Birinci pərdə
Page 2 of 3 · 33%
Çıxırlar.
Pərdə
İkinci şəkil
Molla Zamanın evində. Molla və arvadı.
Molla Zaman. Arvad, günortaya bir şey düzəldə bilibsən, ya ac qalacağıq?
Arvadı. Günortaya nə var ki, nə bişirim? Səhər Həmidə dedimki, get qəssab Bağırdan iki girvənkə nisyə ət al gətir. Deyir, vaxtım yoxdur, uşaqlarla bənövşə yığmağa gedirik, sabah may bayramıdır. Gərək guşəmizi gül və çiçəklə bəzəyək. Nə qədər dedim, ağzıma baxmadı, çıxdı getdi.
Molla Zaman. Bu zamanın uşaqlarını Allah qırsın, nə ata sözünə baxırlar, nə ana sözünə. Kefləri necə istəyir elə də dolanırlar.
Arvadı. A kişi, sən, nə qədər olsa, mollasan, Allahın elmindən xəbərdarsan. Bir gün oğlunu çağır yanına, ona nəsihət elə. Ona şəriətin yollarını göstər, onun üzünə ağ olanın yeri qiyamətdə cəhənnəmin isti bucağıdır.
Molla Zaman. Rəhmətliyin qızı, sən də nə qoyub, nə axtarırsan! Bu zamanın uşaqlarına nəsihətmi kar elər? Danışırsan, deyir: mən səndən çox anlaykam. Sənin, deyir, siyasi savadın yoxdur. Xülasə, başımıza daş düşübdür, bu ilin sərçəsi bildirki sərçəyə civ-civ öyrədir. Bir neçə gün bundan əqdəm onu çağırıb, yanımda oturtdum, bir az nəsihət elədim. Dedim, bala, gəl sənə namaz öyrədim. Gör mənə bu fındıq boyda tülkü nə deyir? “Namaz bekar adam işidir. Mən səhərdən axşamadək işləyirəm. Mənim, gedib taqqataq başımı yerə döyməyə vaxtım yoxdur...” Bilmirəm, niyə göydən daş yağmır, niyə Allah camaatın başına od tökmür. Tamam el Allahdan üz döndəribdir. Nə namaz qılan var, nə oruc tutan var. Bir deyən yoxdur ki, axı, bu kişi molladır, Allahın elmini oxuyub, ona da bir əl uzadaq. Budur neçə ramazan gəlib keçibdir, bir quruş cibimə girməyibdir. Necə qurban keçibdir, bir bozbaşlıq ət gətirən yoxdur. Deyirlər, orucluğu, qurbanı mollalar özlərindən çıxardıblar, özlərinə mədaxil yolu düzəldiblər. Kitablarda yazırlar ki, dəccal xüruc eləyəcək. Xalq Allahdan üz döndərib dəccalın dalına düşəcək. Daha dəccalın xurcu bundan artıq olmaz ki?! Hanı o gözlədiyimiz sahibəzzaman? Gəlib bu dəccalın şərrini xalqın başından rəf eləyə.
Arvadı. Hanı? Gəlsin də! Vallah, adam fikir elədikcə, əqidəsi də dönür.
Molla Zaman. İstiğfar elə, arvad, istiğfar elə, günaha batdın.
Arvadı. Əstəğfürullah, əstəğfürullah. Qələt elədim, dilim-ağzım qurusun.
Molla Zaman. Bunlar keçəndən sonra, yenə bir de görüm, günortanın fikrini çəkibsən, ya yox? Axı bir azdan sonra acacağıq. Qız, Həmid də ac gəlib, çörək istəyəcək.
Ar vad. Həmidi görüm zəhrimar yesin. Onun yediyi çörək də heyfdir...
Molla Zaman. Onun xoşbəxtliyi ondadır ki, səğirdir. Kəbir olsaydı, şəriətə görə onun qətli vacib olardı. Axı heç demədin, günorta nə yeyəcəyik?
Arvadı. O gün naxoş oğluna dua yazdığın arvad beş yumurta gətiribdir.
Onları bişirib verərəm yeyərsən. Sabah üçün də Allah kərimdir.
Molla Zaman. Yəqin ki, arvadın uşağı mənim duamın səbəbindən sağaldı.
Arvadı. Yox, uşaq öldü. Amma deyir, yenə mollanın yolu boş qalmasın.
Molla Zaman. Allah atasına rəhmət eləsin. (Qapı döyülür.) Gör qapını döyən kimdir.
Arvadı (çıxıb baxıb, qayıdır). Gülpəri qarıdır, bir də Tarıqulunun arvadı Fatmanisə.
Molla Zaman. Gəlsinlər, gəlsinlər. (Gülpəri və Fatmanisə daxil olub, salam verirlər.) Əyləşin, bacılar, xoş gəlibsiniz. Ay Fatmanisə, Tarıqulu Tovuz tərəfə hava getmişdi, gəlib çıxmadı?
Gülpəri. Axund, elə onun üçün qulluğuna gəlmişik. Tarıqulu ilə gedənlər hamısı qayıdıb gəlmişlər. Deyirlər, nə bilim, Tarıqulu oradan da başqa bir yerə hava getdi. İndi külfətinin ürəyinə qara-qura gəlir. Deyir, yəqin kişinin başında bir iş var, mənə demək istəmirlər.
