Azərbaycanda teatr
Page 1 of 4
Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.
Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Musanı sehrbaz hesab edən Misir fironu öz məmləkətində yaşayan bütün sehrbazları çağırtdırıb əmr edir ki, Musanın möcüzələrinə inanan və onun ardınca gedən camaatın gözünü açmaq üçün onlar Musanın əsasına bənzər bir şey qayırsınlar. Sehrbazlar doğrudan da taxtadan əjdahalar qayırır, onları nə ilə isə yağlayır və taxta əjdahalar yeriməyə başlayır.
Bu zaman Musa öz əsasını ortaya atır, əsa əjdahaya çevrilərək bütün taxta əjdahaları udur. Sonra Musa əjdahanın quyruğunu dartır, o dərhal adi əsaya çevrilir; lakin taxta əjdahalar artıq yox olur.
Bu maraqlı lətifə aydın göstərir ki, qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur.
İsanın anadan olmağından beş əsr əvvəl Yunanıstanda Aristofanın nümunəvi bir teatrı olduğu məlumdur. Hİndistanda isə Yunanıstandan da əvvəl teatr varmış. Belə bir rəvayət vardır ki, yunanlar teatrı hindlilərdən götürmüşlər.
Kütləvi hipnoz və müxtəlif “möcüzələr” göstərmək ta qədimdən məlum olan adi bir şeydir; hind sehrbazları bunu xüsusilə bacarırmışlar və indi də bacarırlar.
İranda küçə sehrbazları hələ də çoxdur. Azərbaycanda teatrdan və ümumiyyətlə, tamaşalardan bəhs edərkən bu barədə danışmamaq olmaz, çünki Azərbaycan, demək olar ki, XIX əsrin axırınadək İran mədəniyyətinin təsiri altında olmuşdur. Irandan gələn hər cür sehrbazlar, yalançı pəhləvanlar, şəbihgərdanlar, mütrüblər, dərvişlər, rövzəxanlar Azərbaycanda isti yuva tapır və özlərini əziz qonaq hiss edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq İran sehrbazlarının Azərbaycandan ayağı kəsildi; lakin İndiyədək Iranın şəhər və kənd meydanlarında onlar oyun çıxararaq tamaşaçıları öz sənətlərinə heyran qoyurlar. Hər bir oyun üçün onların məzəli sözləri vardır.
Hər bir sehrbazın şagirdi olur; Avropa sehrbazlarından fərqli olaraq bu şagird oyunda iştirak etmir; onun vəzifəsi isə oyun zamanı dəf vurmaqdan və “dəm” tutmaqdan ibarətdir.
Bəzən sehrbazlar meydanlarda teatra oxşayan tamaşalar göstərirlər. İranda (bir zaman isə bizim Azərbaycanda da) belə tamaşalardan sayılan “Şəbih oyunu” çox məşhur idi. Tamaşada iştirak edənlər tənbəl Şəbih və onun atasından ibarət idi. Şəbih işləmək istəmir, atası onun danlayır, dilə tutur ki, tənbəllikdən əl çəkib zəhmətə qurşansın. Şəbih isə evdə oturmaq üçün min cür bəhanə gətirir. Onun hər bir bəhanəsi şiddətli gülüş doğurur. Bu tamaşa çox qısadır, cəmisi 10-15 dəqiqə çəkir. Nəsihət etməkdən cana gələn ata oğlunu küçə sözləri ilə söyərək döyməyə başlayır; Şəbih bağıra-bağıra yıxılaraq bir çox ədəbsiz hərəkətlər edir. Camaat heyran qalır, tamaşa qurtarır.
Xalq tamaşalarının başqa növlərindən birisi də “Şah Səlim” oyunudur. Bu tamaşa kukla teatrı ilə Petruşka arasında orta bir şeydir. Komediant pərdə dalında gizlənir, pərdənin dalından sap ilə idarə edilən kuklalar görünür. Kuklalar müxtəlif məişət səhnələri göstərirlər; pərdə arxasındakı komediant isə cürbəcür səslərlə onların əvəzinə danışır. Bu tamaşalar adətən, dövlətli evlərinə dəvət edilən tamaşaçılara göstərilirdi. “Şah Səlim” oyunu keçən əsrin 90-cı illərinə qədər çox yayılmışdı.
Şərqin tamaşaları içərisində kəndirbazlıq da mühüm yer tutur. Böyük meydanların birində İki-İki haçalanmış dörd ağac basdırılır; həmin ağaclar arasında yerdən 5-6 metr hündürdə tarım kəndir çəkirlər. Kəndirin uclarını yerə basdırırlar. Zurna çalıb adam yığırlar. Xeyli camaat toplaşdıqda kəndirbaz ortaya çıxır; bəd gözdən qorunmaq üçün o, boynuna cürbəcür duapitik asır. Müvazinət saxlamaq üçün əlində ləngər tutur. Kəndirbazın keçə papaq adlanan (sirklərdəki klounları xatırladırlar) köməkçisi vardır. Kəndirbaz kəndirin üstünə çıxıb oyun çıxarmağa başlayır. O kəndirin üstündə çox qorxulu hərəkətlər edir: tullanır, uzanır, oynayır, mis qabın içində oturaraq kəndirdə yeriyir, ayağına bir neçə iti xəncər bağlayıb kəndirin üstündə gəzinir və i. a. Bu zaman keçə papaq meydan sulayaraq öz ustasının hərəkətlərini gülməli bir şəkildə təqlid edir və bununla da bəd gözləri kəndirbazdan uzaqlaşdırır. Başına qoyduğu keçə papaq bütün üzünü də tutur; gözləri üçün papaqdan iki dəlik açır. Oyun zamanı keçə papaq bir çox şit zarafatlar edir, gülməli sözlər danışır. Tamaşaçılardan pulu da keçə papaq yığır.
Azərbaycanda kəndirbazların çoxu ləzgilərdən olurdu. Sirk sənətinin inkişafı nəticəsində Azərbaycanda kəndirbazlıq aradan çıxır, İranda isə bu günə qədər hələ də davam edir.
Müxtəlif tamaşa formaları içərisində mütrüb oyunlarını da qeyd etməlidir. Qadın paltarı geyinən uzun saçlı bu oğlanlar böyük bayramlarda, toylarda, bəzən də meydançalarda və ya çayxanalarda rəqs edirdilər. Onlar tək olmurdular, yanlarınca “antreprenyorlar” gəzdirdilər ki, mütrüblər onlara bir kölə kimi tabe idilər.
“Antreprenyor” mütrübləri mənəvi və fizİki mənada pozğunluğa öyrədirdi; şəhərləri gəzdirərək eyni zamanda həm “tamaşa” düzəldir, həm də uşaqla alver edib onları istismar edirdilər. İranda indi də mütrüblük çox yayılmışdır. Azərbaycanda mütrüblük sovetləşməyə qədər davam edərək Bakı avaraları və harın dövlətlilər tərəfindən geniş istifadə edilirdi. Kapitalizmin aradan qaldırılması, təbii, mütrüblüyü də aradan qaldırmış oldu. Sovet hökuməti uşaqları istismarın bu çirkin və biabırçı formasına son qoydu.
Meydanlarda və bazarlarda camaatın diqqətini dərvişlər də uzun müddət cəlb etmişlər. Onlar əvvəlcə yalnız Əli xəlifəni və onun nəvənəticələrini tərifləyirdilər; sonralar isə İmamların, padşahların, əfsanəvi qəhrəmanların və i.a. həyatından müxtəlif uydurmalar söyləyərək, öz peşələrinin hüdudlarını genişləndirmişdilər.
Dərvişlik peşəsinin əsasını səfəvilər sülaləsindən olan İran padşahı II Abbas qoymuşdu. Bununla o, şiəliyi möhkəmləndirmək məqsədi izləyirdi. Hökumət tərəfindən müdafiə edilən dərvişlər ölkəni dolaşaraq Əli xəlifə və onun nəvə-nəticəsinin şərəfinə “Mədhiyyələr” oxuyurdular. Şah Abbas özü də hərdən dərviş paltarı geyinib camaat içinə çıxırdı. Səfəvilər sülaləsinin yıxılması, Nadir şahın hakimiyyət başına gəlməsi, sonra isə Qacar sülaləsinin təxti ələ alması ilə əlaqədar olaraq dərvişlik öz mövqeyini və əhəmiyyətini itirir və dərvişlər fəqir camaatın var-yoxuna daraşan tüfeylilərə çevrilirlər. İranda dərvişlər İndi də çoxdur. Azərbaycanda isə tamam aradan çıxmışlar.
İranda şiəliyin möhkəmləndirilməsi üçün təbliğat məqsədi ilə istifadə edilən rövzəxanlıq da mühüm rol oynamışdır ki, bunun da əsası yenə səfəvilər tərəfindən qoyulmuşdur.
Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya “yuq” deyərdilər. (Yuqlama – ağlamaq sözündəndir.) Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş “yuqçular” isə ikisimli “qobuz” çalıb oynayardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplananlar da hönkürhönkür ağlayardı. Bu ayin yunanların Dionis ayinini və ya Cava xalqlarının Budda üçün ağlamalarını xatırladır.
1221-ci ildə İran moğolların, çingizilərin ixtiyarına keçir; onlar XVI əsrə qədər İranda hökmranlıq edirlər. Ölü üçün ağlamaq adəti iranlılar arasında moğollar dövründə də davam edir. Moğollar getdikdən sonra onların İki əsrlik hökmranlığı zamanı çox zəifləmiş olan şiəliyi möhkəmlətmək üçün bu adətə başqa bir məzmun verilir; İndi artıq qəhrəmanlar üçün deyil, Fəratın sahillərində qeyri-bərabər bir mübarizədə həlak olan peyğəmbər övladları üçün ağlayırdılar. Yuqçuların yerini rövzəxanlar tutur, bütün məhərrəm ayında məscidlərdə və varlı şəxslərin evlərində bu günə qədər təziyə düzəldirlər ki, bu təziylərdə rövzəxan minbərə çıxaraq, əvvəlcə şəhidi, onun davada qəhrəmanlığını tərifləyir, sonra isə müsibətli ölümünü təsvir etməyə başlayır. Camaat ağlaşır, sinəsinə və təpəsinə döyür.
Bu şəhidlərin xatirəsi şərəfinə məhərrəm ayının onuncu günündə “Şaxsey-vaxsey” mərasimi düzəldirlər; minlərlə adam şəhərin küçələrində gəzişir, çığırır, ağlayır və vəcdə gələrək başlarını yarmağa, zəncir vurmağa, daşla sinələrinə döyməyə başlayırlar. Rövzəxanlar Azərbaycanda hələlik tapılırsa da, “Şaxsey-vaxsey” Sovet hakimiyyəti qurulduqdan sonra aradan qaldırılmşdır.
Fərat sahillərində baş verən faciə “Şəbeh” adlanan və İranda bu günə qədər göstərilməkdə olan misteriyalar üçün süjet təşkil etmişdir.
Şəbehlər ya məscidlərdə, ya da şəhər meydanlarında çıxarılır. Şəbehlər
xüsusən İranda çox təntənəli bir şəkildə təşkil olunur. Təziyə yerini bəzəmək üçün bütün qiymətli şeylər – qızıl, şal, xalı istifadə edilir. Bir çox şəhərlərin meydanlarında şəbeh çıxarmaq üçün daimi səhnələr düzəldirlər. Bu cür səhnələr Bakının ətraf kəndlərində də rast gəlmək olar.
Şəbehlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış bir pərdəli pyeslərdən ibarətdir. Pyesdə iştirak edənlər İki cəbhəyə ayrılırlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-azerbaycanda-teatr
Use ← → keys to move, R for a random poem
More by this author
Beş pərdə, on səkkiz şəkildəİştirak edənlər:
Birinci pərdəBirinci şəkilİranda böyük şəhər meydanı. Güclü izdiham. Qoca və cavan qadınlar və kişilər Hacı Mirzə Əhməd ağanın gəlib keçəcəyinə müntəzirdir. Uzaqdan azan səsi eşidilir. Neçə nəfər carubkeş (süpürgəçilər) yolu süpürməkdədirlər.
İkinci pərdəDördüncü şəkilHacı Kamyabın kontoru. İki nəfər kontor əmələcatından əyləşib yazıya məşğuldurlar.*
Üçüncü pərdəDoqquzuncu şəkılHacı Kamyabın evinin əndəruni. Hacı Kamyab və Bibixatun.*
Poems by other poets
Allahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yoxSənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox!Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox!
Yad et!Vəqta ki, keçər bu leyli-zülmət,İşraq edər əxtəri-həqiqət,