Page 4 of 4 · 75%

Aydındır ki, belə bir vəziyyətdə nə teatr, nə də dramaturgiya inkişaf edə bilməzdi. Teatrın repertuarı köhnə repertuar olaraq qalırdı, lakin “Ədirnənin fəthi” və “Azərbaycan” kimi millətçi pyeslər repertuarda əsas yeri tuturdu.


28 aprel 1920-ci il Azərbaycan mədəniyyəti üçün yeni bir dövrün başlanğıcı oldu. Həmin gün Azərbaycanda Sovet hakimiyyəti quruldu.

1920-ci ildə Azərbaycanda savadsızlar 98 faizi təşkil edirdi. Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi.

Maarif komissarlığı böyük bir enerji ilə əvvəllər milyonçu Tağıyevin xüsusi mülkü olan yanmış teatrı bərpa etdirməyə başladı. Dağıntı dövründə, mismar belə tapmaq çətin olduğu bir zamanda teatr bərpa edildi və “Azərbaycan Dövlət Dram Teatrı” adlandırıldı. Daima artist kadrları yaradıldı.

On illərlə burjuaziya və pullu aristokratiyaya xidmət edən proletariatın malı oldu. Inqilabın ilk illərində kütlələri teatra cəlb etmək məqsədilə tamaşalar pulsuz verilirdi, biletlər həmkarlar ittifaqları vasitəsi ilə paylanırdı.

Bəzi köhnə dramaturqları inqilab qəflətən yaxalamış oldu. Onlar bir zaman nədən və necə yazmağı bilmədi. Repertuar sanki ilişib yerində qaldı.

Lakin bir müddət sonra dramaturgiya canlandı. “Hamlet”, “Kral Lir”, “Otello”, “Qaçaqlar”, “Şıltaq qızın yumşalması”, “Tom dayının koması”, “Çarleyin xalası”, “Kapitan Qrantın uşaqları”, “Kreçinskinin toyu”, “Yurdsuz insanlar”, “Müfəttiş”, “Vilhelm Tel”, “Şahın bərbəri”, “Dairənin mürəbbələşməsi”, “Qorxu”, “Lyubov Yarovaya”, “İntervensiya” və s. əsərlər azərbaycancaya tərcümə edildi.

Bir zaman azərbaycanlılarla ermənilər arasındakı düşmənçilik münasibətləri tam dostluq münasibətlərinə çevrildi. Erməni dramaturqlarının – Sundukyanın və Şirvanzadənin əsərləri Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin pyesləri isə erməni dilinə tərcümə edildi. Qısa bir müddətdən sonra inqilabi-təbliği məzmunlu əsərlər də meydana gəlməyə başladı.

Azərbaycan dram teatrı ilə yanaşı kiçik formalar teatrı (tənqidtəbliğ teatrı) işə başladı. Bu teatr demək olar ki, bütün dramaturji qüvvələri öz ətrafına topladı; burada həm “qocalar”, həm də cavanlar çalışırdı. Teatra xalq artisti H.Abasov yoldaş rəhbərlik edirdi. Teatrın xidmətlərindən birisi də oyuna azərbaycanlı aktrisalar cəlb etməsi idi. Onun rəhbərliyinin səyi sayəsində İndi Azərbaycan səhnəsində tamaşaçıların məhəbbətini qazanmış bir neçə azərbaycanlı aktrisa işləyir. Azərbaycan tənqid-təbliğ teatrı sonralar Azərbaycan İşçi Teatrına çevrildi. İndi bu teatr Gəncəyə köçürülmüş və “İkinci dövlət teatrı” adı altında işləyir. Teatrlar üçün kadrları 1923-cü ildə açılmış Azərbaycan teatr texnikumu hazırlayır.

13 il müddətində tamaşaçıların teatra münasibəti dəyişmişdir. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər dolur, bəzən teatr tamaşaya iki gün qalmış anşlaq asmalı olur. Yaxın keçmişə qədər teatra gizlin gələn və örtülü lojalarda oturan azərbaycanlı qadınlar, İndi tamamilə üzü açıq olaraq həm lojalarda, həm də parterdə kişilərlə yanaşı otururlar. Bir zaman hamıya avara və müftəxor görünən dramaturq və artistlər indi şərəf və hörmətlə qarşılanırlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets