da, bir bədbəxtlik üz veribdir.
Fatmanisə. İndi mənə məsləhətin nədir?
Gülpəri. Dur gedək Molla Zamanın yanına. O bir Qurana məşvərət eləsin. Sağsağan yalan deməz. Bu, min dəfə sınanmış bir işdir. Amma yenə arxayınlıq üçün Qurana məsləhət elərik.
Fatmanisə. Nə deyirəm, gedək. Bir cüt kişiyə corab hörmüşdüm, onudaca aparım verim mollaya.
Gülpəri. Di dayanma, elə indicə gedək.
Fatmanisə. Allah, bəndənə özün rəhm elə, mənim bircə balamı yetim qoyma.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-sagsagan-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Artistlik sənəti haqqında1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.
Abbas Mirzə Şərifzadə haqqında1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!
Mirzə Fətəlinin faciəsiMart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”