Contents
  1. I
  2. II
  3. III

Page 1 of 3

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.

Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

1888-ci ildə Qorki inqilabçı və xalqçı Romasla aşna olub, onun təbliğat niyyəti ilə açdığı baqqal dükanında işləməyə başlayır. Romasla yaxınlaşması Qorkinin ruhunu və gələcəyə ümidlərini günü-gündən möhkəmləndirdi. 1889-cu ildə Nijni-Novqorodda Qorki inqilab sahəsində işlədiyindən dolayı birinci dəfə olaraq həbsə alındı. İki il həbsdə qalıb azad edildikdən sonra Nijni-Novqorodu buraxıb, piyadəcə olaraq Volqa boyu ilə gəlib Saritsinə çatdı. Sonra Don əyalətindən, Ukraynadan, Bessarabiyadan keçib Xerson quberniyasına gəldi və haman ilin payızında Krımdan Qafqaza addayıb Tiflisə keçir. Burada məşhur inqilabçılardan Kolojni və sairləri ilə tanış olub sıxı olaraq işçi hərəkatına yanaşır, 1892-ci ildə sentyabr ayının 12-də “Qafqaz” qəzetində Qorkinin “Makar Çudra” adlı birinci hekayəsi çap olunur.

Payızın axırlarında Nijni-Novqoroda gedib orada advokat Laninin yanında işləməyə başlayır.

Qorki, Laninin yanına gəldikdən qabaq çəkdiyi əzab və işgəncələri belə nağıl edir; əllərim qalınca iri şalbanlar mişarlamaqdan, çiynimdə çətinliklə nəfəs alaraq dörd-beş pud vəznində yük daşımaqdan, gələcəyimə bilmərrə naümid olduğumdan qəsdi-can etdim. Ancaq həyat qalib gəldi, hamballıq vəzifəsini soyuq kvas satmaq vəzifəsinə dəyişməyə müvəffəq olmağım bir qədər məni diriltdi. Axırda bəxtim məni advokat Laninə çatdırdı. Mənim gələcəyimə və tamam ruhumda onun böyük təsiri oldu.

Laninin yanında işləyən Qorki məşhur rus ədibi Korolenko ilə tanış olur və bu vaxtdan Maksim Qorki ədəbiyyat yoluna möhkəm qədəm qoyur. “Voljski vestnik” adında Kazan qəzetində və “Volqa” adında Nijni-Novqorod qəzetində onun “Sığırçın” və “Arxip baba və Lyonka” adlı hekayələri çap olunur. 1893-cü ilin may ayından Qorki “Samara” qəzetində daimi felyetonçuluq vəzifəsini qəbul edir. Bu illərin hamısında Maksim Qorki inqilabçılarla sıxı əlaqədə olub, mümkün etdiyi mənəvi və maddi müavinəti müzayiqə etmirdi. Varlı və hürriyyətpərvər ziyalılarla əlaqədar olduğundan, inqilabçılara para toplamağa da müvəffəq olurdu.

1901-ci ildə Qorki Peterburqa gəlir. Haman ildə “Jizn” məcmuəsində onun “Fırtına elçisi – Burevestnik” adlı əsəri çap olunur. Burada Qorki yavuqlaşmaqda olan inqilabın xəbərini verir. Peterburqda Qorki sosialdemokratlarla yavuqlaşır. Aprel ayında Nijni-Novqoroda gəlib, Sormov işçiləri arasında intibah vərəqləri buraxmaqda müttəhim olaraq həbsə alınır və may ayında ciyər xəstəliyinin şiddət etməsindən dolayı həbsdən çıxarılıb Arzamasa göndərilir. Bu vaxtlarla Maksim Qorki Rusiyada möhkəm bir ad qazanmış ədib idi və onun həbsdən azad edilməsinə səbəb Lev Tolstoyun daxiliyyə vəziri Svyatopolk – Mirskinin yanında vəsatəti olmuşdu. Arzamasda Qorkinin mərəzi daha şiddət etdiyinə görə hökumət onun Krıma getməsinə icazə verdi. Burada dəfəatla Tolstoyla görüşüb, onunla müsahibətdə bulunurdu.

1902-ci ildə fevral ayının 25-də Maksim Qorki Rusiya fənni Akademiyasına fəxri üzv intixab olunur, fəqət çar hökumətinin tələbinə görə bir az vaxtdan sonra üzvlükdən kənar edilir. Akademiyanın Qorki haqqında belə rəftarı ziyalılar arasında böyük həyəcana səbəb oldu. Bununla əlaqədar olaraq Çexov və Korolenko akademiya üzvlüyündən istefa verdilər.

1905-ci ilin yanvar ayının səkkizinci günü idi. Peterburq işçiləri məşhur provakator keşiş Qaponun sözlərinə inanıb, o birisi günü padşaha öz hüquqları xüsusunda ərzi-hal vermək üçün Qış sarayına getməyə hazırlaşırdılar. Maksim Qorki işçilərin məqsədlərinə qail olmaq əvəzinə yüzlərcə silahsız, günahsız işçi kişilərin, qadınların, məsum çocuqların çar qoşunlarının qurşunu ilə qırılmalarının və atların ayaqları altında tapdalanmalarını yəqin edib, mühərrirlərdən bir heyət tərtib edib, vəzirlər şurası sədri Vittenin və daxiliyyə vəziri Svyatopolk-Mirskinin yanına gedib onlardan bu bəlanın rəfi üçün bir tədbir çəkməyi xahiş etdi. Fəqət heyrət məqsədinə nail olmadı. 9 yanvarda Peterburqun meydanları və küçələri padşah qapısına gedən işçilərin leşləri ilə doldu... Bu hadisə haqqında Maksim Qorkinin “Məlumat” sərlövhəli əsəri məşhurdur. Qorki haman ildə inqilabi çıxışlarından dolayı tutulub, Petropavlov qalasına salındı. Qalada həbs olarkən “Günəş çocuqları” adlı əsərini yazdı və haman 1905-ci ildə bu pyes Leninqrad və Moskva səhnələrində oynanıldı.