Fatmanisə. Axund, elə səni deyib gəlmişəm. Oxuduğuna mənim bu canım qurban. Bircə Quranı aç bax, görək bu kişicik harada qaldı. Bu bir cüt corabı da ayaqlarına gey. Neyləyim, gücüm elə ona çatır.
Molla Zaman. Allah qəbul eləsin, bacı, çox-çoxdur. Tarıqulu nə qədər bu bolşeviklər gəlməmişdilər bir təmiz Allah bəndəsi adam idi. Bilmirəm, ona sonra nə oldusa, birdən rəyi xarab oldu, yolundan azdı.
Fatmanisə. Qurbanın olum, ay axund, mən də nə qədər çalışdım, onu yola gətirə bilmədim. Özü dindən çıxıb, məni də dindən çıxarmaq istəyir. Axır əlacım kəsilib, bir gün canımı dişimə tutub dedim: ay kişi, sən mənim balamın atası olmasaydın, bir gün də sənin evində oturmazdım. Cavabında deyir: “Səbr elə, bir az gözlə, mən deyənə gələrsən”.
Molla Zaman. Bilirsən, Fatmanisə, nə var? O ki, dindən çıxıb, İndi şəriətə görə sənin kəbinin puçdur, bu saat çıxıb ərə gedə bilərsən.
Fatmanisə. Başına dönüm, axund, bayaq dedim, balamın atasıdır, ona görə dustaq olub onun ocağının qırağında qalmışam. Əgər uşaq olmasaydı, onun evində bir günorta oturmazdım. Neyləyim ki...
Molla Zaman. İndi deyirsən, Qurana bir istixarə eləyim, ərin gələcək ya yox?
Fatmanisə. Quranına qurban olum, elə onu deyirəm.
Molla Zaman (Quranı götürür, gözlərini yumub dua oxuyan
adam kimi dodaqlarını tərpədir. Sonra salavat çevirib Quranı açıb oxuyur.) Nə varsa bəd gəlir. Amma yenə ümidi Allahdan üzmək yaxşı deyil.
Fatmanisə. Quranda nə yazılıbdır ki?
Molla Zaman. Xudavəndi-aləm belə buyurur: cibillən kəsira, əffəlləm təkunu təqulun.
Gülpəri. Bay atovun evi yıxılsın, Fatmanisə, başına daş düşdü. Odur Qurandan Tarıqulunun adı da çıxdı. Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər.
Fatmanisə. Vay, mənim başıma daş düşsün, evim yıxıldı, balam qaldı düzlərdə. İndi mən onu nə ilə saxlayacağam?
Molla Zaman. Dayan bir məna eləyim.
Gülpəri. Daha nə mənası? Açıq yazır ki, Tarıqulunun cibini kəsib, özünü öldürüblər. Yəqin fəqir, quldur-qaçaq əlinə keçdi, vurdular yıxdılar yerə. Dur gedək, görək başımıza nə gəlir.
Fatmanisə (ayağa durur). Başımıza bundan artıq nə gələcək? Allah mənim kişimi yolundan eləyənin balalarını qırsın! Mənim kimi onu görüm əli qoynunda qalsın! Axı ona bir deyən gərək idi ki, başıdaşlının, qaragünlünün oğlu bu nə özünə udernik, zorbaçı, ya bilmirəm nə adı qoyub, bilmədiyin, tanımadığın adamların havına getməkdir? Allah, məni avara qoyanı avara qoy! Mənim bircə balamı yetim qoyanın balalarını yetim qoy! Aman! aman... (Gedir.)
Arvadı. Ay kişi, Quranda nə yazılmışdı?
Molla Zaman. İstixarə doğrudan bəd gəldi. Tarıqulunun başında bir xata olmasına şəkk yoxdur. Bunların da özlərinin Qurana məna vermələri çox qəribədir. Dur, arvad, gör bu corabları bir üç-dörd manata sata bilərsənmi? Bir az yeyinti al gətir. Xalqın içində belə avamların olması da bəd deyil. Yoxsa molla sinfi acından ölər. (Əllərini yuxarı götürür.) Xudaya, pərvərdigara, yaratdığın bəndələrinin fikrini özün çək, yolundan çıxmışları yoluna qaytar.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-sagsagan-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Doxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Artistlik sənəti haqqında1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.
Abbas Mirzə Şərifzadə haqqında1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!
Mirzə Fətəlinin faciəsiMart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il keçir. Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qoyandan axır nəfəsinə qədər böyük bir faciə içərisində keçmişdir. Epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi. Ətraf zülmət və cəhalət, bir nəfər də olsa dil bilən yox, camaatı qoyun kimi istədikləri yerə sürən ruhanilər – başlarında şeyxül-islam Molla Əhməd olmaq üzrə Zaqafqaziyada təkcə yanmaqda olan bu çırağın işığının qabağına qalın bir pərdə çəkirdilər. Mirzə Fətəlinin faciəsini tamamilə anlamaq istəyənlər “Kimyagər” komediyasında onun Molla Nuru şairin dili ilə söylədiyi sözlərə diqqət yetirməlidirlər. Molla Nuru üzünü mülklərini, evlərini girov qoyub, Molla İbrahim Xəlilin yanına gümüş almağa gedənlərə tutub deyir: “Hər kişinin öz peşəsi özü üçün bir iksirdir”.Bunun cavabında ondan soruşurlar: “Sən ki şairsən və şairlik də sənin peşəndir, bəs nə səbəbə bu sənətin sayəsində sənin dövlətin yoxdur?”