İki aydan artıq qalada oturduqdan sonra Qorki azad edildi.

1906-cı ilin əvvəllərində Avropaya və oradan Amerikaya getdi. Orada çar hökumətinin əleyhinə və həmçinin Fransa hökumətinin çar hökumətinə borc pul verməyi qərara almasının əleyhinə neçə çıxışlar etdi.

Qorki o vaxt “Gözəl Fransa” sərlövhəli həcvində Fransaya müraciətlə deyir: “Böyük Fransa! Sən bir vaxt cəmi dünyanın mədəni pişivası idin; İndi sən öz qəbahətini düşünürsənmi? Sənin satqın əlin böyük bir məmləkətin hürriyyət yolunda sədd çəkdi. Əgər bu sədd bir günlük də olsa, sənin cinayətinin qədəri azalmaz. Amma sən hürriyyət yolundakı hərəkəti bir günlüyə dayandırmayıbsan. Sənin qızılın Rusiya xalqının təzədən qanının tökülməsinə səbəb olacaq. Qoy bu qan sənin həyasız və mənhus sifətinə həmişəlik bir xəcalət qızartısı olsun”.

Amerikada olduğu zaman Maksim Qorki “Ana” adlı məşhur böyük hekayəni yazdı. 1906-cı ildə Italiyaya – Kapriyə gəlib orada sakin oldu. Burada Qorkinin Cenevrədə yaşamaqda olan Leninlə məktublaşması başlanır. Leninlə Qorkinin sıxı surətdə yavuqlaşmaları 1907-ci sənədə Londonda vaqe Rusiya sosial-demokratlar qurultayında oldu.

1908-ci sənədə Qorki Kapridə rus işçilərindən təbliğatçılar yaratmaq üçün xüsusi bir məktəb açır.

1911-ci sənədən başlamış bolşevik orqanları “Zvezda” və “Prosveşşeniya”da işləyir.

İtaliyada Qorki “Çocuqluq” adlı hekayəsini qurtarır və 1913-cü ildə Romanov xanədanının 300 illiyi münasibətilə sadir olan əffi-ümumidən istifadə edərək Rusiyaya gəlir.

Oktyabr inqilabında Qorki bolşeviklərlə birlikdə işləməkdən geri çəkildi. Lenin haqqında xatiratında belə yazır: “Mən xalq kütləsinin fərasətinə inanmırdım. Mənim əqidəmcə üsyan etmiş kütlə əziz tutduğum mədəniyyət xəzinəsini dağıdardı”.

İnqilabın axır illəri Qorkini kütlənin yaradıcılıq qabiliyyətinə inandırdı. Oktyabrın on illiyi münasibətilə yazdığı “Mənim salamım” sərlövhəli məqaləsində deyir: “Mənə belə gəlir ki, Şuralar İttifaqında insanlar zəhmətin məmləkət üçün əhəmiyyətini və onun hürriyyət və mədəniyyətə ən yaxın və ən möhkəm bir yol olmasını düşünüb işləməyə başlayırlar”. Sonra Rusiya işçisinə müraciətən deyir: “Yoldaş! Bil və inan ki, dünyada ən lazım bir vücudsan. Öz xırdaca işini görərək, sən həqiqətdə təzə bir dünya yaradırsan”.

1922-ci ildə ciyər xəstəliyi şiddət etdiyindən dübarə Avropaya getməyə məcbur oldu. Hal-hazırda Italiyada olurkən vətəni ilə əlaqəni kəsmir, Şuralar İttifaqının yüzlərcə ədibləri ilə, kəndli və işçiləri ilə əlaqədədir. Şuralar İttifaqında çıxan qəzet və məcmuələrdə iştirak edir və şura həyatı ilə maraqlanmaqdadır.

Axır illərdə onun bir neçə bədii əsərləri meydana çıxıbdır: “Mənim darülfünunlarım”, “Artamonovların işi”, “Klim Samginin həyatı”, xırda hekayələri, Leninin, Tolstoyun və Krasinin bədii səciyyələri.

Hali-hazırda Qorki Oktyabr inqilabı və Şuralar Ittifaqının axırıncı illəri xüsusunda bir kitab yazmağa hazırlaşır.


Qorkinin babası həmişə ona deyirdi: “insanlar bir-birləri üçün yırtıcı canavardılar” və Qorkini əhatə edən həyat bu sadə və acı əsas üzərində qurulmuşdu. Qorki özünün tərcümeyi-halına dair hekayələrində yazır: “Həyat mənim gözümün önündə bir intəhasız ədavət və qəddarlıq zənciri kimi açılırdı, o bir tükənməz və müləvvəs puç şeylərə malik olmaq yolunda mübarizədən ibarət idi”. Bu onun çocuqluğunda və cavanlığından aldığı təsir idi və bu təəssürat onun ürəyinin ən dərinliyində məkan tutub və yaradıcılıq yolunda onu həmişə təqib edərək, bir an rahat qoymurdu.

Qorki bütün yaradıcılığın həyatın heyvani quruluşu ilə mübarizəyə, təzə həyat bünövrəsi və nifrət etdiyi zülmkar və hərislərə bənzəməyən yeni adamlar aramağa həsr etmişdir. Qorki nifrət etdiyi dairəyə “Okurovluq” adı verirdi. “Okurov” bir şəhərin adıdır ki, Qorki onun İki böyük əsəri olan “Okurov qəsəbəsi” və “Matvey Kojemyakin”də təsvir edibdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets